Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1580/2020 30.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı və nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Məcburi mənzilə köçürmə tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məcburi mənzilə köçürmə tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun övladları ilə birlikdə Ağdaş rayonu,Qolqəti kəndində yerləşən cavabdehlə birgə yaşadığı gəlin köçdüyü fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, o, xx xxxxxxx 2012-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşdur, birgə nikahlarından xx xxx 2013-cü ildə anadan olmuş X9 və xx xxxxxxxx 2014-cü ildə anadan olmuş X11 adlı iki uşaqları anadan olmuşdur. O, cavabdehin atasına məxsus yaşayış evinə gəlin köçmüş və orada onlarla birgə yaşamışdır. Özünə məxsus olan cehiz əmlakı da həmin evə aparmışdır. Cavabdeh ilə ailə münasibətləri pisləşdiyindən onlar aralarında qeyd olunmuş nikah məhkəmə qaydasında xx xxxx 2020-ci ildə pozulmuşdur. Birgə nikahlarından anadan olmuş iki uşağı onun himayəsində saxlanılmışdır. Cavabdehlə faktik olaraq ayrılana qədər mübahisə predmeti olan evdə yaşamış,cavabdeh və onun ailəsi ilə birgə təsərüfatı idarə etmişlər. Lakin cavabdehlə münasibətləri pozulduğu üçün cavabdeh qızılzinət əşyaların onun əlindən alaraq iki uşağı ilə birgə onu qovmuşdur. Qeyd edir ki,uşaqlardan biri talassmiya xəstəsidir. Hazırda valideynlərinin evi kiçik olduğu üçün orada uşaqları ilə birgə yaşamaq mümkün deyildir. Hazırda övladları ilə birgə Ağdaş rayonu, Qolqəti kəndində yerləşən cavabdehlə birgə yaşadığı gəlin köçdüyü fərdi yaşayış evinə köçürülməyini xahiş edir. Hesab edir ki, iddia əsaslıdır, odur ki, iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iş üzrə iddiaçı ilə xx xxxxxxx 2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə quraraq evlənmişdir. İddiaçı onun atasına məxsus yaşayış evinə gəlin köçmüş və orada iddiaçı ilə ayrılana qədər yaşamışlar. İddiaçı ilə faktik olaraq ayrılandan sonra iddiaçı özü atasının evinə çıxıb getmişdir. Hazırda mübahisəli ev atasının xüsusi mülkiyyətindədir. Odur ki, o, atasının mülkiyyətində olan ev üçün sərəncam vermək iqtidarında deyildir. Hesab edir ki, iddia əsassızdır. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qolqəti kənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2 övladı ilə birgə Ağdaş rayon Qolqəti kəndində atasına məxsus fərdi yaşayış evində yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx xxx 2013-cü ildə anadan olmuş X9 və xx xxxxxxxx 2014-cü ildə anadan olmuş X11 valideynləri Cavabdeh və İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx xxx 2020ci il tarixdən başlayaraq xx xxx 2013-cü ildə anadan olmuş X9 və xx xxxxxxxx 2014-cü ildə anadan olmuş X11 18 yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat aliment tutulması,Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış Ağdaş rayon Qolqəti kənd icra nümayəndəliyində xx xxxx 2012-ci ildə 10 № ilə qeyd edilmiş nikah pozulması, xx xxx 2013-cü ildə anadan olmuş X9 və xx xxxxxxxx 2014-cü ildə anadan olmuş X11 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qolqəti kənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Qolqəti kənd sakini 1983-cü ildə anadan olmuş Cavabdeh 2010-cu ildə atasının təsərrüfatından ayrılaraq ayrı təsərrüfat kimi qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, Ağdaş rayonu, Qolqəti kəndində yerləşən fərdi yaşayış evinin hüquq subyekti X2r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışının surətindən məlum olur ki, Ağdaş rayonu Qolqəti kəndində 0,20 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi X1 adına xüsusi mülkiyyəti hüququ əsasında xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi X3,X6,Cavabdeh,X4,X5 ümumi birgə mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X12 məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Ağdaş rayonu,Qolqəti kəndində 0,20 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi X1 tam,torpaq sahəsi ümumbirgə,Cavabdeh və ailə üzvlərinin fərdi yaşayış evinin torpaq sahəsi ümumbirgə 5 nəfər mülkiyyət hüququ xx xxxxxx 2020-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, tərəflər 2012-ci il tarixdə ailə quraraq mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Mübahisə predmeti olan fərdi yaşayış evi 2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək özbaşına tikili olmuş, yalnız xx.xx.2020-ci il tarixdə X1 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin xx xxxxxxx 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, x xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasmda həmin yaşayış sahəsindən istifadə qaydalarmı tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfındən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. ( AR Mənzil Məcəlləsi 29.1; 29.2-ci maddələri) AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflərin 2012-ci ildə nikaha daxil olmaları, iddiaçının mübahisəli fərdi yaşayış evinə elə həmin ildə köçməsinə baxmayaraq, mübahisəli yaşayış evi 2020-ci ilin noyabr ayına kimi özbaşına tikili olduğundan nə iddiaçının, nə də cavabdehin həmin tikili ilə bağlı hər hansı subyektiv hüquqları olmamışdır. Həmin tikili xx xxxxxx 2020-ci il tarixdə daşınmaz əmlak kimi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının qayınatasının adına qeydə alındığından mövcud mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edildi ki, mübahisə predmeti olan evə,hazırda evin mülkiyyətçisi olan iddiaçının keçmiş qayınatası Müddət Yusifov mülkiyyət hüququ əldə etmək barədə əsaslı «gözləntiyə» malik olmuşdur. Bu isə «insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqmda» Kovensiyanın 1 saylı 5 Prptokolunun 1 -ci maddəsinin mənasına görə «mülkiyyət» anlayışına daxildir və qeyd olunan xüsusat da mövcud mübahisəyə mülkiyyət hüququna dair normaların tətbiq olunmasına imkan verir. Belə ki, iş materialarından tərəflər arasında həmin yaşayış sahəsindən istifadə ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər hansı razılaşmanın olmadığı müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, mövcud münasibətlərin həlli zamanı Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə istinadən məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti olan evə köçməklə cavabdehlərin ailə üzvü kimi həmin yaşayış sahəsindən istifadə etmiş, lakin hazırda tərəflər arasında ailə münsibətlərinə rəsmi xitam verildiyindən iddiaçı həmin əmlakdan istifadə hüququnu itirmişdir. Belə ki, mübahisəli fərdi yaşayış evi iddiaçının qayınatasının xüsusi mülkiyyətindədir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Konstitutsiya məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə mənzilə köçürülmə ilə bağlı iddialar mahiyyət etibarı ilə mülkiyyət hüququnun əhəmiyyəti və yaşayış sahəsindən istifadə etmək hüququnun mövcudluğunun müəyyənləşdirilməsi ilə bağlıdır.Bu baxımdan iddiaçının mübahisə predmeti olan əmlaka istifadə hüququ olmadığından həmin evə köçürülmə ilə bağlı tələbi əsassızdır. İddiaçının himayəsində olan azyaşlı uşaqların mübahisəli yaşayış evinə köçürlmə məsələsinə gəldikdə isə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Uşaqların iddiaçının himayəsində olması,onların yaşayış yerinin analarının yaşayış yeri olması əsas götürülməlidir. Bütün bu göstərilən hallara görə məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı məcburi mənzilə köçürmə tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1580/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1580/2020
30.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver