Məhkəmə qərarları › İş №2(013)-2588/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2588/2024

06.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2588/2024 06.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X3 və üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7 Regional Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Ağdam rayon 129 saylı tam orta məktəbinə və Ağdam rayon 23 saylı tam orta məktəbinə qarşı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Ağdam rayon 129 saylı tam orta məktəbinə və Ağdam rayon 23 saylı tam orta məktəbinə qarşı cavabdeh Ağdam rayon 129 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli, 303 nömrəli və cavabdeh Ağdam rayon 23 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli, 23 nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrlərinin məhkəmə qaydasında ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Ağdam rayon 129 saylı tam orta məktəbinin və Ağdam rayon 23 saylı tam orta məktəbinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin nümayəndələrinin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, özünün xx.xx.2009-cu ildə X1, ibtidai sinif müəllimi ixtisası üzrə bitirdiyini, xx.xx.2020-ci il tarixdən Ağdam rayon 129 saylı tam orta məktəbində xx.xx.2023-cü il tarixdən isə, Ağdam rayon 23 saylı tam orta məktəbində ixtisası üzrə müəllim işlədiyini, hər iki məktəbdə də, sinif müəllimlərinin çox, ibtidai sinif komplektlərinin çox olmasına görə məktəblərdə ana dili və riyaziyyat dərslərini deyil, digər fənləri tədris etdiyini, cavabdeh Ağdam rayon 129 saylı tam orta məktəbin rəhbərliyinin xx.xx.2024-ci il tarixli 303 saylı əmrinə, Ağdam rayon 23 saylı tam orta məktəbin rəhbərliyinin xx.xx.2024-ci il tarixli 20 saylı əmrinə əsasən sertifikatlaşdırmadan keçə bilmədiyinə yəni müəyyən olunmuş keçid balını toplaya bilmədiyinə görə, işdən azad edildiyini, özünün 129 və 23 nömrəli tam orta məktəblərin onun işdən azad edilməsi haqqında verdikləri əmrlərlə razı olmadığını, belə ki, özünün həmin məktəblərdə ana dili və riyaziyyat fənnlərini tədris etmədiyini, sertifikatlaşdırmanın isə, məhz ana dili və riyaziyyat fənlərindən keçirildiyini, əslində isə, onun həyat bilgisi, musiqi, təsviri incəsənət, texnalogiya, fiziki tərbiyyə fənnlərindən sertifikasiyadan keçməli olduğunu, odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işinə xitam verildiyini, barəsində verilmiş 303 və 20 saylı əmrlərin tam əsassız olduğunu bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 İddiaçı ilə eyniməzmunlu izahatında iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7 Regional Təhsil İdarəsinin nümayəndəsi X4 izahatında iddianın əsasız olduğunu, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət Ümumi Təhsil müəsissisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasının 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli və 28 iyun 2024-cü il tarixli əmri ilə işdən azad edildiyini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib və iş materiallarını, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı adına verilmiş xx.xx.2008-ci il tarixdə açılmış, № ******* nömrəli Əmək kitabçasının sürətindən görünür ki, İddiaçı 134 nömrəli əmrə əsasən Ağdam rayon 129 saylı tam orta məktəbinə kitabxanaçı, xx.xx.2009-cu il tarixdə kitabxanaçı vəzifəsindən azad edilərək, 64 nömrəli əmrlə X6 rəhbəri, xx.xx.2010-cu il tarixdə 177 nömrəli əmrlə ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmiş, 303 nömrəli əmrlə isə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan Məktəbəqədər və Ümumi Təhsil üzrə X7 Regional Təhsil İdarəsi Ağdam rayon 129 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli № 303 əmrdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət Ümumi Təhsil müəsissisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasının 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli 3- 29-69/3-2-13 F/2024 nömrəli əmri əsas götürülərək, İddiaçı Dövlət Ümumi Təhsil müəsissisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası ilə müəyyən olunmuş keçid balını toplaya bilmədiyinə görə, təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan Məktəbəqədər və Ümumi Təhsil üzrə X7 Regional Təhsil İdarəsi Ağdam rayon 23 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli № 20 əmrdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət Ümumi Təhsil müəsissisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasının 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 28 iyun 2024-cü il tarixli 3- 29-69/3-2-13 F/2024 nömrəli əmri əsas götürülərək, İddiaçı Dövlət Ümumi Təhsil müəsissisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası ilə müəyyən olunmuş keçid balını toplaya bilmədiyinə görə, təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün əmək müqaviləsi ləğv edilmişdir. Məhkəmə iddia üzrə mübahisə predmetləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra- Əmək Məcəlləsi) 42-cı maddəsində göstərilir ki, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 45-cı maddəsində göstərilir ki, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndində göstərilir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin vəpraktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasının 1.2-ci bəndinə əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Həmin qaydanın 3.21-ci bəndinə əsasən Sertifikatlaşdırmanın test və müsahibə mərhələsində bu Qaydanın müvafiq olaraq 3.14-cü və 3.19-cu bəndlərində göstərilən minimal balları toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunurlar. Həmin qaydanın 3.22-ci bəndinə əsasən Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır. Həmin qaydanın 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Məhkəmə tərəfindən iddia üzrə iddiaçıya iddianın təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı bu barədə məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddiaçı Teyyub qızının cavabdehlər Ağdam rayon 129 nömrəli tam orta məktəbinə və Ağdam rayon 23 nömrəli tam orta məktəbinə qarşı cavabdehlər Ağdam rayon 129 nömrəli tam orta məktəbinin xx.xx.2024-cü il tarixli, 303 nömrəli və Ağdam rayon 23 nömrəli tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 23 nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrlərinin məhkəmə qaydasında ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar