Məhkəmə qərarları › İş №2(013)-435/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-435/2025

11.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-435/2025 11.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e td i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 05 iyul 1977-ci ildə Ağdam rayonunun Sarıcalı kəndində atası X1 və anası X2 ailəsində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada maraqlı şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına Maraqlı şəxs nümayəndəsi gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə verdiyi izahatında ərizəni müdafiə edərək, 05 iyul 1977-ci ildə Ağdam rayonunun Sarıcalı kəndində, atası X1 və anası X2 ailəsində doğulduğunu, işlədiyi şirkətdə adının “SİMA” elektron sisteminə daxil edən zaman onun ölmüş şəxs kimi qeydə alındığının məlum olduğunu, belə ki, doğulduğu vaxt təqribən iki yaşında vəfat etmiş Elza adlı bacısının xatirəsini yaşatmaq üçün valideynlərinin bacısın adını və X7sini ona verdiklərini, ona görə də, barəsində doğum haqqında akt qeydi tərtib edilmədiyini və bacısının adına olan X7 ilə şəxsiyyət vəsiqəsi və digər sənədlər aldığını, mərhum bacısının xx.xx.1975-ci ildə anadan olduğunu, xx.xx.1977-ci ildə isə vəfat etdiyini, özünün xx.xx.1977-ci il tarixdə anadan olmduğunu, hazırda zərurətlə bağlı X7 almaq üçün Maraqlı şəxsnə müraciət etsədə, doğum aktı qeydinin aşkar edilmədiyini, faktın təsdiqi üçün məhkməyə müraciət etməsinin tövsiyyə olunduğunu bildirərək, 05 iyul 1977-ci ildə Ağdam rayonunun Sarıcalı kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, Ərizəçi onun bacısıdır. O, 05 iyul 1977-ci ildə Ağdam rayonunun Sarıcalı kəndində X5 ilə X2 ailəsində anadan olmuşdur. Ondan əvvəl xx.xx.1975-ci ildə anadan olan mərhum bacıları Elza xx.xx.1977-ci ildə vəfat etdikdən sonra, valideynlərinin onun adını və sənədlərini yeni doğulan bacısına vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, Ərizəçi ilə qohumdurlar. O, 05 iyul 1977-ci ildə Ağdam rayonunun Sarıcalı kəndində X5 ilə X2 ailəsində doğulmuşdur. Ona özündən öncə doğulan və ondan bir ay öncə ölən Elza adlı bacısının adını vermişlər. Məhkəmə ərizəçinin izahatını və çəxəşənə dinləyib, şahid izahatlarını və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən 27 aprel 2023-cü il tarixdə verilmiş AZ-T seriyalı № 223466 “X7”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə Ağdam rayonunun Sarıcalı kəndində doğulmuşdur. Atası - X5, anası - X3r. İş materiallarında olan Maraqlı şəxs 26 dekabr 2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi xx.xx.1977-ci ildə Ağdam rayonunun Sarıcalı kəndində ölmüşdür. İş materiallarında olan Ağdam rayon İHB-nin Çəmənli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Ağdam rayonu Sarıcalı kəndində X5 ilə X2 ailəsində doğulmuşdur. Həmin ərəfədə təqribən bir yaşlı Elza adlı bacısı vəfat etmiş və valideynləri Elzanın xatirəsini yaşatmaq üçün onun adını və X7sini ona vermişlər. Ona görə də hazırda yaşayan Ərizəçi barəsində doğum haqqında akt qeydi tərtib edilməmişdir. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-74/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Ərizəçi doğum faktı və doğum haqqında akt qeydinin tərtibatı ilə bağlı xüsusi icraat qaydasında aiddiyyət üzrə ümumi (rayon) məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən, Ərizəçi müraciətinə cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli, №-213- 05/15 saylı arayışdan görünür ki, Ərizəçi doğum qeydi xx.xx.1975-ci ildə № 21 ilə Ağdam rayon Çəmənli İN-də qeydə alınmışdır. Onun doğum haqqında akt qeydində və X7sində doğum tarixinin xx xxxxxx 1975-ci ildən 05 iyul 1977-ci ilə dəyişdirilməsinə əsas verən zəruri sənədlərin (məhkəmə qərarı və s.) təqdim edə bilmədiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq, faktın təsdiq edilməsi birbaşa səlahiyyətlərinə aid olmadığı göstərilməklə, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Həmin qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cu maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaiti ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi 05 iyul 1977-ci ildə Ağdam rayonu, Sarıcalı kəndində atası X1 və anası X2 ailəsində doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir tüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar