Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1580/2023 13.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh İsrəfilova (Rəhimova) Həcər Göyüş qızının iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus Ağdaş rayonu, Xosrov kəndi yerləşən 0,09 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsində 2013-cü il tarixdə 1 mərtəbəli, 2 yataq otağından, 1 zaldan, sanitar qovşaq və hamamdan ibarət ev tikdirmişlər. Həmin ev tikilib hazır olduqdan sonra oğlu X7 öz ailəsi İsrəfilova (Rəhimova) Həcər Göyüş qızı və uşaqları xx xxxxxx 2002-ci il təvəllüdlü Cavabdeh2 və 05 mart 2008ci il təvəllüdlü X8 ilə birlikdə həmin evə köçüb yaşamışlar. Bundan sonra onların arasında dəfələrlə söz-söhbət olduğundan məhkəməyə müraciət etmişlər. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından doğulmuş uşaqları analarının yanında saxlanılmışdır. Bundan sonra oğlu X1 şəhəri, M.F.Axundov küçəsi, ev 22-də yaşasa da X4 himayəsində olan uşaqları ilə birlikdə həmin evdə yaşamağa davam etmişlər. Belə ki, cavabdehlər və onun azyaşlı övladları onun ailə sırasına daxil deyil və onların həmin evdə yaşamaları üçün mülkiyyətçi, yəni onunla yazılı bağlanan və ya notariat qaydasında təsdiqlənən razılaşma mövcud deyildir. İddiaçıya məxsus Ağdaş rayonu, Xosrov kəndində 0,09 ha torpaq sahəsində tikilmiş 1 mərtəbəli, 2 yataq otağından, 1 zaldan, sanitar qovşaq və hamamdan ibarət evdən cavabdehlər Cavabdeh2 və İsrəfilova (Rəhimova) Həcər Göyüş qızının himayəsində olan azyaşlı uşaqları 25 dekabr 2006-cı il təvəllüdlü X9 və 05 mart 2008-ci il təvəllüdlü X8, həmçinin onlara məxsus əmlak çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək cavabdehin oğlu X3 tələb etdiyi alimetdən imtina etdiyi halda evi ona bağışlaya biləcəyini, əks halda evdən çıxarılmalarını və evi sataraq həmin pulla oğlunun aliment borcunu ödəyəcəyini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh İsrəfilova (Rəhimova) Həcər Göyüş qızı iddianı qəbul etməyərək sözü gedən evdə onun da əziyyətinin olduğunu, evin təmiri üçün vəsait xərclədiyini, X5 ona aliment borcu olduğunu, yığılmış aliment borcu əvəzinə həmin evi onun adına rəsmiləşdirdikləri halda yığılmış aliment borcundan imtina edəcəyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan 20 fevral 1988-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Azərbaycan SSR Nazirlər sovetinin 10 noyabr 1987-ci il tarixli 404 №-li qərarı və Ağdaş rayon XDC-İcraiyyə komitəsinin 30 noyabr 1987-ci il tarixli 22 №-li qərarına əsasən rayonun M.P.Vaqif adına sovxozuna fərdi mənzil tikilməsi üçün 2,3 hektar həyətyanı torpaq sahəsi təsdiq edilmişdir. Onunla əlaqədar olaraq Vaqif adına sovxoz həmkarlar komitəsi 02 dekabr 1987-ci il tarixli 194 №-li əmrinə əsasən sovxozun kənd arası istifadə edilə bilməyən torpaq sahəsindən 0,10 sot həyətyanı torpaq sahəsi İddiaçı ölçülüb verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Vaqif adına sovxoz həmkarlar komitəsi 02 dekabr 1987-ci il tarixli 194 №-li əmrinə əsasən İddiaçı 0,10 sot həyətyanı torpaq sahəsi verilmiş və İddiaçı həmin torpaq sahəsində 1 mərtəbəli, 2 yataq otağından, 1 zaldan, sanitar qovşaq və hamamdan ibarət ev tikdirmiş, həmin evdə oğlu ailəsi ilə birlikdə yaşamışdır. İddiaçı oğlu N.Rəhimov cavabdeh H.Rəhimova ilə rəsmi qaydada ayrılmaqlarına baxmayaraq, cavabdeh və uşaqları həmin evdə yaşayırlar. Hazırda iddiaçı oğlu ilə cavabdeh H.Rəhimova arasında heç bir nikah münasibəti olmaması səbəbindən həmin evdən çıxmalarını tələb edir. Cavabdeh isə həmin evin inşa edilməsində əziyyətinin olduğunu qeyd etsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki, ... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Göründüyü kimi cavabdehlər üzərində ev inşa edilmiş torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçının qanunvericiliklə müəyyən edilmiş ailə üzvləri deyillər və iddiaçının oğlu ilə Cavabdeh1 arasında ailə münasibətləri də pozulmuşdur. Belə olan halda isə cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş evdə onun iradəsinə zidd olaraq yaşamağa davam etməsi iddiaçının hüquqlarının heç bir hüquqi əsas olmadan məhdudlaşdırılmasına səbəb olur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və İsrəfilova (Rəhimova) Həcər Göyüş qızının himayəsində olan azyaşlı uşaqları 25 dekabr 2006-cı il təvəllüdlü X9 və 05 mart 2008-ci il təvəllüdlü X2 rayonu, Xosrov kəndində yerləşən 0,09 ha torpaq sahəsində tikilmiş 1 mərtəbəli, 2 yataq otağından, 1 zaldan, sanitar qovşaq və hamamdan ibarət evdən əmlakları ilə birlikdə çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və İsrəfilova (Rəhimova) Həcər Göyüş qızının himayəsində olan azyaşlı uşaqları 25 dekabr 2006-cı il təvəllüdlü X9 və 05 mart 2008-ci il təvəllüdlü X2 rayonu, Xosrov kəndində yerləşən 0,09 ha torpaq sahəsində tikilmiş 1 mərtəbəli, 2 yataq otağından, 1 zaldan, sanitar qovşaq və hamamdan ibarət evdən əmlakları ilə birlikdə çıxarılsınlar. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1580/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1580/2023
13.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver