Məhkəmə qərarları › İş №2(014)-1800/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1800/2022

28.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1800/2022 28.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı, vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1, Cavabdeh2, vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinə köçürmə, evdə yaşamaq və evdən istifadə hüququnun tanınması, ümumi istifadə qaydasının müəyyən edilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinə köçürmə, evdə yaşamaq və evdən istifadə hüququnun tanınması, ümumi istifadə qaydasının müəyyən edilməsi tələbi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 22 mart 2005-ci ildə Ağdaş rayon İHB-nin Ləki qəsəbə icra nümayəndəliyində 14 saylı rəsmi nikah qeydə aldırmışlar. Onun özünün, ailə üzvləri olan digər şəxslərin iştirakı ilə keçirilmiş müvafiq mərasimlərdən sonra ailə quraraq birlikdə yaşamağa başlamışlar. Birgə nikahlarından xx.xx.2006-cı ildə Xəyalə, xx.xx.2007-ci ildə Bəxtiyar və xx.xx.2013-cü ildə Zeynəb adlı 3 uşaqları anadan olmuşdur. 2018-ci ilin may ayına kimi gəlin gəldiyi yaşayış evində, müxtəlif vaxtlarda isə ərinin işi ilə əlaqədar müvəqqəti olaraq Rusiyada yaşamışlar. 2018-ci ilin may ayında Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 10 ünvanında 65.000 manata 4 otaqlı yaşayış evi almış, bütün ailə üzvləri və əmlakları ilə birlikdə həmin ünvana daimi yaşamaq üçün köçüb yaşamağa başlamışlar. Hesab edir ki, həmin vaxtdan həmin evdə yaşamaq, evin yaşayış sahəsindən, həmçinin köməkçi və kommunal-məişət sahələrindən cavabdehlərlə bərabər surətdə istifadə etməklə orada yaşamaq hüququ qazanmışdır. Həmin mənzildə yaşadığı vaxt, yəni 17 iyun 2022-ci il tarixdə cavabdehlərin 10 nəfərə qədər yaxınlarının ailə işlərinə növbəti müdaxiləsi, ona qarşı yolverilməz qaydada hədsiz şiddət və təzyiq göstərmələri, ona dözülməz stress yaşatmaqla evdən huşsuz vəziyyətdə çıxarmaları səbəbindən hazırda onun himayəsində qalmış bir azyaşlı uşağı ilə birlikdə çox çətin və qeyri-normal şəraitdə yaşamağa məcbur qalmışdır. Artıq hazırki ağır yaşayış şərtləri və şəraitində yaşamağı mümkün deyildir. Odur ki, hazırda onun azyaşlı uşağı ilə birlikdə əvvəllər yaşadığı evin yaşayış sahəsindən istifadə hüququnun tanınması və azyaşlı uşağı ilə birlikdə oraya köçürülməyinə dair iddia ilə müraciət edir. Vəkil sorğusu əsasında həmin evə dair müvafiq sənədlər tələb olunmuş, ünvan 1 ünvanda 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 135.10 kv.m olan fərdi yaşayış evinin Cavabdeh2 adına xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı qeyd edilmişdir. Həmin yaşayış evinin 65.000 manata, ərinin birgə nikahları dövründə qazandığı pula alınmış, orada yalnız onların ailələri daimi olaraq yaşamış, daimi yaşayış yeri üzrə pasport qeydiyyatındadırlar, sənəd üzrə qaynı mülkiyyətçi olsa da onun özü və ya ailə üzvləri heç vaxt həmin evdə yaşamamışdır. Ərinin şəxsən qazandığı pula digər yaxınlarının adına aldığı başqa əmlakları da mövcuddur. Buna görə də onun xx.xx.2013-cü ildə anadan olmuş qızı X3 ilə birlikdə ünvan 1 ünvanda 0.06 ha torpaq sahəsində yerlşən ümumi sahəsi 135.10 kv.m olan, Cavabdeh2 adına xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış evinə köçürülmələrinə, həmin mənzildə yaşamaq və oradan istifadə etmək hüquqlarının tanınmasına, mənzilin köməkçi və kommunal-məişət sahələrindən ümumi istifadə qaydasının müəyyən edilməsinə və mediasiya xərci kimi ödədiyi 50 manatın Cavabdeh1 alınıb onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı onun qardaşı olan digər Cavabdeh1 arvadı olmuşdur. Onlar 2005-ci ildə evlənmişlər. Toylarından sonra iddiaçı Ağdaş rayonu, Ləki qəsəbəsində analarına məxsus evə köçmüşdür. X12 Federasiyasında yaşadığına görə onlar həmin evdə bir həftə qaldıqdan sonra Rusiyaya getmişlər. Onların uşaqlarının hər üçü Rusiya Federasiyasında anadan olmuşlar. İddiaçı ilə ailəsi ilə birlikdə 5-10 ildən bir Azərbaycana gəlmişlər, onlar analarına məxsus evdə, Bakı şəhərində evi olan digər qardaşının mənzilində qonaq qismində bir neçə gün qaldıqdan sonra yenə qayıdıb Rusiyaya getmişlər. Qardaşı Cavabdeh1 və İddiaçı ailəsi ilə birlikdə 2018-ci ildə Azərbaycana qayıtmışlar və Ləki qəsəbəsində anasına məxsus evdə yaşamışlar. 2019-cu ildə o, Ağdaş şəhərində ev almaq qərarına gəlmişdir. Maklerlərin vasitəsi ilə mübahisə predmeti olan yaşayış evini tapmışdır. Anası, qardaşları ilə birlikdə həmin evə baxmışlar və ev xoşlarına gəldiyinə görə həmin evi almaq qərarına gəlmiş və almışdır. Evi 21 may 2019-cu il tarixdə notariat ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi ilə aldıqdan sonra həmin evi və yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsini 04 iyun 2019-cu il tarixdə DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində xüsusi mülkiyyət hüququ əsasında öz adına qeydiyyata aldırmış və bu barədə adına ********** qeydiyyat nömrəli, 04 iyun 2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport işlənərək verilmişdir. O, həmin evi aldıqdan bir müddət sonra qardaşı olan digər Cavabdeh1 və iddiaçı uşaqları Rusiyada rus dilində təhsil aldıqlarına, qəsəbədə rus məktəbi olmadığına görə özlərinə ev tapana kimi onun xüsusi mülkiyyətində olan müvəqqəti olaraq həmin evdə yaşamaq istədiklərini ona bildirmişlər. O, da buna razı olmuşdur. Bundan sonra iddiaçı və qardaşı uşaqları ilə birlikdə həmin evə köçərək orada yaşamağa başladılar. 2022-ci ilin iyun ayında İddiaçı evdə azyaşlı uşaqlardan başqa heç kimin olmamasından istifadə edərək evə başqa kişi gətirərək ərinə xəyanət etdiyinə görə onlar həmin tarixdən faktiki olaraq ayrılmışlar. Buna görə evdə baş vermiş mübahisə və münaqişədən sonra iddiaçı azyaşlı uşağı Zeynəbi də götürüb həmin evdən getmişdir. Qardaşı iddiaçı ilə aralarında qeyd edilmiş nikahın pozulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin iş hazırda Ağdaş Rayon Məhkəməsinin icraatındadır və baxılması üçün təyin edilmişdir. İddiaçı iddia ərizəsində xüsusi mülkiyyətində olan yaşayış evinə köçürülməsi, həmin evdən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi kimi hüquqlarının olmasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarlarına istinad etmişdir. O, həmin yaşayış evini 2019-cu ildə əldə etmiş və iddiaçı həmin yaşayış evində müvəqqəti yaşaması üçün həmin evə köçmüşdür. Göründüyü kimi iddiaçı ilə aralarında yaranmış mübahisə 2019-cu ildə, yəni yeni Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra yaranmışdır. Konstitusiya Məhkəməsi Plenumunun iddia ərizəsində göstərilən və istinad edilən xx.xx.2013-cü il tarixli qərarına əsasən iddiaçı ilə aralarında olan mübahisə 01 oktyabr 2009-cu ildən sonra yarandığından mübahisəyə baxılarkən Mülki Məcəllənin 228.5-ci maddəsi yox, Mənzil Məcəlləsinin 30.4cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qeyd edilən maddədə söhbət mülkiyyətçi ilə keçmiş ailə üzvündən gedir. Göründüyü kimi iddiaçı onun yox, digər cavabdeh olan qardaşı Cavabdeh1 keçmiş ailə üzvü, yəni arvadı olmuşdur. İddiaçı ona münasibətdə onun ailə üzvü hesab edilmir. Ona görə də iddiaçının ona qarşı belə bir iddia tələbi ilə müraciət etməsi üçün heç bir subyektiv hüququ yoxdur. Bütün qeyd edilən işin hallarından aydın görünür ki, iddiaçının mübahisələndirdiyi yaşayış sahəsi onun xüsusi mülkiyyətində olduğundan və iddiaçı ailə üzvü hesab olunmadığından iddiaçının ona qarşı hazrki iddia tələbi ilə müraciət etməsi üçün heç bir hüquqi əsası yoxdur. Ona görə də hesab edir ki, iddiaçının ona və digər cavabdehə qarşı belə bir tələblə məhkəməyə müraciət etməyə heç bir hüquqi əsası olmadığı halda, onun iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməz. Buna görə də qeyd olunanlar nəzərə alaraq İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinə köçürmə, evdə yaşamaq və evdən istifadə hüququnun tanınması, ümumi istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi heç bir subyektiv hüquqi əsaslar olmadan verildiyindən rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh1 ilə 22 mart 2005-ci ildə ailə quraraq qaynanasının evinə gəlin köçmüşdür. İki həftə orada qaldıqdan sonra yoldaşının işi ilə əlaqədar Rusiyaya köçmüşlər. Qaynanasının evi Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşir. 2005-ci ildən 2019-cu ilədək Rusiyada yaşamışlar, lakin Nehrəxəlil kəndinə də gəlirdilər. Övladları Rusiya Federasiyasında doğulub. Onlar Azərbaycana gəldikdə qaynanasının evində qonaq olaraq qalmışlar, lakin özlərinin xüsusi evləri olmayıb. 2018-ci ildə qayıdıb getdikdə o, əri Arifə dəstək olaraq Bakı şəhərində olan xüsusi evlərini sataraq Ağdaş rayonu, H.Əliyev prospektində mağaza almışlar. Sonra 2019-cü ildə əri və qaynı Yadigar ilə birlikdə Rusiyada olan evlərini sataraq məbləğini yarı bölmüşlər. Ərinin orada maşını və özünə məxsus olan 3 mağazanı sataraq, məbləğləri toplayıb 2019-cu ilin may ayının 19-da Ağdaş şəhəri, Səbuhi Səlimoğlu küçəsində yerləşən 70.000 manata deyilən evi 65.000 manata alaraq həmin evə qeydiyyata düşmüşlər. Sözügedən evin alınmasında özü şəxsən iştirak edib. Onun həmin evdə əziyyəti olub. Onun azyaşlı uşağı var və həmin evdə yaşamaq hüququ vardır. Həmin evin alınmasında əri ilə əziyyətləri çox olub. Həmin ev alınarkən evin qaynının adına rəsmiləşdirildiyindən məlumatı olmayıb. Buna görə də iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və bildirdi ki, İddiaçı ilə nikahlarını 22 mart 2005-ci ildə qeydə aldırmaqla ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2006-cı ildə Xəyalə, xx.xx.2007-ci ildə Bəxtiyar və xx.xx.2013-cü ildə Zeynəb adlı 3 uşaqları anadan olmuşdur. 2018-ci ilin may ayına kimi anasına məxsus evdə, daha sonra Rusiyada yaşamışlar. Mübahisələndirilən Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 10 ünvanında yerləşən 4 otaqlı evi qardaşı Cavabdeh2 öz vəsaiti hesabına və özü üçün almış, ona və ailəsinə həmin evi müvəqqəti yaşamaq üçün vermişdir, Azərbaycan Respublikasında daimi yaşayış yerləri və özlərinin adına evləri olmadığı üçün qardaşının razılığı ilə o, və ailə üzvləri həmin qediyyata düşmüşlər. Hazırda xx.xx.2006-cı ildə anadan olmuş Xəyalə və xx.xx.2007-ci ildə anadan olmuş Bəxtiyar onun, xx.xx.2013-cü ildə anadan olmuş Zeynəb isə anasının himayəsindədir. İddiaçı ona xəyanat etdiyi üçün ayrılmışlar, buna görə də aralarında bağlanılmış nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir, hazırda həmin iş Ağdaş Rayon Məhkəməsinin icraatındadır. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi, etiraz ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi Vəkil2 Akif oğlu məhkəmə iclasında iddianı qəbul etmədi, etiraz ərizəsində göstərilənlərə uyğun izahat verdi iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin və nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, Cavabdeh1 X8 ilə nikahlarını 22 mart 2005-ci ildə Ağdaş rayon Ləki Qəsəbə icra nümayəndəliyində 14 nömrəli akt qeydi ilə qeydə aldıraraq nikahlarını rəsmiləşdirmişlər. X8 “Məhərrəmova” soyadını qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli, **********63 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanda 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 135.10 kv.m olan fərdi yaşayış evi Cavabdeh2 adına xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 14 oktyabr 2022-ci il tarixli, MŞŞ/1/01341 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh1 iştirak etməmişdir. İş materillarında olan 21 may 2019-cu il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, satıcı Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 10 ünvanında qeydiyyatda olan X5 ilə alıcı Ağdaş rayonu, Nehrəxəlil kəndində qeydiyyatda olan Cavabdeh2 arasında bağlanmış alıq-satqı müqaviləsinə əsasən Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 10 ünvanında yerləşən ümumi 135.1 kv.m yaşayış sahəsi 53.3 kv.m, yaşayış sahəsi 81.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evi satıcı X5 tərəfindən alıcı Cavabdeh2 satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi, ev 10-da yerləşən fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, ünvan 2 evdə qeydiyyatda olan Cavabdeh1 ailə tərkibi İddiaçı, X4, X2 və X1 ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, tərəflər 2005-ci il tarixdə ailə qurmuşlar, uzun müddət Rusiya Federasiyasında yaşadıqdan sonra vətənə geri dönərək Cavabdeh2 adına rəsmiləşdirilmiş mübahisəli fərdi yaşayış evində yaşamışlar. Mübahisə predmeti olan fərdi yaşayış 2019-cu ildə alqı-satqı müqaviləsi əsasında xx.xx.2019-cu ildə Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin 08 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasmda həmin yaşayış sahəsindən istifadə qaydalarmı tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfındən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. ( AR Mənzil Məcəlləsi 29.1; 29.2-ci maddələri) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-sübyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 ilə 2005-ci ildə nikaha daxil olmuşlar, uzun müddət Rusiya Federasiyasında yaşadıqdan sonra Azərbaycana geri dönüb ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin mənzildə müvəqqəti yaşamışlar. İddiaçı mübahisəli fərdi yaşayış evinin özün iştirakı ilə əri Cavabdeh1 ilə birlikdə aldıqlarını iddia etsə də, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, mübahisə predmeti olan Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 10 ünvanında yerləşən ümumi 135.1 kv.m yaşayış sahəsi 53.3 kv.m, yaşayış sahəsi 81.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evi həmin ünvanda qeydiyyatda olan X5 tərəfindən Ağdaş rayonu, Nehrəxəlil kəndində qeydiyyatda olan digər cavabdeh, yəni iddiaçının qaynı olan Cavabdeh2 xx.xx.2019-cu ildə alıq-satqı müqaviləsinə əsasən satmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mövcud münasibətlərin həlli zamanı Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə istinadən məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti olan evdə yaşasa da, evin mülkiyyətiçsi olan Cavabdeh2 ilə birlikdə yaşamamışdır, birgə təsərrüfat aparmamışdır, onun ailə üzvü hesab edilmir, həmin evdən istifadə hüququ əldə etməmişdir, digər cavabdeh olan əri Cavabdeh1la ailə üzvü kimi həmin yaşayış sahəsindən istifadə etsə də, hazırda onların arasında olan ailə münasibətləri pozulmuşdur, faktiki olaraq onun keçmiş ailə üzvüdür, həmçinin Cavabdeh1 mübahisəli evin mülkiyyətçisi deyildir və həmin evə münasibətdə cavabdeh ola bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Konstitutsiya Məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə mənzilə köçürülmə ilə bağlı iddialar mahiyyət etibarı ilə mülkiyyət hüququnun əhəmiyyəti və yaşayış sahəsindən istifadə etmək hüququnun mövcudluğunun müəyyənləşdirilməsi ilə bağlıdır. Bu baxımdan iddiaçının mübahisə predmeti olan əmlaka istifadə hüququ olmadığından həmin evə köçürülmə ilə bağlı tələbi əsassızdır. İddiaçının himayəsində olan azyaşlı uşağın mübahisəli yaşayış evinə köçürülmə məsələsinə gəldikdə isə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Uşağın iddiaçının himayəsində olması, onların yaşayış yerinin anasının yaşayış yeri olması əsas götürülməlidir. Bütün bu göstərilən hallara görə məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinə köçürmə, evdə yaşamaq və evdən istifadə hüququnun tanınması, ümumi istifadə qaydasının müəyyən edilməsi tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar