Məhkəmə qərarları › İş №2(013)-2307/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2307/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2307/2024 30.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı pul tələbi barədə mülki işə 30 oktyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh K.İ.İsmayılovadan birgə nikah dövründə xx.xx.2022-ci il tarixli BPM**********9 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Bərdə rayon filialından onun adına götürülmüş 9450 manat kreditin və ona 6092 manat faizin – ümumilikdə 15542 manat kredit borcunun nikahı pozulanadək qalıq hissəsini təşkil edən 7935 (yeddi min doqquz yüz otuz beş) manat 50 (əlli) qəpik kredit borcunun tərəflər arasında bərabər bölünərək ½ hissəsi olan 3967 (üç min doqquz yüz altmış yeddi) manat 75 (yetmiş beş) qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 60 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, xx.xx.2021-ci ildə cavabdeh Könül İsmayılova ilə nikaha daxil olmuş, 2022ci ildə uşağı olmuşdur. Nikahı 19 aprel 2024-cü ildə pozulmuşdur. Birgə nikah dövründə olarkən 19 dekabr 2022-ci ildə "xxxx" ASC-nin Bərdə rayon filialından onun adına 59 ay müddətinə 9450 manat kredit götürmüşlər. 9450 manat kreditdən əlavə banka 6092 manat faiz borcu olmaqla ümumilikdə 15542 manat kredit ödəməlidir. 16 iyul 2024-cü il tarixə kredit müqaviləsi üzrə əsas borc üzrə qalıq 7669,89 manat, faiz borcu 265.61 manat olmaqla ümumi borc 7935,50 manat təşkil edir. Aldığı krediti özünün və arvadının müalicəsinə, ata-anasının borcuna xərcləmişdir. X3 aidiyyətinin olmadığını qeyd etməklə rədd olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən K.İ.İsmayılova iddianı etiraf etməyərək göstərmişdir ki, Nemətlə nikah pozulduqdan sonra İddiaçı qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək 68 adda cehiz əşyaları və hər birinin dəyəri 1200 manat olmaqla cəmi 3600 manat dəyərində 3 baş iri buynuzlu mal-qaranın tələbi barədə iddia qaldırmış, Nemət isə qarşılıqlı iddia ərizəsi təqdim edərək ona toy hədiyyəsi kimi alınmış 700 manat dəyərində barmaqçılı geri istəmişdir. Ağdam Rayon Məhkəməsinin qətnaməsi ilə onun və Nemətin iddiası qismən təmin edilmişdir. İddiaçı qarşılıqlı iddia ərizəsində kredit barədə fikir bildirmiş, lakin tələb etməmişdir. Həmin işə baxılan zaman kreditlə bağlı vəkili tərəfindən istər ona, istərsə də məhkəmə iclasında şahid qismində iştirak edən şəxslərə suallar verilmiş, orada götürülən kreditin aqibətinə aydınlıq gətirilmişdir. Nemətin məhkəmə iclasında iştırakı barədə vəsatət versələr də sonuncu məhkəmə iclasında iştirak etməkdən yayınmışdır. Bütün bunlar məhkəmə iclas protokolunda əks olunmuşdur. Nemətlə ailə həyatı qurduqdan 3 ay sonra onun bacısının toyu olmuşdur. Nemətin bacısının toyundan xeyli borcları qalmış, bacısına verilmiş mebelin pulunu ödəyə bilməmişlər. İddiaçı valideynləri ilə yaşamışdır. Atasının ona verdiyi heyvanları onun icazəsi olmadan Nemət satıb bacısının cehizinin borcunu vermişdir. 2022ci ilin dekabr ayında isə Nemət kredit götürərək bacısının toyundan qalan borcu ödəmişdir. Nemət götürdüyü krediti ailə eytiyaclarına sərf etməmişdir. Nemət ilə yola getmədiyinə görə, həmçinin atasının verdiyi inəkləri onun razılığı olmadan Nemətin satdığına, başqa qadınlarla əlaqəsi olduğuna görə tez-tez acıq edib atası evinə getmişdir. Nemətin kredit götürdüyü pulu ailənin ehtiyaclarına sərf etmədiyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1081/2024 saylı qətnaməsinin surətindən görünür ki, X1 iddiası qismən təmin edilərək onunla İddiaçı arasında xx.xx.2021-ci ildə Ağdam Rayon Qeydiyyat Şöbəsində 264 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2022-ci ildə anadan olmuş Günel adlı uşağın yetkinlik yaşına çatana qədər anası K.İ.İsmayılovanın himayəsində saxlanılması, həmin uşağın saxlanılması üçün xx.xx.2024-cü ildə başlayaraq İddiaçı hər ay 170 manat aliment və xx.xx.2024-cü ildən başlayaraq uşaq üç yaşına çatana qədər əlavə xərc kimi hər ay 50 manat tutularaq K.İ.İsmayılovaya verilməsi qət edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 6-2-91/2-55/2024 saylı arayış və həmin bankla İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı illik 22 faizlə 59 ay müddətinə 9450 manat kredit verilmişdir. xx.xx.2024-cü il tarixə ümumi kredit borcu 7935,50 manat (əsas borc 7669,89 manat, faiz borcu 265,61 manat) təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə baxışında məlum olmuşdur ki, iddiaçı bankdan götürdüyü krediti cavabdehlə nikahı pozulduqdan sonra tam olaraq ödəməmişdir. İddiaçı hazırki iddia ərizəsində banka faktiki olaraq borclu qaldığı məbləğin cavabdehlə arasında bölünməsini tələb etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı bankdan götürdüyü kredit məbləğinin cavabdehlə ailənin ehtiyacları üçün sərf olunduğunu sübut edə bilməmişdir. «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 saylı Qərarının 3.3-cü bəndində göstərilmişdir ki, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Həmin Qərarın 3.4-cü bəndində göstərilmişdir ki, prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Həmin Qərarın 3.14-cü bəndində göstərilmişdir ki, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Həmin Qərarın 3.15-ci bəndində göstərilmişdir ki, qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. Həmin Qərarın 3.16-cı bəndində göstərilmişdir ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Həmin Qərarın 4.7-ci bəndində göstərilmişdir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. Həmin Qərarın 6.39-cu bəndində göstərilmişdir ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. Həmin Qərarın 6.40-cı bəndində göstərilmişdir ki, ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2- ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ərarvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına 15 yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Həmin Qərarın 6.41-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, borca münasibətdə payların müəyyən olunması ərin və arvadın bir-birlərinə qarşı tələblərinin həcmi (daxili münasibət) baxımından əhəmiyyət kəsb edir. Pay nisbəti birgə borcluların kreditor (kreditorlar) qarşısındakı məsuliyyətinin (xarici münasibətin) həcmini müəyyənləşdirmir. Bu səbəbdən ər (arvad) icra etdiyi öhdəliyin ərin (arvadın) payına düşən hissəsini ondan tələb edə biləcəyi halda, kreditor pay nisbətindən asılı olmayaraq bütün borcu ərdən (arvaddan) həm birlikdə, həm də ayrı-ayrılıqda tələb edə bilər. Çünki birgə borcluluqda kreditor (kreditorlar) öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər və öhdəlik tam icra edilənədək birgə borcluların öhdəlikləri qüvvədə qalır (Mülki Məcəllənin 500.1-ci maddəsi). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsində göstərilmişdir ki,nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına olmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.1-ci maddəsində qeyd olunmuşdur ki, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsində göstərilmişdir ki, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı 3967,75 manat tələbi rədd edildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən ödədiyi dövlət rüsumu əvəzində 60 manat tələbi də rədd edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh X2 qarşı birgə nikah dövründə xx.xx.2022-ci il tarixli BPM**********9 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Bərdə rayon filialından onun adına götürülmüş 9450 manat kreditin və ona hesablanmış 6092 manat faizin – ümumilikdə 15542 manat kredit borcunun nikahı pozulanadək qalıq hissəsini təşkil edən 7935 (yeddi min doqquz yüz otuz beş) manat 50 (əlli) qəpik kredit borcunun tərəflər arasında bərabər bölünərəkk ½ hissəsi olan 3967 (üç min doqquz yüz altmış yeddi) manat 75 (yetmiş beş) qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 60 manat alınaraq ona verilməsi barədə tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar