Məhkəmə qərarları › İş №2(014)-36/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-36/2022

23.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-36/2022 23.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, cavabdeh tərəfindən tikilmiş evin onun hesabına sökülməsi və təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, cavabdeh tərəfindən tikilmiş evin onun hesabına sökülməsi və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə onun, X6, X5, X3, X7 və X1 ümumi birgə mülkiyyətinə Tofiqi kənd ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,77 hektar torpaq sahəsi verilmişdir. Ümumi birgə mülkiyyətçilərdən X6 vəfat etmişdir. Digər mülkiyyətçilər isə rayonda yaşamırlar. Cavabdehlər onun həmkəndlisidirlər. Cavabdehlər onların mülkiyyətində olan torpaq sahəsini ondan satın almaq istəmişlər. Aralarında olan razılaşmaya əsasən torpaq sahəsinin onun payına düşən hissəsini cavabdehlərə 2500 manata satmağa dair razılaşsalar da, cavabdeh ona cəmi 1200 manat pul vermiş, qalan hissəsini isə qısa müddətdə ödəyəcəyinə dair söz vermişdir. O isə cavabdehin sözünə etibar edərək torpaq sahəsinin aktını ona vermişdir. Həmçinin torpaq sahəsinin yerini də ona göstərmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, qalan pul məbləğini verməkdən imtina edərək və övladlarının rayonda yaşamamağından, onun da yaşlı bir insan olmağından istifadə edərək onların mülkiyyətində olan torpaq sahəsinin nəinki onun payına düşən hissəsini, ümumilikdə qanunsuz olaraq zəbt edərək istifadə etməyə başlamışdır. Həmçinin həmin torpaq sahəsində torpağın təyinatına uyğun olmadan fərdi yaşayış evi də tikmişdir. O və övladları dəfələrlə cavabdehlərdən torpaq sahəsinin boşaldılmasını istəmişlər. Aztəminatlı ailə olduqları üçün özlərinə məxsus torpaq sahəsində əkin-biçinlə məşğul olmaq istəsələr də, cavabdehlər onların mülkiyyət hüquqlarını pozaraq öz qanunsuz əməllərindən əl çəkməyərək zəbt etdikləri torpaq sahələrindən çıxmamışlar. Sonuncu dəfə cavabdehlərə xəbərdarlıq edərək torpaq sahəsinin qaytarılmasını tələb etdikdə cavabdehlər ona hədə-qorxu gəlmişlər. Mübahisəli torpaq sahəsi ümumi mülkiyyətdə olmasına baxmayaraq, digər mülkiyyətçilər olan övladları rayonda yaşamadıqları, həmçinin mülkiyyətçilərdən Mustafayeva (Musayeva) Rəfiqə Əhməd qızı vəfat etdiyi üçün o, məhkəməyə təkbaşına müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə Cavabdeh2 və Cavabdeh3 da cavabdeh qismində tanınmasına dair ərizə ünvanlayaraq bildirmişdir ki, mülki işə məhkəmədə baxılarkən Cavabdeh1 qardaşları Ağdaş rayonunun Tofiqi kəndində yaşayanlar Cavabdeh2 və Cavabdeh3 da cavabdeh qismində işə cəlb edilmələrinə zərurət yaranmışdır. Ona görə də Cavabdeh2 və Cavabdeh3 əlavə cavabdeh qismində onun Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, cavabdeh tərəfindən tikilmiş evin onun hesabına sökülməsi və təhvil verilməsi tələbi haqqında mülki işə cəlb edilmələrini, Ağdaş rayon Aqrar islahat Komissiyasının 09 yanvar 1998-ci il tarixli 09 saylı qərarı ilə onun, X6, X5, X3, X7 və X1 ümumi birgə mülkiyyətinə verilmiş Tofiqi kəndində yerləşən 3,77 hektar torpaq sahəsindən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 çıxarılmasını, Cavabdeh2, Cavabdeh1 həmin torpaq sahəsində tikdirdikləri evin onların hesabına sökülməsini və torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 həmin torpaq sahəsini anası sağ olarkən iddiaçıdan pulu ödənilib aldığını, torpaq sahəsini zəbt etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 həmin torpaq mübahisəsi haqqında mülki işə 2014cü ildə baxıldığını və həmin işə xitam verilməsini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-209 nömrəli (kod ********) olan torpağa mülkiyyət huququna dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı, X6, X5, X3, X7 və X2 Ağdaş rayonu, Tofiqi kəndindən 3,77 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Tofiqi kənd icra nümayəndəliyi tərəfindən verilmiş 11 aprel 2006-cı il tarixli, AZ-İ № 191703 saylı ölüm haqqında arayışdan görünür ki, X4 23 mart 2006-cı il tarixdə Ağdaş rayonunun Tofiqi kəndində vəfat etmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2- 316.2004 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh3 qarşı torpaqdan məcburi çıxarma, torpağın əvvəlki vəziyyətinə qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2022-ci il tarixli, 10/2524 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Mingəçevir LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, tərəflərin naturada göstərdikləri və istifadələrində olan torpaq sahələrindən götürülmüş döngə nöqtələrinin koordinatları elektron məlumat bazasında mövcud olan torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materialları ilə araşdıran zaman, kompleks yerquruluşu xəritəsi ilə naturadakı faktiki istifadəçilik arasında uyğunsuzluq mövcuddur və nəticəsində torpaq sahələrinin sənəd üzrə və yerləşmə vəziyyətinə görə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. İşin materiallarında olan məhkəmənin sorğusuna “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 17 saylı Ərazi İdarəsinin verdiyi 08 iyun 2022-ci il tarixli, **********84 saylı cavab məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, tərəflərin naturada göstərdikləri və istifadələrində olan torpaq sahələrindən döngə nöqtələrinin koordinatları elektron məlumat bazasında mövcud olan torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materialları ilə araşdıran zaman məlum oldu ki, hazırda faktiki olaraq istifadələrində olunan torpaq sahələrinin koordinatları onlara verilmiş dövlət aktlarındakı koordinatlarla uyğunluq təşkil etmir. Kompleks yerquruluşu xəritəsi ilə naturadakı faktiki istifadəçilik arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 faktiki olaraq naturada istifadə etdikləri torpaq sahələri İddiaçı mülkiyyətinə JN-209 saylı (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 3,77 ha pay torpaq sahəsində yerləşmir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı cavabdehlər tərəfindən onun istifadəsində olan Ağdaş rayonunun Tofiqi kəndində yerləşən 3,77 hektar torpaq sahəsinin zəbt edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, mütəxəssis həmin sahəyə baxış keçirərkən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 faktiki olaraq naturada istifadə etdikləri torpaq sahələri İddiaçı mülkiyyətinə JN-209 saylı (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 3,77 ha pay torpaq sahəsində yerləşmədiyini müəyyən etmişdir. Bundan başqa, cavabdehlərin hazırkı iddia tələbinə daha əvvəl baxılaraq iş üzrə icraata xitam verilməsinə dair təqdim etdikləri qərarla bağlı məhkəmə qeyd edir ki, həmin qərardadda da mübahisənin həll edildiyi əks olunmuşdur. Göründüyü kimi hazırda iddia tələbinin predmeti eyni yer üzrə olsa da, eyni mübahisə deyil. Buna görə də hazırkı iddiaya eyni iddia tələbi kimi qiymət verilə bilməz. Bundan başqa, həmin qərardad qəbul edilərkən Cavabdeh3 iş üzrə tərəf olmadığından, həmin qərardad hazırkı iş üzrə preyudisial əhəmiyyət də daşıya bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında Ağdaş rayonunun Tofiqi kəndində yerləşən 3,77 hektar torpaq sahəsinin zəbt edilməsi ilə əlaqədar mübahisə yaranmışdır. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı məxsus Ağdaş rayonunun Tofiqi kəndində yerləşən 3,77 hektar torpaq sahəsinin zəbt edilməsinə dair hər hansı sübut mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, cavabdeh tərəfindən tikilmiş evin onun hesabına sökülməsi və təhvil verilməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, cavabdeh tərəfindən tikilmiş evin onun hesabına sökülməsi və təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar