Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-365/2023 13.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Safcrirli Nərmin Kamal qızının katibliyi, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, onların vəkili və nümayəndəsi Vəkil, İlkin iddia üzrə Cavabdeh iştirakları ilə İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı torpaq sahəsindən məcburi çıxarma tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı torpaq sahəsindən məcburi çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 20 saylı qərarı ilə onlara daha bir nəfər ailə üzvüləri ilə birlikdə torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən (JN-296, kod ********) əsasən müvafiq cizgidə göstərilən sərhəd daxilində 2,55 hektar pay torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Həmin pay torpaq sahəsinin 0,50 hektara yaxın olan ayrıca hissəsini cavabdeh istifadə etmək üçün istəmiş və onlar buna etiraz etməyərək razılaşdıqlarından xeyli müddət ərzində həmin sahədən və ona yaxın olan qalan sahələrində əsassız istifadə etmişdir. Daha sonra onlar torpaqlarını geri qaytarmasını tələb etdikdə cavabdeh şəxs həmin ərazini onlardan almaq istədiyini bildirməklə torpaq sahəsindən istifadə etməyə davam etmişdir. Aktda adı olan Zaur adlı ailə üzvlərinin Rusiyada ölməsi səbəbindən satmalarının qeyri-mümkünlüyünü bildirmələrinə baxmayaraq torpaq sahələrindən özbaşına istifadəsini davam etdirmişdir. Daha sonralar da cavabdehə bir neçə dəfə torpaqlarının geri qaytarmasına dair təklifləri, o cümlədən də mediasiya qaydasında təklifləri olmasına baxmayaraq cavabdeh torpaqlarından özbaşına və əsassız istifadəsini davam etdirmişdir. Cavabdeh hazırda da pay torpaq sahələrindən özbaşına istifadə hərəkətlərini davam etdirməklə mülkiyyət hüquqlarını aşkar şəkildə pozmaqda davam edir. Odur ki, məsələyə məhkəmə qaydasında baxılması, cavabdehin həmin torpaq sahəsindən məcburi çıxarılması üçün hazırkı iddia ilə müraciət edirlər. Qeyd olunanlara əsasən Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 20 saylı qərarı ilə onlara və daha bir ailə üzvləri ilə birlikdə torpağa mülkiyyət hüququna dair Dövlər Aktına əsasən (JN-296, kod ********) əsasən müvafiq cizgidə göstərilən sərhəd daxilində verilmiş 2,55 hektar pay torpaq sahəsindən Cavabdeh əsassız və özbaşına istifadəsinə son qoyulmasına, onun mülkiyyətlərində olan 2,55 hektar torpaq sahəsindən məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan ilkin iddia üzrə iddiaçılar məhkəməyə ərizə təqdim edərək Ağdaş rayon AİK-nın xx.xx.1998-ci il tarixli 20 saylı qərarı ilə onlara və daha bir ailə üzvləri ilə birlikdə torpağa mülkiyyət hüququna dair Dövlər Aktına əsasən (JN-296, kod ********) əsasən müvafiq cizgidə göstərilən sərhəd daxilində verilmiş 2,05 hektar pay torpaq sahəsindən Cavabdeh əsassız və özbaşına istifadəsinə son qoyulmasına, onun mülkiyyətlərində olan 2,05 hektar torpaq sahəsindən məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Eyni zamanda, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 oğlu, İddiaçı2 və İddiaçı3 ona, yəni Cavabdeh qarşı "torpaq sahəsindən məcburi çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə onlara daha bir nəfər ailə üzvləri ilə birlikdə, torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən (JN-296, kod ********) müvafiq cizgidə göstərilən sərhəd daxilində verilmiş 2,55 hektar pay torpaq sahəsindən onun, yəni Cavabdeh əsassız və özbaşına istifadəsinə son qoyulmasına, cavabdehin, yəni onun mülkiyyətlərində olan 2,05 hektar torpaq sahəsindən məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.Qeyd olunan əsaslara və işin faktiki hallarına görə hesab edir ki, iddia ərizəsi tam əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, o, həmin torpaq sahəsini əsassız və özbaşına zəbt edərək istifadə etməmiş, torpağın mülkiyyətçiləri ilə 2006-cı ilin iyun ayında aralarında olan qarşılıqlı razılaşma əsasında qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 oğlu, İddiaçı2 və İddiaçı3 və ailə üzvlərinə məxsus 2,55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,05 hektar hissəsini alqı-satqı şərtlərinə tam əməl etməklə, yəni 620 (altı yüz iyirmi) manat əvəz (haqq) ödəməklə onlardan almışdır. Bu barədə 12 iyun 2006-cı ildə kənd icra nümayəndəsinin iştirakı ilə tərtib edilmiş və imzalanaraq nümayəndəliyin möhrü ilə təsdiq edilmişdir. Bundan sonra cavabdehlər Dövlət Aktını və həmin torpaq sahəsini Dövlət Aktında göstərilən sərhəd daxilində yerində ona təhvil vermişlər. Həmin vaxtdan o, faktiki olaraq qarşılıqlı iddia üzrə cavabdehlərdən aldığı həmin 2,05 hektar torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirir. Lakin qarşılıqlı iddia üzrə cavabdehlər bəzilərinin sənədlərinin guya qaydasında olmamasını, mülkiyyətçilərdən birinin ölümünü göstərməklə notariat orqanına gəlmədiklərindən aralarında olan alqı-satqını notariat qaydada rəsmiləşdirmək mümkün olmamışdır. Keçən dövrdə hər dəfə o, torpağın alqı-satqısının rəsmiləşdirilməsini qarşılıqlı iddia üzrə cavabdehlərdən tələb edəndə onlar min bəhanə ilə torpağı onun adına sənədləşdirməkdən yayınırdılar. Qeyd edilən torpaq sahəsi qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən ona təhvil verildikdən sonra torpaq sahəsi qeyri-hamar, əkin üçün demək olar ki, tam yararsız hala düşdüyündən ilk növbədə əraziyə xüsusi texnika gətirərək sahəni hamar vəziyyətə salmışdır. Bunun üçün 820 manat vəsait xərcləmişdir. Torpaq sahəsi kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi üçün tam yararlı olmadığından 2022-cı ildə əlavə olaraq əraziyə qoşqusu 70 manat olmaqla 8 qoşqu peyin tökdürərək torpağı yararlı vəziyyətə salmaq üçün cəmi 560 manat xərc çəkmişdir. Həmin ildə 2 dəfə hər hektarı 100 manat olmaqla şumlanmasına 205 manat, hər hektarı 45 manat manat olmaqla 2 dəfə malalanmasına 184,50 manat xərc çəkmiş və torpaq əkin üçün tam yararlı vəziyyətə gətirilmişdir. 2022-ci ilin oktyabr ayında həmin əraziyə kiloqramı 85 qəpik olmaqla ümumi qiyməti 468,50 manat olan 450 kq buğda bitkisi əkmiş və əkin yüksək keyfiyyətdə alınmışdır. Qarşljıqlı iddia üzrə cavabdehlərə dəfələrlə tərəfindən edilmiş xahiş və tələbinə baxmayaraq faktiki olaraq ona satdıqları 2,05 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ona satmalarını etiraf etsələr də və bunun müqabilində ondan torpağın pulunu ta almalarına baxmayaraq iddiaçılar ona qarşı məlum ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək onun iddiaçılara məxsus 2,05 hektar torpaq sahəsindən torpaq sahəsini əsassız və özbaşına zəbt edərək onun həmin torpaq sahəsindən məcburi çıxarılmağını məhkəmədən xahiş etmişlər. Göründüyü kimi o, həmin torpaq sahəsini, əsassız və özbaşına zəbt edərək istifadə etmir. Hazırda Ağdaş rayonu, Tofiqi kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hektarının real bazar qiyməti 4500 manat təşkil etdiyindən mübahisə predmeti olan 2,05 hektar torpaq sahəsinin qiyməti 9225 manat təşkil edir. Göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdehlər 2,05 hektar torpaq sahəsini 2006-cı ildə bütün digər mülkiyyətçilər olan ailə üzvlərinin razılığı ilə qarşılıqlı razılaşma əsasında ona 620 manata satdıqlarını bildirməsi, lakin sonradan hazırda bundan imtina etmələri, yəni onların təqsiri üzündən ona əlavə olaraq 8605 manat ziyan vurmuşdur. O, həmin torpaq sahəsini qarşılıqlı iddiası üzrə cavabdehlərdən 620 manat məbləğində pulun, həmin torpaq sahəsinin tam istifadəyə yararlı vəziyyətə salınması üçün çəkdiyi 3183 manat xərcin və torpağı ona satmaqdan imtina etmələri nəticəsində ona vurmuş olduqları 8605 manat ziyanın əvəzi ona tam ödənildikdən sonra onlara qaytara bilər. Qarşılıqlı iddia tələbi üzrə qeyd edilən pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin cavabdehlərdən tələb etməyini zəruri və ədalətli hesab edir və qarşılıqlı iddia üzrə cavabdehlərin ona qarşı "torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair" iddia ərizəsinə qarşı hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən Qarşılıqlı iddia üzrə cavabdeh Ağdaş rayonu, Tofiqi kəndində yaşayan İddiaçı1 oğlu, İddiaçı2 və İddiaçı3 müştərək qaydada 620 manat pulun və 3183 manat həmin 2,05 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərcin, 8605 manat həmin torpağa görə vurduqları ziyanın və dğvlət rüsumu hesabına ödəmiş olduğum 127,22 manat, mütəxəssis rəyinə görə 170 manat xidmət haqqı, cəmi 12705,22 manat pulun alınaraq ona verilməsinə dair qətnamə verilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə qarşılıqlı iddiaya etiraz ünvanlayaraq bildirmişlər ki, ilkin tələbləri üzrə cavabdehin qarşılıqlı iddiasını əsassız və qanunsuz hesab edirlər. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2006-cı il tarixli “akt” heç bir hüququ əhəmiyyət kəsb etməyən notarial bağlanmalı olan əqdi pərdələmək üçün yazılmış formal kağızdır. Həmin aktın tərtibi zamanı o, Pərvanə özü iştirak etməmiş, orada şəxsən imza etməmiş, torpaq payına görə əks tərəfdən bir manat olsa pul almamış, bu işlərlə bağlı onu təmsil etməsi üçün kiməsə vəkalət verməmiş və torpaq payını formal da olsa satmamışdır. Aktdan da görünür ki, Dövlət Aktında adı olan Zaur adlı ailə üzvləri də orada iştirak etməmiş, həmin vaxt ölkə xaricində olmuş, həmçinin həmin şəxsin 2006-cı ilin payızında gələcəyi vaxtdan sonra rəsmiləşmə aparılacağı qeyd olunmuşdur. Əksinə “alıcı” tərəfə Zaur adlı şəxsin akt tərtib edilən zaman ölkə xaricində olduğu, ardınca orada öldüyü və tərəflər arasındakı “əqdin” bağlanmasının tam mümkünsüz olduğunun məlum olmasından, onların da bu və digər səbəblərdən torpaqlarını dərhal geri qaytarmasına dair daimi tələblərinə məhəl qoymayaraq torpaq sahəsini dərhal geri qaytarmalı olmağa borclu olan A.Mübariz qanuni əsaslarla heç bir hüququnun olmadığı halda torpaqdan özbaşına istifadəsini tam qanunsuz olaraq davam etdirmişdir. Qeyd olunan səbəblərdən, həmçinin həmin torpaq sahəsinin onsuz da kənd təsərrüfatı təyinatlı olması, daha əvvəllərdən uzun illər ərzində əkin sahəsi olaraq istifadə edilməsi nəzərə alınmaqla “alıcının” müxtəlif vaxtlarda həmin sahədə müxtəlif işlər gördüyü adı ilə xərclər formasında tələbinin heç bir hüquqi əhəmiyyəti yoxdur və ola bilməz. Həmçinin ona görə ki, hazırkı mübahisə üzrə şəxsin mülkiyyətçisi olmadığı əmlakla bağlı çəkdiyi xərclərin və artırmaların əvəzi ödənilə bilməz və bunun heç bir sübutu və hüquqi əhəmiyyəti yoxdur. Əksinə nəzərə alınmalıdır ki, həmin şəxs uzun illərdən bəridir ki, torpaqlarını geri qaytarmasına dair tələblərinə məhəl qoymayaraq orada hər il taxıl əkmiş, 2,05 hektar torpaqdan 2006-cı ildən başlamaqla hər il ərzində hər hektardan 2,5-3,0 ton olmaqla hər ildə minimum 5,0 ton taxıl məhsulu əldə etmişdir. Bu hesabla A.Mübariz ötən 17 il ərzində həmin sahədən 85,0 ton məhsul əldə etmişdir ki, həmin məhsulun bir kiloqramının hazırkı bazar qiyməti 0,60 manatdan olmaqla bütün dövr üçün ümumilikdə minimum 51000 (əlli bir min) manat təşkil edir. Ona görə də Ağdaş rayon AİK-nin xx.xx.1998-ci il tarixli 20 saylı qərarı ilə onlara daha bir nəfər ailə üzvlri ilə birlikdə, torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən (JN-296, kod ********) əsasən müvafiq cizgidə göstərilən sərhəd daxilində verilmiş 2,05 hektar pay torpaq sahəsindən Cavabdeh əsassız və özbaşına istifadəsinə son qoyulmasına, onun mülkiyyətlərində olan 2,05 hektar torpaq sahəsindən məcburi qaydada çıxarılmasına, Cavabdeh “torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 və onların vəkili və nümayəndəsi Vəkil ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarı ilə torpağa mülkiyyət hüquna dair JN-296 KOD 90318048 saylı Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 və ailə üzvləri X3, İddiaçı2, X9 mülkiyyətinə Ağdaş rayonu, Tofiqi kəndində 2,55 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan 26 aprel 2004-cü il tarixdə Ağdaş rayonu Tofiqi kənd İcra nümayəndəliyi tərəfindən verilmiş İİ-AZ № 038271 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X6 26 aprel 2004-cü il tarixdə 02 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Mayılov, arvada Mayılova soyadı verilmişdir. İşin materiallarında olan 12 iyun 2006-cı il tarixdə X7, X8, X6 tərəfindən tərtib olunmuş və imzaları ilə təsdiq edilmiş Aktın surətindən görünür ki, X7, X8, X6 özlərinə məxsus 2 hektar 05 sot torpaq sahəsini Tofiqi kənd sakini 1959-cu il tarixdə doğulmuş Cavabdeh ömürlük satırlar və əvəzində 620 manat alırlar. Hal-hazırda ailə üzvlərindən biri X2 olduğu üçün alqı-satqını notarius vasitəsi ilə rəsmiləşdirə bilmirlər. Bu ilin payızında Zaur gələn kimi alqı-satqı sənədini notarius vasitəsi ilə rəsmiləşdirəcəklər. Həmçinin aktda müqavilə şərtlərini pozsalar Cavabdeh aldıqları pulu və onun torpaq üçün çəkdiyi xərci geri qaytaracaqlarına dair söz vermişlər. İşin materiallarında olan Belarusiya Respublikasının Dövlət prokurorluğu Minsk vilayətinin Baş prokurorluğu tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 1800/26sl-2007 nömrəli məktubundan görünür ki, X15 30 may 2007-ci il tarixdə cinayət hadisəsi nəticəsində olması məlum olmuşdur. İşin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli, 008718/2023 saylı mütəxəssis rəyindən görünür ki, “Əmlak Qiymətləndirilmə" MMC-nin direktoru X1 rayonu, Tofiqi kəndində yaşayan Cavabdeh qarşılıqlı iddia ərizəsində mübahisələndirdiyi Ağdaş raуonu, Tofiqi kəndi ərazisində yerləşən 2,05 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərcin miqdarını və həmin torpaq sahəsinin real bazar qiymətinin müəyyən edilməsi üçün həmin 2,05 hektar torpaq sahəsində olmuş və aşağıdakılar müəyyən edilmişdir: Tədqiq olunan torpaq sahəsi 2022-ci ildə dörd bir tərəfi qazılaraq xəndəklə ayrılmışdır. Xəndəyin dərinliyi 0,50 metr, eni isə 0,60 metrdir. Xəndəyin qazılmasında məqsəd ərazidən qrunt və şirə sularının çəkilməsi olmuşdur. Torpaq sahəsinə dənli buğda bitkisi əkilmişdir. Həmin şirə suyu üçün nəzərdə tutulmuş xəndəyin qazılmasına bir metri 0,35 manat olmaqla cəmi 70 manat, ərazinin şumlanıb hamarlanmasına ümumilikdə 1200 manat, torpağı yararlı vəziyyətə salmaq üçün torpaq sahəsinə traktor qoşqusu ilə, qoşqusu 70 manat olmaqla 8 qoşqu peyin tökdürərkən cəmi 560 manat, bir il ərzində bir dəfə malalanmasına hektarı 45 manat olmaqla cəmi 90 manat xərc çəkmişdir. Ağdaş şəhərində fəaliyyət göstərən daşınmaz əmlakın alqı-satqısı maklerlərindən, və internet resurslarından istifadə etməklə Cavabdeh göstərdiyi torpaq sahəsinə çəkdiyi xərcləri öyrənilməklə müəyyən etmişdir: Eni 0,60 metr, dərinliyi 0,50 metr xəndəyin 1 metrinin qazılması 0,35 manat olmaqla xəndəyin qazılması 70 manat təşkil edir. Ağdaş rayonu, Tofiqi kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 hektarı 4500 manat müəyyən edilməklə 2,05 hektarının hazırkı real bazar satış qiyməti 9225 manat təşkil edir. Hər hektarı 400 manat olmaqla 2.05 hektar ərazinin hamarlamnasına cəmi çəkilən xərc 820 manat təşkil edir. Bir traktor qoşqusu heyvan peyininin hazırda real bazar qiyməti 70 manat olmaqla 8 qoşqu mal peyininin qiyməti 560 manat təşkil edir. 2,05 hektar torpaq sahəsinə kisəsi 80 manat olmaqla 10 kisə “Amofos” köbərə istifadəsinə 800 manat, yol xərci 15 manat, səpilməsinə 60 manat olmaqla cəmi 875 manat xərc çəkilib. Bir hektar torpaq sahəsinin şumlanması 50 manat olmaqla 2,05 hektar torpaq sahəsinin 2 dəfə şumlanması 205 manat təşkil edir. Bir hektar torpaq sahəsinin malalanması bir hektarı 45 manat olmaqla 2,05 hektar torpaq sahəsinin 2 dəfə malalanmasına çəkilən xərc yuvarlaq 184,50 manat təşkil edir. Bir hektara səpilmək üçün 225 kiloqram olmaqla kiloqramı 0,85 qəpikdən ümumilikdə 392 manat toxumluq alınmış, yol xərci 15 manat, buğdanın səpininə hər hektarı 30 manat olmaqla 61,50 manat, cəmi xərc 468,50 manat təşkil edir. İşin materiallarında olan “Əmlak Qiymətləndirilmə" MMC tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli, 008718 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, Cavabdeh mütəxəssis rəyinin verilməsi üçün 170 (yüz yetmiş) manat məbləğində ödəniş etmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli, 10/4099-9/4297 nömrəli ekpsert rəyinin surətindən görünür ki; Ağdaş rayonu, Tofiqi kəndində yerləşən 2,05 ha torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 16000 manat məbləğində müəyyən olunur. “Əmlak Qiymətləndirilmə" MMC-nin direktoru tərəfindən imzalanmış 06 fevral 2023cü il tarixli 008718 nömrəli mütəxəssis rəyində qeyd edilən işlərin, xidmətlərin və malların dəyəri hazırki real bazar qiymətinə uyğun hesablanmışdır. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün tərəflərin birbirinə qarşı tələblərinin hansı hüquqi əsasa söykəndiyi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göründüyü kimi tərəflər arasında etibarlı alqı-satqı müqaviləsinin olmasını təsdiq edən heç bir sənəd yoxdur, əksinə qanunvericiliklə müəyyən edilmiş müqavilənin notarial qaydada bağlanmasına dair tələbə riayət etməmişlər. Buna görə də onlar arasında etibarlı alqı-satqı münasibəti yoxdur. Lakin işin faktiki halları ilə ilkin iddia üzrə cavabdehin ilkin iddia üzrə cavabdehlərdən 620 manat ödəməklə onların torpaq sahəsini almasına dair anlaşmanı təsdiq edən akt var, ilkin iddia üzrə iddiaçılar həmin məbləği aldıqlarını inkar etmirlər, lakin müqavilənin bağlanması mümkün olmadığından və bu müddət ərzində ilkin iddia üzrə cavabdeh torpaqdan faydalandığından onun torpaqdan əvəzsiz qaydada çıxarılmasını istəyirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Beləliklə, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan torpaq sahəsini ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 620 manat pul qarşılığında satmışlar, lakin mülkiyyətçilərdən biri olmadığından həmin torpaq sahəsini ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh adına rəsmiləşdirmək mümkün olmamışdır. Hazırda tərəflər məhkəməyə iddia ərizələri ilə müraciət edərək ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər torpaq sahəsini cavabdehə satmaq niyyəti ilə 620 manat pul alaraq verdiklərini, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə sözügedən torpaq sahəsini pul qarşılığında aldığını və həmin torpaq sahəsinin əkin üçün yararlı olması olması üçün vəsait xərclədiyini iddia edir. Lakin tərəflər heç biri öz mülahizələri ilə bağlı dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həqiqətən Ağdaş rayonu, Tofiqi kəndində İddiaçı1 və ailə üzvləri X3, İddiaçı2, X9 ümumi birgə mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır və hazırda qarşılıqlı iddia üzrə iddiaçının istifadəsindədir. Eyni zamanda, tərəflər arasında qanunvericiliyin tələbinə uyğun əqd olmadığından, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehə əsassız olaraq pul vəsaiti vermiş, həmçinin özgə işlərini tapşırıqsız vicdanla aparmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh Ağdaş rayonu, Tofiqi kəndi ərazisində qanunsuz zəbt etdiyi ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan 2,05 hektar torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi ilkin iddia üzrə iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tərəflər arasında daşınmaz əmlak üzərində hüquqların həyata keçirilməsi üçün heç bir müqavilə olmadığından, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehə ödənilmiş pul vəsaiti əsassız varlanma kimi qiymətləndirilməli, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 torpağa görə ödənilmiş 620 manat, torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilmiş xərclər üçün 3183 manat, mütəxəssis rəyinə görə ödənilmiş 170 manat, cəmi 3973 manat pul işin halları ilə sübut olunduğundan qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1087-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Hazırkı halda ilkin iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçılara məxsus torpağın yaxşılaşdırılması üçün xərclər çəkmişdir və həmin xərclər "xxxx" MMC tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli, 008718/2023 saylı rəylə təsdiqini tapır. Əsassız varlanmaya görə 620 manat, özgə tapşırığını vicdanla aparmağa görə 3183 manat, mütəxəssis rəyinə görə ödənilmiş 170 manat, cəmi 3973 manat qarşılıqlı iddia üzrə cavabdehlərdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 saylı qərarına əsasən ailə üzvləri ilə birlikdə iddiaçılara məxsus 2,05 ha torpaq sahəsindən əsassız və özbaşına istifadəsinə son qoyulmaqla ilkin iddia üzrə Cavabdeh həmin torpaq sahəsindən məcburi qaydada çıxarılmalı, qarşılıqlı iddia tələbləri qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 620 manat torpağa görə ödənilmiş pul, 3183 manat torpağın yaxşılaşdırılması üçün çəkilmiş xərclər, mütəxəssis rəyinə görə ödənilmiş 170 manat pul, cəmi 3973 manat pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza tədqiqatı ilkin iddianın həlli baxımından əhəmiyyət kəsb etdiyindən və tədqiqatdan sonra ilkin iddianın əsaslı olması təsdiq olunduğundan, həmin məbləğ də ilkin iddia üzrə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 saylı qərarına əsasən ailə üzvləri ilə birlikdə iaçılara məxsus 2,05 ha torpaq sahəsindən əsassız və özbaşına istifadəsinə son qoyulmaqla ilkin iddia üzrə Cavabdeh həmin torpaq sahəsindən məcburi qaydada çıxarılsın. Qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1n, İddiaçı2 və İddiaçı3 620 manat torpağa görə ödənilmiş pul, 3183 manat torpağın yaxşılaşdırılması üçün çəkilmiş xərclər, mütəxəssis rəyinə görə ödənilmiş 170 manat pul, çəmi 3973 manat pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət rüsumuna dair hissədə hər iki iddia üzrə tərəflərin özlərinə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat ilkin iddia üzrə Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki ApeHyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-365/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-365/2023
13.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver