Məhkəmə qərarları › İş №2(013)-3240/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-3240/2024

20.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-3240/2024 20.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs- Azərbaycan Respublikası Müdafiə Nazirliyi) hərbi hissəsinin siyahısında adın ona məxsus olması faktının təsdiq edilməsinə dair ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanılan N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 112 No-li əmrində, polkovnik Yaqub Rzayevin batalyonuna verilən şəxsi heyətin siyahısında adı, soyadı, ata adı Ərizəçi Bahram oğlu olaraq qeyd olunmuş şəxsin mən Ərizəçi Bəhram oğlu olmağım faktı müəyyən olunması, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanılan N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1992-ci il tarixli "Adlı siyahılar" qovluğunda qeyd olunmuş "Azərbaycan Respublikası Müdafiə Nazirliyi nəzdində Qarabağ Şahinlər dəstəsi", 863 No-li hərbi batalyonun zabit və əsgərlərinin siyahısında adı, soyadı, ata adı Ərizəçi B. oğlu olaraq qeyd olunmuş şəxsin mən Ərizəçi Bəhram oğlu olmağım faktı müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarının 1.6-cı bəndində qeyd edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi və yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməsi barədə sənəd ərizəyə əlavə edilməmişdir. Həmin qərarının 14-cü bəndində qeyd edilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və ərizəçiyə geri qaytarılmalıdır. Bununla yanaşı ərizəçiyə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı: Ərizəçi (maraqlı şəxs- Azərbaycan Respublikası Müdafiə Nazirliyi) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanılan N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 112 No-li əmrində, polkovnik Yaqub Rzayevin batalyonuna verilən şəxsi heyətin siyahısında adı, soyadı, ata adı Ərizəçi Bahram oğlu olaraq qeyd olunmuş şəxsin mən Ərizəçi Bəhram oğlu olmağım faktı müəyyən olunması, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanılan N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1992-ci il tarixli "Adlı siyahılar" qovluğunda qeyd olunmuş "Azərbaycan Respublikası Müdafiə Nazirliyi nəzdində Qarabağ Şahinlər dəstəsi", 863 No-li hərbi batalyonun zabit və əsgərlərinin siyahısında adı, soyadı, ata adı Ərizəçi B. oğlu olaraq qeyd olunmuş şəxsin mən Ərizəçi Bəhram oğlu olmağım faktı müəyyən olunması barədə ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Ərizəçiyə bir daha izah olunsun ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar