Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-606/2025 14.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dövlət tərəfindən onlara məcburi köçkün kimi verilmiş, Ağdam Rayonu Xındırıstan Qəsəbəsində yerləşən 14 saylı fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X6 iddia tələblərində göstərmişdir ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikahları 15 oktyabr 2001-ci ildə Ağdam Rayon Qeydiyyat Şöbəsinin akt qeydlər kitabında 161 say ilə qeyd edilmişdir. Birgə nikahlarından övladları anadan olmamışdır. Halhazırda yuxarıda göstərdiyi ünvanda yaşayır. Onun daimi özünə məxsus yaşayış yeri yoxdur. Dövlət tərəfindən Cavabdeh və ona ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi verilmişdir. Halhazırda özünə məxsus cehiz əşyaları həmin evdədir. Daimi evlə təmin olunması üçün özünün maddi imkanı yoxdur. Cavabdeh onu evlə təmin etmək istəmir. Hazırda qohumlarının evində yaşamağa məcbur qalmışdır. Halbuki dövlət tərəfindən məcburi köçkün kimi ev verilən zaman həmin evin sənədlərində onun da adı qeyd edilibdir. Hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşadığı üçün həmin şərtlər daxilində onun da həmin evdə yaşamaq hüququ vardır. Ona görə də onun dövlət tərəfindən onlara məcburi köçkün kimi verilmiş, Ağdam Rayonu Xındırıstan Qəsəbəsində yerləşən 14 saylı fərdi yaşayış evinə köçürülməyinə görə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinin təmin edilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehlə 2001-ci ildə ailə qurmuşar, övladları yoxdur. Hazırda kibabxanada işləyir, əri Əjdər isə işləmir, mal-heyvan saxlamışlar. 2000-ci ildə dövlət tərəfindən onlara 2 otaqlı məcburi köçkünlər üçün nəzərdə tutulan 4 nəfər üçün ev verilib. Həmini vaxt yol kənarında vaqonda özü, əri, qaynanası və qaynatası ilə birlikdə yaşamışlar, ordan da hamısı həmin evə köçmüşlər. Evdə əsaslı tikinti işləri aparıblar. 24 ildir ki, həmin evdə yaşamışdır, bütün əmlakları hazırda həmin evdədir. Evdə özü, əri, həmçinin qaynanası və qaynatası da qeydiyyatda olmuşlar, qaynanası və qaynatası sonralar vəfat etmişlər. Cavabdehlə münasibətləri pisləşib, bu səbəbdən də fevral ayının 21-də nikahın pozulması tələbi ilə Ağdam Rayon Məhkəməsinə ərizə verib, işə baxılacaq. Cavabdeh əri Əjdər 2024-cü ilin noyabr ayında onu evdən qovub, hazırda bacı-qardaşlarının evində yaşamaq məcburiyyətindədir, başqa yaşayış yeri yoxdur. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul etmədi. Göstərdi ki, iddiaçı evdən oğurluq edir. Bu barədə polis orqanına müraciət etmiş, lakin polis onunla ədavət aparır, işi düzgün araşdırmır. İddia İddiaçı evə köçməsinə etiraz edir. İddiaçı öldürmək istəmiş, lakin o, evdən qaçmışdır. İddia tələbini qəbul etmir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ilə anadan olmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən 15 aprel 2002-ci il tarixdə verilmiş AA 060312 seriyalı X3 surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. X1 surətindən görünür ki, hazırkı tərəflərin nikahları Ağdam Rayon Qeydiyyat Şöbəsində 15 oktyabr 2001-ci il tarixdə, 161 sayla qeyd edilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Xındırıstan Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli, 5-31-51/3-2-109/24 salı arayışdan görünür ki, İddiaçı rayonun Xındırıstan Qəsəbəsində 14 saylı evdə yaşayır. X4 Verilməsi Haqqında 29 dekabr 2024-cü il tarixli Protokoldan görünür ki, X4 verilmişdir. Ağdam RPŞ tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZE 0******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1955-ci ildə Ağdam şəhərində anadan olmuş, Ağdam şəhəri, R.Gözəlov küçəsi, Döngə 4, ev 19-da qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Ağdam Rayon Mənzil Kommunal İstismar Sahəsinin 16 saylı, 11 fevral 2025-ci il tarixli arayışında qeyd olunur ki, rayonun Xındırıstan Qəsəbəsində 14 saylı 2 otaqlı mənzil ər-arvad olaraq Cavabdeh və İddiaçı verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə X5 /iddiaçının qaynatası/ və ailə üzvləri arasında 2 aprel 2001-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, həmin ev Rəhim Əhmədov və 4 nəfər ailə üzvlərinə verilmişdir, Ağdam Rayon Xındırıstan Qəsəbəsində yerləşir, 14 saylı evdir, 2 otaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunur ki, qətnamə mübahisəli hüuq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisələndirilən ev dövlət mənzil fonduna aid olduğundan hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq ediləcəkdir. Məhkəmə baxışında məlum oldu ki, İddiaçı və Cavabdeh dövlət tərəfindən verilmiş Ağdam Rayon Xındırıstan Qəsəbəsində yerləşən 14 saylı evdə yaşamışlar, hazırkı iddiaçı həmin evdə məskunlaşmaqla oradan istifadə hüququ əldə etmişdir. Azərbaycan Republikası Mənzil Məcəlləsinin 8.0.1-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş müqavilə və əqdlər mənzilə hüquq və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçinin ailə üzvlərinə kirayəçi ilə birlikdə yaşayan ər (arvad) habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülsünlər və onunla birlikdə təsərrüfat aparsınlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquq fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin kirayə müqaviləsində göstərilməlidirlər. Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti məskunlaşması fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Məhkəmə araşdırmasında müəyyən edildi ki, hazırda iddiaçının köçmək istədiyi rayonun Xındırıstan Qəsəbəsində yerləşən 14 saylı ev hazırkı 4 nəfərdən ibarət ailə üzvlərinə verilmişdir. Göründüyü kimi həmin ev hazırkı tərəflərə dövlət tərəfindən verilmiş, ev 2 otaqdan ibarətdir, ev verilərkən hazırkı İddiaçı da ailə üzvü kimi nəzərə alınmışdır, onun həmin evə artıq istifadə hüquqları mövcuddur. Ona görə də məhkəmə iddia tələbini təmin edir, hesab edir ki, İddiaçı dövlət tərəfindən verilmiş Ağdam Rayon Xındırıstan Qəsəbəsində yerləşən 14 saylı evə köçürülməlidir. İddia tərəfi 50 manat məbləğində mediasiya xərci ödəmiş, məcburi köçkün olduğundan dövlət rüsumu ödəməmişdir. Məhkəmə qeyd edir ki, X7 Qanunun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. X7 Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. 50 manat iddiaçı tərəfdən mediasiya xidməti üçün haqq ödənildiyinidən dövlət rüsumu kimi ödənilməli olan 100 manat xərcin ödənilməyən hissəsi kimi məhkəmə hesab edi ki, Cavabdeh 50 manat tutulub dövlət nəfinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi ilə X5 və ailə üzvləri arasında 2 aprel 2001-ci il tarixdə bağlanmış 14 saylı müqavilə əsasında verilmiş Ağdam Rayon Xındırıstan Qəsəbəsində yerləşən 14 saylı, 2 otaqlı yaşayış evinə köçürülsün. Dövlət rüsumu kimi ödənilməli olan 50 /əlli/ manat pul Cavabdeh tutulub dövlət nəfinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-606/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-606/2025
14.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver