Məhkəmə qərarları › İş №2(013)-2758/2023

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2758/2023

15.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2758/2023 15.11.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbi barədə mülki işə 15 noyabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında bağlanmış xx.xx.2020-ci il tarixli 7/76 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən 2020-ci ildə verilmiş Abşeron rayonu Mehdiabad qəsəbəsi Qarant yaşayış kompleksi 7 nömrəli binanın 76 nömrəli mənzilinə köçürülməsi, yaşayış hüququnun verilməsi və mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, 2015-ci ildə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən ona, arvadı Laləyə və uşaqlarına Abşeron rayonu Mehdiabad qəsəbəsi Qarant yaşayış kompleksi 7 nömrəli binanın 76 nömrəli mənzili verilmişdir. Lalə ilə arasında olan nikah xx.xx.2023-cü ildə pozulmuşdur. Lalə onu həmin mənzildə yaşamağa qoymamışdır. Bu səbəbdən başqa yerlərdə kirayədə qalmaq məcburiyyətində qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, İddiaçıla aralarında mübahisələr olduğundan boşanmışdır. Boşandıqdan sonra azyaşlı uşaqları ilə birlikdə hazırda Fuadın köçmək istədiyi 2015-ci ildən yaşadıqları mənzildə yaşayır. Fuadla bir yerdə yaşamasının mümkün olmadığını və aralarında tez-tez mübahisə baş verəcəyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Ağdam Rayon Bölməsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Abşeron rayonu Mehdiabad qəsəbəsi Qarant yaşayış kompleksi 7 nömrəli binanın 76 nömrəli mənzilinə dair xx.xx.2020-ci il arixli 7/76 saylı müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən həmin mənzil İddiaçı, Cavabdeh oğlu, X4 və X2 verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, İddiaçı, Cavabdeh oğlu, X4 və X2 Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbəsi Qarant yaşayış kompleksi 7 nömrəli binanın 76 nömrəli mənzili verilmişdir. Beləliklə İddiaçı mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının köçmək istədiyi mənzilə dair tərəflər arasında hüquq münasibətləri 2015ci ildə yarandığından «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən mübahisəyə 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8.0.1-ci maddəsində qeyd edilmişdir ki, qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər mənzil hüquq və vəzifələrinin əsasıdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilmişdir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 96-cı maddəsində qeyd olunmuşdur ki, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri – qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. İddiaçı Abşeron rayonu Mehdiabad qəsəbəsi Qarant yaşayış kompleksi 7 nömrəli binanın 76 nömrəli mənzilinə köçürülsün, orada ona yaşayış hüququ verilsin və həmin mənzildən digər şəxslərlə bərabər qaydada istifadə etmək hüququ müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar