Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3999/2025 12.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə, yaşayış hüququnun verilməsi və mənzildən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2017-ci il təvəllüdlü Nuray, xx.xx.2021-ci il təvəllüdlü Nurtac və xx.xx.2023-cü il təvəllüdlü Yağmur adlı övladları ilə birlikdə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yerləşən 1119 saylı evə köçürülməyi, orada yaşayış hüququnun verilməsi, mənzildən istifadə qaydasının müəyyən edilməsi və tərəfindən ödənilmiş 60 manat mediyasiya xərcinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək, Cavabdeh ilə 2016-cı il tarixdə qeyri rəsmi nikaha daxil olmaqla ailə qurduqlarını, daha sonra nikahlarını rəsmiləşdirdiklərini, birgə nikahından üç övladlarının olduğunu, uzun müddət normal münasibətlərdə yaşasalarda sonradan ailə münasibətlərinin pisləşdiyini, və Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən boşandıqlarını, cavabdehə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Mənzil İstismarı Departamenti xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yerləşən 1119 saylı evin verildiyini, özünün həmin mənzilə gəlin köçdüyünü və üç övladının da həmin mənzildə dünyaya gəldiyini və 2025-ci il tarixə kimi həmin mənzildə yaşadıqlarını, əbəsində yerləşən, cavabdehin özünə məxsus evdə uşaqları ilə onun yaşamasına imkan vermədiyini, xeyli müddətdir özünün övladları ilə birlikdə ata evində yaşadığını, lakin həmin evdə uşaqlar üçün heç bir şəraitin olmadığını bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbinin əsasız olduğunu, Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yerləşən 1119 saylı yaşayış evinin xüsusi təyinatlı olduğunu, İddiaçı həmin evə dair kirayə müqaviləsində adının olmadığını bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 29 dekabr 2006-cı il tarixli, № 1199 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşması üçün tikilmiş, Döryol 01 qəsəbədə yerləşən 1199 nömrəli mənzil məcburi köçkün X1 verilmişdir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 2(061)—516/2026 saylı 18 iyul 2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2019-cü il tarixli nikah qeydi pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər. Həmin Qanunun 17-ci maddəsinə əsasən, qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Yenə Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsinə aiddir. Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğu üçün məhkəmədə iddia qaldırarkən dövlət rüsumu ödəməmişdir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı onun xx.xx.2017-ci il təvəllüdlü Nuray, xx.xx.2021-ci il təvəllüdlü Nurtac və xx.xx.2023-cü il təvəllüdlü Yağmur adlı övladları ilə birlikdə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yerləşən 1119 saylı evə köçürülməyi, orada yaşayış hüququnun verilməsi, mənzildən istifadə qaydasının müəyyən edilməsi və tərəfindən ödənilmiş 60 manat mediyasiya xərcinin cavabdehdən tutularaq ona verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-3999/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3999/2025
12.02.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver