Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-321/2025 03.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə və cavabdehi evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onlara məxsus Ağdam rayonu Mahrızlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və iddiaçıların həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında, Ağdam rayonu Zəngişalı kənd İƏD üzrə nümayəndəliyində ailə başcısı kimi qeydə alındığını və ailə tərkibində qardaşı İddiaçı2 da olduğunu, digər qardaşı Cavabdeh nümayəndəliyin təsərrüfat uçotu kitabında ayrıca təsərrüfatda olmasına baxmayaraq, ailəsi ilə birlikdə onların yaşadıqları evi zəpt edərək orada yaşadıqlarını və onları evdən çıxardıqlarını, hazırda bacısının və digər qohumlarının evində qalmaq məcburiyyətində olduqlarını, atası X2 və anası X3 vəfat etdiklərini, xəstə qardaşı İddiaçı2 onun baxdığını, lakin cavabdehin onlara özlərinə məxsus evdə yaşamağa imkan vermədiyini hər gün təhqir edərək evdən qovduğunu, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığlarını bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında, Ağdam rayonu Mahrızlı kəndində 0.18 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sənədi olmadığını, həmin evin atasından qaldığını, onun ailə üzvləri birlikdə həmin evdə yaşadığını, iddiaçıların həmin evə köçürülməsinə etiraz etmədiyini, lakin iddia tələbinin onun həmin evdən çıxarılması hissəsinə etiraz etdiyini bildirdi və iddianın onun evdən çıxarılması hissəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-343A KOD 60909058 nömrəli şəhadətnamənin surətindən görünür ki, Ağdam rayonu Aqrqr İslat Komissiyasının 07 fevral 2000-ci il tarixli, 01 saylı qərarı ilə, Ağdam rayonu, Mahrızlı kənd sakini X5 və onun ailə üzvləri: - X6, X7, İddiaçı1, İddiaçı2, Cavabdeh, X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Ağdam rayonu İHB-nin Zəngişalı kənd İƏD üzrə nümayəndəliyinin № 500, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı1, Ağdam rayonu İHB-nin Zəngişalı kənd İƏD üzrə nümayəndəliyinin 09 nömrəli təsərrüfat başına kitabının 89-cu səhifəsində, 776 nömrəli təsərrüfatında qeydiyyatdadır və yaşayır. Ailə tərkibi İddiaçı2(qardaşı)ndan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin birinci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Ağdam rayon Mahrızlı kəndində 0.18 ha torpaq sahəsində yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış evinə köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nnin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aud edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Ağdam rayon Mahrızlı kəndində 0.18 ha torpaq sahəsində yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış evinə köçürülsün. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. İddia qalan hisələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-321/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-321/2025
03.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver