Məhkəmə qərarları › İş №2(014)-1150/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1150/2021

22.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1150/2021 22.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı qeydiyyatda olduğu mənzilə köçürülmə, həmin mənzildən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qeydiyyatda olduğu mənzilə köçürülmə, həmin mənzildən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2002-ci ildə ailə həyatı quraraq hazırda qeydiyyatda olduğu ünvana gəlin köçmüşdür. Nikahlarını 06 fevral 2007-ci ildə rəsmi qeydə aldırmışlar. Birgə nikahdan 28 sentyabr 2003-cü ildə X4 26 may 2006-cı ildə də X5 anadan olmuşdur. 22.10.2019-cu ildə Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1295/2019 saylı qətnaməsi ilə cavabdehlə ayrılmışlar. 2019-cu ildən etibarən cavabdehdən ayrılmışdır. Həmin vaxtdan etibarən də cavabdehdən ayrı övladları ilə birgə kirayədə qalır, hərdən də valideynlərinin evinə sığınır və valideynlərinin himayəsində yaşayır. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1295/2019 saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş X1 və X3 18 yaşına çatana kimi saxlanması üçün onun xeyrinə hər ay hər uşaq üçün 110 manat aliment ödənilməsi məqsədi ilə qətnamə çıxarılmışdır. İddiaçı və iki azyaşlı övladları hamısı cavabdehlə birlikdə cavabdehin də qeydiyyatda olduğu Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsi 9/7 ünvanda yerləşən, 5 otaq və 1 mətbəxdən ibarət olan (cavabdehin ailə üzvlərinə məxsus) daşınmaz əmlakda qeydiyyatdadırlar. Cavabdehdən ayrılana kimi də cavabdeh və iki övladı ilə birlikdə həmin ünvanda yaşamışlar. Hazırda həmin ünvana köçmək istəməklərinə baxmayaraq, cavabdeh buna mane olur. Hesab edir ki, gəlin köçdüyü gündən ayrıldığı günə kimi cavabdeh və iki övladları ilə birlikdə Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsi 9/7 ünvanında yaşamaqları, həmçinin övladları ilə birlikdə onun qeydiyyatının həmin ünvana olmasını nəzərə alaraq onların həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməlidir. Onun övladları ilə birlikdə qeydiyyatda olduqları ünvanda, həmin evdə yaşamaq və istifadə etmək hüquqları olsa da, cavabdeh yaşayış sahəsindən istifadə hüquqlarını pozaraq, evə girməyi onlara qadağan etmişdir. Onun bütün əşyaları da gəlin köçdüyü və qeydiyyatda olduğu evdə qalıb və hal-hazırda o, əşyasız demək olar ki, çöldə qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, uşaqların evə gəlmələrinə razıdır. Lakin iddiaçı ilə münasibətlərinin bərpa olunması mümkün olmadığından müxtəlif əsassız tələblərlə məhkəməyə müraciət edir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(014)-1295/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçi İddiaçı ilə Cavabdeh arasında bağlanılaraq Ağdaş rayon Qeydiyyat şöbəsində 06 fevral 2007-ci il tarixdə 15 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. 28 sentyabr 2003-cü ildə anadan olmuş X4 və 26 may 2005-ci ildə anadan olmuş X5 anaları İddiaçı yanında saxlanılmışdır. Cavabdeh 22 oktyabr 2019-cu il tarixdən başlayaraq 28 sentyabr 2003-cü ildə anadan olmuş X4 və 26 may 2005-ci ildə anadan olmuş X5 18 yaşına çatana qədər onların saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 110 manat, cəmi 220 (iki yüz iyirmi) manat alimentin tutulması qət edilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş 24 oktyabr 2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Ağdaş rayonunun Yuxarı Zeynəddin kəndində anadan olmaqla, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsi 9/7 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş 12 dekabr 2017-ci il tarixli, AZE seriyalı, 18115534 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 26.05.2005-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş 07 dekabr 2015-ci il tarixli, AZE seriyalı, 10907826 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 28.09.2003cü il tarixdə Rusiya Federasiyası, Yaroslav şəhərində anadan olmaqla, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsi 9/7 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan ƏMDX yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, № ******* saylı çıxarışdan görünür ki, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsi 9/7 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh ilə X2 paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə qeyd edir ki, konkret yaşayış sahəsindən istifadə hüququndan fayda həmin sahədə yaşamaqdan ibarətdir. Bununla belə, Mülki Məcəllənin 152.1-ci maddəsinin mənasına görə əmlakdan istifadə hüququ həmin əmlaka dair sərəncam vermək hüququna və həmin əmlakla bağlı öz mülahizəsinə görə digər şəxslərlə hüquq münasibətlərinə daxil olmaq hüququna malik olan şəxsə - mülkiyyətçiyə məxsus olur. Deməli, iddiaçıya münasibətdə yaşayış sahəsindən istifadə hüququ (yaşayış sahəsinə köçürülmə haqqında iddianın hüquqi nəticəsi olaraq) yalnız mübahisəli mənzilin mülkiyyətçisinin buna razılığının olması şərti ilə tanına bilər. Bununla əlaqədar, iddiaçının mübahisəli ünvanda 05.03.2007-ci il tarixdən qeydiyyatda olması barədə iddia ərizəsinin dəlili həmin tələbin əsaslı hesab olunması üçün hüquqi əhəmiyyəti yoxdur. Belə ki, tərəflərin mübahisəli yaşayış sahəsi ilə bağlı hüquq münasibətləri onların yalnız həmin ünvana qeydiyyata alındıqları vaxtla deyil, həmçinin də həmin sahədə yaşayan şəxslər arasında qeyd olunan sahədən istifadə qaydasını və şərtlərini özündə əks etdirən hallarla müəyyən olunur. Həmin məsələ “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsində öz əksini tapmışdır. Qeyd olunan qanunun normasına əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd edilən Məcəllənin 228.5-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27.05.2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. İşin halları ilə müəyyən edilmişdir ki, İddiaçı paylı mülkiyyətçilər Cavabdeh və X2 qanunvericiliklə dairəsi konkret olaraq müəyyən edilmiş ailə üzvləri sırasına daxil olan şəxs deyildir. Qeyd edilən hüquq normalarından da göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən digər ailə üzvünün istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. Belə olan halda iddiaçının mübahisəli ünvan üzrə qeydiyyatı onun üçün hüquqi nəticələr yaratmamaqla, iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi üçün əsas hesab oluna bilməz. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsi 9/7 ünvanına 05 mart 2007-ci il tarixdə qeydiyyata alınsa da, həmin mənzil yalnız 2013-cü ildə cavabdehin paylı mülkiyyətinə keçmişdir. Həmin tarixdən əvvəl iddiaçı mənzilin kimin mülkiyyətində olmasını, həmin mülkiyyətçiyə münasibətdə iddiaçının qohumluq əlaqəsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində həmin ünvanda qeydiyyatda olmasını əsas kimi göstərsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı qeydiyyatda olduğu mənzilə köçürülmə, həmin mənzildən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qeydiyyatda olduğu mənzilə köçürülmə, həmin mənzildən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar