Məhkəmə qərarları › İş №2(014)-39/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-39/2023

26.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-39/2023 26.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Qarasuqumlaq Bələdiyyəsinin 03 avqust 2007-ci il tarixli 09 saylı qərarı ilə alqı-satqı yolu ilə Ağdaş rayonunun Qumlax kəndi ərazisindən bələdiyyənin inkişaf fondu hesabına onun mülkiyyətinə ev tikmə üçün 0,10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh X6 isə 2015-ci ildə onların qonşuluğundan torpaq sahəsi almışdır. O, aldığı torpaq sahəsinin ətrafını setka hasarla bağlamışdır. X1 5-6 ildir ki, həmin setka hasarı söküb onun mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. O, 2022-ci ilin aprel ayında ünvan 2ində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş və ona bildirilmişdir ki, ərizənin icrası ilə bağlı həyətyanı torpaq sahəsinə müayinə baxışı keçirilməsi məqsədilə idarənin mühəndisi xx.xx.2022-ci il tarixdə torpaq sahəsinə yerində baxış keçirən zaman torpaq sahəsi ilə aralarında mübahisənin olmasını müşahidə etmişdir. Buna görə də ərizənin icrasından imtina edilmişdir və yaranmış mübahisə aradan qaldırıldıqdan sonra yenidən 17 saylı Ərazi İdarəsinin Ağdaş rayon şöbəsinə müraciət edə biləcəyi bildirilmişdir. Cavabdehdən dəfələrlə mülkiyyətinə verilmiş olan 0,10 hektar həyətyanı torpaq sahəsinin özbaşına zəbt edərək istifadə etdiyi hissəsindən könüllü çıxmasını xahiş və tələb etsə də cavabdeh könüllü olaraq həmin ərazidən çıxmaq istəmir. Cavabdehin mülkiyyətinə verilmiş həmin torpaq sahəsini özbaşına tutaraq (zəbt edərək) istifadə etməklə mülkiyyətçi kimi qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Belə ki, o, həmin torpaq üzərindən hüquqlarını istədiyi kimi sərbəst həyata keçirə bilmir. Ona görə də cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən cavabdeh X2 Ağdaş rayon Qarasuqumlaq Bəədiyyəsinin 03 avqust 2007-ci i tarixli 09 saylı qərarı ilə alqı-satqı yolu ilə Ağdaş rayonu, Qumlaq kəndi ərazisində bələdiyyənin inkişaf fondu hesabına ev tikmək üçün verilmiş 0,10 hektar həyətyanı torpaq sahəsinin özbaşına tutduğu (zəbt etdiyi) hissəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, cavbadeh X3 qarşı özbaşına tutulmuş torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə muraciət etmişdir. İddia ərizəsində yanlışlığa yol verərək, cavabdeh kimi X6 göstərilmişdir. Lakin zəbt olunmuş torpaq sənədinin çıxarışı Cavabdeh adına olduğundan və Azərbaycan Respublikası MPM-in 54-cü maddəsinə əsasən əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsim xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli № **********74 saylı məktubdan görünür ki, İddiaçı ünvan 2ində yerləşən 0,10 hektar torpaq sahəsi üzərində yerləşən mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, ərizənin icrası məqsədilə torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi ilə bağlı İddiaçıla qonşusu arasında mübahisənin olması müşahidə olunmuş, mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İşin materiallarında olan Torpaqların alqı-satqısına dair aktdan görünür ki, İddiaçı 19 iyul 2007-ci il tarixdə ünvan 2 Bələdiyyəsinə torpaq sahəsi almaq üçün müraciət etmiş, 03 avqust 2007-ci il tarixdə torpaq sahıəsinin satılması barədə 09 saylı qərar qəbul edilmiş və həmin qərara əsasən Ağdaş rayonu, Qumlax kənd sakini İddiaçı Qumlax kəndi ərazisindən bələdiyyə məxsus torpağından ev tikmək üçün 0,10 hektar torpaq sahəsi seçilmişdir. İşin materiallarında olan 03 avqust 2007-ci il tarixli Qarasuqumlaq bələdiyyəsi üzvlərinin ümumi iclasının 09 saylı protokolundan Çıxarışın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən 0,10 hektar bələdiyyənin inkişaf fondu hesabına həyətyanı torpaq sahəsi İddiaçı verilmişdir. İşin materiallarında olan DT və XK-nin Ağdaş rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 352 nömrəli rəyindən görünür ki, İddiaçı həyətyanı torpaq sahəsi ayrılması barədə yazmış olduğu ərizəsinə baxılmış, mütəxəssislər tərəfindən həyətyanı üçün nəzərdə tutulmuş torpaq sahəsinə baxış keçirilmiş, tələb olunan torpaq sahəsinin bələdiyyənin KPİ-i torpaq sahəsi olması məlum olmuş, İddiaçı həyətyanı üçün 0,12 hektar torpaq sahəsi ayrılmasına etiraz edilməmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısı aparatının tikinti və Memarlıq şöbəsinin rəyindən görünür ki, Ağdaş rayonu, Qumlax kənd sakini İddiaçı ev tikintisi üçün 0,10 hektar torpaq sahəsinin ayrılmasına rayon İcra Hakimiyyəti başçısı aparatının Tikinti və Memarlıq şöbəsi etiraz etməmişdir. İşin materiallarında olan 04 dekabr 2019-cü il tarixli, AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı Ağdaş rayonu, Mürsəl kəndində 10 ünvanında qeydiyyatda olan X8 ilə alıcı ünvan 2ində qeydiyyatda olan Cavabdeh arasında bağlanmış alıq-satqı müqaviləsinə əsasən ünvan 2ində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi X8 tərəfindən Cavabdeh satılmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 2inə yerləşən 0,12 hektar torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 sayli Yevlax ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, A seriyalı, № 822877 saylı torpaq sahəsinin planı və ölçüsünün sürətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətinə ünvan 2i ərazisində 0,12 ha torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 16 yanvar 2023-cü il tarixli, 3-21-3-35/2-180/2023 saylı rəyindən görünür ki, ünvan 2i ərazisində bələdiyyənin inkişaf fondu hesabına ev tikmək üçün alqı-satqı müqaviləsi əsasında İddiaçı verilmiş 0,10 hektar həyətyanı torpaq sahəsinə aid sxem (ilkin torpaqayrıma sənədləri), torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, torpaq sahəsinin Cavabdeh tərəfindən naturada istifadə edilibedilməməsini müəyyən etmək mümkün olmamışdır. Elektron məlumat bazasında mövcud olan “X5 X7”nə əsasən iddiaçının naturda göstərdiyi 0,20 ha torpaq sahəsi **********87 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2023-cü il tarixli, 10/670 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, ağdaş rayonu, Qumlax kəndi ərazisində bələdiyyənin inkişaf fondu hesabına ev tikmək üçün alqı-satqı müqaviləsi əsasında İddiaçı verilmiş 0,10 hektar həyətyanı torpaq sahəsinə aid sxem (ilkin torpaqayırma sənədləri), torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, torpaq sahəsinin Cavabdeh tərəfindən naturada istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Elektron məlumat bazasında mövcud olan “X5 X7”nə əsasən iddiaçının naturda göstərdiyi 0,20 ha torpaq sahəsi **********87 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, iddiaçı cavabdeh tərəfindən onun istifadəsində olan ünvan 2i ərazisində 0,10 hektar torpaq sahəsinin zəbt edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, **********56 reyestr nömrəli çıxarışla (Torpaq sahəsinin planı və ölçüsü A № 822877) Cavabdeh mülkiyyətinə verilmiş 0,12 ha yaşayış məntəqəsi torpaq sahəsi cavabdehin istifadəsindədir. İddiaçı isə onun zəbt olunduğunu bildirdiyi torpaq sahəsinə dair sənədləri tam şəkildə təqdim edə bilməmişdir. Belə ki, Ağdaş rayon Qarasuqumlaq bələdiyyəsinin aktı ilə iddiaçıya torpaq sahəsi satılsa da, həmin torpaq sahəsinin koordinatları dəqiq müəyyən edilməmişdir. Məhz bu əsaslarla da ekspertiza zamanı iddiaçının torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. İddianın sübut olunması isə iddiaçının vəzifəsi olduğundan, iddiaçı məhz ona satılmış torpaq sahəsinin koordinatlarını göstərməklə, həmin sahənin cavabdeh tərəfindən zəbt edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı 100 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ**********0000003944; SWİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar