Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-291/2025 27.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 Mərkəzinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 Mərkəzinin Cavabdeh qarşı "özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi" tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 Mərkəzi (bundan sonra13 saylı X4 Mərkəzi) Cavabdeh qarşı "özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu, Ağzıbir kənd sakini Cavabdeh Ağzıbir meşəbəyliyinin 1-ci dolayının 1-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 0,03 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 13 saylı X4 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 saylı X4 Mərkəzinin əməkdaşları tərəfindən 24 fevral 2024-cü il tarixdə Ağzıbir meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Ağdaş rayonu, Ağzıbir kənd sakini Cavabdeh tərəfindən Ağzıbir meşəbəyliyinin 1-ci dolayının 1-ci kvartalının 0,03 hektar torpaq sahəsində qeyri-qanuni olaraq mişar daşından tikili avto-yuma obyektlərinin tikilərək istifadə edilməsi faktı müəyyən edilmişdir. Həmin fakt əsasında Mərkəzin əməkdaşları və Ağdaş rayonu, Ağzıbir kənd sakini Cavabdeh iştirakları ilə 24 fevral 2024cü il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. 13 saylı X4 Mərkəzi tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahədə tikilən tikililərin sökülməsi və ərazinin könüllü boşaldılaraq təhvil verilməsi barədə cavabdehin ünvanına 04 mart 2024-cü il tarixli, 3-14- 27-13/2-047/2024 nömrəli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. Məhkəmə iclasında iddiaçı 13 saylı X4 Mərkəzinin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, qeyd edilən Mərkəzin əməkdaşları tərəfindən 24 fevral 2024-cü il tarixdə Ağzıbir meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Ağdaş rayonu, Ağzıbir kənd sakini Cavabdeh tərəfindən Ağzıbir meşəbəyliyinin 1-ci dolayının 1-ci kvartalının 0,03 hektar torpaq sahəsində qeyri-qanuni olaraq mişar daşından çayxana və avto-yuma obyektlərinin tikilərək istifadə edilməsi faktı müəyyən edilmişdir. Həmin tikilələrin Cavabdeh tərəfindən 1990-cı ildən tikilərək istifadə etməsi özünün etirafı ilə təsdiq olunur. Dəfələrlə Cavabdeh ərazinin boşaldılmasına dair şifahi xəbərdarlıq olunmasına baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. Odur ki, qeyd olunanların nəzərə alınıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, sözügedən torpaq sahəsində tərəfindən tikinti işləri aparılmaqla çayxana və avtoyuma məntəqəsi tikimişdir. Həmin torpaq sahəsi pis vəziyyətdə olduğundan orada tikinti ilə yanaşı abadlıq işləri aparılmış və xeyli sayda ağaclar əkilmişdir. Onlar tikinti işləri apararkən bələdiyyə tərəfindən onlara sənəd verildiyindən həmin torpaq sahəsinin bələdiyyə torpağı olduğunu düşünmüşlər. Həmin tikintinin və torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən çıxarış yoxdur. Hazırda çayxana fəaliyyət göstərmir. Sənədləşmə işlərinin aparaılaraq məsələnin həll edilməsinin tərfədarıdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 fevral 2024-cü il tarixli, 007683 saylı aktın surətindən görünür ki, 13 saylı X4 Mərkəzinin Ağzıbir meşəbəyliyinin ərazisinin 0,03 hektar hissəsi Cavabdeh tərəfindən zəbt edilmiş və həmin sahədə 5x10 metr ölçüdə mişar daşından avtoyuma sexi tikilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş 12 dekabr 2024-cü il tarixli, 3-21-3-60/2-2992/2024 saylı məlumatdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı xidməti ilə Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC arasında bağlanmış müqaviləyə əsasən meşə fondunun torpaqlarının xəritələri hazırlanır. Ağdaş rayonunun ərazisinə dair sözügedən xəritələr hazırlanmış və aidiyyəti qurumlar tərəfindən təsdiq edilmişdir. Həmin xəritələrə əsasən koordinatları təqdim olunmuş sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla meşə fondu torpaqlarına aiddir. 13 saylı X4 Mərkəzinin Ağzıbir meşəbəyliyinin koordinatları və xəritə çıxarışından görünür ki, 3 saylı X4 Mərkəzinin Ağzıbir meşəbəyliyinin 1-ci dolayının 1-ci kvartalının 0,03 hektar torpaq sahəsi zəbt edilmişdir. 04 mart 2024-cü il tarixli bildirişdən görünür ki, X2 13 saylı X4 Mərkəzinin Ağzıbir meşəbəyliyinin zəbt edilmiş hissəsindən azad edilməsi ilə bağlı xəbərdar edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 13 saylı X4 Mərkəzinin əməkdaşları tərəfindən 24 fevral 2024-cü il tarixdə Ağzıbir meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Ağdaş rayonu, Ağzıbir kənd sakini Cavabdeh tərəfindən Ağzıbir meşəbəyliyinin 1-ci dolayının 1-ci kvartalının 0.03 ha torpaq sahəsində qeyri-qanuni olaraq mişar daşından 5x10 metr ölçüdə mişar daşından avtoyuma sexi tikilərək istifadə edilməsi faktı müəyyən edilmiş və həmin tarixdə müvafiq akt tərtib edilmişdir. 13 saylı X4 Mərkəzi tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün tikilinin sökülməsi və ərazinin könüllü boşaldılaraq təhvil verilməsinə dair Cavabdeh bildiriş göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi boşaldılmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 46-cı maddəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətindədir və dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. 78-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. 84-cü maddəsinin 3-cü hissəsində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət Məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı Qərarının 16-cı bəndində göstərilmişdir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən təsərrüfat və digər fəaliyyətlər üçün müəyyən edilmiş ekoloji və texnoloji tələblərə, qüvvədə olan standartlara və ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət etmək, təbii resurslardan istifadəyə, ətraf mühitin çirkləndirilməsinə görə müəyyən edilmiş ödəniş və cərimələri vaxtında ödəmək, ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən orqanların tələbi ilə lazımi məlumatı təqdim etmək təbiətdən istifadəçilərin vəzifələrinə daxildir. Həmin Qanunla nəzərdə tutulduğu hallarda və müəyyən edilmiş qaydada təbiətdən istifadəçi ilə müvafiq icra hakimiyyəti orqanı arasında təbii resurslardan istifadəyə görə müqavilə (kontrakt) bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Meşə Məcəlləsinin: 4-cü maddəsinə əsasən meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. 9-cu maddəsinə əsasən meşə münasibətləri obyektlərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası zamanı yaranan əmlak və inzibati münasibətlərində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin iştirakı həmin münasibətlər bu Məcəllə ilə tənzimlənmədiyi hallarda Azərbaycan Respublikasının mülki və inzibati qanunvericilik aktları ilə müəyyən edilir. 11-ci maddəsinə əsasən meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondu torpaqları özəlləşdirilmir. 78-ci maddəsinin tələblərinə görə meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. 79-cu maddəsində göstərilmişdir ki, meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydaları”nın 1.3-cü bəndinə əsasən meşə fondunun mühafizəsi və qorunmasında məqsəd meşələrin yanğından, qanunsuz qırılmalardan, meşə fondundan istifadənin müəyyən edilmiş qaydalarının pozulması hallarından və meşələrə zərər vuran digər hərəkətlərdən, zərərvericilərdən, xəstəliklərdən mühafizə etmək və qorumaqdır. Həmin Qaydaların İİ hissəsinə əsasən meşə fondundan istifadə edilməsi, onun mühafizəsi, qorunması, bərpası sahəsində hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırlması, təqsirkar fiziki və hüquqi şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi meşələrin mühafizəsi tədbirləri kimi qeyd edilmişdir. Qeyd olunan Qaydaların 2.2-1 -ci maddəsinə əsasən, meşə qanunvericiliyinə riayət edilməsini, meşə fondunun səmərəli istifadəsini, meşələrin qanunsuz qırılmadan qorunmasını təmin etmək üçün müəyyən olunmuş qaydada dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslər öz səlahiyyətləri hüqdudlarında meşələrin , istifadəsi, mühafizəsi, qorunması və bərpasında inzibati xətaları və cinayət törədilməsi hallarını aşkar etmək, müvafiq qaydada rəsmiləşdirmək, hüquq-mühafizə və məhkəmə orqanlarına, yaxud inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) göndərmək, meşə istifadəçilərinə meşə fondunun mühafizəsinə, qorunmasına və bərpasına dair rəsmi göstərişlər vermək hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnaməyə əsasən Xidmətin meşə istifadəçiləri meşə qanunvericiliyinin tələblərini pozduqda, istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması, habelə istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək, müvafiq sahə üzrə pozuntuların aradan qaldırılmasına dair fiziki şəxslərə, eləcə də vəzifəli və hüquqi şəxslərə qarşı tələblər irəli sürmək vəzifələri vardır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh Ağdaş rayonu, Ağzıbir kənd sakini Cavabdeh tərəfindən Ağzıbir meşəbəyliyinin 1-ci dolayının 1-ci kvartalında özbaşına zəbt etdiyi 0.03 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulsun, tikililər sökülsün, ərazi boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 Mərkəzinə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Ağdaş rayonu, Ağzıbir kənd sakini Cavabdeh tərəfindən Ağzıbir meşəbəyliyinin 1-ci dolayının 1-ci kvartalında özbaşına zəbt etdiyi 0.03 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulsun, tikililər sökülsün, ərazi boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 Mərkəzinə təhvil verilsin. Qətnamə həmin ərazidə Meşə Təsərüfatı ilə bağlı işlərin aparıldığı vaxt icra edilsin. İddiaçının ödəməkdən azad edildiyi 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №2(014)-291/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-291/2025
27.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver