Məhkəmə qərarları › İş №2(014)-153/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-153/2025

31.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-153/2025 31.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi Məhkəmə iclas katibi X2, İddiaçı (eyni zamanda digər iddiaçıların nümayəndəsi) İddiaçı3, İddiaçı3 nümayəndəsi Nümayəndə iştirаkları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və dəymiş maddi zərərin əvəzinin alınıb verilməsi” tələbinə dair mülki işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ЕTDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və dəymiş maddi zərərin əvəzinin alınıb verilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon AİK-nın 16 aprel 1998-ci il tarixli 09 saylı qərarı ilə onlara torpağa mülkiyyət hüququna dair Dövlət aktlarına əsasən, Ağdaş rayonunun Cüvə kəndində yerləşən cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün verilmiş torpaq sahəsinin zəbt olunmuş ümumilikdə 1.32 hektara yaxın hissəsindən Cavabdeh tərəfindən qanuni əsaslar olmadan, özbaşına istifadəsinə qəti şəkildə son qoyulmasına, onun həmin ərazidən birdəfəlik olaraq məcburi qaydada çıxarılmasına və əmlaklarından məhrum edilməkləri ilə əlaqədar vurulmuş ziyanın hesablanmaqla ziyan məbləğinin cavabdehdən onlara alınıb verilməsinə və ya ötən müddət ərzində vurulmuş ziyanın onun tərəfindən başqa qaydada kompensasiya edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq islahatı haqqında qanunun tələblərinə müvafiq olaraq Ağdaş rayon AİK-nın 16 aprel 1998-ci il tarixli 09 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən onlara birlikdə Ağdaş rayonunun Cüvə kəndində yerləşən cizgidə göstərilən sərhəd daxilində müvafiq olaraq JN-0002 saylı aktla 4.80 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün verilmişdir. Həmin Dövlət aktı (JN-0002, kod ********) dövlət aktı qeydiyyat kitabında 18 mart 1999-cu ildə müvafiq olaraq 2039 nömrələr ilə qeydiyyata alınmışdır. Ümumi birgə mülkiyyətçilərdən X10 15 noyabr 2001-ci ildə, X7 23 dekabr 2001-ci ildə, X4 20 mart 2004-cü ildə vəfat etmişlər. Dövlət aktında göstərilən (JN-0002) göstərilən 4.80 hektar onların mülkiyyətinə verilmiş həmin torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsinin koordinatları dəqiq qeyd edilmişdir. Dövlət aktında (JN-0002) göstərilən 4.80 hektar torpaq sahəsinin 3.48 hektar hissəsi bir ərazidə qalan 1.32 hektar hissəsi isə başqa ərazidə yerləşir. Cavabdeh iyirmi beş ildən də artıq müddət ərzində heç bir hüquqi əsaslar olmadığı halda bizə məxsus həmin pay torpaq sahəsinin 1.32 hektar olan hissəsini özbaşına zəbt etməklə sahədən qanunsuz istifadə etməklə bizə ziyan vurmaqda davam edir. Tərəflərindən özbaşına hərəkətlərin yolverilməzliyi və pay torpaqlarından qeyd-şərtsiz çıxması ilə əlaqədar cavabdehə dəfələrlə etdiyimiz müraciətlər nəticəsiz qalmışdır. Torpağın onların mülkiyyətində olmasına baxmayaraq cavabdeh həmin sahənin torpaq payı kimi onlara ayrıldığı vaxtdan bəri oradan özbaşına istifadə edir, mülkiyyət hüquqlarını aşkar şəkildə pozmaqla qanuni tələblərini qulaqardına vurmaqda davam edir. Cavabdeh şəxs yaxın qohum olduğuna görə bugünə qədər heç bir dövlət orqanına yazılı şəkildə müraciət etməmişlər. Yalnız şifahi şəkildə kənd icra nümayəndəliyində, bələdiyyə sovetliyinə bu illər ərzində çoxlu sayda müraciətləri olub. Qohum olduğuna görə fikirləşirdi ki, bəlkə bu səhvdən əl çəkər. Lakin yenə də bütün səyləri nəticəsiz qalmışdır. Cavabdeh torpaq sahəsini özbaşına tutaraq həmin torpaq sahəsini onların tərəfindən əkib-becərilməsinə imkan vermir. 25 il ərzində cavabdeh onlara məxsus torpaq sahəsindən istifadə etməklə onları gəlir əldə etməkdən məhrum etmişdir. Bu müddət ərzində torpaq sahəsini özləri əkib-becərməklə ildə ən azı 3000 (üç min) manat olmaqla, ən azı 30000 (otuz min) manat gəlir əldə edə bilərdilər. Cavabdeh öz qanunsuz hərəkətləri ilə onların mülkiyyət hüquqlarına qəsd etmiş və onlara verilmiş torpaqdan sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Cavabdeh həmin müddətdə torpaq sahəsinə əkibbecərmiş və yonca bitkisi səpərək illik 3000 (üç min) manatdan çox qazanc əldə etmişdir. Odur ki, qeyd olunan məsələyə məhkəmə qaydasında baxılması, cavabdehin onlara məxsus torpaq sahəsindən məcburi çıxarılması və ötən müddətdə özbaşına istifadə nəticəsində onlara dəymiş ziyanın hesablanıb ödənilməsi üçün hazırki iddia ilə müraciət edirlər. İddiaçı (eyni zamanda digər iddiaçıların nümayəndəsi) İddiaçı3 məhkəmə iclasına ərizə verərək, iddia tələbinin həcminin azaldılmasını, yəni iddia tələbinin Ağdaş rayon AİKnın 16 aprel 1998-ci il tarixli 09 saylı qərarı ilə onlara torpağa mülkiyyət hüququna dair Dövlət aktlarına əsasən, Ağdaş rayonunun Cüvə kəndində yerləşən cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün verilmiş torpaq sahəsinin zəbt olunmuş ümumilikdə 1.32 hektara yaxın hissəsindən Cavabdeh tərəfindən qanuni əsaslar olmadan, özbaşına istifadəsinə qəti şəkildə son qoyulmasına, onun həmin ərazidən birdəfəlik olaraq məcburi qaydada çıxarılmasına dair hissədə qətnamə çıxarılmasını xahiş etmiş, hal-hazırda iddia tələbinin digər hissəsinə baxılmasını istəmədiyini, həmin hissə ilə bağlı gələcəkdə məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı (eyni zamanda digər iddiaçıların nümayəndəsi) İddiaçı3 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, iddiaçılara məxsus torpaq sahəsinin zəbt olunmuş hissəsinin boşaldılmasını tələb edir. Belə ki, iddiaçılara məxsus torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilir. Hətta məhkəmə qərarı əsasında mütəxəssislər əraziyə baxan zaman o mütəxəssislərə iddiaçılara məxsus torpaq sahəsinin yerini göstərmiş, lakin cavabdeh baxışda iştrak etmədiyi üçün onun həqiqətən də iddiaçılara məxsus torpaq sahəsini zəbt etməsinə dair mütəxəssislər məlumat əldə edə bilməmişdilər. Lakin buna baxmayaraq onun tərəfindən baxış zamanı mütəxəssislərə cavabdehin həqiqətəndə iddiaçılara məxsus torpaq sahəsini zəbt etdiyi bildirilmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı (eyni zamanda digər iddiaçıların nümayəndəsi) İddiaçı3 məhkəmə iclasında izahat verərək, əraziyə baxan mütəxəssislərə onlara məxsus torpaq sahəsini göstərmişdir. Cavabdeh baxışda iştrak etməsə də, mütəxəsislərə təqdim etdiyi ərazi həqiqətən də onlara məxsusdur. Buna görə də iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə, eyni zamanda iddia ərizəsində qeyd edilmiş cavabdehə məxsus +**********11 saylı mobil nömrəyə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə SMS göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən gəlməyən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: JN-0002 KOD 90321038 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 16 aprel tarixli 09 nömrəli qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 4.80 hektar torpaq sahəsi Ağdaş rayon Cüvə kənd sakini X7, İddiaçı1, X5, X4, İddiaçı2, X8, X3 xüsusi mülkiyyətindədir. 30 yanvar 2025-ci il tarixli telefonaqramdan görünür ki, məhkəmə qərarı əsasında mübahisəli əraziyə baxış keçrilməsinin vaxtı və yeri barədə Cavabdeh məlumat verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsi tərəfindən verilmiş 12 mart 2025-ci il tarixli 3-21-3-35/2-905/2025 saylı mütəxəssis rəyindən görünür ki, Ağdaş rayon AİK-nın 16 aprel 1998-ci il tarixli 09 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə verilmiş Ağdaş rayonu Cüvə kəndi ərazisində yerləşən 1.32 hektar torpaq sahəsinə baxış keçrilmiş, baxış zamanı iddiaçılar mülkiyyətlərinə verilmiş torpaq sahəsini naturada mütəxəssislərə təqdim etmişlər. Cavabdeh baxışda iştrak etməmişdir. Eyni zamanda mütəxəssis rəyinə əlavə edilmiş yerqurluşu planından görünür ki, iddiaçıların mütəxəssislərə naturada göstərdiyi və iddia etdikləri torpaq sahəsi ilə onların mülkiyyətlərinə verilmiş torpaq sahəsi üst-üstə düşür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 iyun 2025-ci il tarixli 3-16-16/2-10/2539/2025 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki, Ağdaş rayon AİK-nın 16 aprel 1998-ci il tarixli 09 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə verilmiş Ağdaş rayonu Cüvə kəndi ərazisində yerləşən 1.32 hektar torpaq sahəsi naturada Cavabdeh tərəfindən istifadə edilmir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış təhqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 avqust 2024-cü il tarixli, 3-16- 5/8-69-M-1054/2024 nömrəli ölüm haqqında arayışdan görünür ki, X7 23 dekabr 2001-ci ildə kəskin ürək-qan-damar çatışmamazlığından vəfat etmişdir. Ölüm haqqında 11 yanvar 2002-ci ildə 23 №-li akt qeydi tərtib olunmuşdur. Ağdaş rayon, Korarx kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş, 03 mart 2022-ci il tarixli, AZ-T № 033633 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Nümayəndə və X8 23 sentyabr 2000-ci ildə birgə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 № ilə qeyd edilmişdir. Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən verilmiş 18 noyabr 1980-ci il tarixli Vİİ- ЖГ 323285 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxxxxx 1980-ci il tarixdə Ağdaş rayon Cüvə kəndində anadan olmuşdur. X1, anası İddiaçı1 qızıdır. Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən verilmiş 03 avqust 1982-ci il tarixli Vİİİ- ЖГ 404159 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxx 1982-ci il tarixdə Ağdaş rayon Cüvə kəndində anadan olmuşdur. X1, anası İddiaçı1 qızıdır. Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən verilmiş 28 avqust 1984-cü il tarixli X- ЖГ 254950 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 11 avqsut 1984-cü il tarixdə Ağdaş rayon Cüvə kəndində anadan olmuşdur. X1, anası İddiaçı1 qızıdır. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1998-ci il tarixli 09 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən iddiçılara birlikdə Ağdaş rayonunun Cüvə kəndində yerləşən cizgidə göstərilən sərhəd daxilində müvafiq olaraq JN-0002 saylı aktla 4.80 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün verilmişdir. Həmin Dövlət aktı (JN-0002, kod ********) dövlət aktı qeydiyyat kitabında 18 mart 1999-cu ildə müvafiq olaraq 2039 nömrələr ilə qeydiyyata alınmışdır. Dövlət aktında göstərilən (JN- 0002) göstərilən 4.80 hektar iddiaçıların mülkiyyətinə verilmiş həmin torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsinin koordinatları dəqiq qeyd edilmişdir. Dövlət aktında (JN- 0002) göstərilən 4.80 hektar torpaq sahəsinin 34808.77 kv.m hektar hissəsi ilə 13191.23 kv.m hektar hissəsi isə başqa ərazidə yerləşir. Hazırda iddiaçılar məhkəmədən cavabdehin onlara məxsus 1.32 hektar torpaq sahəsindən çıxarılmasını tələb edirlər. Məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi iş üzrə Məhkəmənin 14 yanvar 2025-ci il tarixli, 2(014)-153/2025-006 qərardadı ilə mülki iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsin mütəxəssisləri cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmişdir. Ekspert vəsatəti əsasında mübahisəli əraziyə baxış keçrilməsinin vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin təyin edilmiş baxışda cavabdeh iştirak etməmişdir. İddiaçıların iştrakı ilə mübahisəli əraziyə baxış keçirilmiş, baxış zamanı iddiaçılar mülkiyyətlərinə verilmiş torpaq sahəsini naturada mütəxəsislərə təqdim etmişlər. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə əlavə edilmiş yerqurluşu planından görünür ki, iddiaçıların mütəxəssislərə naturada göstərdiyi və iddia etdikləri torpaq sahəsi ilə onların mülkiyyətlərinə verilmiş torpaq sahəsi üst-üstə düşür. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi qismən sübut kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehin baxışda iştirak etməməsi, onun iddiaçılara məxsus torpaq sahəsini zəbt edib-etməməsini mütəxəssis müəyyən edə bilməzdi. Lakin iddiaçıların iddia etdikləri torpaq sahəsi ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin faktiki olaraq (mütəxəssis rəyinə əlavə edilmiş yerqurluşu planı) üst-üstə düşməsi, həmçinin iddiaçıların izahatlarında həmin torpaq sahəsinin cavabdeh tərəfindən faktiki olaraq istifadə edilməsini bildirməsi məhkəməyə əsas verir ki, cavabdehin iddiaçılara məxsus torpaq sahəsini zəbt etməsi kimi qitmətləndirsin. Məhkəmə, həmçinin ekspert rəyi ilə bağlı bildirir ki, ekspert rəyində Cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin istifadə edilmədiyini qeyd etsə də, ekspert tərəfindən həmin məlumatın harda və necə əldə etməsi barədə rəydə əsaslandırmamışdır. Belə ki, mübahisəli əraziyə baxış zamanı cavabdeh ümumiyyətlə baxışda iştirak etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, ekspert rəyi mötəbər sübut hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Ona görə də məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1998-ci il tarixli 09 saylı qərarı ilə onlara torpağa mülkiyyət hüququna dair Dövlət aktlarına əsasən, Ağdaş rayonunun Cüvə kəndində yerləşən cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün verilmiş torpaq sahəsinin zəbt olunmuş ümumilikdə 1.32 hektar hissəsindən Cavabdeh qanuni əsaslar olmadan, özbaşına istifadəsinə qəti şəkildə son qoyulmalı, cavabdeh həmin ərazidən birdəfəlik olaraq məcburi qaydada çıxarılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1998-ci il tarixli 09 saylı qərarı ilə iddiaçılara torpağa mülkiyyət hüququna dair Dövlət aktlarına əsasən, Ağdaş rayonu, Cüvə kəndində yerləşən cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün verilmiş torpaq sahəsinin zəbt olunmuş ümumilikdə 1.32 hektar hissəsindən Cavabdeh qanuni əsaslar olmadan, özbaşına istifadəsinə qəti şəkildə son qoyulsun, cavabdeh həmin ərazidən birdəfəlik olaraq məcburi qaydada çıxarılsın. Ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş Rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar