Məhkəmə qərarları › İş №2(013)-3/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3/2024

02.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3/2024 02.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Ağdam rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 1999-cu il tarixli, 01 nömrəli qərarı ilə ona və ailə üzvlərinə verilmiş, Ağdam rayonu, Alıbəyli kəndi ərazisində yerləşən 2.24 ha torpaq sahəsinin 0.44 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək, Ağdam rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 1999-cu il tarixli, 01 nömrəli qərarı ilə, Ağdam rayonu, Alıbəyli kəndində yerləşən 2.24 ha torpaq sahəsinin ona və ailə üzvlərinə verildiyini, qeyd olunan torpaq sahəsinin 0.44 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyini, cavabdehdən zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsə də, lakin Cavabdeh onun qanuni tələblərinə əməl etməkdən imtina etdiyini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib və iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Torpağa mülkiyyət hüququna dair» JN-0014 seriyalı, KOD-60919005 Dövlət Aktı-nın sürətindən görünür ki, Ağdam rayonu, Alıbəyli kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün nəzərdə tutulmuş 2.24 ha torpaq sahəsi Ağdam rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə İddiaçı, X6, X4, X5 və X3 birgə mülkiyyətinə verilmişdir. Mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə torpaqşunaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli məktubuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Ağdam rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə, JN-0014 seriyalı, KOD-60919005 Dövlət Aktına əsasən, İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş Ağdam rayonu, Alıbəyli kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün nəzərdə tutulmuş, 2.24 ha torpaq sahəsinin 0.045 ha hissəsindən Cavabdeh istifadə edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7248 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin rəyinə əsasən, JN-0014 seriyalı, KOD-60919005 Dövlət Aktına əsasən, İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.045 ha hissəsindən Cavabdeh istifadə edir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu isə, onu deməyə əsas verir ki, cavabdehin Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit olunmuş başqasının, yəni iddiaçının mülkiyyət hüquqlarından sərbəst və səmərəli istifadə etmək istəyi tam əsassızdır. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək iddiaçının mülkiyyətində olan Ağdam rayonu, Alıbəyli kəndində yerləşən 2.24 ha torpaq sahəsinin 0.045 ha hissəsindən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Torpağa mülkiyyət hüququna dair JN-0014 seriyalı, KOD-60919005 Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş Ağdam rayonu, Alıbəyli kəndində yerləşən 2.24 ha torpaq sahəsinin 0.045 ha hissəsindən Cavabdeh çıxarılmalıdır. İddia qalan hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq cavabdehdən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalı və iş üzrə məhkəmə ekpertiza tədqiqatının 50 manat dəyəri tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı və onun ailə üzvlərinin adına verilmiş JN-0014 kod 60919005 nömrəli Azərbaycan Respublikası Torpaq Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən Ağdam rayonu, Alıbəyli kəndində yerləşən 2.24 ha torpaq kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.045 hissəsindən Cavabdeh çıxarılsın. İş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 50 (əlli) manat ekpertiza xərci Cavabdeh müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar