Məhkəmə qərarları › İş №2(014)-1468/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1468/2021

23.08.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1468/2021 23.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh iştirakları ilə İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh qarşı gediş-gəliş yolunun üzərinə servitut qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh qarşı gediş-gəliş yolunun üzərinə servitut qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 257/2014 saylı, 22 iyul 2014-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin üzərinə Ağdaş rayonu Binələr kəndində yerləşən 107-ci sıradakı 0,15 ha torpaq sahəsinin İddiaçı ailəsi ilə yaşadığı fərdi yaşayış sahəsinin torpaq sahəsi istisna olmaqla qalan hissəsinə Cavabdeh adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən məhkəmə qərarı icra olunduqdan sonra Cavabdeh mülkiyyətinə verilmiş 0,1389 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ 06 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən qeydə alınmış və ********** qeydiyyat nömrəli, 06 fevral 2016-cı il tarixli, seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və **********15 saylı, 06 fevral 2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Lakin istər DTXK-nın Ağdaş rayon şöbəsi, istərsə də DƏDRX-nin 17 saylı idarəsi tərəfindən 0,1389 ha torpaq sahəsinin plan və ölçüsü tərtib edilərkən mübahisəli ərazidə bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsi bilərəkdən, qərəzli şəkildə onların yaşayış evinin yaxınlığına deyil, Cavabdeh mülkiyyətinə verilmiş 0,1389 ha torpaq sahəsi tərəfə vurulmuşdur. Bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi onun tərəfindən zəbt edilməklə hasara alınmışdır. Cavabdeh 0,07 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin sonradan öz adına rəsmiləşdirilməsindən yayınmaq üçün torpaq sahəsinin plan və ölçüsünü tərtib edən şəxslərlə əlaqəyə girərək bələdiyyə mülkiyyətinə aid torpaq sahəsini əks tərəfə vurdurmuşdur. Sözügedən bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsi 1993-cü ildən etibarən onun istifadəsindədir. Həmin bələdiyyə torpağında ona məxsus tikinti olan tövlə və 15 metr uzunluğunda 6 metr enində talvar (“навес”) yerləşir. DƏDRX-nin 17 saylı idarəsi tərəfindən cavabdehə verilmiş 0,1389 ha torpaq sahəsinin sərhədi onun yaşayış evinin giriş hissəsinə bitişikdir. Bu səbəbdən cavabdeh onun torpaq sahəsini mənimsəmədən əvvəl torpaq sahəsinə darvaza qoydurmuş, 7 metr enində 16 metr uzunluğunda talvar inşa etdirmişdir. Hazırda həmin darvaza və talvar cavabdehin torpaq sahəsindədir. Bu səbəbdən də onun yaşayış evinə giribçıxmağı üçün heç bir yol yoxdur. Həmçinin bugünədək istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsinə gedən yol da cavabdehdədir. Hazırda yaşayış evinə və istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsinə gediş-gəlişi və hər ikisindən də istifadəsi zəruridir. Bu səbəbdən onun yaşayış evinə və bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsinə gediş-gəlişi üçün cavabdehin mülkiyyətində və istifadəsində olan giriş darvazasından bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsinədək olan 8 metr enində 30 metr uzunluğunda gediş-gəliş yoluna ehtiyacı var. Həmin torpaq sahəsinə gediş-gəliş yolu ancaq cavabdehin istifadəsində olan torpaq sahəsindən mümkündür. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirdi ki, iddaçı İddiaçı gediş-gəliş yolunun üzərində servitut qoyulması barədə iddia ərizəsində göstərir ki, həm DTXK-nin komitəsinin Ağdaş rayon şöbəsi, həm də DƏDRX-nin 17 saylı idarəsi tərəfindən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2014-cü il tarixli, 2-1(84)-257/2014 saylı qərarı ilə xüsusi mülkiyyətinə verilmiş 0,1389 ha həyətyanı torpaq sahəsinin plan və ölçüsü tərtib edilərkən mübahisəli ərazidə bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsi bilərəkdən qərəzli şəkildə onun yaşayış evinin yaxınlığına deyil, onun xüsusi mülkiyyətinə verilmiş 0,1389 ha torpaq sahəsi tərəfə vurulmuşdur. Halbuki, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi onun tərəfindən zəbt olunmaqla hasara alınmışdır . O, bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsinin 1993-cü ildən istifadəsində olduğunu və ona məxsus tikinti olan tövlə və 15 metr uzunluğunda 6 metr enində talvar yerləşdiyini göstərir. İddiaçı iddia tələbi fərziyyə, yalan məlumatlar və qanunsuz uydurmalar üzərində qurulmuşdur. Əvvəla, iddiaçı ailəsi ilə birlikdə 1994-cü ildə Ağdam rayonunun Baş Qərvənd kəndindən köçkün düşərək Ağdaş rayon Ləki qəsəbəsinə gəlmiş, xalası qızı Zinyətin evində məskunlaşmışdır. 2000-ci ildə o, onu ailəsi ilə birlikdə Ağdaş rayon XDS-nin 17.07.1990-cı il tarixli 14 nömrəli qərarı ilə onun qanuni istifadəsinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsində tikdirdiyi 2 otaq 1 mətbəxdən ibarət indiki yaşadığı evdə məskunlaşdırmışdır. Hazırda orada tək yaşayır. 1990-cı ildə yuxarıda qeyd etdiyi qərara əsasən 0,15 ha həyətyanı torpaq sahəsi onun qanuni istifadəsinə verildikdən sonra onunla birlikdə oradan həyətyanı torpaq sahəsi alanlar, o cümlədən, o da həyətlərin aşağı hissəsində qalan boş torpaq sahəsini hərə öz sərhədi boyunca qanuni istifadələrinə verilmiş torpaq sahəsinə əlavə etmişlər. O zaman bələdiyyə yaranmamışdır. Bundan sonra o, qanuni istifadəsində olan 0,15 ha torpaq sahəsini və ona əlavə etdiyi torpaq sahəsini (indiki bələdiyyəyə aid) hasara aldırmışdır. Əlavə etdiyi, yəni istifadəsinə keçirdiyi torpaq sahəsində 90 m2 (15x6) sahəsi olan dəmir talvar (“навес”) qurdurmuşdur. Hansı ki, iddiaçı ərizəsində talvarın ona məxsus olduğunu göstərir. İddiaçı həmçinin orada ona məxsus tövlə tikintisinin olduğunu da göstərir. Onun qurdurduğu 90 m2 sahəsi olan talvardan başqa heç bir tikinti yoxdur. Bu iddiaçının uydurmasıdır. Sözügedən bələdiyyə mülkiyyətinə aid həmin sahədə olan torpaq sahəsi 1990-2005-ci ildə onun istifadəsində olmuş, sonradan 2005-ci ildə iddiaçı Ağdaş rayon XDS-nin 17.07.1990-cı il tarixli 14 nömrəli qərarı ilə qanuni istifadəsində olan 0,15 ha həyətyanı torpaq sahəsinə özünün adına ondan gizli, qanunsuz (saxta) şəhadətnamə aldıqdan sonra onun istifadəsinə keçmiş, 25 aprel 2012 ci il tarixli 2inz(84)-115/2012 saylı Şəki İnzibati- İqtisadi Məhkəməsinin qərarı ilə iddiaçının adına işlənmiş şəhadətnamə ləğv edildikdən (fərdi yaşayış evinin yerləşdiyi sahə istisna olunmaqla) sonra yenidən onun istifadəsində qalmışdır. İddiaçının məqsədi 22 iyul 2014-cü il tarixli, 2-1(84)-257/2014 saylı Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə xüsusi mülkiyyətinə verilmiş 0,1389 ha həyətyanı torpaq sahəsində və istifadəsində olan bələdiyyə mülkiyyətində olan 1990-2000-ci illərdə tikdirdiyi yaşayış evinin yaxınlığında və həyətin giriş hissəsində yerləşən tikintiləri həyətə giriş üçün qurdurduğu iki taylı qapını metal talvarı (“навес”), metal üstlərlə çəkilmiş qonşu hasarını, həyətdə əkdiyi meyvə ağaclarını və istifadəsində olan bələdiyyəyə aid torpaq sahəsində yerləşən 90 m2 sahəsi olan talvarı özünün istifadəsinə keçirməkdir. Qeyd etdiyi tikintilərin və həyətdə abadlıq işlərinin başa çatması üçün ailəliklə 10 il (1990-2000) çalışmış, əziyyət çəkmiş və böyük vəsait xərcləmişlər. İndi isə həmin torpaq sahəsinin üzərində tikdirdiyi tikintilərə heç bir haqqı və hüququ olmayan iddiaçı əsassız və qanunsuz iddiası ilə sahib olmaq istəyir. İddiaçı həmçinin onun yaşayış evinə girib - çıxması üçün heç bir yol olmadığını göstərir. Həqiqətən də belədir. Yaşayış evinin qarşısında yerləşən talvara qoyulmuş iki taylı eni 4 metr olan qapı həyətin giriş qapısıdır. Yaşayış evi ictimai gediş-gəliş yolununa bitişikdir. Ona görə də onun yaşadığı evə giribçıxması üçün mütləq talvardan istifadə etməlidir. Eyni ilə onun da həyətinə girib-çıxmağı üçün mütləq talvardan istifadə etməlidir. Başqa cür mümkün deyildir. Qeyd etdiyi kimi talvarın qapısı həyətin giriş qapısıdır. Ona görə də o, rəsmi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət etmiş ki, iddiaçının yaşayış evindən ictimai yola zəruri gediş-gəliş imkanını təmin etmək məqsədi ilə servitut hüququndan istifadəsi üçün (hakim R.Əlizadənin dediyi qaydada) yaşayış evinin qarşısında yerləşən 50 m2 (4mx12,5m = 50 m2) sahəsi olan talvarın 25 m2 sahəsini onun istifadəsinə verir. Bu da onun həm gediş-gəliş yolunu, həm də kiçik sahəli tikinti (ayaq yolu və s.) tikmək imkanını təmin edir. İddiaçının iddia ərizəsində diqqəti cəlb edən əsas məsələlərdən biri də onun bilərəkdən yaşayış evinin qarşısında yerləşən talvarın sahəsini 2 dəfədən çox 112 m2 (7m x 16m = 112 m2) olduğunu göstərməsidir. İddiaçının iddiasından görünür ki, onun əsas məqsədi təkcə yaşayış evinə gediş-gəliş yolu yox, həm də yaşayış evinin qarşısında yerləşən talvarı tam şəkildə və əkin-biçin üçün istifadəsinə torpaq sahəsi ələ keçirməkdir. Yəni zəhmətsiz qazanc əldə etməkdir. İddiaçı heç bir əsas olmadan həmin sahədən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə gediş-gəliş üçün onun mülkiyyətinə verilmiş 0,1389 ha torpaq sahəsindən eni 8 metr, uzunluğu 30 metr torpaq sahəsi ayrılmasını tələb edir. Bununla əlaqədar məhkəməyə məlumat olaraq bildirir ki, bundan əvvəl iddiaçı sözügedən bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsini istifadəsinə keçirmək üçün Ağdaş Rayon Məhkəməsinə müraciət edərək “Torpaq sahəsinin plan və ölçüsünün koordinatlarında dəyişiklik edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Onun həmin qətnamədən apellyasiya şikayəti qismən təmin edilərək Ağdaş Rayon Məhkəməsinin 01.04.2019-cu il tarixli, 2(014)-518/2019 saylı qətnaməsi ləğv edilmiş və mülki işə xitam verilmişdir. Eyni zamanda iddiaçıya izah edilmişdir ki, müvafiq iddia tələbi ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmək hüququ vardır. Qətnamədən görünür ki, sözü gedən bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsinin onun istfadəsində qalıb-qalmaması məsələsi həll olunmamışdır. Göstərilənlərə görə iddiaçıya bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş üçün mülkiyyətində olan 0,1389 ha torpaq sahəsindən torpaq sahəsi ayrılması əsassız və qanunsuzdur. Heç bir qanunda yoxdur ki, kiminsə qanunla mülkiyyətində olan torpaq sahəsindən kiməsə əkin-biçin üçün istifadəsinə torpaq sahəsi ayrılıb verilsin. Xüsusilə də məhkəmə qərarı əsasında xüsusi mülkiyyətə verilmiş torpaq sahəsindən. İddiaçı bundan əvvəl eyni iddia ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 04.02.2020-ci il tarixli, 2(014)-140/2020 saylı qərardadı ilə iş üzrə ekspertiza təyin edilmişdir. Ekspertizadan sonra iddiaçı ərizəsi ilə iddianı geri götürmüşdür. İş baxılmamış saxlanmışdır. 2(014)-21/2021 saylı məhkəmə qərarı etiraza əlavə edilir. İddiaçının hazırkı şəraitdə bu iddianı qaldırılmasına ehtiyac yoxdur. Əvvala qeyd etdiyi kimi, onun yaşayış evinə giriş-çıxışı üçün yol verir. İşğal altında olan bütün torpaqlarımız erməni işğalından azad olundu. Hal-hazırda həmin rayonlarda quruculuq və abadlıq işləri aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibələrində dəfələrlə mətbuata bildirmişdir ki, məcburi köçkünlər qısa müddətdə əvvəlki yaşadıqları rayonlara köçürüləcək və öz torpaqlarında yaşayacaqlar. Buna baxmayaraq, iddiaçının bir məqsədi var, qeyd etdiyi kimi istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsini, onun üzərində yerləşən (metal konstruksiyadan) 90 m2 (15mx6m) sahəsi olan dəmir talvarı (“навес”) özünün istifadəsinə keçirtmək. Ona görə də, iddia tələbində uzunluğu 30 metr, eni isə 8 metr gediş-gəliş yolunu tələb edir. Göstərilən əsalara görə İddiaçı iddiası əsassız və qanunsuzdur. Bu səbəbdən iddiaya etirazını bildirir. O iddiaçıya həyətin giriş qapısından yaşayış evinin qurtaracağına qədər uzunluğu 12,5 metr, eni 2 metr olmaqla yaşayış evinə gediş-gəliş üçün yol ayrılması haqqında qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(014)-518/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə və 3-cü şəxs Cavabdeh qarşı “torpaq sahəsinin planı və ölçünün koordinatlarında dəyişiklik edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İşin materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2(107)-2536/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(014)-518/2019 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə və 3-cü şəxs Cavabdeh qarşı “torpaq sahəsinin planı və ölçünün koordinatlarında dəyişiklik edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qət edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(014)-2100/2017 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı, iddiaçı Cavabdeh və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,1389 hektar həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmişdir. İşin materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2014-cü il tarixli, 2- 1(84)-257/2014 saylı qərarından görünür ki, iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin müdiri T.Məmmədovun 09.12.2013-cü il tarixli, 825 nömrəli məktubunun əsassız hesab edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin üzərinə Ağdaş rayonu Binələr kəndində yerləşən, 107-ci sıradakı 0,15 ha torpaq sahəsinin İddiaçı ailəsi ilə yaşadığı fərdi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi istisna olmaqla qalan hissəsinə Cavabdeh adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. İşin materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2012-ci il tarixli, 2 inz (84)-115/2012 saylı qərarından görünür ki, iddia tələbi qismən təmin edilmiş, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30.03.1998-ci il tarixli 07 saylı qərarı və JN 107F, kod 90304038 saylı 07.06.2005-ci il tarixdə DTXK-nın Ağdaş rayon şöbəsində qeydiyyata alınmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Ağdaş rayonu Binələr kəndində yerləşən 0,15 ha torpaq sahəsinin İddiaçı verilməsi hissəsində onun və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi istisna olunmaqla ləğv edilməsi qət edilmişdir. İşin materiallarında olan Ağdaş rayon Güvəkənd bələdiyyəsinin 13 avqust 2021-ci il tarixli, 26 saylı məktubundan görünür ki, Binələr kəndində 107-ci sırada yerləşən İddiaçı və Cavabdeh istifadəsində olan 0,1389 ha (seriya RX № 071214) torpaq sahəsi hazırda Cavabdeh mülkiyyətindədir. İşin materiallarında olan 06.02.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Ağdaş rayonunun Binələr kəndində Cavabdeh xüsusi mülkiyyətinə 0,1389 ha torpaq sahəsi verilmişdir. Beləliklə, iddiaçı 8 metr enində və 30 metr uzunluğunda gediş-gəliş yolunun üzərində servitut hüququnun qeydə alınmasını xahiş etsə də, iş məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, onun evinə hazırda gediş-gəliş yolu mövcuddur, lakin o, öz istifadəsində olan torpaq sahəsini genişləndirmək üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, iddiaçı həmin torpaq sahəsinin mülkiyyətçisini (Cavabdeh) iddia ərizəsində cavabdeh qismində göstərməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Göründüyü kimi qanunvericiliyin tələbinə görə servitut hüququ torpaq sahəsindən keçidin təmin edilməsi üçün təyin oluna biləcəyi halda, iddiaçı bu hüquqdan öz torpaq sahəsini genişləndirmək niyyəti ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh oğluna qarşı gediş-gəliş yolunun üzərinə servitut qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh qarşı gediş-gəliş yolunun üzərinə servitut qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar