Məhkəmə qərarları › İş №2(014)-28/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-28/2024

16.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-28/2024 16.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh2 Hümbət oğlunun, onun vəkili Vəkil, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hümbət oğluna qanunsuz tikililərin sökülməsi, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qanunsuz tikililərin sökülməsi, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 mart 2022-ci il tarixdə Ağdaş rayon Notariat ofisində reyestrdə 4Ə-194 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmiş AN-1 seriyalı, ******* saylı "Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi”nə əsasən müqavilə bağlananadək ünvan 1i ünvanında (ərazisində) yerləşən 0,877298 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini həmin torpaq sahəsinin mülkiyyətçisi Şahid Cəlal oğlundan 5000 (beş min) manat əvəzi ödənilməklə satın almışdır. Həmin alqısatqı müqaviləsi real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********QJ76702 olan arayış əsasında tərəflər arasında bağlanaraq imzalanmış və notariat ofisi tərəfindən təsdiq edilmişdir. Qeyd edilən torpaq sahəsi 01 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmərinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin (DƏDKR publik hüquqi şəxs) 17 saylı Yevlax Ərazi İdarəsində xüsusi mülkiyyət hüququ əsasında adına qeydiyyata alınmışdır və bu barədə adına daşınmaz əmlakın reystr nömrəsi **********39 olan ********** qeydiyyat nömrəli, 01 aprel 2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehlər Cavabdeh1 iddiaçının xüsusi mülkiyyətində olan 0.877298 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.03 hektar hissəsini, Cavabdeh2 isə 0.06 hektar hissəsini guya həmin torpaq sahələrini torpaq sahəsinin əvvəlki mülkiyyətçisi Şahid alqı-satqı yolu ilə aldıqlarını bildirərək özbaşına zəbt edərək hər biri zəbt etdikləri ərazidə müvafiq olaraq fərdi yaşayış evi tikdirirlər və qanunsuz tikinti işlərinin aparılmasını davam etdirirlər. Dəfələrlə cavabdehlərdənı özbaşına tutduqları torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını, həmin torpaq sahəsinin yaşayış məntəqələrinə aid torpaq sahəsinin yox, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu onların nəzərinə çatdırsa da, zəbt etdikləri torpaq sahəsində apardıqları qanunsuz tikililərin sökülməsini və həmin torpaq sahəsindən çıxmalarını, özbaşına hərəkətlərinə son qoymalarını onlardan xahiş və tələb etsə də, onlar iddiaçı ilə razılaşmamış, zəbt etdikləri və yaşayış evləri tikdirdikləri torpaq sahələrinin əvvəlki mülkiyyətçidən aldıqlarından onlara məxsus olduğunu bildirməklə xüsusi mülkiyyətçi kimi ona münasibətdə qanunsuz hərəkətlərini bu gün də davam etdirirlər. İddiaçı cavabdehlərlə aralarında yaranmış mübahisəyə aydınlıq gətirilməsi, mübahisə predmeti olan torpaq sahələrinin cavabdehlər tərəfindən rəsmi qaydada aldıqlarına və müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmamasına aydınlıq gətirilməsi və rəsmi qaydada adına qeydə alınmış torpaq sahəsinin təkrar olaraq koordinat nöqtələri dəqiq müəyyən edilərək ona tanıdılması üçün DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin mütəxəssisi 29 mart 2023-cü il tarixdə müraciətinə əsasən mübahisə predmeti olan torpaq sahəsində olmuş, adına verilmiş çıxarışa əsasən torpaq sahəsinə baxış keçirmiş, torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinaları elektron xəritə uçot xəritəsinə əsasında onun tərəfindən təyin edilmiş, həmçinin mövcud faktiki ölçüləri müəyyən edilərək ara mərz nişanları göstərilmiş, torpaq sahəsinin təkrar naturada tanıdılması ilə bağlı tərtib edilmiş akt tərtib edilmişdir. Mütəxəssis tərəfindən torpaq sahəsinə baxış zamanı cavabdehlərin qeyd edilən torpaq sahələrini qanunsuz olaraq zəbt edərək həmin ərazidə yaşayış evi tikmələri aşkar edilmişdir. Bu barədə mütəxəssisdən arayış tələb edəndə ona bildirilmişdir ki, həmin cavabdehlərin bu gündə zəbt etdikləri torpaq sahəsində inşa etdikləri tikililəri sökmədiklərinə dair faktlar barədə arayış, akt və mütəxəssis rəyi məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim ediləcəkdir. Cavabdehlər bütün bunlara baxmayaraq zəbt etdikləri həmin torpaq sahəsində qanunsuz tikdirdikləri yaşayış evini sökərək torpaq sahəsindən könüllü çıxmaq istəmədiklərindən və torpaqla bağlı özbaşına hərəkətlərinə son qoymadıqlarına görə və eləcə də cavabdehlərlə aralarında yaranmış mübahisənin məhkəmədənkənar həll edə bilmədiklərindən onlara qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər iddiaçının mülkiyyətinə verilmiş həmin torpaq sahəsini özbaşına tutaraq (zəbt edərək) istifadə etməklə mülkiyyətçi kimi qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Belə ki, iddiaçı mülkiyyətçi kimi, həmin torpaq üzərində hüquqlarını istəyincə sərbəst həyata keçirə bilmir. Məhkəmə iclasında İddiaçı izahatında iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Hümbət oğlu izahat verərək bildirdi ki, iddiaçının tələbi əsassızdır. Buna görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********39 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Ağdaş şəhərində yerləşən 0,8773 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 126 nömrəli vərəqində ilə qeydə alınmışdır. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-Q-00xx-xx/2023 saylı məktubunda göstərilir ki, İddiaçı mülkiyyətində olan Ağdaş şəhərində yerləşən 0,8773 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki ölçüləri müəyyən edilərə ara mərz nişanları göstərilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-93/2024 saylı məktubuna əlavə edilmiş mütəxəsis rəyində göstərilir ki, İddiaçı mülkiyyətinə ünvan 1i ərazisində **********59 reyestr nömrəli çıxarışla verilmiş 0,8773 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh2 Hümbət oğlu, Cavabdeh1 tərəfindən naturada istifadə edilir. İddiaçıya məxsus torpaq sahəsinin 254,68 kv.m hissəsindən Cavabdeh2 Hümbət oğlu tərəfindən, 114,51 kv.m hissəsindən Cavabdeh1 tərəfindən naturada istifadə edilir. İşin materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2463 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-93/2024 nömrəli mütəxəsis rəyinə əsasən qeyd olunur ki, İddiaçı mülkiyyətinə ünvan 1i ərazisində **********59 reyestr nömrəli çıxarışla verilmiş 0,8773 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh2 Hümbət oğlu, Cavabdeh1 tərəfindən naturada istifadə edilir. Mütəxəsis rəyində qeyd edilir ki, iddiaçıya məxsus torpaq sahəsinin 254,68 kv.m hissəsindən Cavabdeh2 Hümbət oğlu tərəfindən, 114,51 kv.m hissəsindən Cavabdeh1 tərəfindən naturada istifadə edilir. İşin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əli) manat təşkil edir. İşin materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/30xx-xx/3126 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin yerqurluşu üzrə mühəndisi Farid Vəliyevin mütəxəsis rəyində qeyd olunur ki, İddiaçı mülkiyyətinə ünvan 1i ərazisində **********59 reyestr nömrəli çıxarışla verilmiş 0,8773 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh2 Hümbət oğlu, Cavabdeh1 tərəfindən naturada istifadə edilir.  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin yerqurluşu üzrə mühəndisi Farid Vəliyevin mütəxəsis rəyində qeyd edilir ki, iddiaçıya məxsus torpaq sahəsinin 254,68 kv.m hissəsindən Cavabdeh2 Hümbət oğlu tərəfindən, 114,51 kv.m hissəsindən Cavabdeh1 tərəfindən naturada istifadə edilir. İşin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışına əsasən Ağdaş şəhərində yerləşən 0,8773 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 126 nömrəli vərəqində ilə qeydə alınmışdır. İddiaçı həmin torpaq sahəsinin cavabdehlər tərəfindən tikilmiş qanunsuz tikililərin sökülməsi, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qərardadına əsasən iş üzrə ekspertiza təyin edilmiş, iş üzrə mütəxəssis və ekspert rəyləri verilmiş, eyni zamanda məhkəmə tərəfindən 17 saylı Yevlax Ərazi İdarəsinin rəy vermiş mütəxəssisi cəlb edilməklə yerində müayinə aparılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyinin aşkar surətdə işin halları ilə uyğunlaşmaması qənaətinə gəlir və həmin rəyi əsaslı hesab etmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2463 saylı və xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/30xx-xx/3126 saylı rəyləri cavabdehlərin iddiaçıya aid torpaq sahəsini zəbt etməsi tam öz təsdiqini tapmışdır. Lakin ekspertlər tərəfindən ayrı-ayrı tarixlədə iki rəy verməsi və həmin rəylərə görə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat və 50 (əlli) manat təşkil etməsi həmin məbləğlərin hər ikisinin tərəflərdən tutula bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Ağdaş rayonu, Maşad kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan 0,8773 hektar torpaq sahəsinin 254,68 kv.m hissəsindən Cavabdeh2 Hümbət oğlu, 114,51 kv.m hissəsindən Cavabdeh1 məcburi qaydada çıxarılmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hümbət oğlu tərəfindən inşa edilmiş tikililərin iddiaçıya məxsus torpaq sahəsinə düşən hissəsi cavabdehlərin öz hesablarına sökülməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hümbət oğlu tərəfindən iddiaçıya məxsus torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hümbət oğlundan müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş rayonu, Maşad kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan 0,8773 hektar torpaq sahəsinin 254,68 kv.m hissəsindən Cavabdeh2 Hümbət oğlu, 114,51 kv.m hissəsindən Cavabdeh1 məcburi qaydada çıxarılsınlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hümbət oğlu tərəfindən inşa edilmiş tikililərin iddiaçıya məxsus torpaq sahəsinə düşən hissəsi cavabdehlərin öz hesablarına sökülsün. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hümbət oğlu tərəfindən iddiaçıya məxsus torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hümbət oğlundan müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar