Məhkəmə qərarları › İş №2(014)-1546/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1546/2023

06.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1546/2023 06.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh “X1” MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işçinin işəgötürən tərəfindən qəsdən pozulan əmək hüquqlarının bərpası, əmək haqqının qalıq borclarının və maddi-mənəvi təzminatın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işçinin işəgötürən tərəfindən qəsdən pozulan əmək hüquqlarının bərpası, əmək haqqının qalıq borclarının və maddi-mənəvi təzminatın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 01 yanvar 2017-ci il tarixdə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra-Cəmiyyət) 3000 (üç min) manat əmək haqqı ilə “Qoyunçuluq üzrə baş nəzarətçi” vəzifəsinə işə götürülmüşdür. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 maddəsi ilə 31 iyul 2021-ci iİ tarixində xitam verilmişdir. Əmək münasibətlərinin yarandığı, eləcə də davam etdiyi dövrdə İddiaçı aşağıda qeyd edilən bir sıra əmək hüquqları işəgötürən tərəfindən pozulmuşdur. İddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən (əlavə olunur) görünür ki, işəgötürən onunla əmək müqaviləsini xx.xx.2018-ci il tarixdən bağlamışdır, halbuki qeyd edildiyi kimi İddiaçı həmin Cəmiyyətdə 2017-ci ilin yanvar ayından işləməyə başlamış və əmək haqqı almışdır. Belə görünür ki, iddiaçını işəgötürən 2017-ci ilin yanvar ayından xx.xx.2018-ci il tarixinədək qeyri-rəsmi işləməyə məcbur etmişdir. İddiaçı 10 Aprel 2021-ci il tarixində səhhəti, xəstəliyi ilə bağlı (bədxassəli xərçəng) öz xahişi ilə işdən azad edilməsi barədə işəgötürənə ərizə vermişdir, lakin işəgötürən onun əmək müqaviləsinə 3 ay 20 gün sonra 31 iyul 2021-ci il tarixində xitam vermişdir. Halbuki, işəgötürən işçinin ağır xəstəliyini nəzərə almalı və onun əmək müqaviləsini son haqq-hesabını da ödəməklə Əmək Məcəlləsinin 69.3 maddəsi ilə ərizəsində göstərildiyi gün ləğv edilə bilərdi. Cəmiyyət 2019-ci ilin noyabr ayından başlayaraq İddiaçı əmək haqqını tam ödəməmiş, lakin ödəniləcəyini şifahi olaraq ona bildirmişdir. Belə ki, əmək haqqı cədvəlində onun hər ay üçün olan maaşı 3000 manat, xalis əmək haqqı 2998 manat göstərildiyi halda (əlavə olunur) ona qeyd edilən vaxtdan başlayaraq aylar üzrə cəmi 33667,06 manat qalıq əmək haqqı ödənilməmişdir (əlavə olunur). Cəmiyyət maaşların hər ay tam ödənilmədiyini iqtisadi çətinliklə bağlı olduğunu bildirsə də, bu heç də belə olmamış, bir sıra işçilərə əmək haqqları tam məbləğlərdə ödənilmiş, bununla da əmək münasibətlərində İddiaçı münasibətdə Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsində göstərilən ayrı-seçkiliyə yol verilmişdir. 2021-ci ilin aprel ayında Cəmiyyətin rəhbərliyi şifahi olaraq aşkar formada hər bir işçiyə bildirmişdir ki, Cəmiyyətin iqtisadi durumu pisləşdiyi üçün yüksək əmək haqqı alan işçilərin əmək haqqıları azaldılacaqdır. Bununla da, işəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 56-cı "Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi” maddəsinin tələblərini kobud şəkildə pozmuş, əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməmişdir. Cəmiyyətin hektarlarla əkin sahələri, yüzlərlə mal-qarası olduğu halda maddi durumunun aşağı düşməsini bəhanə edərək İddiaçı əmək haqqının tam ödənilməsini təmin etməmişdir. Bununla da işəgötürən Əmək Məcəlləsinin 178-ci “Əməyin ödənilməsinin təminatları” maddəsinin tələblərini kobud surətdə pozmuş, birinci növbədə ödənilməsi tələb olunan əmək haqqı ödənişinin verilməsini hətta İddiaçı əmək müqaviləsinə xitam verərkən də təmin etməmişdir. Bu maddənin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Eyni zamanda Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməli olduğu halda, işəgötürən borclu olduğu qalıq əmək haqqını son haqqhesabla birlikdə İddiaçı ödəməmiş və onu işdən azad edərkən xitam əmrinin surətini, əmək kitabçasını ona verməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296cı “Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri” maddəsinin 3-cü hissəsinə əsasən işçinin “hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür”. Bu maddənin tələblərinə əsasən İddiaçı pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iddia müddətini ötürməmişdir. Belə ki, işəgötürən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan son haqq-hesab sənədlərini və əmək kitabçasını İddiaçı vermədiyi üçün ona münasibətdə əmək mübahisəsinin həlli üçün iddia müddəti ötürülməmişdir. İXM-in 38.2-ci maddəsində 38.1-ci maddədə nəzərdə tutulan müddətin uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanması göstərilmişdir. Əmək Məcəlləsinin 296.3-cü bəndinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündür ki, bu günə qədər əmək kitabçasını işəgötürəndən ala bilməmişdir. Cavabdeh “X1” MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən olunmuş bir aylıq müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsində qeyd olunur ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Buna görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil cavabdehin ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırkı iş üzrə iddiaçı 1 aylıq iddia müddətini ötürmüşdür və buna görə də iddiaçının iddia tələbi məhkəmə tərəfindən rədd edilməlidir. Cavabdeh bunu Əmək Məcəlləsinin 296.2-ci maddəsi ilə işçinin hüququnun pozulduğunu aşkar edildiyi gündən etibarən 1 təqvim ayı ərzində müraciət etmədiyini məhkəməyə bildirmişdir. Cavabdeh ərizəsində iddiaçının əmək haqqından qalan qalıq borcunun ödənilməməsi barədə habelə iddiaçının digər tələblərinə (işəgötürənin ona vurduğu maddi və mənəvi zərərə görə təzminatın ödənilməsi tələbinə) dair heç bir fikir bildirməmiş etiraz da etməmişdir. Hesab edirlər ki, cavabdehin ərizəsi əsassızdır və o, təmin edilə bilməz. Belə ki, cavabdehin qeyd etdiyi 1 aylıq iddia müddətinin pozulması (ƏM 296.2-ci maddəsi üzrə) və müddəti ötürdüyü üçün iddia tələbinin rədd edilməsi İddiaçı şamil edilmir. O səbəbdən ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsində göstərilmişdir ki, Əmək Məcəlləsinin 296.2-ci maddəsi üzrə işçinin hüquqlarının pozulduğunu aşkar etdiyi gün işçiyə müvafiq əmrin, əmək kitabçasının, son haqq-hesab sənədlərinin vərəqinin, çekinin verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı cavabdeh “X1” MMC-dən dəfələrlə əmək kitabçasının ona təhvil verilməsini tələb etsə də, hal-hazıradək əmək kitabçası ona verilməmişdir. Hərçənd onları qane etməyən, ödənişin az və düzgün hesablanmayan son-haqq hesabının ödənişi də cavabdeh tərəfindən 05 may 2023-cü il tarixdə olmuş, iddiaçı tərəfindən hal-hazıradək də götürülməmişdir (bank hesabına köçürülmüşdür). 27 may 2023 cü il tarixdə də iddiaçı mediasiya təşkilatına müraciət etmişdir. 2023-cü ilin iyul ayında cavabdeh iddiaçıya ödənilməmiş əmək haqqının qalıq borcundan 4000 (dörd min) manat nağd şəkildə ödəmişdir. Göründüyü kimi hətta belə halda da iddiaçı Əmək Məcəlləsinin 296.4-cü maddəsi üzrə (1 il ərzində məhkəməyə müraciət edilə bilər) iddia müddətini ötürməmişdir. Əmək kitabçasının cavabdeh “X1” MMC-də olmasını X3 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin tərəfindən 11 aprel 2023-cü il tarixli, № 3175/2-U-12436/2023 saylı məktubunun 2-ci abzasının sonuncu cümləsində də təsdiqlənmişdir. Bundan başqa cavabdeh “X1” MMC İddiaçı əmək kitabçasının MMC-də olduğunu 04 aprel 2023-cü il tarixli, № AP001 saylı Əmək Müfəttişliyinə göndərdikləri məktublarında 3-cü abzasında qeyd etməklə təsdiqləmişdirlər. Qeyd edilənlərə əsasən cavabdeh “X1” MMC-nin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində məhkəməyə ünvanladıqları ərizələrin əsassız olduğundan iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdeh “X1” MMC tərəfindən iddiaçının hüquqları pozulmuşdur. Belə ki, iddiaçı 01 yanvar 2017-ci il tarixdə 3000 manat əmək haqqı müqabilində cəmiyyətdə işə başlamış və işlədiyi müddətdə öz vəzifəsini düzgün icra etmişdir. Lakin cəmiyyət orada çalışan işçilərin əmək haqqlarından işçilərlə məlumat verilmədən, iclaslar keçirilmədən inflyasiyanı əsas gətirərək kəsmişdir. Sonradan iddiaçının səhhətində problem olduğundan iddiaçı 10 aprel 2021-ci il tarixdə səhhəti ilə əlaqədar ərizə yazaraq əmək müqaviləsinə xitam verilməsini xahiş etsə də, işəgötürən əmək müqaviləsinə 31 iyul 2021-ci il tarixdə xitam vermişdir. Halbuki, iddiaçının ağır xəstəliyi nəzərə alınmalı, iddiaçıya son haqq-hesab aparılmaqla ödənişlər edilməli olduğu halda Cəmiyyət tərəfindən heç bir ödəniş edilməmiş, həmçinin iddiaçının əmək kitabçası belə ona təhvil verilməmişdir. Cəmiyyyət aylıq əmək haqqlarından kəsilən pullarla birlikdə iddiaçıya 33667,06 manat ödəniş etməli olduğu halda heç bir ödənişlər etməmişdir. İddiaçı dəfələrlə “X1” MMC-yə gedərək rəhbər şəxslə son haqq-hesabın ödənilməsinə dair danışıqlar aparsa da, hər dəfə Azər adlı rəhbər şəxs hazırda Cəmiyyətdə inflyasiya olduğunu, gəlirlərin azaldığını, heyvan saylarında artım olmadığını əsas gətirərək imkanları yaxşı olduqda ödənişlər edəcəyini bildirmişdir. Artıq rəhbər şəxs tərəfindən heç bir ödənişin olmadığını görən iddiaçı mediasiyaya müraciət edərək öz halal pulunu cavabdeh Cəmiyyətdən tələb etmək qərarına gəlmişdir. Mediasiyanın keçirilməsinə dair bildiriş Cəmiyyətə təqdim edildikdən sonra rəhbər şəxs Azər müəllim iddiaçıya gətirib 4000 manat pul vermiş, qalan pulu da tezliklə verəcəyini bildirmişdir. İddiaçı da düşünmüşdür ki, onun geri qalan pulu da ödəniləcək və mediasiyada onlar barışıq sazişi bağlayaraq aralarında olan mübahisəni məhkəməyə getmədən həll edəcəklər. Lakin “X1” MMC-nin rəhbəri Azər müəllim söz verdiyi kimi nə ödəniş etmiş, nə də mediasiyaya gəlmişdir. Buradan belə sual yaranır ki, “əgər “X1” MMC-nin iddiaçıya borcu yox idisə nə üçün Azər müəllim iddiaçıya 4000 manat məbləğində pul verərək, qalan pulu da verəcəyinə dair söz vermişdir”. Bununla da cavabdeh “X1” MMC-nin iddiaçıya son haqq-hesaba görə ödəməli olduğu məbləğin mövcudluğu öz təsdiqini tapır. Bundan başqa cavabdeh “X1” MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək iddia müddətinin buraxıldığını qeyd edərək iddianın təmin edilməməsini xahiş etsələr də, məhkəməyə iddia müddətinin buraxıldığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdirlər. Əmək Məcəlləsinin 296.2ci maddəsi üzrə işçinin hüquqlarının pozulduğunu aşkar etdiyi gün işçiyə müvafiq əmrin, əmək kitabçasının, son haqq-hesab sənədlərinin vərəqinin, çekinin verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündən İddiaçı cavabdeh “X1” MMC-dən dəfələrlə əmək kitabçasının ona təhvil verilməsini tələb etsə də hal-hazıradək əmək kitabçası ona verilməmişdir. Əmək kitabçası işəgötüən tərəfindən işə götürülən şəxsə təhvil verilərkən təhvil-təslimə dair tərəflər arasında əmək kitabçasını tarixi qeyd edilməklə, tərəflərin imzaları ilə təsdiq olunmuş yazılı kağız olmalıdır. Cavabdeh “X1” MMC-nin nümayəndəsi Nümayəndə iddia müddətinin ötürüldüyünü iddia etsə də, iddiaçı tərəfindən əmək kitabçasının alınmasını təsdiq edəcək heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Buna görə də iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkməədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, o, işə götürən şəxslə 3000 manat əmək haqqı müqabilində əmək müqaviləsi bağlayaraq işə götürülmüşdür. “X1” MMC tərəfindən onlara heç bir məlumat verilmədən əmək haqqlarından tutulmalar olmuşdur. Məsələni aydınlaşdırmaq üçün rəhbər şəxsə müraciət etmiş, həmin şəxs isə Cəmiyyətdə inflyasiya olduğunu, yüksək əmək haqqı alan işçilərin əmək haqqlarından tutulmalar olacağını, bunun da müvəqqəti olduğu bildirilmişdir. Səhhətində problemlər yarandığından 10 aprel 2021-ci il tarixdə ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin sonradan məlum olmuşdur ki, onun əmək müqaviləsinə 3 ay 20 gün sonra, yəni 31 iyul 2021-ci il tarixdə xitam verilmişdir. Bundan sonra dəfələrlə “X1” MMC-yə müraciət edərək son haqq-hesabın ödənilməsini və əmək kitabçasının verilməsini xahiş etsə də, ona nə ödəniş edilməmiş, nə də əmək kitabçası verilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “X1” MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddiaçının iddiası tam əsassızdır. Belə ki, iddiaçının əmək müqaviləsinə 31 iyul 2021-ci il tarixdə öz ərizəsinə əsasən xitam verilmişdir. Lakin iddiaçı əmək müqaviləsinə xitam verildikdən iki il sonra məhkəməyə müraciət etmişdir. İki il müddətində iddiaçı tərəfindən heç bir hərəkətlər edilmədiyindən iddia müddəti buraxılmışdır. Bundan başqa elektron sistemdə iddiaçının əmək haqqları göstərilib. Bütün ödənişlər həyata keçirilib. İşində nöqsanlar olub, lakin onun nöqsanlarına göz yumulub. İddiaçının iddiası əsassız olduğundan iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən “X1” MMC-də maldarlıq fermasının kənd təsərrüfatı işçisi, qoyunçuluq şöbə müdiri vəzifəsinə təyin edilmişdir. İşçinin aylıq əmək haqqı 150 manatdır. Əmək müqaviləsi elektron sistemə xx.xx.2018-ci il tarixdə əlavə edilmişdir. İşin materiallarında olan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən “X1” MMC-də maldarlıq fermasının kənd təsərrüfatı işçisi, qoyunçuluq şöbə müdiri vəzifəsinə təyin edilmişdir. İşçinin aylıq əmək haqqı 180 manatdır. Əmək müqaviləsi elektron sistemə xx.xx.2019-cu il tarixdə əlavə edilmişdir. İşin materiallarında olan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən “X1” MMC-də maldarlıq fermasının kənd təsərrüfatı işçisi, qoyunçuluq şöbə müdiri vəzifəsinə təyin edilmişdir. İşçinin aylıq əmək haqqı 250 manatdır. Əmək müqaviləsi elektron sistemə xx.xx.2019-cu il tarixdə əlavə edilmişdir. İşin materiallarında olan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən “X1” MMC-də maldarlıq fermasının kənd təsərrüfatı işçisi, qoyunçuluq şöbə müdiri vəzifəsinə təyin edilmişdir. İşçinin aylıq əmək haqqı 450 manatdır. Əmək müqaviləsi elektron sistemə xx.xx.2020-ci il tarixdə əlavə edilmişdir. İşin materiallarında olan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən “X1” MMC-də maldarlıq fermasının kənd təsərrüfatı işçisi, qoyunçuluq şöbə müdiri vəzifəsinə təyin edilmişdir. İşçinin aylıq əmək haqqı 300 manatdır. Əmək müqaviləsi elektron sistemə xx.xx.2021-ci il tarixdə əlavə edilmişdir. İşin materiallarında olan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən “X1” MMC-də kənd təsərrüfatı işçisi, qoyunçuluq şöbə müdiri vəzifəsinə təyin edilmişdir. İşçinin aylıq əmək haqqı 300 manatdır. Əmək müqaviləsi elektron sistemə xx.xx.2021-ci il tarixdə əlavə edilmişdir. İşin materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, “X1” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68.2 bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. İşin materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatın surətindən görünür ki, “X1” MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi xx.xx.2021-ci il tarixli xxxxxxx0001X0 nömrəli “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşin materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən Vəkil ünvanlanmış 11 aprel 2023-cü il tarixli mə\ktubun surətindən görünür ki, İddiaçı düşən bütün ödənclərin (bu halda xx.xx.2019-cu -xx.xx.2021-ci il dövr üçün istifadə edilməməmiş əmək məzuniyyətinə görə hesablanmış pul əvəzinin ödənilməsi) tam məbləğdə ödənilməsi məqsədi ilə müvafiq tədbirlərin görülməsi və görülmüş tədbirlərin nəticəsi barədə X4 Xidməti Mərkəzi Aran regional şöbəsinə məlumat verməsi “X1” MMC-nin rəhbərliyinə xx.xx.2023-cü il tarixli 3-17- 5/2-11277/2023 nömrəli icrası məcburi olan göstəriş xarakterli məktub ünvanlanmışdır. Qeyd edilən məsələlərlə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu bildirilmişdir. İşin materiallarında olan Sosial arayışın surətindən görünür ki, İddiaçı “X1” MMC tərəfindən sığorta edilmişdir. Onun 2018-ci il tarixə gəliri 597 manat, hesablanmış məbləğ 148,50 manat, ödənilmiş məbləğ 148,50 manat, 2019-cü il tarixə gəliri 2727,58 manat, hesablanmış məbləğ 1350 manat, ödənilmiş məbləğ 372,96 manat, 2020-ci il tarixə gəliri 5400 manat, hesablanmış məbləğ 148,50 manat, ödənilmiş məbləğ 1349,98 manat, 2021ci il tarixə gəliri 2010,07 manat, hesablanmış məbləğ 502,52 manat, ödənilmiş məbləğ 502,52 manat təşkil edir. İşin materiallarında olan “X1” MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran regional şöbəsinə ünvanlanmış 15 mart 2023-cü il tarixli məktubun surətindən görünür ki. İddiaçı xx.xx.2021ci il tarixdə ərizə ilə Cəmiyyətə müraciət edərək, səhhəti ilə əlaqədar olaraq işdən azad edilməsini xahiş etmişdir. Cəmiyyətin 25K saylı xx.xx.2021-ci il tarixli əmri ilə İddiaçı öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək haqqı üzrə bütün ödənişlər həyata keçirilmiş, yalnız son haqq-hesab üzrə 310,74 manat ödənilməmiş qalıq qalmışdır. Həmin məbləğin ödənilməsi üçün hazırda şirkətin maddi imkanı yoxdurş Lakin yaxın zamanda bu məbləğin ödənilməsi həyata keçiriləcəkdir. İşin materiallarında olan “X1” MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran regional şöbəsinə ünvanlanmış 04 aprel 2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2021ci il tarixdə ərizə ilə Cəmiyyətə müraciət edərək, səhhəti ilə əlaqədar olaraq işdən azad edilməsini xahiş etmişdir. Cəmiyyətin 25K saylı xx.xx.2021-ci il tarixli əmri ilə İddiaçı öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək haqqı üzrə bütün ödənişlər həyata keçirilmiş, yalnız son haqq-hesab üzrə 603,52 manat ödənilməmiş qalıq qalmışdır. Həmin məbləğin ödənilməsi üçün hazırda şirkətin maddi imkanı yoxdurş Lakin yaxın zamanda bu məbləğin ödənilməsi həyata keçiriləcəkdir. İddiaçı əmək kitabçasını təhvil alınması üçün bir neçə dəfə şifahi xəbərdarlıq olunmasına baxmayaraq əmək kitabçasını təhvil almaq üçün Türyançay FT MMC-yə gəlməmişdir. Ancaq yazılı şəkildə müraciət etməsinə əsasən əmək kitabçasını onun ünvanına göndərilə bilər. İşin materiallarında olan xəstəlik tarixindən çıxarışdan (epikriz) görünür ki, İddiaçı “Prostat vəzin xərçəngi” xəstəlindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Onko-Urologiya şöbəsində müalicə və müayinədə olmuşdur. İşin materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiayasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, İddiaçı Prostat vəzinin bədxassəli yenitörəməsi xəstəliyindən əziyyət çəkir və üçüncü dərəcəli əlildir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 01 yanvar 2017-ci il tarixdən xxxxxxx000100 əmrlə əmək müqaviləsinə əsasən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətində “Qoyunçuluq üzrə baş nəzarətçi” vəzifəsinə işə götürülmüşdür. xx.xx.2021ci il tarixinədək həmin vəzifədə çalışmışdır. Sonradan İddiaçı səhhətində problemlər olduğundan iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsi ilə 31 iyul 2021-ci İ tarixində xitam verilmişdir. Hazırda iddiaçı bildirir ki, onu əmək haqqı əslində əmək müqaviləsində göstərilən formada olmayıb, onun real əmək haqqı 3000 manat olub. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının birinci tələbi əmək haqqından qalıq borclarının və ona faizlərin ödənilməsi ilə bağlıdır. İddiaçı işlədiyi müddət ərzində faktiki olaraq əmək haqqının 3000 manat olmasını qeyd etsə də, bu hal işin halların ilə müəyyən edilmir. İşçi işə götürülərkən onunla əmək müqaviləsi bağlanılır, həmin müqavilədə əmək haqqı göstərilir və əmək müqaviləsinin bir nüsxəsi işçiyə təqdim edilir. Buna görə də iddiaçı öz əmək haqqının məbləğini işə götürüldüyü gün bilməli idi. Beləliklə, işin halları ilə iddiaçının əmək haqqının 3000 manat olması əmək müqaviləsi ilə müəyyən edilməməklə yanaşı iddiaçı iddia müddətini də buraxmışdır. Belə ki, iddiaçının öz əmək haqqının məbləğini bildiyi (və ya bilməli olduğu) gün əmək müqaviləsinin bağlandığı (xx.xx.2017-ci il) gündür. Hazırkı iddia isə məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. İddiaçının ikinci tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, tələb konkret deyil. İşin halları ilə görünür ki, iddiaçıya son haqq-hesab məhkəməyə müraciət olunan günə qədər artıq ödənilmişdir. Belə olan halda isə son haqq-hesabın gecikdirilməsi halı yoxdur və iddiaçı tələbində konkret məbləğ göstərmədiyi üçün məhkəmə öz mülahizəsi ilə iddianın məbləğini hesablaya bilməz. Üçüncü tələblə bağlı məhkəmə bildirir ki, iddiaçı onun vaxtında işdən azad olunmaması ilə bağlı sağlamlığının pozulmasını bildirir və iddia tələbinə sağlamlıq vəziyyəti ilə bağlı sənədlər əlavə etsə də, onun sağlamlığının pozulması və ya ağırlaşmasının məhz cavabdeh təşkilatla aralarında olan əmək mübahisəsi ilə əlaqədar yaranmasına dair iddia ərizəsinə sübut əlavə olunmamışdır. Eyni zamanda, əmək müqaviləsinin 3 ay 20 gündən sonra ləğv edilməsi barədə də sübut yoxdur. Dördüncü tələblə bağlı isə məhkəmə qeyd edir ki, bu hissədə də tələb aydın deyil. İddiaçı maddi və mənəvi zərərə görə 10000 manat pul tələb etsə də, konkret olaraq hansı hissədə maddi, hansı hissədə isə mənəvi zərər olmasını göstərməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə mənəvi zərər məhkəmənin mülahizəsindən asılı olduğu halda, maddi zərər konkret olaraq və dəqiq göstərilməlidir. Bundan başqa, iddiaçı həmçinin təzminatın ödənilməsini tələb etsə də, bu ödənişin nə ilə bağlı olmasını, maddi yoxsa mənəvi zərər olmasını izah etməmişdir. Ümumiyyətlə, Mülki Məcəllədə təzminat ifadəsi mövcud deyil. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43.2-ci maddəsinin “ə” bəndinə əsasən əmək müqaviləsində mütləq işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması göstərilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarın 3-cü bəndinə əsasən mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işçinin işəgötürən tərəfindən qəsdən pozulan əmək hüquqlarının bərpası, əmək haqqının qalıq borclarının və maddi-mənəvi təzminatın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işçinin işəgötürən tərəfindən qəsdən pozulan əmək hüquqlarının bərpası, əmək haqqının qalıq borclarının və maddi-mənəvi təzminatın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar