Məhkəmə qərarları › İş №2(014)-22/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-22/2022

05.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-22/2022 05.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən məcburi çıxarılma, süni maneələrə son qoyulması vəqanunsuz hərəkətlərə birdətəlik son qoyulma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən məcburi çıxarılma, süni maneələrə son qoyulması vəqanunsuz hərəkətlərə birdətəlik son qoyulma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı notariat ofisində rəsmiləşdirilmiş alqı-satqı müqavibsi əsasında Ağdaş rayonunun Əmirmahmud kəndi ərazisində yerləşən 2,308 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almışdır. Həmin torpaq sahəsini DƏDRX-nin 17 saylı Yevlax Ərazi idarəsində xüsusi mülkiyyət hüququ əsasında adına qeydiyyata aldırmış və bu barədə adına xx.xx.2020-ci il qeydiyyat tarixli, **********9 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü işlənərək verilmişdir. Torpaq sahəsinin alqı-satqısı və adına qeydə alınan zamanlar həmin idarənin əməkdaşları tərəfindən torpaq sahəsinin koordinat nöqtələri müəyyən edilərək ona tanıdılmışdır. O torpaq sahəsini öz adına qeydə aldırdıqdan sonra həmin torpaq sahəsindən istifadə etmək istəyəndə cavabdehlər Cavabdeh1 və X10 onu həmin sahəyə buraxmayaraq ona bildirmişlər ki, həmin 2,308 hektar torpaq sahəsini bir neçə il bundan əvvəl özünə məxsus torpaq sahəsi ilə əvvəlki mülkiyyətçi ilə dəyişib və bu günədək özü istifadə edir və bundan sonra da edəcəkdir. O torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında adına qeydə alındığını bu barədə adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və torpaq sahəsinin planı və ölçüsünü onlara göstərəndə deyirlər ki, bütün bunlar saxta yollarla alınıbdır. Onlar həmin vaxtdan onun xüsusi mülkiyyətində olan torpaq sahəsini özbaşına zəbt edərək onu həmin əraziyə buraxmırlar. Bununla da cavabdehlər qanunsuz hərəkətləri ilə onu xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə süni maneələr yaradırlar. Cavabdehlərə dəfələrlə özbaşına zəbt edərək istifadə etdikləri torpaq sahəsindən könüllü çıxmasını və onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən istəyinə uyğun istifadəyə törətdikləri qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş və tələb etsə də, onlar, torpaq sahəsindən könüllü çıxmaq istəmirlər. Cavabdehlər mülkiyyətində olan həmin torpaq sahəsini özbaşına tutaraq istifadə etməklə mülkiyyətçi kimi qanunla qorunan hüquqlarını pozurlar. O mülkiyyətçi kimi, həmin torpaq üzərində hüquqlarını istəyinə uyğun sərbəst həyata keçirə bilmir. Cavabdehlər qeyd etdiyi özbaşına və qanunsuz hərəkətlərini bu gün də davam etdirirlər. Ona görə də onlara qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddiaçı başqa kənddə yaşamağına baxmayaraq, onların kəndinin ərazisində torpaq almışdır. Həmin torpaq sahəsi uzun illərdir onların istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddaçının iddia etdiyi torpaq sahəsi ondan əvvəl 3 fərqli şəxsə satılıb. Hazırda torpaq sahələri üst-üstə düşdüyü üçün Rüstəm gəlib mübahisə yaradır və onlara torpaq sahəsindən istifadə etməyə imkan vermir. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab etmiş və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********76 olan çıxarışın təsdiqlənmiş görünur ki, Ağdaş rayonunun Əmirmahmud kəndindən 2,2080 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-0028 nömrəli (kod ********) olan torpağa mülkiyyət huququna dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, X10, X3 və X4 Ağdaş rayonunun Əmirmahmud kəndindən 2,06 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-0027 nömrəli (kod ********) olan torpağa mülkiyyət huququna dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, X13, X6, X7, X8 və X2 Ağdaş rayonunun Əmirmahmud kəndindən 3,42 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2866 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Pərviz Məmmədovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı mülkiyyətinə ********** nömrəli çıxarışla Ağdaş rayonu Əmirmahmud kəndi ərazisində AA 559636 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlar daxilindəki 2,3080 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi faktiki cavabdehlər X9 və Cavabdeh2 tərəfindən naturada istifadə edilir. Ekspert tərəfindən qeyd olunur ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı ekspertiza tədqiqatının dəyəri olan 561 (beş yüz altmış bir) manat ekspertiza xərcini ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Ağdaş rayonunun Əmirmahmud kəndi ərazisindən 2,3080 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almışdır. Bu barədə onun adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********76 olan çıxarış verilmişdir. Hazırda həmin torpaq sahəsi cavabdehlər X9 və Cavabdeh2 tərəfindən naturada istifadə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və X1 rayonunun Əmirmahmud kəndi ərazisində yerləşən 2,308 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılmalı, həmin torpaq sahəsindən İddiaçı istifadəsinə yaradılan süni maneələr aradan qaldırılmalı və cavabdehlərin həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulmalı, iş üzrə 561 (beş yüz altmış bir) manat ekspertiza tədqiqatının dəyəri cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıların xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən məcburi çıxarılma, süni maneələrə son qoyulması vəqanunsuz hərəkətlərə birdətəlik son qoyulma tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 rayonunun Əmirmahmud kəndi ərazisində yerləşən 2,3080 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılsınlar. Cavabdehlər tərəfindən həmin torpaq sahəsindən İddiaçı istifadəsinə yaradılan süni maneələr aradan qaldırılsın və cavabdehlərin həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulsun. İş üzrə 561 (beş yüz altmış bir) manat ekspertiza tədqiqatının dəyəri cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıların xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar