Məhkəmə qərarları › İş №2(013)-331/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-331/2025

24.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-331/2025 24.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı və cavabdeh «Cavabdeh» X9 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «Ağdam Rayon Mərkəzi Xəstəxana» publik hüquqi şəxsə qarşı əmrin ləğv edilməsi və işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Cavabdeh» publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd olunan xəstəxananın direktoru X2 xx.xx.2024cü il tarixli 18-1-21/3-1-2205/2024 saylı əmrinin etibarsız hesab edilməsi və ya ləğv edilərək onun işə bərpa olunması, qətnamə icra olunan vaxta qədər məcburi işburaxmaya görə əmək haqqının, mediyasiya üçün ödədiyi və vəkilə ödədiyi pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və həmin ərizədə «Cavabdeh» X9 direktoru X1 xx.xx.2024-cü il tarixli, 18-1- 21/3-1-2205/2024 saylı əmrinin ləğv edilməsi və onun X9 Ailə Sağlamlıq Mərkəzinin (İSX) şöbəsinə şöbə müdiri vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, özünün 30 il müddətinə Bakı şəhərində Respublika Klinik Xəstəxanasında, 2012-ci ildən isə Cavabdehnda həkim kimi fəaliyyət göstərdiyini, 2020-ci ildən Cavabdehnda Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri vəzifəsində işlədiyini, nümunəvi işinə görə həmişə dəyərləndirildiyini, heç bir intizam məsuliyyətinə cəlb edilmədiyini, lakin buna baxmayaraq «Ağdam Rayon Mərkəzi Xəstəxana» X9 direktoru Canəli Nəbiyev tərəfindən tutduğu qulluq mövqeyinə görə ayrıseçkiliyə məruz qaldığını, müdiri olduğu şöbənin mərkəzdən 10 km uzağa, gediş-gəlişi çətin olan Xındırıstan kənd həkim məntəqəsinə köçürülməsi barədə qərar qəbul etdiyini, özünün C.Nəbiyevin bu qərarına etiraz etdiyini, belə ki, köçürülməli olduqları binanın şöbənin qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün zəruri avadanlıqlar, cihaz, generator, labaratoriya, TƏBİB-in internet xətti və s. ilə təchiz olunmadığını, bunun da işin gedişinə əhəmiyyətli dərəcədə təsir etdiyini, bundan sonra özünün C.Nəbiyev tərəfindən nəyin ki, ayrıseçkiliyə, hətta təhqirə, şiddətə, zorakılığa məruz qaldığını, cavabdehin ona xəsarət yetirdiyini, bu səbəbdən onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığını, C.Nəbiyev tərəfindən əsassız və qərəzli şəkildə ona intizam cəzası verildiyini, bununla bağlı məhkəməyə müraciət etdiyini və iddiası əsaslı olduğundan təmin edildiyini və Ağdam Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli qərarına əsasən intizam tənbehinin ləğv edildiyini, C.Nəbiyev tərəfindən onun şəkərli diabet xəstə olduğunu və buna görə əmək qabiliyyətini itirdiyini nəzərə almadan onun işdə olmaması barədə aktlar tərtib edildiyini və digər yoxlamalar təşkil etdiyini, tibbi şuranı qərarı və həmkarlar itiffaqının razılığı isə keçmiş direktor C.Nəbiyevin təziqi nəticəsində verildiyini, hazırda Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X9 İcraçı direktoru X3 tərəfindən xx.xx.2024-cü il tarixli, 18-1/3-1-2531/2024 nömrəli əmrinə əsasən «Cavabdeh» X9 direktoru X4 bağlanmış əmək müqaviləsinə xitam verildiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh «Cavabdeh» X9 nümayəndəsi Nümayəndə izahatında iddianın əsasız olduğunu, İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə ezam olunduğu, lakin xx.xx.2024-cü il tarixdə işdə olmadığını, buna görə «Ağdam Rayon Mərkəzi Xəstəxana» X9 26 avqust 2024-cü il tarixli 18-1-21/3- 1-1689/2024 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə əsasən İddiaçı töhmət verildiyini, bundan nəticə çıxartmayaraq İddiaçı əmək və icra intizamının davamlı olaraq pozaraq xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə aparılmış yoxlamalar nəticəsində onun iş olmaması aşkar edildiyini, İddiaçı müdiri olduğu şöbənin işinin düzgün təşkil etmədiyini və çox saylı nöqsanların olduğunu, ona görə də iddiasını tam əsassız olduğundan qəbul etmədiklərini, bu barədə etiraz ərizələrini məhkəməyə təqdim etdiklərini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Ağdam Rayon Mərkəzi Xəstəxana» X9 xx.xx.2024-cü il tarixli 18-1-21/3-1-2205/2024 saylı əmrindən görünür ki, həmin xəstəxananın İSX (ASM) şöbəsinin şöbə müdiri İddiaçı ilə bağlanmış xxxxxxx000214 nömrəli Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xitam verilmiş, eyni zamanada İddiaçı son haqq-hesabı, əmək kitabcası və əmrin surəti Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günündə verilməsi əmr edilmişdir. Yuxarıda qeyd olunanlar, iddiaçının işə qəbul və işdən azad edilmə məsələləri iddia ərizəsinə əlavə edilmiş müvafiq sənədlərlə, həmçinin İddiaçı məxsus əmək kitabçasının surəti ilə də təsdiq olunur. Məhkəmə mübahisə predmeti ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin q bəndinə görə əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işçinin hüququdur. Həmin Məcəllənin 12-ci maddəsinin c bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin vəzifəsidir. Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsaslarını müəyyən edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır və Məcəllənin 76.2-ci bəndi nəzərdə tutur ki, əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Sözügedən maddənin 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsinə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir : a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması, c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması, d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozması, f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 80-ci maddəsində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Sözügedən Məcəllənin 189-cu maddəsinə görə intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Həmin Məcəllənin 186-cı maddəsinə görə əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən biridir. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən Cavabdeh X9in direktoru C.Nəbiyevin xx.xx.2024-cü il tarixli əmri işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan Azərbaycan Respublikası ƏM-nin 70-ci və qeyri maddələrində göstərilən tələblərə uyğun deyildir. Əmrdən görünür ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən ƏM-nin 70 ç bəndinə istinad olunmuşdur, halbuki həmin maddə ilə işçinin işdən çıxarılması işəgötürənə hazırkı halda qadağan edilir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazında və məhkəməyə verdiyi izahatında İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə ezam olunduğunu, lakin xx.xx.2024-cü il tarixdə işdə olmadığını, buna görə 26 avqust 2024-cü il tarixli əmrlə ƏM-nin 186.2-ci maddəsinin “a” bəndinə əsasən İddiaçı töhmət verildiyini, İddiaçı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə iş olmamasını əsas kimi göstərərək İddiaçı əmək və icra intizamının davamlı olaraq pozduğunu qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı Cavabdeh X9 26 avqust 2024-cü il tarixli əmri ilə ona Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə əsasən töhmət verilməsini məhkəmə qaydasında mübasələndirmiş və Ağdam Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2841 saylı Qətnaməsi ilə həmin əmr ləğv edilmişdir. Hazırda mübahisənin predmeti olan 16 noyabr 2024-cü il tarixli əmrin əsası kimi də orada Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi göstərilmişdir. Göründüyü kimi Cavabdeh X9 keçmiş direktoru C.Nəbiyev hazırki iş üzrə İddiaçı ona töhmət verilməsi barədə 26 avqust 2024-cü il tarixli əmrinin ləğv edilməsinə dair Ağdam Rayon Məhkəməsinin icraatında mülki işin olmasına baxmayaraq hazırda mübahisə edilən 16 noyabr 2024-cü il tarixli Əmrdə əsas kimi Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) əsas kimi istinad etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi əmək qabiliyyəti olmaması barədə tibbi vərəqələrin sürətlərindən görünür ki, İddiaçı şəkərli diabet xəstəsi olduğu üçün xx.xx.2024-xx.xx.2024-cü, xx.xx.2024-xx.xx.2024-cü, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə onun əmək qabiliyyəti olmamış və bu səbəblərdə də işdə olmamışdır. Göründüyü kimi cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi İddiaçı işdə olmadığını əks etdirən aktlarda yuxarıda göstərilən günlərdə İddiaçı şəkərli diabet xəstəliyi ilə əlaqədar əmək qabiliyyəti olmamışdır. Beləliklə məhkəmə işin faktik hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh X9 keçmiş direktoru C.Nəbiyev tərəfindən imzalanmış 16 noyabr 2024-cü il tarixli əmri ilə həmin xəstəxananın Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri vəzifəsində işləmiş İddiaçı ilə əmək münasibətlərinə xitam verilməsinə qanunda nəzərədə tutulmuş kifayət qədər əsaslar və şərtlər mövcud olmamışdır. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndində göstərilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-ci maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ənizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgotürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini tələb etmədiyini bildirmiş, iddia tələbinin yalnız əmrin ləğv olunması və onun əvvəlki vəzifəsinə bərpa olunması hissələrində təmin olunmasını məhkəmədən xahiş etmişdir ki, məhkəmə mülki prosessual qanunvericiliyin tələbləri baxımından iddia tələblərindən kənara çıxmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara yekun olaraq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələb olunan həcmdə təmin edilməli, İddiaçı barəsində Cavabdeh X9 16 noyabr 2024-cü il tarixli, 18-1-21/3-1-2205/2024 saylı əmri ləğv edilməli və iddiaçı M.X8 Şəxsin Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri vəzifəsinə bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinin tələblərinə əsaslanaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı barəsində verilmiş “Cavabdeh” X9 16 noyabr 2024-cü il tarixli, 18-1- 21/3-1-2205/2024 saylı əmri ləğv edilsin. İddiaçı “Cavabdeh” X9 Ailə Sağlamlıq Mərkəzinin (İSX) Şöbəsinə şöbə müdiri vəzifəsinə bərpa olunsun. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: R.Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar