Məhkəmə qərarları › İş №2(105)-67/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-67/2025

03.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-67/2025 03.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, dəmir torun sökülməsi, torpaqdan qanunsuz istifadəyə son qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, vindikasiya iddiası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), X14 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 və nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-12/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. 09 iyun 2021-ci il tarixli, № **********65 nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı ünvanlanan məktubundan görünür ki, torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi məqsədilə Ərazi İdarəsinin əməkdaşları zəruri olan ölçmə işlərinin aparılması üçün əmlakın yerləşdiyi ünvanda olmuşlar. Lakin, torpaq sahəsinin yerləşdiyi ərazi dəmir tor çəpər ilə çəpərləndiyi üçün ölçmə işlərinin aparılması qeyri-mümkün olmuşdur.

2. MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Dədəgünəş kəndində kənd təsərrüfatı təyinatlı 0,7175 ha torpaq sahəsinin hüquq sahibləri – 0,1435 ha - X10, 0,287 ha - İddiaçı, 0,1435 ha - X11, 0,1435 ha - X7r.

3. MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Dədəgünəş kəndində yerləşən 0,87 ha torpaq sahəsi X2 mülkiyyətindədir.

4. MH seriyalı 003986 nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Dədəgünəş kəndində yerləşən 0,7175 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.

5. MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Dədəgünəş kəndində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.

6. MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Dədəgünəş kəndində yerləşən 0,8912 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.

7. MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Dədəgünəş kəndində yerləşən 0,574 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.

8. xx.xx.2021-ci il tarixli, 25 nömrəli Şamaxı rayon Dədəgünəş Bələdiyyəsinin arayışından görünür ki, Cavabdeh, həqiqətən torpaq islahatına qədər Soltanov Mülkşah zəbt etdiyi bələdiyyə torpaq sahəsini 2007-ci il tarixdə satarkən onun torpaq sahəsi ilə qonşu torpaqları olan Cavabdeh ilə mübahisələri düşmüş bu səbəbdən onlar Dədəgünəş bələdiyyəsinə müraciət etmiş, xüsusi mütəxəssislər dəvət edilmiş, DTXK-nın Şamaxı rayon şöbəsinin böyük mütəxəssisi M.Həmidov, Ağsu RAYİ-nin mühəndisi B.Qasımov, Dədəgünəş bələdiyyəsinin sədri R.Soltanov, Bakı şəhər sakini Cavabdeh, Dədəgünəş kənd sakini Soltanov Mülkşahın iştirakı ilə akt tərtib edilmişdir. Torpaq sahəsinin sərhədləri dəqiq göstərilmişdir. Məsələ həll edildikdən sonra hamının gözü qarşısında Cavabdeh öz torpaq sahəsini dəmir torla hasarlamışdır.

9. 28 avqust 2007-ci il tarixli aktdan görünür ki, Cavabdeh ilə Soltanov Mülküşah arasında olan torpaq mübahisəsini həll etmək üçün bələdiyyə xəritəsi və bölgü xəritəsinə əsasən sahələr ölçüldü və hər iki tərəfə göstərildi. Yekunda tərəflər arasında mübahisə qalmadı.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10-7171 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********34 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, naturada İddiaçı torpaq istifadəçiliyi olmadığından Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,7175 ha torpaq sahəsinin naturada həmin əraziyə və konfiqurasiyaya uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Mütəxəssis rəyinə əsasən, İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən mülkiyyətinə verilmiş 0,7175 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətinə verilmiş MH seriyalı ******* nömrəli çıxarışla 0,7175 ha torpaq sahəsinin, MH seriyalı ******* nömrəli çıxarışla 0,12 ha torpaq sahəsinin, MH seriyalı ******* nömrəli çıxarışla 0,574 ha torpaq sahəsinin reyestr nömrəsi **********35 olan çıxarışla 0,8912 ha torpaq sahəsinin və X3 mülkiyyətinə verilmiş MH seriyalı ******* nömrəli çıxarışla 0,87 ha torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən olundu. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, mülki iş materiallarına əlavə olunmuş çıxarışların plan ölçü sənədlərində qeyd olunan koordinatlar daxilində olan torpaq sahələri natura ilə uyğunsuzluq təşkil edir. Torpaqların elektron kadastrı uçot informasiya sisteminə (TEKUİS) əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,7175 ha torpaq sahəsinin 0,53 ha hissəsi cavabdeh tərəfindən naturada istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh naturada istifadə etdiyi torpaq sahəsini dəmir torla hasarlamış və tikinti işləri aparmışdır. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 50 manat təşkil edir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/356 nömrəli ekspert rəyindən görünür ki, islahat nəticələrini özündə əks etdirən xəritə məlumatları ilə (DWG məlumatları) Şamaxı rayonu Dədəgünəş kəndində yerləşən torpaq mülkiyyətçilərinin faktiki istifadəçiliyi arasında uyğunsuzluqlar mövcuddur. Mülkiyyətçilərə verilmiş çıxarışlar islahat xəritəsinə əsasən verilməsi səbəbindən naturada istifadələrində olan torpaq sahələrinin koordinatları ilə eynilik təşkil etmir. Eyni zamanda torpaqların elektron kadastr uçotu aparılan zaman həmin massivdə mülkiyyətçilərin faktiki istifadəçiliyi düzgün qeyd edilməmişdir. Qeyd edilən səbəblərdən və İddiaçı naturada faktiki torpaq istifadəçiliyi olmadığından, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa (reyestr nömrəsi **********46) əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus olan 0.7175 ha torpaq sahəsinin naturada koordinatlarını dəqiq müəyyən etmək mümkün olmadı. İslahat nəticələrini özündə əks etdirən xəritə məlumatları ilə (DWG məlumatları) Şamaxı rayonu Dədəgünəş kəndində yerləşən torpaq mülkiyyətçilərinin faktiki istifadəçiliyi arasında uyğunsuzluqlar mövcuddur. Mülkiyyətçilərə verilmiş çıxarışlar islahat xəritəsinə əsasən verilməsi səbəbindən naturada istifadələrində olan torpaq sahələrinin koordinatları ilə eynilik təşkil etmir. Eyni zamanda torpaqların elektron kadastr uçotu aparılan zaman həmin massivdə mülkiyyətçilərin faktiki istifadəçiliyi düzgün qeyd edilməmişdir. Belə ki, Cavabdeh mülkiyyətində olan torpaq sahələri faktiki istifadə etdiyi tor çəpər daxilində olan torpaq sahəsinin daxilində qeyd edilməli idi. Qeyd edilən səbəblərdən və Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahələrinin elektron uçot məlumatlarında faktiki istifadəçiliyinə uyğun işlənmədiyindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışa (reyestr nömrəsi **********98) əsasən Şamaxı rayonu, Dədəgünəş kəndində yerləşən 0.7175 ha torpaq sahəsinin, MH seriyalı ******* nömrəli Çıxarışa (reyestr nömrəsi **********62) əsasən Şamaxı rayonu. Dədəgünəş kəndində yerləşən 0.12 ha torpaq sahəsinin, MH seriyalı ******* nömrəli Çıxarışa (reyestr nömrəsi**********35) əsasən Şamaxı rayonu, Dədəgünəş kəndində yerləşən 0.8912 ha torpaq sahəsinin, MH seriyalı ******* nömrəli Çıxarışa (reyestr nömrəsi **********94) əsasən Şamaxı rayonu, Dədəgünəş kəndində yerləşən 0,574. Mülki iş materiallarına əlavə olunmuş çıxarışların plan ölçü sənədlərində qeyd olunan koordinatlara (sənədlərə) əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus Şamaxı rayonu, Dədəgünəş kəndində yerləşən 0.7175 ha torpaq sahəsi ilə Cavabdeh məxsus olan Şamaxı rayonu, Dədəgünəş kəndində yerləşən 0.7175 ha, 0.12 ha, 0.8912 ha, 0,574 ha torpaq sahələri üst-üstə düşmür. Lakin torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.7175 ha torpaq sahəsinin 0. 53 ha hissəsi Cavabdeh tərəfindən çəkilmiş tor hasar daxilində olan torpaq sahəsi ilə üst-üstə düşür. Araşdırma zamanı məlum oldu ki, torpaqların elektron kadastr uçotu aparılan zaman həmin massivdə mülkiyyətçilərin faktiki istifadəçiliyi düzgün qeyd edilməmişdir. Belə ki, naturada faktiki olaraq Cavabdeh tor çəpər daxilində olmaqla 2.80 ha torpaq sahəsi istifadəsindədir. İş materiallarında qeyd olunan Cavabdeh məxsus çıxarışlara əsasən və iş materiallarında adı hallanmayan mübahisəli ərazidə yerləşən X6 adına reyestr nömrəsi **********93 olan çıxarışda qeyd olunan torpaq sahələrinin cəmi hektarı 3.17 ha təşkil edir. Bundan məlum olur ki, Cavabdeh naturada faktiki olaraq 0.37 ha az torpaq sahəsi istifadə edir. İddiaçı naturada faktiki istifadəçiliyi olmadığı halda ona məxsus torpaq sahəsinin 0.53 ha hissəsi Cavabdeh naturada faktiki olaraq istifadə etdiyi tor çəpər daxilində olan torpaq sahəsinin üzərinə işlənmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş, iddiaçıya və ailəsinə məxsus olan torpaq sahəsinin boşaldılması, həmin hissəyə çəkilmiş torun sökülərək iddiaçıya məxsus sahədən çıxarılması və həmin sahənin onun istifadəsinə qaytarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Şamaxı rayonu Aqrar islahat komissiyasının qərarı ilə 0,7175 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən biçin sahəsi kimi istifadə edirlər. O, fərdi əmək fəaliyyəti ilə məşğul olduğundan Müşfiq qəsəbəsində yaşayır. Kənddə az-az olur. Bir-iki əvvəl kəndə gələndə torpaq sahəsinin cavabdeh tərəfindən çəpərləndiyini görüb. Cavabdehə bildirib ki, onun torpağını niyə çəpərləyiblər. Deyib ki, öz torpaqlarıdır. Bu mübahisə tərəflər arasında xeyli davam edib. O, sərhədlərin dəqiqləşməsi üçün DƏDRX-nin Şamaxı ərazi idarəsinə müraciət edib. Onlar da ona kömək edə bilməyiblər. Deyiblər ki, torpaq sahəsinə çəpər çəkilib, birinci bu mübahisəni həll edin. Sonra qalan məsələləri həll edərik. Əvvəl icra nümayəndəsinə və sonra polis Şöbəsinə müraciət edib, ona məsləhət görülüb ki, məhkəməyə müraciət etsin.

14. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-12/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı və ailəsinin mülkiyyətində olan 0,7175 hektar torpaq sahəsinin 0,53 ha hissəsinin Cavabdeh tərəfindən boşaldılması, həmin hissədə cavabdeh tərəfindən çəkilmiş dəmir torun sökülməsi və İddiaçı və ailəsinin mülkiyyətində olan 0,7175 hektar torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması, Cavabdeh keçirilmiş ekspertizanın dəyəri 50 manat pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Natiq İsmayılov).

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.2, 157.4, 164.1, 164.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(074)-12/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində bildirmişdir ki, kənddə yaşamır və guya ona məxsus olan torpaq sahəsinin hasarlandığını 1-2 il əvvəl görüb, guya o zaman xəbərdarlıq edib. Qeyd etmək istəyir ki, mübahisələndirilən torpaq sahəsi 2007-ci ildən onların sahibliyindədir. Məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, elə həmin dövrdə həmin əraziyə gediş-gəlişin təmin edilməsi məqsədilə digər şəxsə qarşı qaldırılmış iddia da bunu sübut edir. Necə ola bilər ki, 2007-ci ildən həmin torpaq sahəsinə dəmir tor çəkilə və iddiaçı bundan xəbərdar olmaya. Dədəgünəş kəndi çox böyük deyildir, hər kəs bir-birini tanıyır və təbii ki görülən işlərdən hər kəsin xəbəri olur. Fərz edək ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin dəmir torla hasarlanmasından bu illər ərzində məlumatı olmayıb. İddia ərizəsində özü etiraf edir ki, 1-2 il əvvəl xəbəri olub. Bu kəsici müddətin tətbiq edilməsi üçün də əsasdır. Məlumdur ki, kəsici müddətin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizə verilməsinə labüd hesab edilmir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Bu məhkəmə tərəfindən tətbiq edilən hüquqdur. Əgər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyətçi qeydə almanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır.

18. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Dəmir tor ilə hasara aldıqları sahədə atası X1 Dədəgünəş kənd bələdiyyəsindən aldığı 0,12 ha torpaq sahəsi var. Bu barədə mütəxəssis bir kəlmə də məlumat verməmişdir. Sual olunur, məhkəmənin ondan alınıb İddiaçı verdiyi 0,53 ha torpaq sahəsinin əvəzini kimdən almalıdır? Mütəxəssis ona məxsus torpaq sahələrinin ölçülərinin çıxarışa uyğun olub-olmadığını niyə müəyyən etməmişdir.

19. Əgər İddiaçı iddia etdiyi kimi 1998-ci ildən ona verilmiş torpağın Naturada (torpağın üstündə) harada olduğunu göstərə bilmirsə, ona məxsus olan torpaq sahəsinin onun mülkiyyətində olan əmlak olduğu qənaətinə hardan gəlmişdir. Bu sahələrə 20 ildir ki, sahiblik edirlər. Vicdanlı sahibkar kimi ərazidə artizian quyusu (34 metr dərinliyində) qazmışlar, 1 km yolu təmir etmiş, çınqıl tökmüşlər, bağ salmışlar, əkin əkmişlər, bir sözlə sahibkarlıq etmişlər Respublikada bolluq yaradılmasına xidmət etmişlər. 10-larla adama əmək haqqı vermişlər, vergi ödəmişlər və sairə. Vəsatətlə məhkəmədən xahiş etmişlər ki, onun adına olan torpaq sahələrinin də koordinatları, sərhədləri göstərilsin. Hüquqi şəxs 14 saylı Şamaxı ərazi İdarəsinin mütəxəssisi yalnız üstü örtülü şəkildə bildirir ki, İddiaçı torpaq sahəsi Cavabdeh torpaqları ilə üst-üstə düşmür. Sərhədləri göstərməmişdir. Əgər naturada koordinatların sərhədləri tapılmırsa, hardan bilinə bilər ki, üst-üstə düşmür.

20. İddiaçı tərəfindən ona məxsus olan torpaq sahəsinin naturada hansı ərazidə (koordinatlarda) yerləşməsinə dair müvafiq orqana qarşı iddia ilə müraciət etməli, ərazisinin naturada harada yerləşməsi müəyyənləşdikdən sonra, əgər mübahisələndirdiyi torpaq sahəsi ona məxsus idisə, sonra bu iddianı qaldırmalı idi. Məhkəmə iddia tələbini təmin etməklə, digər şəxslərini mənafeyinə toxunmaqla, faktiki olaraq həmin torpaq sahəsini alqı-satqı əsasında əldə etmiş X1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə müdaxilə etmiş, düzgün koordinatları bu kimi halları nəzərə almayaraq, ədalətsiz qərar çıxarmışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllədə məhkəmə qətnaməsi üçün ən əsas tələb onun qanuni və əsaslı olmasıdır. Lakin qeyd etdiyimiz dəlillərə əsasən mübahisələdirilən qətnaməni qanuni və əsaslı hesab etmək olmaz. Qeyd etməyi zəruri hesab edirik ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan HüquqlarıMəhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970- ci il tarixli qərarı, “Riersack Belçikaya qarşı” iş üzrə 1 oktyabr 1982-ci il tarixli qərarı, “X17rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Hazırkı işdə qəbul edilmiş qərarın ədalətli tarazlığı bərqərar etməsi görünmür. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə tərəfindən maddi və prossesual hüquq normalarının pozuntularına yol verilməsi ilə işə obyektiv baxılmayıb və sonda düzgün olmayan qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsinin qanuni hesab olunması üçün eyni zamanda onun MPM-nin 220.4-cü maddəsinin tələbinə uygun olması lazımdır. Həmin maddədə qeyd edilir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktlarırədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarına əsasən, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutlarırədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci maddəsinə görə məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qarşılıqlı iddia ərizəsinin heç bir bəndi nəzərə alınmamışdır, məhkəməyə təqdim edilən sənədlərin heç biri nəzərə alınmamışdır. Əgər məhkəmə ədalətli olsaydı, 25 aprel 2023-cü ildə ekspert üzvləri Tağıyevdən xahiş etdikdə ki, Arazın tutduğu torpaq sahəsində torpağını təqribi göstər, Tağıyev mat qaldı. Heç bir kvadrat metr yeri göstərə bilmədi. Ekspert yerində akt tərtib etdi, ekspertin üzvləri: Tağıyev S., Abdullayev N., kənd bələdiyyəsinin sədr müavini - iddiaçının doğma bacısının həyat yoldaşı Məmmədov Bülbül aktı öz imzaları ilə təsdiq etdilər. X12 bildirdi ki, Arazgil yeri reyesterçilərin göstərişi ilə tutub. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının da torpağı pay torpaqdır. Pay torpağı dərəyə, daşlığa, kolluğa, meşəyə düşə bilməz, çünki o kənd təsərrüfatına yararlı torpaqdır. Elektron xəritə tərpənməz dayaq nöqtəsinə əsaslanmadan çəkildiyinə görə, sərhədləri istədiyin tərəfə döndərə bilərsən. Tağıyevin pay torpağı əkinə yararlı olmalıdır. Elektron-uçot-informasiya sahəsinə əsasən xəritədə 0,7 ha torpaq sahəsi (qara şəkildə) meşədir. Meşəni necə əkəcəksən? Məhkəmə bu hadisələrin baş verdiyi 2007-ci ildəki vəziyyəti nəzərə almır. 2022-ci ildəki torpaqların elektron kadastrı uçot informasiya sahəsinə əsasən qərar verir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 və nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.

23. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

24. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

26. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

31. Maddə 49.1 Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

32. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

33. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

38. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının

43. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

44. Bənd 2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

45. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

46. Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Apellyasiya baxışının hədləri

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

49. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-12/2023 nömrəli qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

50. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Beləliklə, iş üzrə məhkəmə araşdırmaları ilə müəyyən edilən cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin 0.53 ha hissəsindən istifadə etməsi halı iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə kimi qiymətləndirilməlidir.

53. İşin hallarından görünür ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh də iddiaçının mülkiyyətində olan 0.53 ha torpaq sahəsini istifadə edir. Bu fakt işdə olan birinci instansiya məhkəməsində qərardad əsasında əldə edilmiş mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur.

54. Əvvəla kollegiya cavabdehin apellyasiya şikayətində müddətin keçməsi ilə bağlı dəlili ilə bağlı bildirir ki, mülkiyyətin müdafiəsinə dair iddialara iddia müddəti şamil edilmir.

55. Apellyasiya şikayətinin digər dəlillərində qeyd olunan hallar apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza ilə öz təsdiqini tapmamışdır.

56. Belə ki, apellyasiya şikayətinin dəlillərini yoxlamaq məqsədi ilə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində məhkəmə kollegiyası tərəfindən əldə edilmiş ekspert rəyi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.7175 ha torpaq sahəsinin 0.53 ha hissəsinin Cavabdeh tərəfindən çəkilmiş tor hasar daxilində olan torpaq sahəsi ilə üst-üstə düşməsi, İddiaçı naturada faktiki istifadəçiliyi olmadığı halda ona məxsus torpaq sahəsinin 0.53 ha hissəsinin Cavabdeh naturada faktiki olaraq istifadə etdiyi tor çəpər daxilində olan torpaq sahəsinin üzərinə işlənməsi müəyyən edilmişdir.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya düzgün olaraq iddianı təmin edərək, İddiaçı və ailəsinin mülkiyyətində olan 0,7175 hektar torpaq sahəsinin 0,53 ha hissəsinin Cavabdeh tərəfindən boşaldılması, həmin hissədə cavabdeh tərəfindən çəkilmiş dəmir torun sökülməsi və İddiaçı və ailəsinin mülkiyyətində olan 0,7175 hektar torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması barədə nəticəyə gəlmişdir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

59. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.

60. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

61. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.

62. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın (torpağın) cavabdehin qeyriqanuni sahibliyində olmasını sübuta yetirə bilmişdir. Cavabdeh isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

63. Belə ki, Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

64. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

65. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspertiza tədqiqatının xərci olan 100 manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-12/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar