Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-201/2022 25.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövət Xidmətinə və Ağdaş rayon Notariat ofisinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövət Xidməti və Ağdaş rayon Notariat ofisinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh məxsus ƏMDX-nin yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 17 iyun 2020-ci il qeydiyyat tarixli, **********30 reyestr nömrəli, **********0 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,0304 hektar torpaq sahəsini üçüncü şəxs Ağdaş rayonu Notariat ofisində 29 aprel 2021-ci il tarixdə reyestrdə 4Ə-352 nömrə ilə rəsmiləşdirilmiş seriya AN-İ, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə 105000 (yüz beş min) manata almışdır. Satın aldığı həmin 0,0304 hektar torpaq sahəsi qeyri-yaşayış torpaq sahələrinə aiddir və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutulmuşdur. Torpağa yeganə giriş küçədən olmaqla 3 metr enində darvaza vasitəsilədir. Həmin darvazanın sağ və sol hissələrindən mağazalar sıralanır. Torpağın üzərində sənədsiz çoxsaylı müxtəlif tikililər mövcuddur. Torpaq sahəsində yerləşən tikililərdən biri yeməkxana kimi fəaliyyət göstərir, digər bir neçə otaqdan ibarət olan köhnə tikilidən istifadə olunmur (əvvəllər bank kimi fəaliyyət göstərib), həmçinin yeni iki otaqlı ofis təyinatlı tikinti vardır. Cavabdehin ona satdığı torpaq sahəsinə giriş M.İsayev küçəsindən olmaqla yalnız 3 metr enində yeganə giriş-çıxış olduğuna görə həmin darvazanı bağlayacağı halda, həyətdə olan dövlət torpağından və tikililərindən digər şəxslərin istifadəsi mümkünsüz olur. Yəni həmin dövlət torpağının və üzərindəki tikililərinin ondan başqa şəxs tərəfindən istifadəsi və satın alınması qeyri-mümkündür. Ona görə də alqı-satqı müqaviləsi bağlanan zaman həmin həyət və üzərindəki bütün tikililər razılaşmalarında vahid halında çıxış edib (bütöv götürülüb). Cavabdeh alqı-satqı müqaviləsi bağlanan zaman aldığı torpaq sahəsinə bitişik olan dövlət fonduna aid torpaq sahəsini, köhnə tikililəri və yeni tikilmiş ofis tipli tikintini də qısa müddətdə özəlləşdirərək, ona satacağını vəd etmişdir. Ona görə də o, razılaşdıqları 105000 manat pulun 50000 manatını alqı-satqı günü cavabdehə ödəmişdir. Qalan 55000 manat pulu isə cavabdehlə danışığa görə 2021-ci ilin sentyabr ayının sonuna kimi dövlət fonduna aid torpaq sahəsini və üzərindəki tikililəri özəlləşdirərək ona satacağı gün ödəməyə razılaşmışlar. Sonradan məlum olmuşdur ki, onun aldığı 0,0304 hektar torpaq sahəsinə bitişik dövlət fonduna aid torpaq sahəsində cavabdehin qanunsuz inşa etdiyi iki otaqlı tikiliyə görə onun barəsində inzibati qaydada tənbeh tədbiri görülmüşdür. Onun həmin torpaq sahəsini almaqda məqsədi yeməkxana kimi istifadə olunan və ona bitişik istifadəsiz tikilidə və həyətin sonunda yeni inşa edilmiş iki otaqdan ibarət tikililərdə müəyyən yenidənqurma və təmir işləri apararaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq olmuşdur. Buna görə də o, həmin torpaq sahəsini və üzərində yerləşən tikililərə görə oranı 105000 manata almağa razılıq vermişdir. Alqı-satqıdan sonra keçən müddət ərzində cavabdehə verməli olduğu 55000 manat pulu hazırlayaraq, cavabdehin dövlət fonduna aid torpaq sahəsini öz adına özəlləşdirərək ona satmağa hazır olduğu barədə iddiaçıya məlumat verəcəyini gözləmişdir. Cavabdeh həmin torpağı ona rəsmi qaydada satdığından həmin daşınmaz əmlak onun adına dövlət reyestrində qeydə alınanadək qanunvericiliyin tələbinə uyğun olaraq həmin torpaq üzərində mülkiyyət hüququ satıcıya, yəni cavabdehə, sahiblik və istifadə hüququ isə alıcıya, yəni ona verildiyi halda, cavabdeh həmin torpaq üzərində yerləşən və yeməkxana kimi fəaliyyət göstərən obyekti başqa şəxsə icarəyə vermiş və hər ay 600 manat icarə haqqını özü almaqla və bundan faydalanmaqla müqavilənin müvafiq şərtini və qanunvericiliyin tələbini pozmuş və bu gün də pozmaqda davam edir. Qeyd edilən xüsusat daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 6-cı bəndində nəzərdə tutulmuş, həmin razılaşmaya görə müqavilənin predmeti olan əmlak üzərində alıcının sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyat tarixindən əmələ gəlir. 0,0304 hektar torpaq sahəsi ayrılıqda götürülərsə qiyməti 7-8 min manatdan artıq deyil. Həmin torpağın 105000 manata alınmasının səbəbi üzərində olan sənədsiz tikililər və həmin tikililərin satıcı tərəfindən 5 ay ərzində özəlləşdirilərək ona tam şəkildə verilməsi barədə razılaşma olmuşdur. Cavabdeh mübahisə predmeti olan torpaq sahəsinin üzərində yerləşən tikililərin hamısının ona məxsus olduğunu, dövlət fonduna aid torpaq sahəsini ən qısa müddətə özəlləşdirərək, ona satacağını öhdəsinə götürsə də, keçən müddətdə heç bir hərəkət etməyərək, sonda isə həmin torpaq sahəsinin özəlləşdirilməsinin mümkün olmadığını deməklə, yəni onu aldatmaqla həmin torpağın ona satılmasına və pulunu almağa və bundan faydalanmağa nail olmuşdur. Mülki qanunvericiliyin tələbinə görə aldatma yolu ilə bağlanmış əqdlər etibarsız əqdlər hesab olunur və müqavilə aldadılmış tərəf tərəfindən mübahisələndirilə bilər. Üçüncü şəxs Ağdaş rayon Notariat ofisində Cavabdeh ilə 29 aprel 2021-ci il tarixdə aralarında bağlanmış və reyestrdə 4Ə-352 nömrə ilə qeydə alınmış seriya AN, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi cavabdeh tərəfindən aldatmaqla bağlandığından, yəni aldatma yolu ilə rəsmiləşdirilərək bağlandığından həmin müqavilə əhəmiyyətsiz və etibarsız müqavilədir. Ona görə də həmin müqavilə etibarsız hesab edilməlidir. Sonradan İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq bildirmişdir ki, nümayəndəsi olduğu İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız, hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Notariat ofisində nümayəndəsi olduğu İddiaçı ilə Cavabdeh arasında 29 aprel 2021-ci il tarixdə bağlanmış və reyestrdə 4Ə-352 nömrə ilə qeydə alınmış seriya AN, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və 50000 manat pulun, dövlət rüsumu olaraq ödədiyi 240 manat və müvəqqəti təminat tədbirləri üçün ödədiyi 24 manatın cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndəsi olduğu İddiaçı ilə cavabdeh obyektin ona satılması ilə razılaşan zaman cavabdeh obyektin satılması ilə bağlı müəyyən işlərin görülməsi üçün ilkin olaraq ondan 5000 manat pul almışdır. Lakin iddia ərizəsində həmin 5000 manat pulun cavabdehdən alınması tələb olunmamışdır. Hazırda nümayəndəsi olduğu iddiaçı cavabdehdən həmin pulu tələb edir. Ona görə də iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək nümayəndəsi olduğu İddiaçı ilə Cavabdeh arasında 29 aprel 2021-ci il tarixdə bağlanmış və reyestrdə 4Ə-352 nömrə ilə qeydə alınmış seriya AN, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və 55000 manat pulun, dövlət rüsumu olaraq ödədiyi 240 manat və müvəqqəti təminat tədbirləri üçün ödədiyi 24 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə etdi və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi, eyni zamanda məhkəməyə ərizə təqdim edərək bildirdi ki, Cavabdeh iddia üzrə gələcəkdə müqavilə etibarsız hesab olunarsa həmin pulu razılıq əsasında evinin və obyektinin satılması yolu ilə ödəyəcəyinə dair razılığa gəlmişlər məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirdi ki, iddianı qəbul edir. Torpağı və kafeni satdığına görə aldığı 5000 (beş min) manat behi və 50000 (əlli min) manat ödənişi Zülfüqarla aralarında olan razılığa görə hisə-hissə ödəyəcəkdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Zülfüqar onun yeznəsidir. Zülfüqar Sadiqdən daşınmaz əmlak almışdır. Zülfüqarın əvəzindən alqı-satqı zamanı da mən iştirak etmişəm. Bundan əvvəl isə Sadiqə 5000 manat beh vermişdi. Daşınmaz əmlak alınarkən oranın sahəsinin 3 sot olduğunu bilirdik. Lakin Sadiq bizə bildirmişdi ki, həmin həyətdə olan bütün tikintiləri bizə verəcək. Buna görə də 3 sot torpaq sahəsinə 105000 manat ödəməyə razılıq vermişdik. Halbuki, Ağdaş rayonunda boş torpaq sahəsinin 3 sotunun qiyməti 105000 manat ola bilməzdi. Bundan sonra Zülfüqar aldadıldığını başa düşdü və məhkəməyə müraciət etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Zülfüqar onun oğludur. Zülfüqar Ağdaş rayonunda özünə sahibkarlıq fəaliyyəti üçün yer almaq istəyirdi. Sadiq bizə 3 sot torpaq sahəsini və üzərindəki tikililəri göstərərək dedi ki, bunlar hamısı ona məxsusdur. Bundan sonra aramızdakı danışığa əsasən bizə göstərilənləri 105000 manata almağa razılaşdıq. Əvvəlcə 5000 manat beh ödədik. Daha sonra 50000 manat ilkin ödəniş etdik. Lakin Sadiq torpaq sahəsinin üzərindəki tikililəri sənədləşdirib bizə vermədi. Bundan sonra Zülfüqar başa düşdü ki, Sadiq onu aldadıb. Buna görə də məhkəməyə müraciət etməli oldu. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 17.06.2020-ci il tarixli, AA seriyalı, № 509420 torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cavabdeh xüsusu mülkiyyətində ünvan 3 ünvanında yerləşən 0,0304 ha torpaq sahəsi vardır. İşin materiallarında olan 29 aprel 2021-ci il tarixli, seriya AN-İ, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0,0304 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini bütövlükdə İddiaçı satmışdır. İşin materiallarında olan 11 fevral 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 5 ünvanında yaşayan 24.09.1996-cı il təvəllüdlü X5 izahatında bildirmişdir ki, Cavabdeh onun atasıdır. Atası Sadiqi çoxları Rəhim kimi tanıyır. Onun atası Cavabdeh adına ünvan 1 ünvanında yerləşən 0,0304 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsində çayxana fəaliyyət göstərir. Atası Cavabdeh adına olan çayxananın həyətində eni 6 metr, uzunluğu 9 metr olan heç bir icazə sənədi olmadan iki otaqlı abyekt tikdirmişdir. Həmin abyekti tikdirdiyi yeri əvvəllər özlərinə məxsus olan çayxananın ərazisi kimi istifadə etmişlər. Qeyri-qanuni tikdirdiyi iki otaqlı obyektin torpaq sahəsinin sənədləri onlara məxsusdur. O həmin sənədləri təqdim edə biləcəyini söyləmişdir. Onun atası Cavabdeh adına olan ünvan 1 ünvanında yerləşən çayxananın ərazisində apardığı tikintinin bir hissəsini təxminən 2-3 ay öncə, bir hissəsini 1 ay öncə tikdirmişdir. Yeni tikilmiş tikintinin heç bir sənədlərinin yoxdur və tikinti aparılan yerin torpaq sahəsinin sənədləri onlara məxsusdur. Onun atası Cavabdeh adına olan ünvan 1 ünvanında yerləşən 0,0304 ha torpaq sahəsində qeyri-qanuni tikdirdiyi abyekti tikdirən zaman heç bir kəsdən icazə almamışdır. Onun ünvan 1 ünvanında tikdirdiyi tikintinin yerində əvvəllər heç bir tikinti və ya başqa heçnə olmamışdır. İşin materiallarında olan "xxxx" MMC-nin direktoru X1 tərəfindən verilmiş 21 fevral 2021-ci il tarixli, MR-09/2022 saylı mütəxəsis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0304 ha torpaq sahəsin orta bazar dəyəri 30000 (otuz min) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı əqdin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə məhkəməyə təqdim etdiyi ərizəsində iddianı qəbul edərək iddiaçı ilə razılaşmaya əsasən onun pulunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövət Xidmətinə və Ağdaş rayon Notariat ofisinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 29 aprel 2021-ci il tarixdə bağlanmış və reyestrdə 4Ə-352 nömrə ilə qeydə alınmış, seriya AN, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və 55000 manat pul, dövlət rüsumu olaraq ödənilmiş 240 manat və müvəqqəti təminat tədbirləri üçün ödənilmiş 24 manat Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövət Xidmətinə və Ağdaş rayon Notariat ofisinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 29 aprel 2021-ci il tarixdə bağlanmış və reyestrdə 4Ə-352 nömrə ilə qeydə alınmış, seriya AN, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh 55000 manat pul, dövlət rüsumu olaraq ödənilmiş 240 manat və müvəqqəti təminat tədbirləri üçün ödənilmiş 24 manat tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-201/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-201/2022
25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver