Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-696/2024 25.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbi barədə mülki işə 25 sentyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsində Cavabdeh1 qarşı iddia qaldıraraq ona məxsus Ağdam rayonunun Əfətli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,92 ha torpaq sahəsinin 0,50 ha hissəsindən Cavabdeh1 çıxarılması və ödənilmiş dövlət rüsumu əvəzində cavabdehdən 100 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə mütəxəssis rəyi alındıqdan sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Ağdam rayonunun Əfətli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,92 ha torpaq sahəsindən çıxarılmaları və ödənilmiş dövlət rüsumu əvəzində cavabdehlərdən 100 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Ağdam rayonunun Əfətli kəndində yerləşən 1,92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun, İ qrup yataq xəstəsi olan qardaşı Məmmədov İlqar Babaş oğlu, mərhum valideynləri Məmmədov Babaş Həsən oğlu və X1 mülkiyyətindədir. Cavabdehlər onlara məxsus torpaq sahəsini zəbt etmişdir. Edeliyanın ona məxsus torpaq sahəsini zəbt etməsi iş üzrə mütəxəssis rəyi verildikdən sonra ona melum olmuşdur. Göstərilən səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh2 iddianı etiraf edərək təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh1 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına təkrarən gəlməmişlər. Məhkəmə Cavabdeh1 iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş reyestr nömrəsi **********88, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023 və xx.xx.2024-cü il olan çıxarışın surətindən görünür ki, Ağdam rayonunun Əfətli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,92 ha torpaq sahəsi birgə mülkiyyət hüququ üzrə Məmmədov İlqar Babaş oğlu, Məmmədov Babaş Həsən oğlu, X2 və İddiaçı adına qeydə alınmışdır. AZ-İ № 500115 saylı şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2011-ci ildə vəfat etmişdir. AZ-İ № 013941 saylı şəhadətnamənin surətindən görünür ki, Məmmədov Babaş Həsən oğlu xx.xx.2002-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli 3-21-3- 46/2-3312/2024 saylı mütəxəssis rəyindən və xx.xx.2024-cü il tarixli 3-21-46/2-4046/2024 saylı məktubdan görünür ki, reyestr nömrəsi **********88, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023 və xx.xx.2024-cü il olan çıxarışa əsasən birgə mülkiyyət hüququ üzrə Məmmədov İlqar Babaş oğlu, Məmmədov Babaş Həsən oğlu, X2 və İddiaçı mülkiyyətində olan Ağdam rayonunun Əfətli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,92 ha torpaq sahəsindən hal-hazırda Cavabdeh2 və Cavabdeh1 birgə istifadə edirlər. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlardan məlum olduğu kimi Məmmədov İlqar Babaş oğlu, Məmmədov Babaş Həsən oğlu, X2 və İddiaçı mülkiyyətində Ağdam rayonunun Əfətli kəndində 1,92 ha yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcudur. Həmin 1,92 ha torpaq sahəsindən hal-hazırda Cavabdeh2 və Cavabdeh1 hər hansı bir hüquqi əsas olmadan istifadə edirlər. Belə olan halda cavabdehlər iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 139.3-cü maddəsində göstərilmişdir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin maddənin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət zəmanət vermir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu əvəzində 100 manat cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğunda təmin edilsin. Məmmədov İlqar Babaş oğlu, Məmmədov Babaş Həsən oğlu, X2 və İddiaçı mülkiyyətində olan Ağdam rayonunun Əfətli kəndində yerləşən 1,92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu əvəzində 100 (yüz) manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-696/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-696/2024
25.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver