Məhkəmə qərarları › İş №2(014)-11/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-11/2024

13.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-11/2024 13.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın tikintisinə və əsaslı təmirinə çəkilmiş pulun yarısının və birgə nikah dövründə alınmış avtomobilin alqısatqısından əldə olunmuş pulun yarısının bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın tikintisinə və əsaslı təmirinə çəkilmiş pulun yarısının və birgə nikah dövründə alınmış avtomobilin alqısatqısından əldə olunmuş pulun yarısının bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 28 oktyabr 2000-ci il tarixində Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 23 avqust 2001-ci il tarixdə X7, 12 iyul 2004-cü il tarixdə X8, 29 dekabr 2010-cu il tarixdə X9 adlı övladları dünyaya gəlmişdir. Birgə yaşadıqları müddətdə dəfələrlə aralarında söz-söhbət olsa da, uşaqlarının xatirinə ailəni dağıtmamışdır. Lakin son zamanlar ailələlərinin vəziyyət çox gərginləşib, dözülməz hala gəlmiş, hər gün evimizdə dava-dalaş, söz-söhbət olmuşdur. Bütün bunlara son qoymaq üçün məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X10 arasında 28 oktyabr 2000-ci il tarixdə Ağdaş rayon VVAQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 108 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahından anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X1 Günel Rahib qızının yanında saxlanılmış, Cavabdeh 17 mart 2021-ci il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaga görə sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Evli olduqları zaman Bakı şəhəri ünvan 1 ünvanından 18.000 manata ev almışlar. Daha sonra həmin evi təmir etdirərək yeniləmişlər. Bütün bu illər ərzində həmin evin təmin işlərinə ümumilikdə 45.000 manatadan çox pul xərcləmişlər. Belə ki, həmin ev 1 mərtəbəli, 4 otaqdan, hamam, mətbəx və zaldan ibarətdir. Bundan başqa təxminən 7 il bundan əvvəl 10.000 min manata **-XK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, qara rəngli avtomobil almışlar. Həmin avtomobilin alınmasında onun əməyi olub. Belə ki, o işlədiyi üçün evin təlabatını ödəyir, Ramil isə qazancını həmin avtomoblin alınmasına sərf edirdi və nəticədə həmin avtomobili almışlar. Lakin onlar boşandıqdan sonra Ramil onların birgə evlilik dövrümüzdə aldıqları avtomobili sataraq öz şəxsi maraqları üçün xərcləmişdir. Buna görə də, hesab edir ki, onların birgə evlilik dövrümüzdə əldə etdikləri, Bakı şəhəri ünvan 1 ünvanından yerləşən 1 mərtəbəli, içərisində 4 otaq, 1 mətbəx, 1 hamam, 1 ayaqyolu, talvardan ibarət evin tikintisinə və əsaslı təmirinə xərclənmiş 50000 (əlli min) manat pulun yarısının Cavabdeh tutulub İddiaçı ödənilməsi, **-XK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, qara rəngli avtomobilin alqı-satqısından əldə olunmuş 10 000 (on min) manatın yarısının Cavabdeh alınıb İddiaçı, ilkin mediasiya sessiyasının keçrilməsinə dair 50 manat pulun və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənimiş 190 manat pulun Cavabdeh alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tarixli 3-16-16/2-10/9605-9/9772 saylı rəydən görünür ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evində aparılmış təmir-tikinti işləri hansı tarixdə aparılıb-aparılmamasının müəyən olunmasına dair metodika olmadığından, həmin aparılmış təmir-tikinti işləri nə vaxt həyata keçirilməsini və həmin dövr üçün nə qədər vəsait sərf edilməsini müəyyən etmək mümkün olmadı. Eyni zamanda, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 51000 manat məbləğində müəyyən edilir. İşin materallarından olan Azərbaycan Respublikası Baş X17 İdarəsi 06 may 2023cü il tarixli məktubundan görünür ki, “Mercedes Benz 300D” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh adına qeydiyyat hərəkətləri və ya alqısatqı əməliyyatı aparılmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə birgə nikah dövründə Bakı şəhəri ünvan 1 ünvanından yerləşən 1 mərtəbəli, içərisində 4 otaq, 1 mətbəx, 1 hamam, 1 ayaqyolu, talvardan ibarət evin tikintisinə və əsaslı təmirinə xərclənmiş 50000 (əlli min) manat pulun, eyni zamanda **-XK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, qara rəngli avtomobilin alqı-satqısından əldə olunmuş 10000 (on min) manat pulun yarısını, həmçinin müvafiq olaraq mediasiyaya və məhkəməyə müraciət etmək üçün ödənilmiş rüsumların cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ilə birgə nikah dövründə Bakı şəhəri ünvan 1 ünvanından yerləşən 1 mərtəbəli, içərisində 4 otaq, 1 mətbəx, 1 hamam, 1 ayaqyolu, talvardan ibarət evin tikintisinə və əsaslı təmirinə xərclənmiş 50000 (əlli min) manat pulun xərcləndiyini, eyni zamanda **-XK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, qara rəngli avtomobilin alqı-satqısından 10000 (on min) manat pulun əldə olunduğunu qeyd etsə də, həmin avtomobilə və fərdi yaşayış evinə dair sübutları məhkəməyə təqdim olunmamışdır. İddiaçının birinci tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tələbində mənzilin ünvanını qeyd edərkən Bakı şəhəri və Xırdalan şəhəri, o cümlədən H.Əliyev prospekti və Koroğlu küçəsi yazmaqla, anlaşılmaz ünvan göstərmişdir. İddia ərizəsinə iddiaçının cavabdehin mülkiyyətində olduğunu iddia etdiyi əmlaka dair nəinki cavabdehin mülkiyyətində olmasını təsdiq edən, ümumiyyətlə, heç bir sənəd əlavə edilməmişdir. Həmçinin, ekspert iş üzrə tədqiqat obyektinə baxış keçirərək rəy vermiş və göstərmişdir ki, aparılmış təmir-tikinti işlərinin nə vaxt həyata keçirilməsini və həmin dövr üçün nə qədər vəsait sərf edilməsini müəyyən etmək mümkün olmadı. İddiaçının ikinci tələbi ilə bağlı məhkəmə qeyd edir ki, **-XK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobil heç vaxt cavabdehin mülkiyyətində olmamışdır. İddiaçının rüsumların ona geri qaytarılması tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddia tələbi əsas mahiyyəti üzrə əsassız olduğundan, məhkəmə xərcləri də cavabdehdən alınaraq iddiaçıya verilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın tikintisinə və əsaslı təmirinə çəkilmiş pulun yarısının və birgə nikah dövründə alınmış avtomobilin alqı-satqısından əldə olunmuş pulun yarısının bölünməsi tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın tikintisinə və əsaslı təmirinə çəkilmiş pulun yarısının və birgə nikah dövründə alınmış avtomobilin alqısatqısından əldə olunmuş pulun yarısının bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar