Məhkəmə qərarları › İş №2(013)-2571/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2571/2024

07.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2571/2024 07.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi ilə, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh X15 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X15 İdarəsinə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair ərizəsindən ibarət mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X15 İdarəsinin 19 aprel 2024-cü il tarixli, 33 saylı Əmrinin ləğv edilməsini, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini və X15 İdarəsində elektrik montyoru işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərində göstərir ki, X4 İstismarı İdarəsinin xx.xx.2011-ci il tarixli, 19 saylı Əmri ilə həmin idarəyə elektrik montyoru vəzifəsinə təyin edilmiş, həmin idarə 2015-ci ildə ləğv edilərək yerinə X15 İdarəsi yaranmışdır. İdarənin xx.xx.2015-ci il tarixli, 04 saylı Əmri ilə elektrik montyoru vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə vacib işi olduğu üçün sahə rəisi Bədrəddin Zeynalova işə gəlməyəcəyi ilə bağlı məlumat verərək ondan icazə almış, 2024-cü ilin may ayının sonunda bilmişdir ki, işdən azad edilmişdir. Çünki aprel ayı da əmək fəaliyyətini davam etdirmiş və həmişə aldığı (340 manat) məbləğdə maaş almışdır. İşdən azad edilməsini eşitdikdən dərhal sonra idarənin rəhbərliyinə işdən azad edilməsi ilə bağlı əmrin qanunusuz olduğunu bildirmiş və müvafiq orqanlara müraciət etmək üçün əmrdən çıxarışın və əmək kitabçasının ona verilməsini tələb etmiş, çox çətinliklə işdən azad edilməsi ilə bağlı əmrdən çıxarışı xx.xx.2024-cü il tarixdə almışdır. İdarənin xx.xx.2024-cü il tarixli, 33 saylı Əmri ilə onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud surətdə pozduqda) xitam verildiyi göstərilmiş, əsas kimi sahə rəisinin məlumatları göstərilmişdir. Elə həmin gün mübahisə ilə bağlı Mediasiya Təşkilatına müraciət etmiş, Mediasiya Təşkilatının xx.xx.2024cü il tarixli, ******* saylı arayışından görünür ki, cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Hesab edir ki, idarənin xx.xx.2024-cü il tarixli, 33 saylı Əmri ilə onunla əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin «Ç» bəndinə əsasən xitam verilməsi tamamilə əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan ləğv edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ona ödənilməklə əvvəlki işinə bərpa olunmalıdır. Belə ki, xx.xx.2024-cü il tarixdə vacib işi olduğu üçün bilavasitə tabe olduğu sahə rəisi B.Zeynalovdan həmin gün işə çıxa bilməyəcəyi ilə bağlı icazə almış, onunla əmək müqaviləsinə xitam verilməzdən əvvəl işə çıxmamağının səbəbi ilə bağlı müdriyyət tərəfindən heç bir araşdırma aparılmamış və mahiyyəti üzrə onun izahatı alınmamışdır. Onunla əmək müqaviləsinə xitam verilməzdən əvvəl üzvü olduğu Həmkarlar İttifaqının razılığı alınmamışdır. Ona görə də iddia tələbləri təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə edərək göstərdi ki, idarə müdirinin əmri ilə razılaşmır. Belə ki, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndi ilə, yəni əmək funksiyasını yerinə yetirməməsi əsası ilə işdən çıxarıblar. Halbuki həmin vaxt Bədrəddin adlı sahə rəisindən icazə almışdır, lakin sonradan Bədrəddin ona icazə vermədiyini bildirmişdir. İşinin öhdəsindən həmişə gəlmiş, vaxtla-vaxtında su quyularına xidmət etmişdir. İşdən kənar saatlarda da idarə rəzbərliyinin tapşırığı ilə müəyyən işləri görmüşdür. 09 aprel 2024-cü il tarixdə Xankəndi şəhərində yerləşən Meydan Restoranında açılış olub, 1 günlük həmin restoranda aşbazlıq etmişdir. Əmək haqqısı az olduğundan qalan vaxtlarda isə ailəsini dolandırmaq üçün ayrı-ayrı yerlərdə də aşbazlıq edir. İdarənin işçiləri rəhbərliyin tapşırığı ilə ona qarşı qərəzli ifadələr verirlər. Ona görə də hesab edir ki, iddia tələbi əsaslıdır, təmin edilməsini xahiş edir. Cavabdeh X15 İdarəsinin nümayəndəsi X8 iddia tələbləri ilə razılaşmadı. Göstərdi ki, idarədə baş mütəxəssis işləyir. İdarənin elektrik montyoru İddiaçı işdə olmaması barədə kifayət qədər sənədlər var, bu barədə məsul şəxslər tərəfindən aktlar tərtib edilib. İddiaçı iş rejiminin tələblərinə əməl etməmiş, özbaşına olaraq iş yerini tərk etmiş, həftə ilə işində olmamışdır. Xankəndi şəhərinə gedərək orada restoranda aşbazlıq etmişdir. Bu barədə həmçinin fotoşəkillər və video görüntülər var ki, məhkəməyə təqdim olunub. Dəfələrlə sahə rəisi onu işinə dəvət edib, lakin İddiaçı gəlməmişdir. İddiaçı 7 dəfə işdə olmayıb, ona zənglər edilib, söhbətlər aparılıb. İddiaçı xidmət etdiyi su quyuları vaxtında açıbbağlanmadığı üçün əhalidən çoxsaylı şikayətlər gəlib. Nəhayət İddiaçı idarə rəhbərinin yanına dəvət etmişlər, həmçinin Həmkarlar Şurasının iclasına dəvət etmişlər ki, məsələni başqa qaydada yoluna qoysunlar, lakin o, yenə də gəlməmişdir. Ona görə də hesab edir ki, iddia tələbləri əsassızdır, rədd edilməlidir, məsələnin qanuna müvafiq həllini məhkəmədən xahiş edir. Məhkəmə iclasında X15 İdarəsinin rəisi X10 qeyd etdi ki, İddiaçı işinə məsuliyyətsiz və səhlənkarcasına yanaşan bir əməkdaşdır. Dəfələrlə əmək və icra intizamını pozduğuna görə ona xəbərdarlıqlar olunub, əmək haqqısı tutulub, onun səhlənkarlıqları nəticəsində idarəyə maddi zərər də dəyib, su nasosları yanıb. İddiaçı özü izahatlar yazaraq təqsirli olmasını etiraf edib, bu barədə sənədlər, onun izahatları məhkəməyə təqdim edilib. İddiaçı hazırkı işində işləmək istəməməsini özü dəfələrlə bildirib, hazırkı işinin ona sərf etmədiyni, aşbazlıqla məşğul olmasını bildirib. Bundan əvvəl də İddiaçı işindən azad etmək istəmiş, sonra onun islah olunacağına ümid edərək işindən azad etməmiş, özünü doğrultması üçün ona vaxt verilmişdir. Bir dəfə nazirlikdən zəng edərək İddiaçı restoranlarda aşbaz işi ilə məşğul olması barədə ona məlumat vermişlər və fotoşəkillər göndərmişlər. İdarənin sahə rəisi Bədrəddin Zeynalov dəfələrlə ona məlumat yazaraq İddiaçı işinin öhdəsindən gəlməməsini bildirmiş, sahə rəisini saymadığını və barəsində tədbir görülməsini ondan xahiş etmişdir. Bundan sonra araşdırma aparılmış və məlum olmuşdur ki, İddiaçı heç bir portal açdırmadan Xankəndi Şəhərinə icazəsiz gedərək orada yeni açılmış Meydan Restoranında aşbazlıq etmişdir. Bunu təsdiq edən fotoşəkillər və video görüntülər var. Sahə rəisi onun yanından İddiaçıla telefonla danışıb işinə dəvət etmiş, İddiaçı restoranda işlədiyini, öz iş yerinə gəlməyəcəyini bildirmiş, həmçinin onu idarə rəhbərinə tapşırılmasını, onunla heç kmini işi olmayacağını bildirmişdir. Hətta idarədə İddiaçı təmir sexində işləmək üçün təklif də etmiş, lakin İddiaçı razılaşmamışdır. Bu barədə İddiaçıla söhbət aparmaq üçün idarəyə yanına dəvət etmiş, İddiaçı onu təhqir etmiş, ona "sən özbaşınalıq edirsən", "idarəni yeyib-dağıdırsan" demiş, yuxarı vəzifəli şəxslərlə onu hədələmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən, X15 İdarəsinin sahə rəisi X5 göstərdi ki, idarənin elektrik montyoru İddiaçı icazəsi olmadan iş saatlarında işdə olmur. Hətta 10 günlərlə işinə gəlmir. İddiaçı Xankəndi şəhərinə gedərək orada Meydan Restoranında işləmişdir. Ona zəng edib işinə dəvət etmiş, İddiaçı ona bildirmişdir ki, işə gəlməyəcək. İddiaçıla söhbətlər aparılıb, lakin faydası olmayıb. Məhkəmə iclasında şahid qismində izahat verən X11 göstərdi ki, 2008-ci ildən idarənin baş mühəndisidir. İdarədə hamı öz işi ilə məşğuldur. Öz işi ilə məşğul olan işçilərə həmişə diqqət olunur. İddiaçı xidmət etmək üçün 5 ədəd su quyuları verilib. Həmin quyulara İddiaçı vaxtında qulluq etmir, suyu açıb-bağlamır. İddiaçı Xankəndi şəhərinə gedib orada aşbazlıq edir. Dəfələrlə onunla söhbətlər aparılıb, lakin nəticəsi olmamışdır. İşinin öhdəsindən gəlmədiyi üçün hətta İddiaçı idarənin təmir sexində başqa iş təklif edilmiş, o, yenə rrazılaşmamışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X14 göstərdi ki, 2015-ci ildən həmin idarədə işləyir, hazırda idarənin rəis müavini vəzifəsini icra edir. İddiaçı tərəfindən ona təhkim olunmuş su quyuları dəfələrlə sahibsiz qalıb. Sahə rəisi dəfələrlə bu barədə idarə rəhbərliyinə müraciət edib, İddiaçı işdə tapılmadığını və ayrı-ayrı yerlərdə aşbazlıq etməsini bildirib. Məhkəmə iclasında şahid qismində izahat verən X12 göstərdi ki, 2015-ci ildən idarənin anbardarıdır. İddiaçı xidmət etmək üçün həvalə edilmiş su quyuları sahibsiz qalır, əhali narazılıq edir. Həmin quyulara İddiaçı vaxtında qulluq etmir, açıb-bağlamır. Sahə rəisi telefonla zəng edir, İddiaçı Xankəndi şəhərində olmasını, aşbazlıq etməsini bildirir, işə gəlməyəcəyini bildirir. İddiaçı idarə müdirinin çağırışlarına gəlmir. Məhkəmə tərəfləri /nümayəndəni/ dinləyib, onların təqdim etdiyi sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbləri rədd edilməlidir. AZE 0******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1975-ci il təvəllüdlüdür. Ərizəyə əlavə edilmiş İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, X4 İstismarı İdarəsinin İstismar Sahəsinin xx.xx.2011-ci il tarixli, 19 saylı Əmri ilə həmin idarəyə 4-cü dərəcəli elektrik montyoru vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci ildə idarənin ləğvi ilə əlaqədar olaraq elektrik montyoru vəzifəsindən azad edilmiş və işlə təmin olunması üçün yeni yaradılmış X15 İdarəsinin sərəncamına göndərilmiş, xx.xx.2015-ci ildə elektrik montyoru işinə qəbul edilmiş və Ağdam Rayon Mexaniki Suvarma İdarəsinin 19 aprel 2024cü il tarixli Əmri ilə ƏM-nin 70-ci maddəsinin «Ç» bəndinə uyğun olaraq onunla əmək müqaviləsinə xitam verilmişdir. X15 İdarəsinin rəisi H.Əzimzadəyə idarənin Qaradağlı ərazisi üzrə elektrik montyoru işləyən İddiaçı /hazırkı iddiaçı/ tərəfindən xx.xx.2021-ci il tarixdə yazdığı izahatdan görünür ki, onun təqsiri ucbatından təhkim olunduğu 10/273 reper nömrəli subartezian quyusunun nasosu yanaraq sıradan çıxmış, nəticədə idarəyə maddi ziyan dəymiş, təqsirini etiraf edir, bir daha nöqsanlara yol verməyəcəyini və işində dönüş yaradacağına söz verir. X15 İdarəsinin rəisi H.Əzimzadəyə idarənin Qaradağlı ərazisi üzrə elektrik montyoru işləyən İddiaçı /hazırkı iddiaçı/ tərəfindən xx.xx.2022-ci il tarixdə yazılmış izahatdan görünür ki, onun təqsiri ucbatından təhkim olunduğu 10/273 reper nömrəli subartezian quyusunun nasosu yanaraq sıradan çıxmış, nəticədə idarəyə maddi ziyan dəymiş, bir daha nöqsanlara yol verməyəcəyini və işində dönüş yaradacağına söz verir. X15 İdarəsinin rəisi H.Əzimzadəyə Qaradağlı ərazisi üzrə sahə rəisi işləyən X5 tərəfindən xx.xx.2023-cü il tarixdə ünvanlanmış məlumatdan görünür ki, onun sahə rəisi işlədiyi ərazidə elektrik montyoru işləyən İddiaçı /hazırkı iddiaçı/ xidmət etdiyi subartezian quyusunu sahibsiz qoyaraq günlərlə Mingəçevirdə aşbazlıq edir, nə qədər deyilsə də onu saymır, kənd caamatı narazılıq edir və onun barəsində tədbir görülməsini xahiş edir. X15 İdarəsinin rəisi H.Əzimzadəyə idarənin Qaradağlı ərazisi üzrə sahə rəisi işləyən X5 tərəfindən xx.xx.2023-cü il tarixdə ünvanlanmış məlumatdan görünür ki, sahə rəisi işlədiyi ərazidə elektrik montyoru işləyən İddiaçı xidmət etdiyi subartezian quyusunu vaxtında açıb-bağlamır, su başdı-başına axıb gedir, artıq enerji itkisinə səbəb olur və onun nizam-intizamla işləməsi barədə tədbir görülməsi xahiş olunur. X15 İdarəsinin rəisi H.Əzimzadəyə idarənin Qaradağlı ərazisi üzrə sahə rəisi işləyən X5 tərəfindən xx.xx.2024-cü il tarixdə ünvanlanmış məlumatdan görünür ki, onun sahə rəisi işlədiyi ərazidə elektrik montyoru işləyən İddiaçı işinin öhdəsindən gələ bilmir, su istifadəçiləri haqlı olaraq narazılıq edir və yuxarı orqanlara şikayətlər edirlər. X15 İdarəsinin rəisi H.Əzimzadəyə idarənin Qaradağlı ərazisi üzrə sahə rəisi işləyən X5 tərəfindən xx.xx.2024-cü il tarixdə ünvanlanmış izahatdan görünür ki, Qaradağlı kəndində işləri qaydasındadır. Ancaq 10, 106, 10, 273, 10, 301A, 10, 301, 10, 1212 saylı subartezian quyularının enerjisinin çox olmasının səbəbi elektrik montyoru işləyən İddiaçı dəfələrlə tapşırıq verilməsinə baxmayaraq quyuları vaxtlı-vaxtında bağlaması, suyun başdıbaşına axıb getməsidir. X15 İdarəsinin xx.xx.2024-cü il tarixli AKTından görünür ki, Qaradağlı kəndi üzrə elektirk montyoru işləyən İddiaçı iş müddəti işdə olmamış, xidmət etdiyi subartezian quyularını nəzarətsiz qoymuş, su istifadəçilərinin şikayətləri ilə bağlı İddiaçı şəxsi telefon nömrəsi olan 050 373-62-34 nömrəsinə zəng edilmiş, o telefonu açmış və onun harada olması, uzun müddət iş yerində olmamasının səbəbini soruşmuşlar, o, istehza ilə cavab vermişdir ki, Xankəndi şəhərində yerləşən Meydan Restoranında şef pover (baş aşbaz) işləyir və bir neçə saata müdirə onu incitməməklərini və əmək haqqının hər ay karta köçürülməsini təmin olunmasını tapşırıcaqlarını, onlara nə vaxt ora gəlsələr əlinin dadını dadmaq üçün qulluq edəcəyini bildirmişdir. Ona nə qədər çalışsalar da "əraziyə qayıtmalısan", "iş yerinin üstündə olmalısan", əks təqdirdə haqqında tədbir görüləcəyi barədə bildirilmiş, İddiaçı cavabında demişdir ki, "məni bura gətirən oğlan sizin haqqınızda tədbir görər". S.Murdaovu iş yerini üzürsüz səbəblərə görə dəfələrlə tərk etdiyinə görə şifahi xəbərdarlıq, işə dəvət, nizam-intizama dəvət olunmasına baxmayaraq müsbət nəticə əldə edə bilməmişlər. Bu hal haqlı olaraq su istifadəçiləri ilə idarə arasında narazılıqlara səbəb olmuşdur. X15 İdarəsinin xx.xx.2024-cü il tarixli AKTından görünür ki, Qaradağlı kəndi üzrə elektirk montyoru işləyən İddiaçı uzun müddətdir ki, iş yerini tərk edərək Xankəndi şəhərində yerləşən Meydan Restoranında işləməsinə davam edir, iş yoldaşlarının iştirakı ilə onun şəxsi nömrəsi olan 050 373-62-39 mobil telefonuna zəng edilərək işə qayıtması üçün dəvət etmişlər, su istifadəçilərinin subartezian quyusunun bağlı qalması, vaxtında açılıbbağlanmaması barəsində müraciətlər etdikləri, təcili olaraq işə qayıtmalı olduğunu bildirmişlər, İddiaçı "artıq burada işləyirəm, geri qayıtmayacağam" demiş, onun ailəsi ilə söhbət aparılmış, ailəsinə yaranmış vəziyyət başa salınmışdır ki, qayıtsın kollektivdən üzr istəsin və işində olsun. Qərara gəlmişlər ki, axşam saat 18-00-adək onu gözləsinlər, əgər işini bərpa etməzsə, xidmət etdiyi quyuları açıb bağlamasa haqqında tədbir görülməsi üçün rəhbərliyə müraciət etsinlər. X15 İdarəsinin xx.xx.2024-cü il tarixli AKTından görünür ki, Qaradağlı kəndi üzrə elektirk montyoru işləyən İddiaçı işini buraxaraq Xankəndi şəhərində yerləşən Meydan Restoranında işləyir, idarəyə aid işini başlı-başına buraxaraq uzaq məsafədə yerləşən, həmin əraziyə gedib-gəlmək üçün DİN xüsusi icazə forması ehtiyac olduğu halda necə keçməsi naməlum olaraq qaldığı halda ərazini tərk etmiş, işlədiyi subartezian quyusunu sahibsiz qoyaraq xeyli vaxtdır ki, iş yerində olmamış, sudan istifadə edən vətəndaşlar idarəyə gələrək və zəng edərək narazılıqlarını bildirmişlər. Onunla əlaqə saxlamaqlarına və işə dəfət olunmasına baxmayaraq o, geri, işinə qayıtmamış və 10 aprel 2024-cü il tarixdə sahə rəisi B.Zeynalova söz verməsinə, yaxınları ilə söhbət aparılaraq nizam-intizama dəvət edilməsi heç bir müsbət nəticə verməmişdir. X15 İdarəsinin rəisi H.Əzimzadəyə idarənin baş mühəndisi X11 tərəfindən xx.xx.2024cü il tarixdə ünvanlanmış məlumatdan görünür ki, sahə rəisi işlədiyi Qaradağlı ərazisi üzrə elektrik montyoru işləyən İddiaçı nizam-intizam qaydalarına əməl etmədiyini, üzürsüz səbəblərə görə mütəmadi olaraq iş yerində olmadığını, ona təhkim olunmuş subartezian quyularına xidmət etmək əvəzində maddiyyət müqabilində aşbazlıq işi ilə məşğul olduğunu, onun bu hərəkətlərinə görə dəfələrlə xəbərdarlıqlar edilsə də müsbət nəticə əldə etmək mümkün olmadığını, növbəti dəfə edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq xx.xx.2024-cü ildə icazəsiz olaraq Xankəndi şəhərinə getdiyini və Meydan Restoranında aşbazlıqla məşğul olduğunu və subartezian quyularının iş rejiminin pozulduğu bildirilmişdir. X15 İdarəsinin rəisi H.Əzimzadəyə idarənin Qaradağlı ərazisi üzrə sahə rəisi işləyən X5 tərəfindən xx.xx.2024-cü il tarixdə ünvanlanmış məlumatdan görünür ki, elektrik montyoru işləyən İddiaçı onu saymadığını, günlərlə subartezian quyularına nəzarət etmədiyini, nəticədə kənd caamatının ondan və idarədən narazı qaldığını, Səbuhinin dəfələrlə icazəsizi olaraq Xankəndi şəhərinə, Şuşa şəhərinə aşbazlıq etmək üçün getdiyini, son dəfə xx.xx.2024-cü ildə kənd caamatının artezian quyusunun yiyəsiz qaldığını ona dediklərini bildirmişdir. X15 İdarəsinin 18 mart 2024-cü il tarixli, 24 saylı ƏMRindən görünür ki, İddiaçı (elektrik montyoru) əmək intizamını pozduğuna və sahə rəisi tərəfindən verilən tapşırıqlara vaxtlı-vaxtında əməl etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-a bəndinə əsasən ona töhmət verilmişdir. X15 İdarəsinin 11 aprel 2024-cü il tarixli, 30 saylı ƏMRdən görünür ki, İddiaçı (elektrik montyoru) üzürlü səbəb olmadan işə gəlmədiyi, töhmət elan edilməsinə baxmayaraq heç bir nəticə çıxarmadığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2b bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. X15 İdarəsinin xx.xx.2024-cü il tarixli AKTından görünür ki, Qaradağlı kəndi üzrə elektirk montyoru işləyən İddiaçı xidmət etdiyi 10/1065, 10/273, 10/301, 10/301 A, 10/1212 saylı subartezian quyularını nəzarətsiz buraxaraq Xankəndi Şəhərində aşbaz işləmək üçün getmiş, onu nizam-intizama dəvət etmək üçün çağırmışlar, İddiaçı onlara Meydan Restoranında işlədiyini, gələ bilməyəcəyini, müdirə tapşırılacağını, onunla heç kimin işi olmayacağını bildirmiş, ona nə qədər başa salsalar da işə qayıtmalıdır, ancaq geri qayıtmamış, vətəndaşların su ehtiyaclarını və onun geri qayıtmamasını nəzərə alaraq barəsində rəhbərlikdən tədbir görülməsini xahiş etmişlər. X15 İdarəsinin xx.xx.2024-cü il tarixli AKTından görünür ki, Qaradağlı kəndi üzrə elektirk montyoru işləyən İddiaçı təhkim olunduğu subartezian quyularına su istifadəçiləri arasında narazılıq olduğuna görə yerinə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, S.Müradov haqqında müvafiq tədbirlər görülməsinə baxmayaraq təkrar olaraq Xankəndi şəhərinə maddiyyət müqabilində getmiş və ona təhkim olunmuş subartezian quyularını nəzarətsiz qoymuş, onunla telefon əlaqəsi yaradılaraq iş yerini üzürsüz səbəbə görə niyə tərk etdiyi soruşulduqda İddiaçı orada ayda 1500 manat pul aldığını, ona görə də quyulara baxmaq ona sərf etmədiyini bildirmiş, bundan sonra nə qədər çalışsalarda o, iş yerinə qayıtmayacağını bildirmişdir. İdarənin xx.xx.2024-cü il tarixli AKTından görünür ki, Qaradağlı kəndi üzrə elektirk montyoru işləyən S.İddiaçı yenə də üzürsüz səbəblərə görə iş yerini tərk edərək Xankəndi şəhərində yerləşən Meydan Restoranında işləməyə getmiş, ona təhkim olunmuş subartezian quyuları nəzarətsiz qalmış, quylar vaxtında açılıb-bağlanmamış, nəticədə su istifadəçiləri arasında narazılıq yaranmış, yenə də onun 050 373-62-39 saylı mobil nömrəsinə zəng edilərək niyə işdə olmadığı soruşulduqda o, "mən burada pul qazanmağa gəlmişəm, subartezian quyularına baxmaq mənə sərf etmir" bildirmişdir, nə qədər çalışsalar da o, geri iş yerinə gəlməmişdir. X15 İdarəsinin rəisi H.Əzimzadəyə baş mühəndis X11 tərəfindən xx.xx.2024-cü il tarixdə ünvanlanmış məlumatdan görünür ki, sahə rəisi işlədiyi Qaradağlı ərazisi üzrə elektrik montyoru işləyən İddiaçı nizam-intizam qaydalarına əməl etmədiyi, idarə tərəfindən verilən tapşırıqları yerinə yetirmədiyi, üzürsüz səbəblərə görə işlədiyi vaxt iş yerini tərk etdiyi, ona təhkim olunmuş subartezian quyularını vaxtında açıb-bağlamadığı, nəticədə su istifadəçiləri ilə idarə arasında ciddi narazılıqlar yarandığı, edələn xəbərdarlıqlara baxmayaraq İddiaçı Xankəndi şəhərinə aşbaz işləməsi üçün üzürsüz səbələrə görə gedərək ona təhkim olunmuş subartezian quyularını tam nəzəratsiz qoyduğu bildirilmişdir. X15 İdarəsinin rəisi H.Əzimzadəyə Qaradağlı ərazisi üzrə sahə rəisi işləyən X5 tərəfindən xx.xx.2024-cü il tarixdə ünvanlanmış məlumatdan görünür ki, Qaradağlı kəndində elektrik montyoru işləyən İddiaçı idarə tərəfindən verilən tapşırıqların yerinə yetirmədiyi və icazəsiz olaraq ərazini tərk etdiyi bildirilmişdir. X15 İdarəsinin xx.xx.2024-cü il tarixli AKTından görünür ki, Qaradağlı kəndi üzrə elektirk montyoru işləyən İddiaçı dəfələrlə olduğu kimi yenə də iş yerini tərk etmiş, təhkim olunduğu subartezian quyularını nəzarətsiz qoymuş, vətəndaşlarla idarə arasında narazılıq yaratmış, Xankəndi şəhərində yerləşən Meydan Restoranında işləməyə getmiş, onunla telefon əlaqəsi yaradılaraq niyə işdə olmadığı, ona təhkim olunmuş subartezian quyularına xidmət göstərmədiyini soruşmuşlar, cavabında İddiaçı bildirmişdir ki, Xankəndi şəhərində işləyir, idarədə işləmək, subartezian quyularına baxmaq ona sərf etmir. X15 İdarəsinin rəisi H.X2 Komitəsinin sədri H.Əmirzadəyə xx.xx.2024-cü il tarixdə ünvanladığı məktubdan görünür ki, X15 İdarəsinin Qaradağlı ərazisi üzrə elektrik montyoru işləyən İddiaçı işində ciddi noqsanlara yol vermiş, işinin öhdəsindən gələ bilməmiş, ona təhkim olunmuş subartezian quyularının iş rejiminə nəzarət etməmiş, nəticədə suvarmaya ciddi təsir göstərərək su istifadəçiləri ilə idarə arasında gərginlik yaratmış, İddiaçı işində yol verdiyi nöqsanların müzakirəsi, işinə davam və ya xitam verilməsinin müzakirəsi üçün Həmkarlar İttifaqının yığıncağının keçirilməsi və qərar qəbul edilməsi xahiş olunmuşdur. X6 İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixdə İddiaçı ünvanlanmış məktubundan görünür ki, 19 aprel 2024-cü il tarixdə X15 İdarəsinin iclas zalında keçiriləcək Həmkarlar İttifaqı Komitəsinin yığıncağında iştirak etməsi xahiş edilmişdir. X15 İdarəsi Həmakrlar İttifaqı Təşkilatının xx.xx.2024-cü il tarixli yığıncağın 04 saylı Protokolundan görünür ki, əmək və icra intizamını dəfələrlə pozduğuna, verilən tapşırıqları yerinə yetirmədiyinə, İddiaçı intizam hərəkətləri haqqında yazılan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məlumatları, 09-10-11-12-15-16-xx.xx.2024-cü il tarixli AKTları, xx.xx.2024-cü il tarixli töhmət, xx.xx.2024-cü il tarixdə şiddətli töhmət və elektrik montyoru İddiaçı xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli izahatlarına baxmayaraq heç bir nəticə çıxarmadığına görə Qaradağlı ərazisi üzrə elektrik montyoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədə uyğun hesab edilmişdir. Ərizəyə əlavə edilmiş X15 İdarəsinin 19 aprel 2024-cü il tarixli, 33 saylı Əmrindən çıxarışın surətindən görünür ki, İddiaçı – əmək müqaviləsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna və sahə rəisi tərəfindən verilmiş tapşırıqları yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir. X7 X9 13 avqust 2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh Ağdam Rayon Mexaniki Suvarma İdarəsi mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Məcəllənin 9-cu maddəsinin q bəndinə görə əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işçinin hüququdur. Həmin Məcəllənin 12-ci maddəsinin c bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin vəzifəsidir. Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsaslarını müəyyən edir. Qeyd olunan maddənin ç bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən həmin əsasla əmək müqaviləsini ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir : a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması, c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması, d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır və Məcəllənin 76.2-ci bəndi nəzərdə tutur ki, əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məcəllənin 80-cı maddəsinə görə /1-ci hissə/ bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir, /2-ci hissə/ həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İddiaçı iddia edir ki, X4 İstismarı İdarəsinin xx.xx.2011-ci il tarixli, 19 saylı Əmri ilə həmin idarəyə elektrik montyoru vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixli, 04 saylı Əmrlə elektrik montyoru vəzifəsinə təyin edilmiş, işlədiyi müdətdə heç bir qanun pozuntusuna yol vermədiyi halda xx.xx.2024-cü il tarixli, 33 saylı Əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndinə əsasən işindən azad edilmişdir. Lakin işin materiallarında olan sənədlərlə, həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı əmək və icra intizamını dəfələrlə pozduğu üçün tabe olduğu yuxarı vəzifəli şəxs tərəfindən, idarə rəhbərliyi tərəfindən ona dəfələrlə xəbərdarlıq edilmiş, idarəyə dəvət edilərək izahatı alınmış, izahatında İddiaçı təqsirli əməllərini özü etiraf etmiş, subartezian quyusunun motorunu yandırmasını, idarəyə maddi zərər vurduğunu, işində dönüş yaradacağını bildirmiş, əks halda isə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. X15 İdarəsinin məhkəməyə təqdim etdiyi E.Tağıyevin şəxsi işində olan sənədlərdən görünür ki, idarə üzrə verilmiş 03 oktyabr 2022-ci il tarixli, 70 saylı və 18 oktyabr 2022-ci il tarixli, 73 saylı ƏMRlərlə İddiaçı müvafiq olaraq olaraq töhmət, sonra isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, E.Tağıyev işində dönüş yaratmamışdır. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 2024-cü ilin mart və aprel aylarında da əmək və icra intizamını pozmuş, idarənin müvafiq vəzifəli şəxsləri tərəfindən bu barədə aktlar tərtib edilmiş, ona şifahi olaraq və telefon vasitəsi ilə xəbərdarlıqlar edilmiş, işinə dəvət edilmiş, gün ərzində işdə olmamışdır. Bundan sonra isə onun davranışları Suvarma İdarəsinin rəisi H.Əzimzadənin müraciəti əsasında idarənin X1 xx.xx.2022-ci il tarixli Yığıncağında müzakirə edilmiş, onun əmək və icra intizamını dəfələrlə pozması, verilən tapşırıqları yerinə yetirməməsi, töhmət və şiddətli töhmət tənbehi verilməsinə baxmayaraq heç bir nəticə çıxarmadığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir. Göründüyü kimi İddiaçı hərəkətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinin təsiri altına düşür, o, özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallara uyğun olaraq əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Göstərilən səbəblərdən məhkəmə hesab edir ki, iddia tələbləri əsassızdır, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazların əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. İddiaçı - X15 İdarəsi üzrə barəsində verilmiş 19 aprel 2024-cü il tarixli, 33 saylı əmrin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar