Məhkəmə qərarları › İş №2(013)-2785/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-2785/2024

02.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-2785/2024 02.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, X4 və X5 Cavabdeh qarşı, paylı (ümumi) mülkiyyət hüququ üzrə payların müəyyən edilməsi, payları müəyyən edilmiş torpaq sahəsinin mülkiyyətçilərə təhvil verilməsi və fərdi yaşayış evi vərəsə arasında paylarına uyğun bölünməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonu Orta Qışlaq kəndində yerləşən 3.8593 ha və 3.7008 ha torpaq sahəsi paylı (ümumi) mülkiyyətçilər arasında bölünərək payları müəyyən edilməsini, payları müəyyən edilmiş mülkiyyətçilərin torpaq sahəsi onlara təhvil verilməsini, mərhum atası X1 miras qalmış Ağdam rayonu İcra Hakimiyyəti başçısının Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ortaqışlaq kəndində yerləşən 1 otaq, mətbəx və zaldan ibarət fərdi yaşayış evi vərəsə arasında paylarına uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən ərizəçilərə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə qeyd edir ki, iddia tələbininin “Ağdam rayonu Orta Qışlaq kəndində yerləşən 3.8593 ha və 3.7008 ha torpaq sahəsi paylı (ümumi) mülkiyyətçilər arasında bölünərək payları müəyyən edilməsini, payları müəyyən edilmiş mülkiyyətçilərin torpaq sahəsi onlara təhvil verilməsi” hissəsində mülkiyyətçilər kimlər olması göstərilməmişdir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, iddia tələbininin “mərhum atası X1 miras qalmış Ağdam rayonu İcra Hakimiyyəti başçısının Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ortaqışlaq kəndində yerləşən 1 otaq, mətbəx və zaldan ibarət fərdi yaşayış evi vərəsə arasında paylarına uyğun bölünməsi” hissəsində vərəsələr (vərəsələrin dairəsi) kimlər olması göstərilməmişdir. Göründüyü kimi iddia tələbində iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Həmçinin, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının MPM-nin 157.1.7-ci maddəsinə əsasən, 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və ərizəçiyə geri qaytarılmalıdır. Bununla yanaşı ərizəçiyə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 və X3 Cavabdeh qarşı Ağdam rayonu Orta Qışlaq kəndində yerləşən 3.8593 ha və 3.7008 ha torpaq sahəsi paylı ( ümumi) mülkiyyətçilər arasında bölünərək payları müəyyən edilməsini, payları müəyyən edilmiş mülkiyyətçilərin torpaq sahəsi onlara təhvil verilməsini, mərhum atası X1 miras qalmış Ağdam rayonu İcra Hakimiyyəti başçısının Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ortaqışlaq kəndində yerləşən 1 otaq, mətbəx və zaldan ibarət fərdi yaşayış evi vərəsə arasında paylarına uyğun bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar