Məhkəmə qərarları › İş №2(014)-140/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-140/2023

09.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-140/2023 09.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeydiyyatda olduğu ünvan 1 ünvanındakı daşınmaz əmlak mərhum anası X2 məxsusdur. Son bir neçə ilə qədər də həmin ünvanda yaşamışdır. Son bir neçə ildə isə kənd ərazisində təsərrüfatla məşğul olduğu üçün Ağdaş rayonunun Davudlu kəndində təsərrüfat fəaliyyəti ilə məşğul olmuşdur. Xeyli müddətdir ki, doğulub büyüdüyü, qeydiyyatda olduğu, ünvan 1 ünvanındakı mərhum anasına məxsus yaşayış sahəsinə 3 nəfər ailə üzvləri ilə birlikdə köçmək niyyəti olmağına baxmayaraq, Cavabdeh tərəfindən ciddi maneələrlə qarşılaşmışdır. Cavabdehin onunla və mərhum anası ilə heç bir qohumluq münasibətlərinin olmamağına baxmayaraq, cavabdeh onun ailə üzvləri ilə qeydiyyatda olduğu ünvana köçməyinə və orada yaşamağına imkan vermir. Özbaşına mərhum anasına məxsus və qeydiyyatda olduğu yaşayış sahəsinə qanunsuz sahiblənməklə onları evdən qovur. O, illərdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh hazırda qeydiyyatda olduqları və illərlə yaşadıqları evlərində yaşamaqlarına imkan vermir. Cavabdeh hər dəfə onlara problem yaradanda qohumlarının evində və himayəsində qalırlar. Ancaq havalar soyuduqca onların qalacaq ümid yerləri olmayacaqdır. Artıq qohumlarının evində belə qalmağa utanırlar. İllərlə ünvan 1 ünvanındakı yaşayış evində yaşamağı və qeydiyyatının həmin ünvanda olduğunu nəzərə alaraq onların yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməlidir. Onun illərlə yaşadığı və qeydiyyatda olduğu ünvanda, həmin evdə yaşamaq və istifadə etmək hüquqları olsa da, cavabdeh yaşayış sahəsindən istifadə hüquqlarını pozaraq, evə girməyi onlara qadağan etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh qarşı qeydiyyatda olduğu yaşavış evinə köçürülmə, həmin yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində dəqiqləşmə apararaq iddia ərizəsində qeydiyyatda olduğu evə köçüb yaşamağı üçün cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, habelə iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, 2 il əvvəl həmin evə köçərək yaşamışdır. Evi təmir etdirmiş və yaşamalı vəziyyətə gətirmişdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab etmiş və işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin materiallarında olan İddiaçı aid AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 fevral 2019-cu il tarixli, № 239 saylı ölüm haqqında arayışın təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2001-ci il tarixdə Ağdaş rayonunda ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Binələr kənd icra nümayəndəliyi tərəfindən verilmiş 04 dekabr 2009-cu il tarixli, AZ-İ № 525142 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə X6 04 dekabr 2009-cu il tarixdə 06 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Zaməddinova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Güvəkənd kənd icra nümayəndəliyi tərəfindən verilmiş 12 noyabr 2022-ci il tarixli, AZ-T № 215259 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1982-ci il tarixdə Ağdaş rayonunun Davutlu kəndində anadan olmuş, atası X1, anası isə X3r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 fevral 2011-ci il tarixli, AZ-İİ № 608349 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 08 dekabr 2009-cu il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası İddiaçı, anası isə X4r. İşin materiallarında olan Ağdaş rayon Binələr kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2011-ci il tarixli, AZ-İİ № 608358 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 03 yanvar 2011-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası İddiaçı, anası isə X4r. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı və onun ailə üzvləri, yəni özü, arvadı və iki övladı başqa şəxslərə aid evdə yaşayırlar. İddiaçı qeydiyyatda olduğu ünvanda yaşamalarına və istifadə etmələrinə Cavabdeh tərəfindən süni maneələr yaradılır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçüb yaşamağı üçün Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilsin. İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçüb yaşamağı üçün Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar