Məhkəmə qərarları › İş №2(013)-914/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-914/2025

21.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-914/2025 21.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbi barədə mülki işə 21 may 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq övladları – xx.xx.2015-ci ildə anadan olmuş X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 ilə birgə gəlin köçərək yaşadıqları Ağdam rayonunun Zəngişalı kəndində yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, 2014-cü ildə Cavabdeh oğlu İqbala ərə getmiş və Bakı şəhərində yerləşən radiozavodun binasına gəlin köçmüşdür. Bu nikahdan Əsma və Səmra adlı iki uşağı olmuşdur. Nikahı 2015-ci ildə rəsmiləşdirmişlər. 2023-cü ilə qədər radiozavodun binasında yaşamışlar. 2023-cü ildə əri və uşaqları ilə birlikdə Ağdam rayonunun Zəngişalı kəndinə qayıtmış və orada kirayə ev tutaraq yaşamışlar. Həmin vaxt qayınatası Cavabdeh məxsus ev qəzalı vəziyyətdə olduğundan təmirdə olmuşdur. 2024-cü ildə əri vəfat etmişdir. Qayınatasının evi 2024-cü ildə təmir olunmuş, lakin onu yaşanmağa evə buraxmamışlar. Atasına məxsus ev üç otaqlı olmaqla orada onun üçün yer olmamışdır. Radiozavodda yerləşən evin açarlarını hazırki vaxta qədər özündə saxlayır. Heç vaxt qayınatasına məxsus evdə yaşamadığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, Kəmalə 2014-cü ildə onun oğlu İqbala ərə gələrək Bakı şəhərində yerləşən başqasına məxsus olmaqla onların yaşadığı radiozavodun binasında yerləşən mənzilə gəlin köçmüşdür. 2015-ci ilin fevral ayında Kəmalə qayınanası ilə bir yerdə yaşamayacağını demişdir. Bu səbəbdən o, arvadını da götürüb evdən çıxmış və Bakı şəhərində başqa yerdə yaşamışdır. Radiozavodun binasında yerləşən mənzilin açarları hazırki vaxta qədər Kəmalədə qalmışdır. Həmin dövrdə onun Ağdam rayonunun Zəngişalı kəndində yerləşən evi qəzalı olduğundan orada yaşamaq mümkün olmamışdır. Kənddə olan evi 2024-cü ildə təmir olunmuşdur. Kəmalə onun evinə gəlin köçməmiş və heç vaxt orada yaşamamışdır. İddianın əsassız olduğunu qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş AZ-İİ № 001509 saylı şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı arasında olan nikah xx.xx.2015-ci ildə Ağdam Rayon İcra Hakimiyyəti başçısının Zəngişalı kənd inzibati ərazi nümayəndəliyində 02 nömrə ilə qeydə alınmışdır. AZ-İİİ № 683693 və AZ-İV 550397 saylı şəhadətnamələrin surətindən görünür ki, X4 ilə İddiaçı xx.xx.2015-ci ildə Əsma və xx.xx.2020-ci ildə Səmra adlı uşaqları olmuşdur. AZ-İİ № 425841 saylı şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü ildə vəfat etmişdir. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Zəngişalı kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 204 saylı arayışından görünür ki, cavabdeh R.M.Rasımova məxsus Ağdam rayonunun Zəngişalı kəndində yerləşən fərdi yaşayış evinə X1 zamanı dəymiş ziyanla əlaqədar olaraq həmin evdə 1993-cü ildən 2024-cü ilə qədər yaşayış olmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında hüquq münasibətləri 2015-ci ildə yarandığından «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən mübahisəyə 01 oktyabr 2009cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə olan halda mübahisəyə 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməklə iddia rədd edilməlidir. Həmin maddədə göstərilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.1-ci maddəsində qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. İşə baxılarkən hər iki tərəfin məhkəmədə verdikləri izahatlardan, həmçinin Ağdam Rayon İcra Hakimiyyəti başçısının Zəngişalı kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 204 saylı arayışından məlum olmuşdur ki, İddiaçı hazırda köçmək istədiyi Ağdam rayonunun Zəngişalı kəndində yerləşən cavabdehə məxsus, lakin dövlət qeydiyyatından keçməmiş evə köçməmiş və orada yaşamamışdır. Bu halı iddiaçı özü də məhkəmədə verdiyi izahatında təsdiq etmişdir. Belə olan halda İddiaçı mübahisəli evdən istifadə hüququ əldə etməmiş və onun iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı övladları – xx.xx.2015-ci ildə anadan olmuş X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 ilə birgə gəlin köçərək yaşadıqları Ağdam rayonunun Zəngişalı kəndində yerləşən evə köçürülmələri tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar