Məhkəmə qərarları › İş №2(013)-564/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-564/2024

03.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-564/2024 03.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əkbər qızı, Cavabdeh6 və Cavabdeh7 qarşı evə köçürülmə və yaşayış hüququnun verilməsi tələbi barədə mülki işə 03 aprel 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əkbər qızı, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia qaldıraraq göstərmişdir ki, xx.xx.2007-ci ildə Cavabdeh2la nikaha daxil olmuş, xx.xx.2009-cu ildə Aqşin adlı uşağı olmuşdur. Ailə qurduğu vaxt Cavabdeh1 adına olan Ağdam rayonunun Quzanlı qəsəbəsində (kəndində) yerləşən ümumi sahəsi 92,1 kv.metr, yaşayış sahəsi 48,8 kv.metr olan üç otaqlı fərdi yaşayış evinə gəlin köçmüşdür. 2022-ci ilin aprel ayına qədər həmin evdə yaşadığını, cehiz əşyalarının da hazırda həmin evdə olduğunu, lakin uşağı ilə birlikdə kirayədə yaşadığını, yaşamağa başqa yerinin olmadığını qeyd etməklə xx.xx.2009-cu il təvəllüdlü X1 adlı uşağı ilə birlikdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əkbər qızı, Cavabdeh6 və Cavabdeh7 adına olan Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən ümumi sahəsi 92,1 kv.metr, yaşayış sahəsi 48,8 kv.metr olan üç otaqlı fərdi yaşayış evinə köçürülməsi və orada yaşayış hüququnun verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh2 iddianı etiraf etməyərək göstərmişdir ki, 2008-ci ildə İddiaçı ilə evlənmiş, onların 2009-cu ildə Aqşin adlı uşağı olmuşdur. Ülviyə 2008-ci ildə ona və ailə üzvlərinə məxsus olan hazırda köçməsini tələb etdiyi evə gəlin köçmüş və 2022-ci ilə qədər orada yaşamışdır. Ülviyə ilə 2022-ci ildə ayrılmış və sonuncu uşağı da götürüb evdən getmişdir. Evin mülkiyyətçisi olan cavabdehlər Cavabdeh1 onun anası, Cavabdeh3, Cavabdeh4 qardaşları, Cavabdeh5 Əkbər qızı qardaşı arvadı, Cavabdeh6 və Cavabdeh7 isə qardaşı uşaqlarıdır. Ülviyə ilə barışmadığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh1 iddianı etiraf etməyərək və oğlu Cavabdeh2 izahatını təsdiqləyərək tələbin rədd olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyini və iddianı müdafiə etdiyini qeyd etməklə işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əkbər qızı, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əkbər qızı, Cavabdeh6 və Cavabdeh7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş seriya RX № 0076482, qeydiyyt nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışın surətindən görünür ki, Ağdam rayonunun Quzanlı kəndində 0,14 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 92,1 kv.metr, yaşayış sahəsi 48,8 kv.metr olan fərdi yaşayış evi 5/32 hissəsi Cavabdeh3, 5/32 hissəsi Cavabdeh4, 5/32 hissəsi Cavabdeh2, 4/32 hissəsi Cavabdeh5 Əkbər qızının, 4/32 hissəsi Cavabdeh6, 4/32 hissəsi Cavabdeh7, 5/32 hissəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(013)-1050/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2007-ci ildə Ağdam Rayon İcra Hakimiyyəti başçısının Quzanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 46 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2009-cu ildə anadan olmuş Aqşin adlı uşaq yetkinlik yaşına çatana qədər anası İddiaçı himayəsində saxlanılmış və xx.xx.2022-ci ildən başlayaraq Cavabdeh2 xx.xx.2009-cu ildə anadan olmuş Aqşin adlı uşaq yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, İddiaçı 2007-ci ildə Cavabdeh2 ərə gələrək mübahisə predmeti olan Ağdam rayonunun Quzanlı kəndində yerləşən evə gəlin köçmüş və 2022-ci ilin aprel ayına qədər orada yaşamışdır. İddiaçı mübahisə predmeti olan yaşayış evinə gəlin köçdüyü vaxt başqa qeyd-şərt göstərilməmiş, o, evdə yaşayan digər şəxslərlə bərabər yaşayış sahəsindən istifadə hüququna malik olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının köçmək istədiyi fərdi yaşayış evi üzərində tərəflər arasında hüquq münasibətləri yarandığı vaxt, yəni 2007-ci ildə heç kimin mülkiyyət hüququ tanınmamışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mülki qanunvericiliyin analogiya üzrə tətbiqi adlanan 11-ci maddəsinə istinad etməklə Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin mənzil sahəsi üzərində istifadə hüququnun həyata keçirilməsi barədə müvafiq maddələrinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Belə ki, həmin maddənin 11.1-ci bəndinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Yuxarıda göstərilən səbəblərdən qeyd edilən mübahisənin həll edilməsi üçün qanunun analogiyası qaydasında tərəflər arasında hüquq münasibəti yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsi tətbiq edilməlidir. Həmin maddədə qeyd olunmuşdur ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İlkin iddianın evə köçürülmə tələbinə dair hissəsi aşağıda göstərilən səbəbdən əsaslı olduğu üçün təmin edilməlidir. Bütün bunlarla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olmaqla məhkəmədə elan olunmuş Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(013)-1885/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı evə köçürülmə və yaşayış evindən çıxarılma tələbi barədə iddiası qismən təmin edilərək Cavabdeh1 5/32 hissəsi mülkiyyətində olan Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən ümumi sahəsi 92,1 kv.metr, yaşayış sahəsi 48,8 kv.metr olan üç otaqlı fərdi yaşayış evinə köçürülməsi, Cavabdeh1 İddiaçı qarşı iddiasının qalan – İddiaçı əmlakları ilə birlikdə ona məxsus Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən ümumi sahəsi 92,1 kv.metr, yaşayış sahəsi 48,8 kv.metr olan üç otaqlı fərdi yaşayış evindən və 0,14 ha torpaq sahəsindən çıxarılması tələbinə dair hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı mübahisə predmeti olan yaşayış evinə gəlin köçdüyü vaxt başqa qeyd-şərt göstərilməmiş, o, evdə yaşayan digər şəxslərlə bərabər yaşayış sahəsindən istifadə hüququna malik olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X1 adlı uşağı ilə birlikdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əkbər qızı, Cavabdeh6 və Cavabdeh7 adına olan Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən ümumi sahəsi 92,1 kv.metr, yaşayış sahəsi 48,8 kv.metr olan üç otaqlı fərdi yaşayış evinə köçürülsün və orada ona uşağı ilə birlikdə yaşayış hüququ verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar