Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1247/2022 26.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdeh, eyni zamanda cavabdeh X6 nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər X11 və Nümayəndə2 qarşı qeydiyyatda olduğu yaşayış evinə köçürülmə, həmin yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə2 qarşı qeydiyyatda olduğu yaşayış evinə köçürülmə, həmin yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2005-ci ildə cavabdehlə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra mərhum qaynatası və cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən dörd otaq və bir mətbəxdən ibarət yaşayış evinə gəlin gəlmiş, həmin vaxtdan da həmin ünvanda yaşamış və həmin ünvana qeydiyyata düşmüşdür. Cavabdeh1 ilə birgə nikahlarından xx.xx.2006-cı ildə Məfruzə adlı, xx.xx.2008-ci ildə isə Ülviyyə adlı qızları doğulmuşdur. Hazırda övladları da həmin ünvanda qeydiyyatdadır. Hazırda cavabdehlər onu və övladlarını qeydiyyatda olduqları yaşayış evlərində dinc yaşamaqlarına imkan vermirlər. Müxtəlif yollarla onlara maneə törədirlər. Cavabdeh ilə 29 may 2019-cu ildə rəsmi olaraq ayrılmışlar və nikahları pozulmuşdur. Üç ilə yaxındır ki, cavabdehlər tərəfindən onların qeydiyyatda olduqları və illərlə yaşadıqları evlərində yaşamağa imkan verilmir. Hazırda onlar növbə ilə qohumlarının evlərində və himayələrində qalırlar. Ancaq havalar soyuduqca onların qalacaq ümid yerləri olmayacaq. Artıq qohumlarının evlərində belə qalmağa utanırlar. Onların bütün ev və gündəlik tələbat əşyaları evlərindədir. Onun övladları ilə birlikdə gəlin köçdükləri ünvan 1 ünvanındakı yaşayış evində yaşamaqları, həmçinin övladları ilə birlikdə onların qeydiyyatlarının həmin evdə olmasını, həmçinin illərlə ünvan 1 ünvanındakı yaşayış evində yaşamaqlarını və qedyiyyatlarını həmin ünvanda olduğunu nəzərə alaraq onların o yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməlidir. Onlar on illərlə yaşadıqları və qediyyatda olduqları ünvanda, həmin evdə yaşamaq və istifadə etmək hüquqları olsa da, cavabdehlər yaşayış sahəsindən istifadə hüquqlarını pozaraq, evə girməyi onlara qadağan etmişlər. Onların bütün əşyaları da yaşayış evində qalıb və hal-hazırda onlar evsiz-eşiksiz və əşyasız demək olarki çöllərdə qalmışlar. Odur ki, onun övladları iləbirlikdə illərləyaşadıqları və qeydiyyatda olduqları yaşayış evi və yaşayış sahəsindən istifadə hüquqlarının tanınmaqla, qediyyatda olduqları ünvan 1 ünvanındakı yaşayış evi və yaşayış sahəsinə köçürülmələri və həmin yaşayış evinin bügunədək istifadələrində olan dörd otaq, bir mətbəxdən və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı nümayəndəsi Nümayəndə1 Fərruz qızı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qismən qəbul edərək iddiaçının keçmiş gəlini olduğunu, oğlu Ramil ilə 2005-ci ildə rəsmi nikaha girərək ailə qurduqlarını, həmin vaxtdan gəlini və nəvələrinin həmin evdə yaşadıqlarını, sonradan oğlu Ramil ilə gəlini arasında bağlanmış nikahın pozulduğunu, oğlunun hal-hazırda Rusiyada yaşadığını, gəlini Ruhiyyəyə görə gəlini və nəvələrinin onunla bir evdə yaşamağa razı olmadığını, lakin nəvələri üçün gəlinin və nəvələrinin gəlib həmin evdə yerləşən cehiz əşyalarının yerləşdiyi otaqda yaşamalarına etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş mateiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı AA******* №-li, xx.xx.2019-cu ildə Ağdaş RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən, qızları X4 Seriya AZE 12737756 №-li, X5 Seriya AZE 12737753 №-li, xx.xx.2016-cı ildə Ağdaş RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onlar ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1077/2019 saylı, 29 may 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X11 ilə X1 arasında bağlanmış Ağdaş rayon İHB-nin Məşəd kənd İƏD üzrə nümayəndəliyində 05 fevral 2009-cu ildə 03 № ilə qeyd edilmiş nikahın pozulması, 04 aprel 2006-cı ildə anadan olmuş X7 və 19 dekabr 2008-ci ildə anadan olmuş X5 anaları X1 yanında saxlanılmaları qət edilmişdir. İş materiallarında olan 20/2022 saylı, 16 mart 2022-ci il tarixli ilkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər nümayəndələrinin iştirakı ilə ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş seriya RX ******* nömrəli çıxarışın və Daşınmaz Əmlakın Texniki pasportun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 97.60 kv.m, 0.0504 hektar sahədən ibarət fərdi yaşayış evi və torpaq sahəsi X3 adına rəsmiləşdirilmiş, Nümayəndə2, X11 və X2 birgə mülkiyyətinə verilmiş,xx.xx.2018-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində ********** nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin 08 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmək vəzifəsindən azad edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar və tərəflərin izahatları əsasında məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə İddiaçı 2005-ci il tarixdə ünvan 1 ünvanına gəlin köçmüş, həmin evə qeydiyyata alınmış, həmçinin iki övladı da həmin ünvanda qeydiyyatdadırlar. 2005ci ildən həmin evdə qeydiyyatda olmaqla, həmin ünvanda yerləşən dörd otaq və bir mətbəxdən ibarət yaşayış evində yaşayırlar. Cavabdeh X11 ilə 2019-cu il tarixdə aralarında bağlanmış nikah pozulduqdan sonra cavabdehlər tərəfindən iddiaçının və iki övladının qedyiyyatda olduqları ünvanda yaşamalarına maneələr yaradılmış, lakin həm cavabdeh, həm də digər cavabdehin nümayəndəsi olan Nümayəndə2 məhkəmə iclasında iddiaçının və nəvələrinin gəlib özlərinə aid olan otaqlarında yaşamalarına heç bir etirazının olmadığını bildirdi. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı övladları ilə birlikdə yaşadıqları və qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və yaşayış sahəsinə köçürülməli, fərdi yaşayış evindən və yaşayış sahəsindən cavabdehlərlə birlikdə ümumi istifadə qaydası müəyyən edilməli, fərdi yaşayış evinə istifadə hüququnun məhkəmə tərəfindən tanınmasına əsas olmadığı üçün iddia həmin hissədə rədd edilməli, tərəflərin əmlak və əsaslı mənafeləri, iddiaçının ödənilmiş dövlət rüsumunu tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı uşaqları, xx.xx.2006-cı ildə anadan olmuş X7 və xx.xx.2008-ci ildə anadan olmuş X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və yaşayış sahəsinə köçürülsünlər, fərdi yaşayış evindən və yaşayış sahəsindən cavabdehlərlə birlikdə ümumi istifadə qaydası müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-1247/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1247/2022
26.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver