Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-290/2024 28.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı evə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X5 adlı övladı ilə birlikdə gəlin köçdüyü cavabdehlərin istifadəsində olan Ağdam rayonu, Bənövşələr qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, gəlin kimi yaşadığı evin bir otağının onun və övladının istifadəsinə verilməsi və yardımçı sahələrdən, mənzilməişət və kommunal xidmətlərdən birgə istifadə olunması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh və X2 məhkəmə iclasına gəlməmiş və gəlməməsininn səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək, Cavabdeh ilə 2021-ci ilin iyul ayında rəsmi nikaha daxil olmaqla ailə qurduqlarını, birgə nikahından bir övladlarının olduğunu, uzun müddət normal münasibətlərdə yaşasalarda sonradan ailə münasibətlərinin pisləşdiyini, və Tərtər Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(061)-762/2023 saylı qətnaməsinə əsasən boşandıqlarını, Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2022ci il təvəllüdlü X5 adlı övladının onun himayəsində saxlandığını və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay 150 manat sabit pul məbləğində alimentin onun xeyirinə tutulmasının qət edildiyini, lakin Cavabdeh məhkəmə qətnaməsinə əsasən təyin edilmiş alimenti vaxtlı-vaxtında ödəmədiyini, özünün maddi imkanının yaxşı olmadığını, yaşayış yerinin olmadığını, cavabdehlərin özünə məxsus evdə uşağı ilə onun yaşamasına imkan vermədiklərini, xeyli müddətdir övladı ilə birlikdə ata evində yaşadığını, lakin həmin evdə uşaq üçün heç bir şəraitin olmadığını, bu səbəbdən də Ağdam rayonu, Bənövşələr qəsəbəsində olan fərdi yaşayış evinə köşürülməsi və yaşayış hüququnun verilməsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Tərtər rayon məhkəməsinin 2(061)- 762/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin sürətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci ildə bağlanmış nikah qeydi pozulmuş və həmin nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X5 adlı övladının İddiaçı himayəsində saxlanılmışdır. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı Tərtər rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər. Həmin Qanunun 17-ci maddəsinə əsasən, qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Yenə Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsinə aiddir. Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X5 adlı övladı ilə birlikdə gəlin köçdüyü cavabdehlərin istifadəsində olan Ağdam rayonu, Bənövşələr qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, gəlin kimi yaşadığı evin bir otağının onun və övladının istifadəsinə verilməsi və yardımçı sahələrdən, mənzil-məişət və kommunal xidmətlərdən birgə istifadə olunması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı aid olunsun. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-290/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-290/2024
28.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver