Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1716/2022 05.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı Ağdaş suvarma sistemləri idarəsinin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 Tafdıq qızı və Cavabdeh3 iştirakları ilə İddiaçı Ağdaş suvarma sistemləri idarəsinin cavabdehlər Cavabdeh1 Tafdıq qızı və qeyrilərinə qarşı qeyri-yaşayış binasından çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ağdaş suvarma sistemləri idarəsi cavabdehlər Cavabdeh1 Tafdıq qızı və qeyrilərinə qarşı qeyri-yaşayış binasından çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş suvarma sistemləri idarəsi Ağdaş rayonun Türyançay çayının Sol sahilində olan yaşayış məntəqələrini və Ucar rayonunun 6 kəndini su ilə təmin edən Sol sahil magistral suvarma kanalının PK-86+50 ərazisində subölüşdürücü qovşağı yerləşir. Həmin qovşağın yaxınlığında subölüşdürücü qurğulara kənar müdaxilələrin qarşısını almaq üçün həmin ərazidə 1971-ci ildə qeyri-yaşayış binası olan 4 otaqlı, 1 mərtəbəli növbətçi evi tikilib (**********08-06101 reyestr nömrəli texniki pasport) istifadəyə verilmiş, həmin qovşağa nəzarət edən işçilər həmin binada qalaraq qeyd edilən qovşağa nəzarət edirlər. 1996-cı ilin avqust ayından Vəliyev X1 sistemləri idarəsinə 4-cü dərəcəli nəzarətçi vəzifəsinə qəbul edilmiş və həmin evdə yaşamışdır. 01 iyul 2002-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, həmin vəzifəyə X3 təyin edilmişdir. Buna baxmayaraq, Cavabdeh2 həmin evdə yaşamağa davam etmişdir. Hal-hazırda da Cavabdeh2 Ağdaş suvarma sistemləri idarəsinin mülkiyyətçisi olduğu növbətçi evində arvadı Cavabdeh1 Tafdıq qızı və oğlu Cavabdeh3 yaşayırlar. Belə ki, onlar Ağdaş suvarma sistemləri idarəsinin, həmçinin Ucar suvarma sistemlərin idarəsinin işçilərinin həmin ərazidə vəzifə öhdəliklərini yerinə yetirmələrinə maneçilik törədirlər. Dəfələrlə cavabdehlərdən Ağdaş suvarma sistemləri idarəsi mülkiyyətçisi olduğu həmin qeyriyaşayış binası olan 4 otaqlı, 1 mərtəbəli növbətçi evini (**********08-06101 reyestr nömrəli texniki pasport) tərk etmələrini tələb etsə də, buna məhəl qoymayaraq qanunsuz olaraq orada yaşayırlar. Cavabdehlər həmin qeyri-yaşayış binasından (növbətçi evi) məcburi qaydada çıxarılmalıdırlar. İddiaçı Ağdaş suvarma sistemləri idarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh3 onlara məxsus olan əmlakın iddiaçı Ağdaş suvarma sistemləri idarəsinə məxsus 4 otaqlı, 1 mərtəbəli qeyri-yaşayış binasından (növbətçi evi) (**********08-06101 reyestr nömrəli texniki pasport) çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ağdaş suvarma sistemləri idarəsinin nümayəndəsi Nümayəndə iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 Tafdıq qızı və Cavabdeh3 iddia tələbinin təmin edilməsinə etiraz etmədilər, lakin orada əkdikləri ağacların onlara məxsus olduğunu və gedərkən aparmaq istədiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmış reyestr nömrəsi **********08-06101 olan texniki pasportdan görünür ki, Ağdaş rayonunun Xosrov kəndində yerləşən 4 otaqlı, 1 mərtəbəli qeyri-yaşayış binası iddiaçı Ağdaş suvarma sistemləri idarəsinə məxsusdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəfindən Ağdaş rayonunun Xosrov kəndində 4 otaqlı, 1 mərtəbəli qeyri-yaşayış binası olan növbətçi evi inşa edilmişdir. Həmin qeyri-yaşayış binası Ağdaş suvarma sistemləri idarəsində nəzarətçi vəzifəsində işləyən Cavabdeh2 vəzifəsinin icrası ilə əlaqədar verilmişdir. Vəliyev X1 sistemləri idarəsindən öz istəyi ilə işdən azad olunmuşdur. Lakin Cavabdeh2, arvadı Cavabdeh1 Tafdıq qızı və oğlu Cavabdeh3 iddiaçıya məxsus qeyri-yaşayş binasında yaşamağa davam edirlər. İddiaçı Ağdaş suvarma sistemləri idarəsi isə cavabdehlərin Ağdaş rayonunun Xosrov kəndində yerləşən 4 otaqlı, 1 mərtəbəli qeyri-yaşayış binası olan növbətçi evindən çıxarımalarını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh3 Ağdaş rayonunun Xosrov kəndində yerləşən **********08- 06101 reyestr nömrəli 4 otaqlı, 1 mərtəbəli qeyri-yaşayış binası olan növbətçi evindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh3 Ağdaş rayonunun Xosrov kəndində yerləşən **********08-06101 reyestr nömrəli 4 otaqlı, 1 mərtəbəli qeyri-yaşayış binası olan növbətçi evindən çıxarılsınlar. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1716/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1716/2022
05.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver