Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-10/2023 03.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı4, İddiaçıların nümayəndəsi İddiaçı1 Teyyub oğlunun, Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı4 və qeyrilərinin Cavabdeh qarşı payların naturada müəyyən edilməsi, torpaq sahəsindən və yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı4 və qeyriləri Cavabdeh qarşı torpaq sahəsinin və yaşayış evlərinin zəbtdən azad edilməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli, 15 saylı qərarı ilə Ağdaş rayonunun Qoşaqovaq kəndində seriya nömrəsi JN-144A kod-90310018 olan 1,09 ha həyətyanı torpaq sahəsi 5 nəfər iddiaçılar olmaqla 2 nəfər də mərhum valideynləri ilə birlikdə yeddi nəfərin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi 1954-cü ildən mərhum valideynlərinin və babalarının mülkiyyətində və istifadəsində olmuşdur. Həmin torpaq sahəsində 1988-ci ildən İddiaçı4 məxsus, onlar tərəfindən tikilmiş 2-ci yaşayış evi olan 1 mərtəbəli 2 otaqlı yaşayış evi tikilmişdir. Həyətyanı sahələrində onlara məxsus 300 ədəd meyvə ağacı tərəflərindən əkilmişdir. X19 xx.xx.2008-ci ildə, X5 xx.xx.2008-ci ildə vəfat etmişlər. Hər ikisi ölən günə kimi onlara məxsus torpaq sahəsində və yaşayış evində onlarla birgə yaşamışlar. Cavabdeh 25 ildən artıq bir müddətdir ki, Bakı şəhərində bir neçə yerdə yaşayış evi olmağına və orada yaşamağına baxmayaraq, 10 ilə yaxındır ki, onlara məxsus torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş onlara məxsus evlərindən onların icazəsi olmadan zəbt etməklə istifadə edir. Torpaq sahələrinə və evlərinə zəbt etməklə yiyələnmişdir. Onları öz mülkiyyətindən istifadə etməyə qoymur. Həyətin 70 faizindən çoxu onların mülkiyyətindədir. Həmçinin, cavabdeh onlara məxsus əmlaklarını mənimsəmək və məhv etməklə məşğuldur. Nəticədə onlar öz mülkiyyətindən və daşınmaz əmlaklarından məhrum olmuşlar. Dəfələrlə cavabdehə qanunsuz əməllərindən əl çəkməsini, mülkiyyətlərindən istifadə etmələrinə maneəçilik törətməməsini, qanunsuz əməllərinə son qoymasını, məsələni aralarında sülh yolu ilə həll etməsini bildirsələr də cavabdeh onlarla heç bir razılığa gəlməmişdir. Torpaq sahələrini və daşınmaz əmlaklarını onlara qaytarmasını tələb etsələr də, cavabdeh hər dəfəsində onları təhqir edərək şər-böhtanla təhdid edir. Cavabdehlə aralarında razılığa gələ bilmədikləri üçün hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Cavabdehin sadalanan əməlləri öz növbəsində cinayət xarakterlidir. Göstərilənlərə əsasən Ağdaş şəhəri, Qoşaqovaq kəndində yerləşən iddiaçıların mülkiyyətlətlərinə verilmiş seriya nömrəsi JN-144A kod- 90310018 olan 1,09 ha torpaq sahəsinin onlara məxsus 70 faizdən artıq olan torpaq sahəsindən və onlara məxsus daşınmaz əmlaklar olan yaşayış evlərindən cavabdehin təcili və məcburi çıxarılması və mülkiyyətlərinin zəbt edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçıların nümayəndəsi İddiaçı1 Teyyub oğlu məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ünvanlayaraq Ağdaş şəhəri, Qoşaqovaq kəndində yerləşən mülkiyyətlətlərinə verilmiş seriya nömrəsi JN-144A kod-90310018 olan 1,09 ha torpaq sahəsinin onlara məxsus olan torpaq sahəsinin naturada müəyyən edilməsi, həmin torpaq sahəsindən və onlara məxsus daşınmaz əmlaklar olan yaşayış evlərindən cavabdehin məcburi çıxarılması və mülkiyyətlərinin zəbt edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçılar X14, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı6 mənə qarşı “Torpaq sahəsinin və yaşayış evlərinin zəbtdən azad edilməsi və zəbt torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayonu, Qoşaqovaq kəndində mülkiyyətlərinə verilmiş JN-144A kod 90310018 olan 1,09 ha torpaq sahəsinin onlara məxsus 70 faizdən artıq olan torpaq sahəsindən və onlara məxsus daşınmaz əmlaklar olan yaşayış evlərindən cavabdehin təcili və məcburi çıxarılması və mülkiyyətlərinin zəbtdən azad olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə iddiaçı X20 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində etdiyi dəyişikliyi qəbul edərək Ağdaş rayonu Qoşaqovaq kəndində yerləşən mülkiyyətlərinə verilmiş seriya nömrəsi JN-144A kod 90310018 olan 1,09 ha toıpaq sahəsinin onlara məxsus olan torpaq sahəsinin naturada müəyyən edilməsi, həmin torpaq sahəsindən və onlara məxsus daşınmaz əmlaklar olan yaşayış evlərindən cavabdehin məcburi çıxarılması və mülkiyyətlərinin zəbtdən azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin surətini almışdır. Ərizəni qəbul etmir və aşağıda göstərdiklərinə əsasən heç bir hüquqi əsası olmadığına görə rədd edilməlidir. JN-144A kod 90310018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən məlum olur ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 15 saylı qərarı ilə X6, X2, İddiaçı4 X3, X7, X8 və İddiaçı5 Şövkət oğlunun ümumi birgə mülkiyyətlərinə Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisindən 1,09 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı həm iddia ərizəsində, həm də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində mərhum valideynləri ilə onların ümumi birgə mülkiyyətlərinə verilmiş 1,09 hektar həyətyanı torpaq sahəsində onlara məxsus torpaq sahəsinin naturada müəyyən edilməsini xahiş edirlər. İddiaya qarşı etirazda da göstərdiyim kimi, torpaq və mülki qanunvericiliyinin tələblərinə görə ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsində payların naturada bölünməsi üçün ilk növbədə həmin ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində paylar müəyyən olunmalıdır. X1 08 oktyabr 2007-ci il tarixdə, X5 isə 09 noyabr 2008-ci il tarixdə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüşlər. Mərhum valideynlərinin ölümündən sonra cavabdeh tərəf qanunla müəyyən edilmiş müddətdə miras əmlakdan pay istəmələri ilə əlaqədar heç bir hərəkətlər etməmişdir. O isə onlardan miras qalmış torpaq sahəsindən onlara çatası paylarını və həmin torpaq sahəsi üzərində bir birindən təcrif formada yerləşən fərdi yaşayış evlərini faktiki olaraq özü qəbul edərək həmin əmlakları özü idarə etməklə üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirir. Mübahisəli 1,09 hektar həyətyanı torpaq sahəsində mərhum valideynləri sağlığında bir-birindən aralıda iki fərdi yaşayış evi tikdirmişlər. Hər iki ev mərhum atası X9 adına qeydə alınmışdır və həmin evlərdə də qanun üzrə birinci növbə vərəsələrin payları müəyyən olunmamışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, cavabdehlər valideynlərinin ölümündən sonra mirasın hər hansı formada qəbul etdiklərini, miras əmlakda və ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsində onların paylarının müəyyən edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Göründüyü kimi hazırki vəziyyətdə mülkiyyətçilərin mərhum atasına məxsus fərdi yaşayış evlərində və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində payları müəyyən edilmədiyindən və həmin payları bölünmədiyindən mərhum valideynlərinin və onların paylarının konkret olaraq hansı ölçüdə olması və sahənin hansı hissəsində yerləşməsi müəyyən edilməmişdir. Belə olduğu halda iddiaçıların ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmələri üçün heç bir hüquqi əsasları yoxdur. Mərhum valideynlərindən miras qalmış fərdi yaşayış evlərini və ümumi birgə mülkivyətdə olan 1.09 hektar həyətyanı torpaq sahəsindən onlara çatası hissəsini faktiki olaraq o, qəbul edərək istifadə və idarə edir. İddiaçı4 valideynlərinin ölümündən sonra qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasın qəbulu ilə aidiyyati icra orqanına müraciət etməmiş, miras əmlakda pay istəməsini nümayiş etdirməmişdir. İddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmələri üçün onlar əvvəlcə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində paylarını müəyyən etdirməli, sonra isə paylarını naturada ayırmalı idilər. Bütün bunlardan sonra əgər tərəfindən onların mülkiyyətində olan ayrılmış torpaq sahəsinə hər hansı müdaxiə və ya özbaşına zəbt kimi qanunsuz hərəkətləri olardısa, onda iddiaçıların ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmələrinə əsas yaranardı. Lakin göründüyü kimi iddiaçılar qeyd etdiyi həmin hərəkətləri etməmişlər. Ona görə də hesab edir ki, iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3. İddiaçı5 və İddiaçı6 ona qarşı “Ağdaş rayonu Qoşaqovaq kəndində yerləşən mülkiyyətlərinə verilmiş seriya nömrəsi JN-144A kod 90310018 olan 1,09 ha torpaq sahəsinin onlara məxsus olan torpaq sahəsinin naturada müəyyən edilməsi, həmin torpaq sahəsindən və onlara məxsus daşınmaz əmlaklar olan yaşayış evlərindən cavabdehin məcburi çıxarılması və mülkiyyətlərinin zəbtdən azad edilməsinə dair” tələbinə dair iddiaları həmin iddia ərizəsi ilə məhkəməyə müraciət etmələri üçün heç bir hüquqi əsasları olmadığından iddia tələbi rədd edilməlidir. Ona görə də qeyd olunanları və iddia tələbinə qarşı etirazının nəzərə alınaraq iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı6 ona qarşı "Ağdaş rayonu Qoşaqovaq kəndində yerləşən mülkiyyətlərinə verilmiş seriya nömrəsi JN-144A kod 90310018 olan 1,09 ha torpaq sahəsinin onlara məxsus olan torpaq sahəsinin naturada müəyyən edilməsi, həmin torpaq sahəsindən və onlara məxsus daşınmaz əmlaklar olan yaşayış evlərindən cavabdehin məcburi çıxarılması və mülkiyyətlərinin zəbtdən azad edilməsinə dair” tələbinə dair iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında İddiaçı4 və iddiaçıların nümayəndəsi İddiaçı1 Teyyub oğlu iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-144A nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 15 saylı qərarı ilə X10 və ailə üzvləri X5, İddiaçı4, İddiaçı2, X15, X12 və İddiaçı5 Şövkət oğlunun mülkiyyətinə Ağdaş rayonu, Qoşaqovaq kəndindən 1,09 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan 29 mart 2017-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə “Beyinə qan sızma” səbəbindən ölmüşdür. İşin materiallarında olan 11 oktyabr 2007-ci il tarixdə Ağdaş rayonu Qoşaqovaq kənd İcra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X25 xx.xx.2007-ci il tarixdə “Ürək qan dövranı çatmamazlığı” səbəbindən ölmüşdür. İşin materiallarında olan 04 aprel 2003-cü ildə Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qoşaqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin iştirakı ilə tərtib edilmiş və X19, X5, Cavabdeh Teyub oğlu, X20, İddiaçı4 Teyub oğlu, X13, X22, X16, X23 və X4 imzası ilə təsdiq olunmuş aktdan görünür ki, ailə başçısı X10 həyətyanı torpaq sahəsini, həyətində olan bütün tikililəri, evləri, tövlərni, navesi, təndirxananı və digər əmlakı, o cümlədən mal-qaranı ümumiyyətlə ata yurdunda olan bütün əmlakın hamısının təmannasız sürətdə həyətin kiçik oğlu Cavabdeh Teyub oğluna bağışlanmasına etiraz edilmir. İşin materiallarında olan Azərbaycan Respublikası Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 115 saylı və xx.xx.2021-ci il tarixli, 178 saylı arayışlardan görünür ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşamış mərhum X19 və mərhumə X5 vəfat edən günə qədər, oğlanları Cavabdeh Teyub oğlu ilə birgə yaşamışlar və mərhumların dəfn xərclərini Cavabdeh Teyub oğlu çəkmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 19 iyul 2022-ci il tarixli, **********44 saylı rəyindən görünür ki, İddiaçı4 və qeyrilərinə məxsus, JN-144A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətə verilmiş Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində yerləşən 1,09 hektar birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin daxilində fərdi yaşayış evləri və digər yardımçı tikililər mövcud olduğundan, paylarına mütənasib onların arasında naturada bölünməsi mümkün deyil. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2023-cü il tarixli, 10/4472 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin Mingəçevir Layihə-Tədqiqat idarəsinin mühəndisi Pərviz Məmmədovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı4 və qeyrilərinə məxsus, JN-144A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətə verilmiş Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində yerləşən 1,09 hektar birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin daxilində fərdi yaşayış evləri və digər yardımçı tikililər mövcud olduğundan, paylarına mütənasib onların arasında naturada bölünməsi mümkün deyil. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli, 15 saylı qərarı ilə Ağdaş rayonunun Qoşaqovaq kəndində seriya nömrəsi JN-144A kod-90310018 olan 1,09 ha həyətyanı torpaq sahəsi 5 nəfər iddiaçılar olmaqla 2 nəfər də mərhum valideynləri ilə birlikdə yeddi nəfərin mülkiyyətinə verilmişdir. Hazırda iddiaçılar torpaq sahəsinə payların naturada müəyyən edilməsini və cavabdehin həmin torpaq sahəsində yerləşən evdən çıxarılmasını tələb edirlər. Cavabdehin valideynləri isə həmin torpaq sahəsinin birgə mülkiyyətçiləri olmuşlar və valideynləri vəfat etdikdən sonra cavabdeh həmin evdə yaşamağa davam etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2 və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi iddiaçıların və cavabdehin valideynlərinin birgə mülkiyyətində olan (cavabdeh faktiki olaraq həmin ünvanda yaşayır) torpaq sahəsinin daxilində fərdi yaşayış evləri və digər yardımçı tikililər mövcud olduğundan, paylarına mütənasib onların arasında naturada bölünməsi mümkün deyil. İddiaçıların digər iddia tələbi isə torpaq sahəsindən və onların əşyalarının olduğu evlərdən cavabdehin çıxarılmasından və mülkiyyətlərinin zəbtdən azad olunmasından ibarətdir. Bununla bağlı məhkəmə bildirir ki, ev cavabdehin valideynlərinin birgə mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən və valideynlərinin vəfatından sonra cavabdeh həmin torpaq sahəsindən istifadə etdiyindən və evdə yaşadığından, o, həmin torpaq sahəsindən və evdən çıxarıla bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı4 və qeyrilərinin Cavabdeh qarşı payların naturada müəyyən edilməsi, torpaq sahəsindən və yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçılara aid edilməi və iddiaçılar İddiaçı4, İddiaçı2, Qarayeva (Şöyübova) Nailə Şövkət qızı, Hacıyeva (Şöyübova) Rahilə Şövkət qızı, İddiaçı5 Şövkət oğlu və İddiaçı1 Teyyub oğlundan 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı4 və qeyrilərinin Cavabdeh qarşı payların naturada müəyyən edilməsi, torpaq sahəsindən və yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. İddiaçılar İddiaçı4, İddiaçı2, Qarayeva (Şöyübova) Nailə Şövkət qızı, Hacıyeva (Şöyübova) Rahilə Şövkət qızı, İddiaçı5 Şövkət oğlu və İddiaçı1 Teyyub oğlundan 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-10/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-10/2023
03.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver