Məhkəmə qərarları › İş №2(014)-1322/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1322/2021

26.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1322/2021 26.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçılar İddiaçı1, Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz hərəkətlərə son qoyulma və dəymiş zərərin (əldən çıxmış faydanın) ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz hərəkətlərə son qoyulma və dəymiş zərərin (əldən çıxmış faydanın) ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 yanvar 1998-ci il tarixli 09 saylı qərarı ilə onların, X2 və X1 ümumi birgə mülkiyyətinə Şordəhnə kənd ərazisindən 1,58 hektar torpaq sahəsi verilmişdir. Ümumi birgə mülkiyyətçilərdən X2 və X4 vəfat etmişlər. Cavabdeh onların qohumudur. Onlar Bakı şəhərində yaşayırlar. Cavabdeh onların rayonda yaşamamağından istifadə edərək, onların mülkiyyətində olan torpaq sahəsini 2006-cı ildən qanunsuz olaraq zəbt edərək istifadə edir. Həmçinin həmin torpaq sahəsində təsərrüfatla məşğul olaraq gəlir əldə edir. Onlar dəfələrlə cavabdehdən torpaq sahələrini boşaltmasını istəmişlər. Aztəminatlı ailə olduqları üçün özlərinə məxsus torpaq sahəsində əkin-biçinlə məşğul olmaq istəsələr də, cavabdeh onların mülkiyyət hüquqlarını pozaraq öz qanunsuz əməllərindən əl çəkməyərək zəbt eldiyi torpaq sahələrindən çıxmamışdır. Cavabdeh onların mülkiyyət hüquqlarını pozulmuş, torpaq sahəsindən istifadə nəticəsində əldə edə biləcəkləri gəlirdən məhrum etmişdir. Cavabdeh bu 15 il ərzində zəbt etdiyi torpaqlarında yonca əkərək ildə iki dəfə olmaqla il ərzində 2000 manat gəlir götürmüşdür. Bu hazırkı bazar qiymətlərinə uyğun olaraq hesabladıqları məbləğdir. Yəni qısacası cavabdeh onları bu 15 il ərzində 30000 manat gəlirdən məhrum etmişdir. Sonuncu dəfə cavabdehə xəbərdarlıq edərək torpaq sahəsinin qaytarılmasını tələb etdikdə cavabdeh onlara hədə-qorxu gəlmişdir. Bu müddət ərzində cavabdehin qanunazidd əməlləri nəticəsində əldən çıxmış fayda olaraq onlara 30000 manat ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən İddiaçı2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 23 mart 1999-cu il tarixli, JN 0063 seriyalı, kod 90305048 olan dövlət aktından görünür ki, torpaq mülkiyyətçisi X2 və ailə üzvləri X4, İddiaçı1 Elburus qızı və İddiaçı2 kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,58 hektar torpaq verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 may 2021-ci il tarixli, 1976 saylı arayışın təsdiqlənmiş surətindən görünür ki, X2 05.03.2011-ci il tarixdə Ağdaş rayonunun Şordəhnə kəndində vəfat etmişdir. İşin materiallarında olan Ağdaş rayon İHB-nın Şordəhnə kənd İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2006-cı il tarixli, AZ-İ seriyalı, 139020 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 11.03.2006-cı il tarixdə Ağdaş rayonunun Şordəhnə kəndində vəfat etmişdir. İşin materiallarında olan Ağdaş rayon İHB-nin Şordəhnə kənd İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 may 2021-ci il tarixli, 91 saylı arayışdan görünür ki, İddiaçı2 Ağdaş rayonunun Şordəhnə kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş rayon İHB-nin Şordəhnə kənd İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 may 2021-ci il tarixli, 84 saylı arayışdan görünür ki, Paşayeva X5 rayonunun Şordəhnə kəndində qeydiyyatdadır. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, torpaq mülkiyyətçisi X2 və ailə üzvləri X4, İddiaçı1 Elburus qızı və İddiaçı2 kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,58 hektar torpaq verilmişdir. X2 və X4 vəfat etmişlər. Həmin 1,58 hektar torpaq sahəsi Cavabdeh istifadəsindədir. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh həmin 1,58 hektar torpaq sahəsi tələb edirlər. Lakin Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə adları olan şəxslər X2 və X4 cavabdehin müvafiq olaraq anası və qardaşıdırlar. Cavabdeh qanunvericiliyin tələblərinə görə onların vərəsəsi ola biləcək şəxsdir. Onların ölümündən sonra vərəsəlik məsələsinə hüquqi qiymət verilməmiş, eyni zamanda iddiaçı onların ölümündən sonra cavabdehin vərəsəliyi qəbul edib-etməməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz hərəkətlərə son qoyulma və dəymiş zərərin (əldən çıxmış faydanın) ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz hərəkətlərə son qoyulma və dəymiş zərərin (əldən çıxmış faydanın) ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar