Məhkəmə qərarları › İş №2(014)-2313/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2313/2021

15.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2313/2021 15.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi Şirinova (Hacıyeva) Reyhanə Xanqulu qızının və onun vəkili X1 iştirakları ilə Ərizəçi Şirinova (Hacıyeva) Reyhanə Xanqulu qızının Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Şirinova (Hacıyeva) Reyhanə Xanqulu qızı Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Şirinova (Hacıyeva) Reyhanə Xanqulu qızı xx.xx.1990-cı ildə Ağdaş rayonunun Abad kəndində anadan olmuş və daimi olaraq orada yaşayır. 25.12.2015-ci ildə Bərdə regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində X11 ilə aralarında 602 saylı nikah qeydə alınmışdır. X3 2020-ci ilin avqust ayından onu atıb çıxıb getmişdir. 04 mart 2021-ci il tarixdə ailə üzvlərinin, yaxınlarının iştirakı və köməkliyi ilə ev şəraitində, tibb işçilərinin iştirakı olmadan uşaq dünyaya gətirmişdir. Doğuşdan sonra uşağın doğumu barədə kəndlərində olan, rayon mərkəzi xəstəxanasının əməkdaşına bu barədə məlumat vermişdir. Həmin tibb işçisi uşağın ev şəraitində doğumu ilə əlaqədar bu barədə ona sənəd verməkdən imtina etmişdir. Qeyd olunan faktla bağlı Maraqlı şəxsnə etdiyi müraciət də müsbət nəticə verməmişdir. Maraqlı şəxs doğum faktını, vaxtını və yerini təsdiq edən tibb sənədinin təqdim olunmadığı səbəbindən 06.08.2021-ci ildə uşağın doğumunun qeydə alınmasından imtina olunduğuna dair rəsmi arayış vermiş və məhkəməyə müraciət etməli olduğunu orada qeyd etmişdir. Uşağının doğulması faktının məhkəmə qaydasında müəyyən edilməsi ilə əlaqədar məsələyə baxılması üçün hazırkı ərizə ilə müraciət etmişdir. Qeyd olunan faktın məhkəmə qaydasında müəyyən edilməsi ona uşağın doğumunun qeydiyyat orqanında rəsmi qeydə alınması ilə əlaqədar lazımdır. Məhkəmə iclasında ərizəçi Şirinova (Hacıyeva) Reyhanə Xanqulu qızı izahat verərək ərizəni müdafiə etdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadə verərək göstərdi ki, ərizəçi onun qızıdır. Həqiqətən də Şirinova (Hacıyeva) Reyhanə Xanqulu qızı 04 mart 2021-ci tarıxində ev şəraitində bir qız uşağı dünyaya gətirmişdir. Hamilə olduğunu xeyli gec bildiyinə və maddi vəziyyəti pis olduğuna görə hamiləliyi ilə bağlı həkimə müraciət etməmişdir. Uşaq ev şəraitində doğulduğuna görə onun doğumu ilə bağlı heç bir sənəd eldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, ərizəçi yaxın qonşusudur. Həqiqətən də Şirinova (Hacıyeva) Reyhanə Xanqulu qızı 04 mart 2021ci tarıxində ev şəraitində bir qız uşağı dünyaya gətirmişdir. Hamiləliyi ilə bağlı həkimə müraciət etməmişdir. Uşaq gecə doğulmuşdur. Uşaq doğulanda o da orada olmuşdur. İşin materiallarında olan 27.12.2021-ci il tarixli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Şirinova (Hacıyeva) Reyhanə Xanqulu qızı xx.xx.1990-cı il tarixində Ağdaş rayonunun Abad kəndində anadan olmaqla, Ağdaş rayonunun Abad kəndində qeydiyyatdadır. İşin materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 25.12.2015-ci il tarixdə verilmiş AZ-İl № 077443 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə Ərizəçi 25 dekabr 2015-ci il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Şirinova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Abad kənd soveti tərəfindən verilmiş 20.08.1990-cı il tarixli, XV – JQ seriyalı, № 275856 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Ağdaş rayonunun Abad kəndində anadan olmuş, atası X4 anası isə X7r. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Abad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12.10.2021-ci il tarixli, № 379 saylı arayışdan görünür ki, Hacıyeva (Şirinova) X9 rayonunun Abad kəndində anadan olmuş, hal-hazırda həmin kənddə yaşayır və ailə tərkibi anası X13, qardaşı X6, qardaşı arvadı X12, qardaşı qızı X8 və qardaşı oğlu X2 ibarətdir. İşin materiallarında olan Ağdaş rayon İcra hakimiyyəti başçısının Abad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12.10.2021-ci il tarixli, № 379 saylı arayışdan görünür ki, Hacıyeva (Şirinova) X9 rayonunun Abad kəndində qeydiyyatdadır, hal-hazırda həmin kənddə yaşayır. Əlavə olaraq bildirilir ki, Hacıyeva (Şirinova) Reyhanə Xanqulu qızı tibb işçilərinin iştirakı olmadan ev şəraitində uşaq dünyaya gətirmişdir. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 2523 №-li, 06.08.2021-ci il tarixli məktubdan görünür ki, uşağın doğulması faktını təsdiq edən sənəd olmadığından Qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülür. Beləliklə məhkəmədə müəyyən olundu ki, X11 ilə Şirinova (Hacıyeva) Reyhanə Xanqulu qızı 25 dekabr 2015-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından 04 mart 2021-ci tarixində ev şəraitində tibb işçilərinin iştirakı olmadan bir qız uşağı dünyaya gəlmişdir. Ərizəçi Şirinova (Hacıyeva) Reyhanə Xanqulu qızı Maraqlı şəxsnə ərizə ilə müraciət edərək, uşağın doğumunun qeydə alınmasını xahiş etmiş, lakin Maraqlı şəxs bundan imtina edərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Eyni məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi uşağının doğulması faktının müəyyən edilməsini və dogumun müvafiq qeydiyyat orqanlarında rəsmiləşdirilməsini başqa qaydada əldə edə bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və 25 dekabr 2015-ci ildə Bərdə regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində X11 ilə Şirinova (Hacıyeva) Reyhanə Xanqulu qızı arasında 602 sayla qeydə alınmış birgə nikahlarından 04 mart 2021-ci il tarixdə, Ağdaş rayonunun Abad kəndində qız uşağının doğulması faktı müəyyən edilməli və doğum müvafiq qeydiyyat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Şirinova (Hacıyeva) Reyhanə Xanqulu qızının doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. 25 dekabr 2015-ci ildə Bərdə regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində X11 ilə Şirinova (Hacıyeva) Reyhanə Xanqulu qızı arasında 602 sayla qeydə alınmış birgə nikahlarından 04 mart 2021-ci il tarixdə, Ağdaş rayonunun Abad kəndində qız uşağının doğulması faktı müəyyən edilsin. Hazırkı qətnamə doğumun müvafiq qeydiyyat orqanında rəsmiləşdirilməsi və doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar