Məhkəmə qərarları › İş №2(013)-2775/2023

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2775/2023

29.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2775/2023 29.11.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh iştirakı ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evə köçürülmə tələbi barədə mülki işə 29 noyabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1, İddiaçı2 və İddiaçı3 rayon məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında bağlanmış xx.xx.2015-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən verilmiş Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yerləşən 284 nömrəli evə köçürülməsi, yaşayış hüququnun verilməsi və mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı1 iddianı müdafiə edərək göstərmişdir ki, 2015-ci ildə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən ona, arvadı Rahiləyə, oğlu Elgünə və Elgünün arvadı olmuş Cavabdeh Ağdam rayonu İmamqulubəyli 632 qəsəbəsində yerləşən 284 nömrəli ev verilmişdir. Mələklə Elgün boşandıqdan sonra o, Rahilə və Elgün 284 nömrəli evdən çıxmışlar. Hazırda başqa yerlərdə kirayədə qalmaq məcburiyyətində qaldıqlarını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı2 və İddiaçı3 iddianı müdafiə edərək və İddiaçı1 izahatını təsdiqləyərək tələbin təmin olunmasını xahiş etmişlər. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, 2014-cü ildə Elgünə ərə gədərək Tərtər rayonunun Mamırlı kəndinə gəlin köçmüş və bundan üç ay sonra ona, əri Elgünə, qayınatası Mahmuda və qayınanası Rahiləyə dövlət tərəfindən Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yerləşən 284 nömrəli ev verilmişdir. Elgünlə boşandıdan sonra iddiaçılar evdən çıxmış və özlərinə məxsus olan Quzanlı qəsəbəsində yerləşən evdə yaşamağa başlamışlar. Laçın rayonundan məcburi köçkün olduğundan bir il ərzində doğma yurduna qayıdacaqdır. Hazırda Elgünlə bir yerdə yaşamasının mümkün olmadığını və aralarında tez-tez mübahisə baş verəcəyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Ağdam Rayon Bölməsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Ağdam rayonu İmamqulubəyli 632 qəsəbəsində yerləşən 284 nömrəli evə dair xx.xx.2015-ci i il arixli 284 saylı müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən həmin mənzil İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən Ağdam rayonunun İmamqulubəyli 632 qəsəbəsində yerləşən 284 nömrəli ev verilmişdir. Beləliklə iddiaçılar mübahisəli mənzildən istifadə hüququ əldə etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçıların köçmək istədiyi mənzilə dair tərəflər arasında hüquq münasibətləri 2015-ci ildə yarandığından «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən mübahisəyə 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8.0.1-ci maddəsində qeyd edilmişdir ki, qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər mənzil hüquq və vəzifələrinin əsasıdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilmişdir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 96-cı maddəsində qeyd olunmuşdur ki, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri – qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3 Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yerləşən 284 nömrəli evə köçürülsünlər, orada onlara yaşayış hüququ verilsin və həmin mənzildən digər şəxslərlə bərabər qaydada istifadə etmək hüququ müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar