Məhkəmə qərarları › İş №2(106)-761/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-761/2025

26.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-761/2025 26.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsində qanunsuz istifadənin dayandırılması və həmin torpaq sahəsindən çıxarma tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)-47/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 10 oktyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Saatlı rayonu, Varkəndkənd kəndində yerləşən 0.8822 ha torpaq sahəsi X10 və onun ailə üzvlərinin (Məmmədov Şükri, X11, X13, X12) mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin tərtib etmiş olduğu xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 10 oktyabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Saatlı rayonu, Varxankənd kəndi ərazisində yerləşən X3 və onun ailə üzvlərinin mülkiyyətində olan 0.8822 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtə koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 10 oktyabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Saatlı rayonu, Varxankənd kəndi ərazisində yerləşən X3 və onun ailə üzvlərinin mülkiyyətində olan 0.8822 ha torpaq sahəsi bütövlükdə Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktı: Birinci instansiya məhkəməsində icraat: İddiaçı X10 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.8822 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinin dayandırılması və cavabdehin həmin sahədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı X10 iddianı müdafiə edərək izahatında göstərdi ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”-la (reyestr nömrəsi: **********64, qeydiyyat nömrəsi: **********), onun və ailə üzvlərinin mülkiyyətinə 0.8822 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülkiyyətlərinə verilmiş 0.8822 hektar torpaq sahəsini, Saatlı rayon Qaracalar kəndi sakini cavabdeh Umudov Umudǝli Əligulla oğlu uzun müddətdir ki zəbt edib və qanunsuz istifadə edir. Cavabdehlə dəfələrlə əlaqə saxlayaraq ailə üzvlərinə məxsus torpaq sahəsinin boşaltmasını xahiş etmiş, lakin cavabdeh Umudov Umudǝli Əligulla oğlu torpaq sahəsindən qanunsuz istifadəni dayandırmır. Cavabdeh ona və ailə üzvlərinə aid torpaq sahəsini qaytarmayacağını bildirir. Odur ki, hüquqlarının bərpası üçün, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək göstərdi ki, iddiaya etiraz edir. O, torpaq sahəsini 2010-cu il tarixdə 4500 manata iddiaçının əmisi mərhum İsmayıldan almışdır. Kənd icra nümayəndəliyində müqavilə hazırlanmış və həmin müqaviləni iddiaçının atası da imzamışdır. Hətta icra nümayəndəsi demişdir ki, torpaq vergisi ödənilməyib, o, 103 manat torpaq vergisini də ödəmişdir. Həmin torpaq sahəsinə külli miqdarda pul vəsaiti xərcləmişdir. Həmin tarixdən də torpaq sahəsi onun istifadəsindədir. Hazırda da X15 Mamedovun vəfat etməsindən istifadə edib hazırki iddia tələbini irəli sürmüşdür. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etdi. Saatlı Rayon Məhkəməsinin (Hakim: Vüqar Qasımov) xx.xx.2025-ci il tarixli, 2(055)-47/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəlləsinin 152.1, 157.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 119.1-ci maddələrinə əsaslandırmış, qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 10 oktyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Saatlı rayonu, Varkəndkənd kəndində yerləşən 0.8822 ha torpaq sahəsi X3 və onun ailə üzvlərinin mülkiyyətindədir. Cavabdeh iddiaçı X3 mülkiyyətində olan 0.8822 ha torpaq sahəsidən öz istədiyi kimi istifadə etməsinə imkan vermədiyi üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının tələbi qanuni olduğundan onun qanunla qorunan hüquqları məhkəmə qaydasında müdafiə olunmalıdır. Cavabdeh iddiaçı X3 iddia etdiyi 0.8822 ha torpaq sahəsini birdəfəlik olaraq aldığını göstərsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi sənədlərlə isə mübahisəli torpaq sahəsinin onun müvəqqəti istifadəsinə verilməsinə dair müqavilə bağlandığı müəyyən edilir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, Saatlı rayonu, Varxankənd kəndində yerləşən 0,882 ha torpaq sahəsi JN 181Anömrəli dövlət aktına əsasən X4 və onun ailə üzvlərinə məxsus olmuşdur. 04 oktyabr 2010-cu il tarixində həmin torpaq sahəsinin müvəqqəti istifadəsi ilə bağlı aralarında müqavilə bağlanmış və bu müqavilə Saatlı rayon Varxan Bələdiyyəsi, həmçinin Saatlı Rayon İcra Hakimiyyətinin Varxan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Həmin vaxtdan etibarən o bu torpaq sahəsini əkin məqsədilə istifadə etmiş və becərmişdir. X2 vəfat etməsindən sonra onun ailə üzvləri, xüsusilə iddiaçı X8, torpaq sahəsi ilə bağlı onunla mübahisə etməyə başlamışdır. O, iddiaçıya bildirərək izah etmişdir ki, həmin torpaq sahəsini atası ona satmışdır və illər ərzində heç kim bu barədə hər hansı tələb irəli sürməmişdir. Lakin iddiaçı qarşılığında bunun atasının onunla olan məsələsi olduğunu və ona aidiyyəti olmadığını bildirmişdir. İş materiallarından da göründüyü kimi, X9 qeyd edilən torpaq sahəsini ona satmış və bunun müqabilində pul ödənişi də həyata keçirilmişdir. 25 il ərzində həmin torpaq sahəsi onun istifadəsində olmuşdur. Lakin birinci instansiya məhkəməsi bu halları araşdırmadan və hüquqi əsasları nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa, Torpaq Məcəlləsinin 73-cü maddəsində torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur. 04 oktyabr 2010-cu il tarixində həmin torpaq sahəsinin müvəqqəti istifadəsi ilə bağlı X9 ilə aralarında bağlanmış müqavilənin xitamı üçün hüquqi əsas yaranmamışdır. X1 vəfat etdikdən sonra onun vərəsələri müəyyən olunmuşdur. Qeyd olunan maddəyə əsasən, torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda torpaq üzərində hüquqlara xitam verilə bilər. Həmçinin, bağlanmış müqavilədə müqavilənin xitamı ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Bu da o deməkdir ki, müqavilə hələ də qüvvədədir. İddiaçı ilkin olaraq müqavilənin xitamını mübahisələndirməli, daha sonra isə hazırkı iddianı qaldırmalı idi. Lakin məhkəmə bu halları görməməzliyə vuraraq işin hallarını lazımi qaydada araşdırmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmuş, etirazına bildirmişdir ki, mülkiyyətlərinə verilmiş 0.8822 hektar torpaq sahəsini, Saatlı rayon Qaracalar kəndi sakini Cavabdeh uzun müddətdir ki, zəbt edib və qanunsuz istifadə edir. Cavabdehlə dəfələrlə əlaqə saxlayaraq ailə üzvlərinə məxsus torpaq sahəsinin boşaltmasını xahiş etmiş, lakin Cavabdeh torpaq sahəsindən qanunsuz istifadəni dayandırmır. Cavabdeh, ona və ailə üzvlərinə aid torpaq sahəsini qaytarmayacağını bildirir. Odur ki, hüquqlarının bərpası uçun, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı X14 ərizəsində göstərmişdir ki, zəbt etdiyi torpaq sahəsini əkib-becərir. Lakin o, həmin torpaq sahəsini qanunsuz zəbt edəndən sonra, həmişə oranı otlaq sahəsi kimi istifadə etmişdir. Bundan əlavə qeyd edir ki, müqavilədə olan imza mərhum atası Şükri Məmmədova aid deyildir. Mərhum atası Ş.Məmmədova aid şəxsiyyət vəsiqəsinin surəti evdədir. Orada olan imza ilə, müqavilədə olan imza fərqlilik təşkil edir. Nəzərə alınmasını xahiş etmişdir. d) Proses iştirakçılarının izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq izahatında bildirdi ki, İddiaçı iddia etdiyi 0.88 ha torpaq sahəsini 15 ildir istifadə edir, torpaq sahəsini Şükru Mamedovdan almışdır. Torpaq sahəsinin münbütləşməsi üçün xərc çəkmişdir. İddiaçının atasına almış olduğu torpaq sahəsi qarşılığında başqa torpaq sahəsi verilmişdir. Apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya icraatı zamanı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasındaa torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(055)-47/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülkiyyət hüququ hüquqi sistemlərin və cəmiyyətlərin fundamental institutlarından biridir. Bu hüquq şəxslərə öz əmlakı üzərində sərbəst və müstəqil şəkildə sahiblik, istifadə və sərəncam hüququ verir. Mülkiyyət hüququnun qorunması iqtisadi inkişafın, sosial sabitliyin və hüquqi dövlət prinsipinin təmin olunmasında mühüm rol oynayır. Torpaq üzərində mülkiyyət hüququ baxımından, mükiyyət hüququnun əhəmiyyəti daha da aktuallaşır. Torpaq yalnız iqtisadi sərvət mənbəyi deyil, həm də insanların yaşayış məkanı, fəaliyyət sahəsi və təbii ehtiyatlara çıxış imkanı kimi həyati önəm daşıyan əsas resursdur. Torpaq üzərində mülkiyyət hüququnun tanınması və müdafiəsi bir sıra istiqamətlərdə: iqtisadi inkişafın stimullaşdırılması, sosial sabitliyin təmin olunması, hüquqi dövlətin və mülki dövriyyənin gücləndirilməsi, ətraf mühitin qorunmasına dəstək, şəxsi azadlığın və iqtisadi müstəqilliyin təməlidir. Əlavə olaraq, mülkiyyət hüququ insan hüquqlarının əsas sütunlarından biridir və Azərbaycanın da tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə uyğun olaraq, “hər bir şəxs öz mülkiyyətindən sərbəst istifadə etmək hüququna malikdir və bu hüquq dövlət tərəfindən müdafiə olunmalıdır”. AİHM-in bir çox presedent qərarlarında vurğulanmışdır ki, mülkiyyət hüququ yalnız qanunla və ictimai maraqlar tələb etdikdə, hüquqi prosedur qaydalarına riayət olunmaqla məhdudlaşdırıla bilər (bax: Sporrong və Lönnroth İsveçə qarşı, 1982). Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. İş üzrə təqdim edilmiş sübutlar və tərəflərin izahları apellyasiya instansiyası tərəfindən yenidən, birbaşa və hərtərəfli araşdırıldıqdan sonra müəyyən edilir ki, mübahisə predmeti olan Saatlı rayonu, Varxankənd kəndində yerləşən 0,8822 ha torpaq sahəsinə dair hüquqların mənsubiyyəti və hüquqi rejimi qanunvericiliklə tam dəqiqliklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi 10 oktyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış torpaq sahəsinin X6 və digər ailə üzvlərinə mülkiyyət hüququ əsasında məxsus olduğunu təsdiqləyir. Çıxarış dövlət reyestrinin məlumatları əsasında verildiyindən, mülkiyyət hüququnun dövlət qeydiyyatının hüquqi nəticələrini doğurur və mülkiyyətçinin hüququnun mövcudluğunu isbat edən rəsmi sənəd kimi hüquqi prezumpsiya qüvvəsinə malikdir. Bu presumpsiyanın əksini sübut etmək və mülkiyyət hüququnun başqa şəxsə keçməsi barədə iddiasını əsaslandırmaq vəzifəsi isə cavabdehin üzərinə düşür. Cavabdeh apellyasiya şikayətində iddia edir ki, torpaq sahəsini mərhum Şükrü Məmmədovun ona satdığını bildirsə də, bu iş materialları ilə təsdiq olunmadığından hüquqi nəticə doğurmur. Torpağın alqı-satqısı yalnız qanunla müəyyən edilmiş qaydada notariat qaydasında təsdiq edilmiş müqavilə və sonradan dövlət qeydiyyatı ilə hüquqi qüvvə kəsb edə bilər. Cavabdeh tərəfindən təqdim edilmiş sənəd isə alqı-satqı müqaviləsi deyil, yalnız torpaq sahəsinin müvəqqəti istifadəsinə dair, mahiyyətcə icarə münasibətləri doğuran razılaşmadır. Bu sənəddə mülkiyyətin keçməsi, satış qiyməti, əmlakın alıcıya verilməsi və mülkiyyətçinin razılığı kimi alqı-satqı münasibətlərinə xas olan tələblər mövcud olmadığından, cavabdehin iddia etdiyi “alqı-satqı” hüquqi fakt kimi təsdiq olunmur. Müvəqqəti istifadə müqaviləsi isə yalnız mülkiyyətçinin iradəsi ilə mövcud ola bilən hüquqi münasibətdir və bu münasibətlərin davamı mülkiyyətçinin dəyişməsi halında onun hüquqi varislərinin iradəsindən asılıdır. İş materiallarından görünür ki, X10 və digər mülkiyyətçilər belə münasibətlərin davam etdirilməsi ilə razılaşmamış, əksinə torpaq sahəsinin boşaldılmasını tələb etmişlər. Bu tələb müqavilə münasibətinin faktiki və hüquqi olaraq xitam tapdığını göstərir. Cavabdehin Torpaq Məcəlləsinin 73-cü maddəsinə istinadla müqavilənin avtomatik qüvvədə qalmasını iddia etməsi maddənin mətninə və mahiyyətinə uyğun deyil. Maddə yalnız hüquqların xitamı üçün müəyyən əsasları sadalayır, lakin müvəqqəti istifadə münasibətlərinin vərəsəliklə məcburi qaydada davam etdirilməsini nəzərdə tutmur. Əks halda, mülkiyyət hüququnun əsas elementi olan sərəncamvermə səlahiyyəti məhdudlaşdırılmış olardı ki, bu da Konstitusiyanın 29-cu maddəsi ilə ziddiyyət təşkil edərdi. Kollegiya onu da qeyd edir ki, cavabdehin arqumentlərində ziddiyyət mövcuddur. O, bir tərəfdən torpağı “aldığını”, digər tərəfdən isə müvəqqəti istifadə müqaviləsinin qüvvədə olduğunu bildirir. Hər iki əsasın (alqı-satqı və icarə münasibətləri) hüquqi xarakteri tamamilə fərqlidir və birinin digərini istisna etdiyi açıq-aşkar görünür. Əgər alqı-satqı olubsa, müvəqqəti istifadə müqaviləsinə ehtiyac yoxdur, əgər müqavilə müvəqqəti istifadə barəsindədirsə, alqı-satqı faktı ümumiyyətlə mümkün deyildir. Qeyd edilən ziddiyyət cavabdehin izahatının etibarlılığını şübhə altına qoyur və həmçinin sübutların qiymətləndirilməsi zamanı onun mövqeyini zəiflədir. Cavabdeh apellyasiya şikayətində əlavə olaraq iddia edir ki, məhkəmə torpağın digər mülkiyyətçilər tərəfindən də birgə mülkiyyət hüququ əsasında əldə edildiyini qeyd etmişdirsə, onların icraata cəlb edilməməsi prosessual pozuntu kimi qətnamənin ləğvini tələb edir. Lakin apellyasiya icraatında bu hal aradan qaldırılmış, X16 və X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Bununla da onların mövqelərinin məhkəmə tərəfindən müəyyən edilməsinə şərait yaradılmış və prosessual hüquqları təmin edilmişdir. Apellyasiya icraatı çərçivəsində məhkəmə tərəfindən tikinti-texniki xarakterli araşdırmalar aparılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi tərəfindən rəy tərtib edilmişdir. Mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət Reyestrindən 10 oktyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Saatlı rayonu, Varxankənd kəndi ərazisində yerləşən və X3 və onun ailə üzvlərinin mülkiyyətində olan 0,8822 ha torpaq sahəsinin sərhədləri, döngə nöqtə koordinatları və sahənin yerləşmə konturları dəqiq müəyyən edilmiş, bu məlumatlar rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Mütəxəssis rəyində torpaq sahəsinin faktiki vəziyyəti də araşdırılmış və sahənin hazırkı istifadəsi barədə texniki müşahidələr aparılmışdır. Rəyin nəticələrinə əsasən müəyyən edilmişdir ki, göstərilən 0,8822 ha torpaq sahəsindən faktiki olaraq Cavabdeh tərəfindən istifadə edildiyi müşahidə olunmuşdur. Rəydə cavabdehin istifadəsinin hüquqi əsaslarına dair dəyərləndirmə aparılmamış, yalnız torpaq sahəsinin faktiki istifadə vəziyyəti təsbit edilmişdir. Mütəxəssis rəyinin nəticələri torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi və faktiki istifadə vəziyyətinin obyektiv texniki vasitələrlə müəyyən edilməsi baxımından mühüm sübut əhəmiyyəti daşıyır. Bu nəticələr iş üzrə təqdim edilmiş digər sübutlarla birlikdə qiymətləndirildikdə göstərir ki, cavabdeh torpaq sahəsindən əkin məqsədi ilə uzun müddət faktiki istifadə etmişdir və bu fakt tərəflərin izahatları ilə də uyğunluq təşkil edir. Apellyasiya instansiyası nəticəyə gəlir ki, cavabdeh tərəfindən irəli sürülən arqumentlər işin faktiki halları ilə uyğun gəlmir, hüquqi mahiyyət daşımır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün hüquqi əsas kimi çıxış edə bilməz. Bu funda olan mülkiyyət hüququnun qorunmasının prioritetliyindən və insan hüquqlarının effektiv müdafiə olunması prinsipindən irəli gəlir. Dövlət orqanları tərəfindən verilmiş rəsmi sənədlər, o cümlədən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış kimi sənədlər mülkiyyət hüququnu rəsmən təsdiq edir. Bu sənədlərin hüquqi qüvvəsi prezumpsiya (qanuni düzgünlük ehtimalı) xarakteri daşıyır və yalnız məhkəmə qaydasında, əsaslı və sübuta yetirilmiş hallarda onların hüquqi qüvvəsi şübhə altına alına bilər. Daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan qanunvericiliyində təsbit edilən mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilən səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Kollegiya qeyd edir ki, məhkəmə bu funksiyasını yerinə yetirərkən “ultra vires” prinsipinə riayət etməlidir. Yəni, məhkəmə öz səlahiyyət həddini aşaraq dövlət orqanlarının verdiyi hüquqi sənədlərin etibarlılığını, müvafiq qanuni əsaslar və sübutlar olmadan şübhə altına ala bilməz. Əks halda, məhkəmə səlahiyyətini aşaraq (ultra vires fəaliyyəti göstərərək) hüquqi sabitliyi, mülkiyyət hüquqlarının müdafiə prinsipini və hüquqi dövlətin əsas təməl prinsiplərini pozmuş olar. Belə ki, AİHM-in “J.A. Pye (Oxford) Ltd və J.A. Pye (Oxford) X7rşı” işində (2007) vurğulanmışdır ki, mülkiyyət hüququ kontekstində dövlətin yaratdığı hüquqi rejim və mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədlər yüksək qoruma altında olmalıdır və onların pozulması yalnız qanuni və proporsional əsaslarla baş verə bilər. Həmçinin AİHM-in “Kopecký Slovakiyaya qarşı” (2004) qərarında qeyd edilir ki, qanunla tanınmış mülkiyyət hüququ yalnız istisna hallarda və hüquqi dövlətin prinsiplərinə uyğun surətdə məhdudlaşdırıla və ya aradan qaldırıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarını aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Saatlı Rayon Məhkəməsinin 2(055)-47/2025 saylı, xx.xx.2025-ci il il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Apellyasiya şikayəti təmin edilmədiyindən, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş xərc cavabdehin üzərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 2(055)-47/2025 saylı, xx.xx.2025-ci il il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar