Məhkəmə qərarları › İş №2(014)-1037/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1037/2022

20.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1037/2022 20.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 17 saylı Ərazi İdarəsinə qarşı evdən çıxarılma, divarın əvvəlki vəziyyətə gətirilməsi və yaşayış evinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 17 saylı Ərazi İdarəsinə qarşı evdən çıxarılma, divarın əvvəlki vəziyyətə gətirilməsi və yaşayış evinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 mart 2022-ci ildə də ƏMDK-nin DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,3 kvadratmetr sahəsi olan yaşayış evi, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********40-093008 olan dövlət çıxarışı onun mülkiyyətinə verilmişdir. Ona məxsus yaşayış evi cavabdeh tərəfindən qanunsuz işğal edilərək istifadə edilir. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, cavabdeh yaşayış evini tərk etməyibdir. Hazırda cavabdeh yaşayış evini qanunsuz zəbt etdiyi üçün valideynlərinə məxsus yaşayış evi ilə onun şəxsi yaşayış evinin aralıq divarından özbaşına giriş qapısı qoydurmuş və qanunsuz olaraq onun yaşayış evindən daha rahat istifadə edir. Bundan başqa, cavabdeh müxtəlif məhkəmələr vasitəsi ilə onun mülkiyyətinə qeydiyyata düşməyə də cəhd edir. Nəticədə o, öz mülkiyyəti olan yaşayış evindən və onun istifadəsindən məhrum olunmuşdur. Cavabdehin ucbatından o, öz yaşayış evinə yaxınlaşa bilmir və öz şəxsi mülkiyyətindən məhrum qalmışdır. Cavabdehin sadalanan əməlləri öz növbəsində cinavət xarakterlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh torpaq sahəsini zəbt etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışın surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,4 m2 olan mənzil vardır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********40-05101-093008 olan Texniki Pasportun təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,4 m2 olan mənzilin hüquq subyekti İddiaçıdur. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(014)- 910/2020 saylı qətnamənin surətindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı Cavabdeh X5 ilə birgə nikahlarından anadan olmuş uşaqları 21 oktyabr 2011-ci il təvəllüdlü X1 və 14 dekabr 2017-ci il təvəllüdlü X3 ilə birlikdə cavabdehlərin yaşadıqları, cavabdeh X4 məxsus olub, Ağdaş şəhəri, SU-18 qəsəbəsində yerləşən mənzilin yaşayış sahəsindən və kommunal sahələrindən istifadə hüququnun tanınması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-292/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli, 2(014)-910/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən sаxlаnılması qət edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1322/2022 saylı qərardadının surətindən görünür ki, cavabdeh X2 Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(107)-292/2021 nömrəli qərardadından verdiyi kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və işin Şəki Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. İşin materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)- 23/2022 saylı qərarının surətindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Ağdaş rayon Polis Şöbəsinin üzərinə Cavabdeh ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi qoyulmuşdur. Beləliklə, işin materiallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən onun istifadəsində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,4 m2 olan mənzildən qanunsuz istifadə etməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə qətnaməsi əsasında cavabdehin həmin mənzildən istifadə hüququ tanınmış və məhkəmə qərarı əsasında cavabdehin həmin mənzildə qeydiyyata alınması müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,4 m2 olan mənzildən qanunsuz istifadə etməsi ilə əlaqədar mübahisə yaranmışdır. Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,4 m2 olan mənzildən qanunsuz istifadə etməsinə dair hər hansı sübut mövcud deyil. Həmçinin, qapının sökülməsi ilə bağlı iddiaçı ümumiyyətlə məhkəməyə hər hansı divarın sökülərək yerinə qapı qoyulmasına dair sübut təqdim etməmişdir. Yalnız belə sübut təqdim edildikdən sonra məhkəmə həmin qoyulmuş qapının iddiaçının hüququnu pozubpozmamasını və cavabdehin həmin ev üzərində yaranmış istifadə hüququnun həyata keçirilməsi üçün zəruri yenidən qurma işləri ilə bağlı olub-olmamasına hüquqi münasibət bildirilə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 17 saylı Ərazi İdarəsinə qarşı evdən çıxarılma, divarın əvvəlki vəziyyətə gətirilməsi və yaşayış evinin zəbtdən azad edilməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 17 saylı Ərazi İdarəsinə qarşı evdən çıxarılma, divarın əvvəlki vəziyyətə gətirilməsi və yaşayış evinin zəbtdən azad edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar