Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-23/2024 28.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – atası X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbi barədə mülki işə 28 dekabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh ona məxsus Ağdam rayonunun Quzanlı kəndində yerləşən 0,09 ha torpaq sahəsinin 0,04 ha hissəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi alındıqdan sonra məhkəməyə ərizə təqdim edərək Cavabdeh ona məxsus Ağdam rayonunun Quzanlı kəndində yerləşən 0,09 ha torpaq sahəsinin 0,03517 ha hissəsindən çıxarılması və Cavabdeh ona məxsus torpaq sahəsinin 150 kv.metr hissəsində qanunsuz inşa etdiyi tikilinin özünün hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində qismində məhkəmədə izahat verən X2 iddianı müdafiə edərək göstərmişdir ki, Ağdam rayonunun Quzanlı kəndində yerləşən 0,09 ha torpaq sahəsi onun oğlu İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh Rəşada məxsus torpaq sahəsinin 0,04 ha hissəsini zəbt edərək orada tikinti inşa etmişdir. Göstərilən səbəbdən İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir səbəb göstərmədən təkrarən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2018-ci il, seriya RX № 1370262, reyestr nömrəsi **********26 olan çıxarışın surətindən görünür ki, Ağdam rayonunun Quzanlı kəndində yerləşən 0,09 ha yaşayış məntəqəsi torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2012-ci il, seriya MA № 0399471, reyestr nömrəsi **********82 olan çıxarışın surətindən görünür ki, Ağdam rayonunun Quzanlı kəndində yerləşən 0,38 ha digər təyinatlı torpaq sahəsi sahibkarlıq məqsədi ilə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır. Cavabdeh 25 avqust 2023-cü ildə məhkəməyə ərizə ünvanlayaraq ona verilmiş torpaq sahəsində 2012-ci ildə tikinti işlərini apardığını və sənədləşdirdiyini, heç bir qeyri qanuni tikilisinin olmadığını qeyd etməklə işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olmaqla məhkəmədə elan olunmuş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 10/5845 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-4731/2023 saylı mütəxəssis rəyinə əsasən aşağıda göstərilənlər müəyyən edilmişdir: qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2018-ci il, seriya RX № 1370262, reyestr nömrəsi **********26 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağdam rayonunun Quzanlı kəndində yerləşən 0,09 ha yaşayış məntəqəsi sahəsi ilə qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2012-ci il, seriya RX № 0399471, reyestr nömrəsi **********82 olan çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Ağdam rayonunun Quzanlı kəndində yerləşən 0,38 ha digər təyinatlı torpaq sahəsinin sərhədlərinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Rəyə əlavə edilmiş sxem 1-də öz əksini tapmışdır; qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2018-ci il, seriya RX № 1370262, reyestr nömrəsi **********26 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağdam rayonunun Quzanlı kəndində yerləşən 0,09 ha yaşayış məntəqəsi torpaq sahəsinin 0,03517 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyi və 150 kv.metr hissəsində tikili inşa edildiyi müəyyən edilmişdir. Rəyə əlavə edilmiş sxem 2-də əksini tapmışdır; qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2018-ci il, seriya RX № 1370262, reyestr nömrəsi **********26 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağdam rayonunun Quzanlı kəndində yerləşən 0,09 ha yaşayış məntəqəsi torpaq sahəsindən Cavabdeh tərəfindən istifadə edilən 0,03517 ha torpaq sahəsi üzərində 150 kv.metr ölçüdə qeyri yaşayış tikilinin inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlardan məlum olduğu kimi İddiaçı mülkiyyətində Ağdam rayonunun Quzanlı kəndində yerləşən 0,09 ha yaşayış məntəqəsi sahəsi mövcuddur. İddiaçı mülkiyyətində olan Ağdam rayonunun Quzanlı kəndində yerləşən 0,09 ha yaşayış məntəqəsi torpaq sahəsinin 0,03517 ha hissəsi Cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan istifadə edilir və 150 kv.metr hissəsində tikili inşa edilmişdir. Belə olan halda Cavabdeh iddiaçıya məxsus 0,09 ha torpaq sahəsinin 0,03517 ha hissəsindən çıxarılmalı və orada özbaşına inşa etdiyi tikili cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 139.3-cü maddəsində göstərilmişdir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin maddənin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət zəmanət vermir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazimi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəlləsinin 180.2-ci maddəsində qeyd edilmişdir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsində göstərilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyətli orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. İddiaçı məxsus Ağdam rayonunun Quzanlı kəndində yerləşən 0,09 ha torpaq sahəsinin 0,03517 ha hissəsindən Cavabdeh çıxarılsın. Cavabdeh İddiaçı məxsus Ağdam rayonunun Quzanlı kəndində yerləşən 0,09 ha torpaq sahəsinin 150 kv.metr hissəsində qanunsuz inşa etdiyi tikili Cavabdeh hesabına sökülsün. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-23/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-23/2024
28.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver