Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2718/2025 29.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh Ağdam Su X1 İdarəsinin nümayəndəsi – həmin idarənin rəis müavini X2 iştirakı ilə, İddiaçı cavabdeh Ağdam Su X1 İdarəsinə qarşı işə bərpa və əmək haqqının ödənilməsi tələbi barədə mülki işə 29 sentyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh Ağdam Su X1 İdarəsinin xx.xx.2025-ci il tarixli 13 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Ağdam Su X1 İdarəsinə qəza bərpa qrupunun rəisi vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ veteranı olmaqla 2002-ci ildən Ağdam sukanal idarəsində işə qəbul olunmuş və 2024-cü ilə qədər 23 il müddətində fasiləsiz olaraq sözü gedən idarədə qəza bərpa qrupunun rəisi vəzifəsində işləmiş, 2002-ci ildən Ağdam sukanal idarəsinin həmkarlar təşkilatının sədri işləmiş, 20 il fasiləsiz olaraq 7 saylı Ağdam rayon Çullu kənd seçki məntəqəsinin sədri işləmişdir. 02 noyabr 2024-cü il tarixdə Ağdam Sukanal idarəsi X7 Sistemlərinin İstismarı İdarəsinə birləşdirilmişdir. İddiaçı işlədiyi müddətdə həmişə işinə vicdanla yanaşmış və mükafatlandırılmışdır. Su kanal idarəsi Ağdam Su X1 İdarəsinə birləşəndən sonra idarənin rəisi iddiaçıya qarşı doğmalıqögeylik münasibəti yaratmış, hər vasitə ilə keçmiş Su kanal idarəsinin işçilərini sıxışdırırmışdır. xx.xx.2025-ci ildə saat 09 radələrində köçkün qəsəbələrindəki qəzaları aradan qaldırmaq üçün iddiaçı avtomaşın və ekskovator tələb etmiş, idarənin rəisi maşın və ekskovator olmadığını bildirmişdir. İdarənin mexaniki 1 saatdan sonra sürücüyə zəng edərək maşını idarəyə gətirməsini demiş, sürücü maşını idarəyə gətirdikdən sonra başqa avtomobil gətizdirmişdir. Ancaq həmin avtomaşında qəsəbələrə getmək üçün şərait yox idi. İddiaçı və digər işçilər bunu bildirərkən rəisi onları polis və prokurorluğa ərizə verəcəyi ilə hədələyib işdən azad olunmaq üçün ərizə yazmağa məcbur etmiş, iddiaçı da məcbur olub işdən azad olunmaq üçün ərizə yazmışdır. Ancaq qanunvericilikdə nəzərdə tutulduğu halda ərizənin verilməsindən sonra 1 ay müddəti gözlənilməli olmasına baxmayaraq, həmin gün 5-10 dəqiqə ərzində iddiaçı və digər şəxslər xx.xx.2025-ci il tarixdə işdən azad olunmuşlar. Həmin fakt X3 məktubunda da təsdiq edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndi ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti və sair sənədlər iddiaçıya təqdim edilməmiş, yalnız əmək kitabçası poçtla göndərilmiş və iddiaçı əmək kitabcasını xx.xx.2025 -ci il tarixdə rəsmi almışdır. İddiaçı ilkin mediyasiya sessiyasında iştirak etmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsini Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən işəgötürən düzgün sənədləşdirməmişdir. Həmçinin əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin də tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən, «bu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 87-ci madəsinə müvafiq olaraq əmək kitabcasında qeydlər edilməmiş və əmək müqaviləsinə xitam verildiyi gün verilməmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Ağdam Su X1 İdarəsinin nümayəndəsi H.G.Əmirzadə iddianı etiraf edərək təmin olunmasına etirraz etmədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2002-ci ildə Ağdam rayon kənd içməli su təchizatı müəssisəsinə nəzarətçi operator təyin edilmiş, xx.xx.2024-cü ildə Ağdam Su X1 İdarəsinin qəza bərpa briqadasına mühəndis-elektrik qrup rəhbəri işinə təyin edilmişdir. Ağdam Su X1 İdarəsinin xx.xx.2025-ci il tarixli 13 saylı əmrindən çıxarışdan görünür ki, Ağdam Su X1 İdarəsinin qəza bərpa briqadasına mühəndis-elektrik qrup rəhbəri İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «A» bəndinə əsasən xitam verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə baxışında məlum olduğu kimi Ağdam Su X1 İdarəsinin xx.xx.2025-ci il tarixli 13 saylı əmrindən çıxarışdan görünür ki, Ağdam Su X1 İdarəsinin qəza bərpa briqadasına mühəndis-elektrik qrup rəhbəri İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «A» bəndinə əsasən xitam verilmişdir (İddiaçı özünün xahişin əsasən). İddiaçı işdən azad olunması barədə ərizəni xx.xx.2025-ci ildə idarəyə vermiş, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə riayət edilmədən xx.xx.2025-ci ildə İddiaçı işdən azad olunması barədə əmr verilmişdir. Bununla da İddiaçı xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə vermək hüququ pozulmuşdur. Qanunvericiliyin tələbləri baxımından isə işəgötürən işçinin işdən azad olunma barədə ərizədə əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi halda xəbərdarlıq müddəti bitənə qədər əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci bandinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Əmək Məcəllsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv edilmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onun etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin maddənin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Göründüyü kimi İddiaçılə olan əmək müqaviləsinə xitam verilərkən Ağdam Su X1 İdarəsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı maddəsində göstərilmişdir ki,
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmçinin məhkəmə qeyd edir ki, Ağdam Su X1 İdarəsi İddiaçılə bağlı X4 Xidmətinin Qarabağ Regional Şöbəsinin icrası məcburi olan göstərişini yerinə yetirmədiyinə görə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(013)-536/2025 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinib, üç min manat məbləğində inzibati cərimə edilmişdir. İddiaçılə əmək müqaviləsinə xitam verilərkən Ağdam Su X1 İdarəsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə riayət edilməməsi X4 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən də aşkar olunmuşdur. Bütün bunlarla yanaşı cavabdehin nümayəndəsi məhkəməyə verdiyi ərizəsində iddianı etiraf etdiyini göstərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə
q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Ağdam Su X1 İdarəsinin xx.xx.2025-ci il tarixli 13 nömrəli əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Ağdam Su X1 İdarəsinin qəza bərpa briqadasına mühəndis-elektrik qrup rəhbəri vəzifəsinə bərpa olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev