Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-54/2025 10.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh Avdılla oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Avdılla qarşı mülkiyyət hüququnu pozan hərəkətlərin qanunsuz hesab edilməsi, qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki mübahisəyə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Avdılla oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyət hüququnu pozan hərəkətlərinin qanunsuz hesab edilməsi, mülkiyyətində olan Ağdam rayonunun Çullu kəndində yerləşən qanunsuz tikili sayılan mal pəyəsinin onun vəsaiti hesabına sökülməsinə, özünə məxsus torpaq sahəsinə gediş-gəlişin genişləndirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahatında iddianı müdafiə etdiyini, iddiaçı E.X6 Bələdiyyəsindən 2020-ci ildə Ağdam rayonunun Quzanlı kəndindən 0.12 ha torpaq sahəsini alaraq orada ev tikdirdiyini, qonşusu olan Cavabdeh Avdılla oğlunun həmin küçədə mal pəyəsi tikdirərək yolun daralmasına səbəb olduğunu, bundan başqa qanunsuz tikdirdiyi mal pəyəsinin iddiaçının və onun ailəsinin yaşam tərzinə problemlər yaratdığını, belə ki, heyvanların peyininin iyindən, qoxusundan, peyinə yığılan həşəratlardan nə evdə nə də həyətdə oturmağın mümkün olmadığını, beləliklə də iddiaçıya və onun ailəsinə, azyaşlı övladlarının səhhətinə, yaşayış tərzində narahatçılıqlara yol açan hərəkətləri ilə, onların mülkiyyət hüququnu pozduğunu bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Avdılla oğlu izahatında iddianın əsassız olduğunu, İddiaçı ilə qonşu olduğunu, heç kimin mülkiyyətində toxumadığını, iddiaçı tərəfin dediklərinin və iddia ərizəsində göstərilənlərin şər və böhtandan ibarət olduğunu, iddiaçı tərəfin iddia etdiyi yolu darlaşdırmaqla inşa etdiyi mal pəyəsinin və onun yerləşdiyi 0.10 ha torpaq sahəsinin X2 mülikiyyətində olduğunu, onun isə adına torpaq sahəsinin olmadığını bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını və çıxışlarını dinləyib və iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AN-İ № ******* saylı «Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsi»nin surətindən görünür ki, Ağdam rayonu Quzanlı Bələdiyyəsi adından X10 tərəfindən Ağdam rayonu Quzanlı kəndində yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsi 890 manata İddiaçı satılmışdır. Mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)- 2736/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 21 aprel 2025-ci il tarixli, 10/9370 saylı rəyindən görünür ki, TEKUİS məlumat bazasına əsasən Cavabdeh Avdılla oğlu (X8)na verilmiş **********50 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin üzərinə və kənarına düşən mal tövləsinin 22 kv.metr hissəsi mülkiyyətdən kənarda qalır və həmin hissə ümumi istifadəli gediş-gəliş yoluna düşür. Həmin mübahisələndirilən hissə yolun daralmasına səbəb olur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 19 fevral 2025-ci il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, TEKUİS məlumat bazasına əsasən Cavabdeh Avdılla oğlu (X8)na verilmiş **********50 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin üzərinə və kənarına düşən mal tövləsinin 22 kv.metr hissəsi mülkiyyətdən kənarda qalır və həmin hissə ümumi istifadəli gediş-gəliş yoluna düşür. Həmin mübahisələndirilən hissə yolun daralmasına səbəb olur. İş materiallarında olan reyestr nömrəsi **********50, qeydiyyat tarixi xx.xx.2012-ci il, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Ağdam rayon Quzanlı kəndində yerləşən 0.10 ha torpaq sahəsi X2 tam payla mülikiyyətindədir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X7 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin movcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin yaranmasının səbəbi X5 **********50 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin üzərinə və kənarına düşən mal tövləsinin 22 kv.metr hissəsi mülkiyyətdən kənarda qalır və həmin hissə ümumi istifadəli gediş-gəliş yoluna düşməsi və həmin mübahisələndirilən hissə yolun daralmasına səbəb olması olmuşdur. Göründüyü kimi 0.10 ha həyətyanı torpaq sahəsi, onun üzərinə və kənarına düşən mal tövləsi hazır ki, iş üzrə tərəf olmayan X2 qanuni əsalarla mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh Avdılla oğlu hazır ki, iddia tələbi üzrə iddiaya cavab verməli olmayan şəxsdir. Lakin iddiaçının nümayəndəsi X4 Cavabdeh iddiaya cavab verməli şəxs olduğunda israr etmişdir, iddia tələbini ona münasibətdə təmin edilməsini məhkəmədən tələb etmiş və əsl olmayan cavabdehin əsl cavabdeh olan X8 ilə əvəz edilməsinə razılıq verməmişdir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə işə baxır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 100 manat ekpertiza xərci iddiaçıya aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh Avdılla oğluna qarşı hazırki iş üzrə Cavabdeh Avdılla oğlunun mülkiyyət hüququnu pozan hərəkətlərinin qanunsuz hesab edilməsi, mülkiyyətində olan Ağdam rayonunun Çullu kəndində yerləşən qanunsuz tikili sayılan mal pəyəsinin onun vəsaiti hesabına sökülməsinə, özünə məxsus torpaq sahəsinə gediş-gəlişin genişləndirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 100 (bir yüz) manat ekpertiza xərci İddiaçı tutularaq Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-54/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-54/2025
10.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver