Məhkəmə qərarları › İş №2(013)-82/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-82/2024

10.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-82/2024 10.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə mülki işə 10 yanvar 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində mərhum atası X1 miras qalmış Ağcabədi rayonunun Ergi ərazisində yerləşən 10 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə təqdim etməklə tələbinin predmetini dəyişərək qanuni əsaslarla mərhum atası X3 icarəsində olmuş Ağcabədi rayonunun Ergi ərazisində yerləşən 10 ha torpaq sahəsi üzərində icarə hüququnun vərəsə kimi ona keçməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı və bağlanmış icarə müqaviləsinə əsasən Ağcabədi rayonunun Ergi ərazisində yerləşən 10 ha torpaq sahəsi onun atasına verilmişdir. Bundan sonra atası vəfat etmişdir. Atasının vərəsəsi kimi o, bacısı X4 və qardaşı X7 olmuş və onlar əmlaka dair ona baş etibarnamə vermişlər. Atası vəfat edəndən sonra sözügedən torpaq sahəsi üzrə icarə hüququndan istifadə etmiş və torpaq sahəsini qəbul edərək idarə etmiş, orada əkin işləri aparmışdır. Atasının dəfn, yas mərasimlərinin və qəbrinin üstünün götürülməsi xərclərini çəkmişdir. Bacı-qardaşı mirası qəbul etməmişlər. Miras əmlaka vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün notariat orqanına müraciət etmiş, həmin orqan mirasın qəbul edilməsi müddətinin ötürüldyünü əsas gətirərək vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişdir. Miras əmlakı idarə etdiyini, digər vərəsələrin mirası qəbul etməkdən imtina etdiklərini qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş AZ-İİ № 190623 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci ildə vəfat etmişdir. V-JQ № 310432 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci ildə anadan olmuş, atası X6, anası isə X5r. X2r. xx.xx.2023-cü ildə Maraqlı şəxsndə verilmiş etibarnamədən görünür ki, X4 və qardaşı X7 bütün əmlaklarına dair 10 il müddətə Ərizəçi etibar etmişlər. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 30 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid qış otlağından heyvandarlığın inkişafı məqsədi ilə M.H.Abışovun icarəsinə 10 ha torpaq sahəsinin verilməsi qərara alınmış və icarə müqaviləsi təsdiq edilmişdir. Ağcabədi Rayon İcra Hakimiyyəti ilə M.H.Abışov arasında bağlanmış xx.xx.2019-cu il tarixli 89 saylı müqavilənin surətindən görünür ki, 10 ha torpaq sahəsi 15 il müddətə M.H.Abışovun icarəsinə verilmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 179 saylı məktubundan görünür ki, Ərizəçi miras əmlaka vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün notariat orqanına müraciət etmiş, həmin orqan mirasın qəbul edilməsi müddətinin ötürüldüyünü əsas gətirərək vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, miras Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid qış otlağından heyvandarlığın inkişafı məqsədi ilə M.H.Abışovun icarəsinə verilmiş 10 ha torpaq sahəsiniə icarə hüququndan ibarət olmuşdur. Miras qoyan M.H.Abışov xx.xx.2021-ci ildə vəfat etmişdir. Mirasın açıldığı yer Ağcabədi rayonudur. Miras qoyan şəxsin birinci növbə olan vərəsəsi - hazırki iş üzrə ərizəçi olan oğlu Ərizəçi miras əmlaka sahiblik etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş və bununla da həmin mirası qəbul etmişdir. Digər vərəsələr mirası qəbul etməmişlər. Miras qoyan şəxs tərəfindən vəsiyyətnamə tərtib olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsində qeyd olunmuşdur ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsində qeyd olunmuşdur ki, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1160-cı maddəsində göstərilmişdir ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci madddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Həmin Məcələnin 719.6-cı maddəsində göstərilmişdir ki, icarəçi öldükdə onun vərəsələri, habelə icarəyə verən müqavilənin ləğvinə dair bildirişi təqvim ili rübünün sonu üçün qüvvəyə minməklə altı ay əvvəldən vermək hüququna malikdirlər. Yalnız o halda vərəsələr müqavilənin icarəyə verən tərəfindən ləğv olunması barədə şikayət verə bilər və müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilərlər ki, onların və ya digər miras şəriklərinin və ya bunu tapşırdıqları hər hansı üçüncü şəxsin əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadəni təmin etdikləri ehtimal olunsun. Əgər vərəsələr icarə müddətinin qurtarmasına azı üç ay qalmış şikayət verməzlərsə və icarəyə götürülmüş əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadə olunacağını ehtimal etməyə imkan verən hallar barəsində məlumat verməzlərsə, icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən imtina edə bilər. etiraz barəsində bildiriş və məlumat yazılı formada tərtib edilməlidir. Razılıq əldə edilməzsə, qərarı vəsatət əsasında məhkəmə qəbul edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin maddənin 7-ci bəndinə əsasən icarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. Qanuni əsaslarla X3 icarəsində olmuş Ağcabədi rayonunun Ergi ərazisində yerləşən 10 ha torpaq sahəsi üzərində icarə hüququnun vərəsə kimi Ərizəçi keçməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar