Məhkəmə qərarları › İş №2(013)-842/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-842/2024

02.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-842/2024 02.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı3, cavabdehlər Cavabdeh1 və X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və X2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onlara məxsus Ağdam rayonu Rzalar kəndində yerləşən 1.0985 ha torpaq sahəsinin 0.23 ha hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar İddiaçı1 və İddiaçı4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Ağdam rayon məhkəməsinin 2(013)-842/2024 nömrəli 02 may 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi iddiaçılar İddiaçı1 və İddiaçı4 aid hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında qeydiyyat nömrəsi ********** olan Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Ağdam rayonu Rzalar kəndində yerləşən 1.0985 ha torpaq sahəsinin birgə mülkiyyət hüququ əsasında iddiaçılara məxsus olduğunu, lakin X8 işçiləri torpaq sahəsini ölçərkən həmin 1.0985 ha torpaq sahəsinin faktiki olaraq yalnız 0.87 ha olduğunu onlara bildirdiklərini, ona görə də qalan 0.23 ha hissəsinin sağ və sol qonşuları olan cavabdehlər tərəfindən zəbt edilməklə onların istifadəsində olduğunu ehtimal etdiyini, lakin cavabdehlərin konkrekt olaraq hərəsinin hansı ölçüdə onalra məxsus torpaq sahəsinin zəbt ediklərini bilmədiyini, zəbt etdikləri onlara məxsus 0.23 ha torpaq sahəsindən çıxmaları barədə dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoymadıqlarını bildirdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı3 izahatında qeydiyyat nömrəsi ********** olan Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Ağdam rayonu Rzalar kəndində yerləşən 1.0985 ha torpaq sahəsinin birgə mülkiyyət hüququ əsasında iddiaçılara məxsus olduğunu, lakin X8 işçiləri torpaq sahəsini ölçərkən həmin 1.0985 ha torpaq sahəsinin faktiki olaraq yalnız 0.87 ha olduğunu onlara bildirdiklərini, ona görə də qalan 0.23 ha hissəsinin sağ və sol qonşuları olan cavabdehlər tərəfindən zəbt edilməklə onların istifadəsində olduğunu ehtimal etdiyini, lakin cavabdehlərin konkrekt olaraq hərəsinin hansı ölçüdə onalra məxsus torpaq sahəsinin zəbt ediklərini bilmədiyini, zəbt etdikləri onlara məxsus 0.23 ha torpaq sahəsindən çıxmaları barədə dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoymadıqlarını bildirdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddianın əsasız olduğunu, onun iddiaçılara məxsus torpaq sahəsini zəbt etmədiyini, belə ki, JN- 0183 KOD 60909038 nömrəli Torpağa mülkiyyət hüquqna dair Dövlət Aktına əsasən ona və onun ailə üzvlərinə məxsus 1.14 ha torpaq sahəsini istifadə etdiyini, üzun illərdir iddiaçılarla münasibətlərin yaxşı olduğunu və qonşuluqda olan iddiaçılara məxsus torpaq sahəsinə dair onlarla heç bir mübahisə olmadığını, yalnız bu il iddiaçıların qohumu olan Nümayəndə tərəfindən əsassız olaraq həmin torpaq mübahisəsini qaldırdığını, həmçinin iddiaçı tərəfin konkret olaraq kimin hansı ölçüdə sözügedən torpaq sahəsini zəbt etdiyini heç bilmədiyini, torpaq sahəsinin zəbt edilməsini ehtimal etdiklərini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 izahatında iddianın əsasız olduğunu, onun iddiaçılara məxsus torpaq sahəsini zəbt etmədiyini, belə ki, onun adına iddiaçılara məxsus torpaq sahəsinin qonşuluğunda heç bir torpaq sahəsinin olmadığını, onun isə ara bir yaxın münasibərdə olduğu JN-0181 KOD 60909038 nömrəli Torpağa mülkiyyət hüquqna dair Dövlət Aktına əsasən X6 və X5 məxsus 0.53 ha torpaq sahəsindən istifadə etdiyini, hazır ki iddia tələbinin isə ona heç bir aidiyyəti olmadığını bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını dinləyib və iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Ağdam rayonu, Rzalar kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2024-ci il tarixli, 1.0985 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 İddiaçı3, İddiaçı4 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 106.1.1-ci maddəsinə əsasən torpaq üzrə mübahisələrə tərəflərdən birinin ərazisinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə ərizənin daxil olduğu gündən etibarən bir ay müddətinədək baxır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılar X8 işçilərinin dediklərinə istinad edərək Ağdam rayonu Rzalar kəndində yerləşən birgə mülkiyyət hüququ əsasında onlara məxsus olduğu 1.0985 ha torpaq sahəsinin faktiki olaraq 0.87 ha olduğunu, qalan 0.23 ha hissəsinin isə sağ və sol qonşuları olan cavabdehlər tərəfindən zəbt edilməklə onların istifadəsində olduğunu ehtimal edilər və hansı cavabdehin hansı ölçüdə həmin torpaq sahəsindən zəbt edərək istifadə etdiklərini göstərə bilmilər. Halbu ki, iddiaçılara məxsus sözügedən torpaq sahəsinin qonşuluğunda cavabdehlərdən olan Y.İbrahimovun mülkiyyətində olan torpaq sahəsi müəyyən edilmir və həmin torpaq sahəsinin qonşuluğunda hazır ki iş üzrə tərəf olmayan X6 və X5 məxsus 0.53 ha torpaq sahəsi yerləşir. Digər Cavabdeh1 isə məhkəməyə verdiyi izahatında onun JN-0183 KOD 60909038 nömrəli Torpağa mülkiyyət hüquqna dair Dövlət Aktına əsasən ona və onun ailə üzvlərinə məxsus 1.14 ha torpaq sahəsini istifadə etdiyini və uzun illərdi ki, qonşuluqda olan iddiaçılara məxsus torpaq sahəsinə dair onlarla heç bir mübahisə olmadığını göstərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar mülkiyyətlərində olan 1.0985 ha torpaq sahəsinin ölçülərini (faktiki həcmi və s) və qonşuluqda olan torpaq sahələri ilə sərhədlərini müəyyən edilməsi üçün səlahiyyəti olan müvafiq qurumlara müraciət etməmişlər və onların hazır ki iddia tələbi ehtimal üzərində qurulmuşdur. İddiaçılar sözügedən torpaq sahəsinə dair öz hüquqlarının pozulmasını əsaslandıra bilməmişlər və bu barədə məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdilər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və X2 qarşı cavabdehlərin onlara məxsus Ağdam rayonu Rzalar kəndində yerləşən 1.0985 ha torpaq sahəsinin 0.23 ha hissəsindən çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar