Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1571/2025 14.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızı, İddiaçı cavabdehlər Ağdaş rayon Təhsil Şöbəsinə və X2 Təhsil İdarəsinə qarşı «əmək müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, Müəyyənetdi: İddiaçı cavabdehlər Ağdaş rayon Təhsil Şöbəsinə və X2 Təhsil İdarəsinə qarşı Ağdaş rayon Təhsil Şöbəsi ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci ildən Ağdaş rayon Orta Ləki kənd M.Nəbiyev adına tam orta məktəbdə texnologiya müəllimi işləyir, əvvəllər onunla əmək müqaviləsi Ağdaş rayon Təhsil Şöbəsi tərəfindən bağlanılmış, daha sonra X2 Təhsil İdarəsi yaradıldıqdan sonra sistemdə bütün müəllimlərlə Ağdaş rayon Təhsil Şöbəsi tərəfindən bağlanmış müqavilələrə xitam verilmiş və X2 Təhsil İdarəsi ilə sistem üzrə yeni müqavilə bağlanmış, lakin Ağdaş rayon Təhsil Şöbəsinin səriştəsizliyi nəticəsində onunla həmin şöbə arasında bağlanmış müqaviləyə xitam verilmədən X2 Təhsil İdarəsi ilə bağlanmış müqavilə sistemə daxil edilmiş, odur ki, məhkəmədən həmin əmək müaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il Sərəncamının 2.1-ci hissəsinə əsasən Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında X2 Təhsil İdarəsi yaradılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Həmin Məcəllənin 44.1-ci maddəsinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə Ağdaş rayon Təhsil Şöbəsinin hüquq qabiliyyətinin olmamasını nəzərə alaraq, hesab edir ki, İddiaçı cavabdeh Ağdaş rayon Təhsil Şöbəsinə (üçüncü şəxs X1 Xidməti) qarşı «əmək müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığına görə həmin iddia ərizəsini qəbul etməkdən imtina edilməli, İddiaçı ərizəsində qaldırdığı məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət etməsi və ya X2 Təhsil İdarəsinin ünvanının olduğu yerə görə Yevlax Rayon Məhkəməsində iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı cavabdeh Ağdaş rayon Təhsil Şöbəsinə qarşı «əmək müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçı izah edilsin ki, ərizəsində qaldırdığı məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət etmək və ya X2 Təhsil İdarəsinin ünvanının olduğu yerə görə Yevlax Rayon Məhkəməsində iddia qaldırmaq hüququ vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №2(014)-1571/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1571/2025
14.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver