Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3393/2025 19.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 oğlunun katibliyi, İddiaçı və Ağdam rayonu Dördyol-2 qəsəbə tam orta məktəbinin direktoru X1 iştirakı ilə, İddiaçı cavabdeh Ağdam rayonu Dördyol-2 qəsəbə tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağdam rayon Dördyol-2 qəsəbə tam orta məktəbinə qarşı cavabdeh Ağdam rayon Dördyol-2 qəsəbə tam orta məktəbinin xx.xx.2025-ci il tarixli, 140 nömrəli əmək müqaviləsinin ləğv edilməsi və onun həmin məktəbin ingilis dili müəllimi vəzifəsinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Regional Təhsil İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, özünün Ağdam rayonunun Güllücə kəndindən məcburi köçkün düşməklə, Ağdam rayonu, Dördyol-2 qəsəbəsində məskunlaşaraq yaşadığını, xx.xx.2008-ci ildə Azərbaycan Dillər Universitetini bitirdiyini, Ağdam rayonu, Dördyol-2 qəsəbəsində ingilis dili müəllimi kimi 18 il işlədiyini, kifayət gədər dərs verilmədiyi üçün onun pandemiyadan sonra məktəbə işə gəlmədiyini, cavabdeh Ağdam rayon Dördyol-2 qəsəbə tam orta məktəbin rəhbərliyinin xx.xx.2025-ci il tarixli 140 saylı əmrinə əsasən işdən azad edildiyini, onun həmin əmrlə razı olmadığını, barəsində verilmiş 140 saylı əmrin tam əsassız olduğunu bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Ağdam rayon Dördyol-2 qəsəbə tam orta məktəbinin direktoru X2 izahatında iddianın əsasız olduğunu, İddiaçı 2024-2025-ci tədris ilinin ikinci yarısında dörd saat ingilis dili dərsi ilə təmin edilməsinə baxmayaraq, həmin dərslərin müəllim tərəfindən tədris edilmədiyini, bu səbəbdən də dərslərin davamlılığını təmin etmək məqsədilə göstərilən saatlar məktəbin digər ingilis dili müəlliminə həvalə edeildiyini, bundan başqa İddiaçı xx.xx.2025-ci il tarixdən 56 günlük əmək məzunuyyətinə buraxıldığını, işə başlama tarixinin xx.xx.2025-ci il müəyyən olunsa da, xx.xx.2025-ci il tarixinə qədər heç bir üzürlü səbəb göstərmədən işə gəlmədiyini və bununla bağlı aktlar tərtib edildiyini, İddiaçı son illər işinə ümumiyyətlə gəlmədiyini, bu səbəbdəndə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndini rəhbər tutaraq xx.xx.2025-ci il tarixli əmri ilə işdən azad edildiyini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Regional Təhsil İdarəsi Ağdam rayon Dördyol-2 qəsəbə tam orta məktəbinin xx.xx.2025-ci il tarixli № 140 əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “Ç” bəndini rəhbər tutaraq, Məktəbin ingilis dili müəllimi İddiaçı əmək intizamını kobud şəkildə pozduğuna və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan, imza edənlər:- Ağdam rayonu, Dördyol-2 qəsəbə tam orta məktəbin direktoru X2, tərbiyə üzrə direktor müzvini X4, həmkarın sədri X7, psixoloq X3, katibə X11 tərəfindən xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixə kimi tərtib edilmiş aktlardan görünür ki, məktəbin xarici dil müəllimi İddiaçı qeyd olunan tarixlərdə işə gəlməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin iddia ərizəsinə etirazında göstərilmişdir ki, Ağdam rayonu İkinci Dördyol qəsəbə tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi İddiaçı 2024– 2025-ci tədris ilinin ikinci yarısında 4 (dörd) saat ingilis dili dərsi verilməsinə baxmayaraq, həmin dərslər müəllim tərəfindən tədris olunmamışdır. Bu səbəbdən dərslərin davamlılığını təmin etmək məqsədilə göstərilən saatlar məktəbin digər ingilis dili müəlliminə həvalə edilmişdir. Ağdam rayonu İkinci Dördyol qəsəbə tam orta ümumtəhsil məktəbinin pedaqoji işçiləri 01 iyul 2025-ci il tarixdən müəssisə rəhbərinin əmri ilə 56 günlük əmək məzuniyyətinə buraxılmışdır. Müəllimlərin işə başlama tarixi 26 avqust 2025-ci il müəyyən edilsə də, ingilis dili müəllimi İddiaçı 26 avqust 2025-ci il tarixindən 08 sentyabr 2025-ci il tarixədək heç bir üzürlü səbəb göstərmədən işə gəlməmişdir. Müəllimin hər iş günü işə gəlməməsi faktı üzrə müvafiq qaydada aktlar tərtib edilmişdir. X6 Hüquqi Əsası; Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, işçinin üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işdən yayınma hesab olunur. Bu hal Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi üçün hüquqi əsas yaradır. Eyni zamanda, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə 70-ci maddənin “b” və “ç” bəndləri ilə xitam verilməsi üçün ilk həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Bu məqsədlə məktəb rəhbərliyi tərəfindən ilk həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimat göndərilmiş, təqdimata müvafiq sənədlər əlavə edilmişdir. Həmkarlar ittifaqı təşkilatı qanunla müəyyən edilmiş 10 gün müddətində öz əsaslandırılmış yazılı qərarını təqdim etmişdir. Nəticədə, məktəbin ilk həmkarlar ittifaqı təşkilatının razılığı əsasında 140 nömrəli əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilmişdir. Əlavə olaraq qeyd olunur ki, İddiaçı iddia ərizəsində direktor tərəfindən ona dərs saatı verilmədiyini bildirmişdir.Lakin bildiririk ki, ümumtəhsil müəssisələrində pedaqoji işçilərin dərs yükü sertifikasiya nəticələri nəzərə alınmaqla, müəssisənin ali idarəetmə orqanı olan Pedaqoji Şuranın qərarı ilə müəyyən edilir.Bu qayda Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli, 1486 nömrəli əmri ilə Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə ilə təsdiq edilmişdir. Əsasnamənin 3.1.2.6. (Dərs bölgüsünün təsdiqi, dərsdənkənar məşğələlərin təşkili, dərnək, klub, studiya, "Kiçik akademiya" və digər bu kimi şagird birliklərinin fəaliyyəti) maddəsində açıq şəkildə öz əksini tapmışdır. Həmin maddəyə uyğun olaraq Ağdam rayonu İkinci Dördyol qəsəbə tam orta ümumtəhsil məktəbində dərs bölgüsü Pedaqoji Şura tərəfindən aparılmışdır. Yəni, dərs saatlarının verilməsi direktorun fərdi qərarı deyil, müəssisənin ali idarəetmə orqanı olan Pedaqoji Şuranın səlahiyyətinə daxildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra- Əmək Məcəlləsi) 42-cı maddəsində göstərilir ki, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 45-cı maddəsində göstərilir ki, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; [88] c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin «Ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə tərəfindən iddia üzrə iddiaçıya iddianın təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı bu barədə məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh Ağdam rayonu Dördyol-2 qəsəbə tam orta məktəbinə qarşı cavabdeh Ağdam rayonu Dördyol-2 qəsəbə tam orta məktəbinin xx.xx.2025-ci il tarixli 140 nömrəli əmrin ləğv edilməsi və onun Ağdam rayonu Dördyol-2 qəsəbə tam orta məktəbinə ingilis dili müəllim vəzifəsinə bərpa olunması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-3393/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3393/2025
19.12.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver