Məhkəmə qərarları › İş №2(014)-1421/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1421/2024

06.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1421/2024 06.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X4, İddiaçı Bərdə Regional X3 cavabdeh X2 qarşı “özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə Ağdaş rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bərdə X6 Mərkəzi cavabdeh X2 qarşı “özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı Bərdə X6 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciəət edərək Ağdaş rayonu, Ağzıbir kənd sakini X1 Ağzıbir meşəbəyliyinin 1-ci dolayının 1-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 0.03 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 13 saylı X6 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, qeyd edilən torpaq sahəsinin meşə fonduna məxsus olması barədə sübut iddia ərizəsinə əlavə edilməmişdir. Bundan başqa, iddia ərizəsində cavabdehin eyniləşdirilmə məlumatları göstərilməmiş, lakin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portal məlumatından görünür ki, cavabeh Cavabdeh olduğu halda iddia ərizəsində cavabdehin soyadı “Dostməmmədov” qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) qeyd edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bərdə Regional X3 cavabdeh X2 qarşı özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar