Məhkəmə qərarları › İş №2(014)-41/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-41/2023

22.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-41/2023 22.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı qanunsuz zəbt edilmiş torpağın məcburi qaydada sahibinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı qanunsuz zəbt edilmiş torpağın məcburi qaydada sahibinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci il tarixində Mülkiyyət Hüququna dair Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli № 29 saylı qərarı ilə “Şordəhnə kənd” ərzisində 2,1664 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı barəsində Dövlət Aktı, yəni Şəhadətnamə ailə üzvülərinə verilmişdir. xx.xx.2020ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən № **********09 saylı ********** qeydiyyat nömrəsiylə Çıxarış verilmişdir. İddiaçı mülk, yəni 2,1664 ha torpaq sahəsi məxsusdur. Həmən torpaq "Şordəhnə kənd" adlanan ərazidə yerləşir. Ailəliklə onlara məxsus olan torpaq kənd məhsulları becərmək üçün verilən pay torpağıdır və onlar bu torpaqdan səmərəli istifadə edib qarğıdalı və buğda əkib məhsul götürmək məqsədindədirlər. xx.xx.1999-cu il tarixindən bu günə qədər onlara məxsus olan 2,1664 ha torpaq sahəsindən tam olaraq istifadə edə bilməmişlər, 1 (bir) ha torpaq sahəsini qonşuları, yəni cavabdeh onlardan icazəsiz qanunsuz olaraq istifadə edir və könüllü olaraq torpaqlarından çıxmır. Ailəsinə məxsus olan pay torpaq sahəsinin sağ tərəfində qonşuları X1 pay torpağı var. Onlar onunla mehriban qonşuluq edirlər. Sağ tərəflərində torpaq sahəsinə yiyəlik edən isə Cavabdehdur. Amma, nədənsə cavabdeh qonşuları ilə dil tapıb onu könüllü olaraq torpaqlarından çıxmasına nail ola bilmirlər. Səbəbi isə odur ki, onlar torpaqdan, torpaq üzrə qonşuları Cavabdeh onların icazəsi olmadan zəbt etmiş və onlara məxsus olan torpaqları könüllü olaraq geri qaytarmaqdan imtina edir. Ailələrinə məxsus olan torpaqlarından istifadə etdiyini etiraf edib boynuna götürməsinə baxmayaraq, torpaqdan könüllü olaraq çıxmır. Odur ki, torpaq sahələrindən məhkəmə qaydasında məcburi olaraq çıxardılmasını vacib sayır. Baş vermiş özbaşınalığın nəticəsində ailəsi ilə birlikdə xeyli əsəb və gərginlik keçirirlər. Oğullarımı güclə saxlayıb, dava-dalaş sahibi olmamaq üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh ona, yəni ailəsinə qarşı özünün kobud aparması qanunun tələbinə əməl etməməsi heç kimi saymaması artıq sübutdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyətçi hüquqları kobudcasına pozulub.Torpağının qeyri qanuni yolla zəbt edilməsi nəticəsində ona maddi və mənəvi ziyan dəyib. Baş vermiş özbaşınalıqdan xeyli əsəb və gərginlik keçirdir. Bəhanə gətirərək ona bildirir ki, o, torpaq sahəsini Dövlətdən almışdır. Kənd Bələdiyyəsi ona məxsus olan torpaq sahəsini sata bilməz. O, cavabdehdən müvafiq sənədləri istəsə də on aheç bir sənəd göstərməmiş və ona məxsus olan torpaq sahəsində öz işlərini aparmaqla qanunu pozur və bəzi hallarda onlara hədə-qorxu gəlir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları onlara müraciətlərinə əsasən gəlib, torpaq sahəsinin üzərində inventarlaşdırmaq məqsədi ilə ölçü aparıb və onlara torpaqlarını tanıtmışdır. Qanuna əsaslanaraq cavabdeh tərəfindən torpağın mənimsənilməsi faktı üzə çıxıb və onlar torpaqlarını geri ala bilmirlər. Göstərilənlərə əsasən Cavabdeh Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində, iddiaçıya və ailəsinə məxsus olan və sənədləşdirilmiş kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 1 (bir) hektar pay torpaq sahəsindən məcburi qaydada çıxardılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçının iddiası əsassızdır, belə ki, Aqrar İslahat Komissiyasının 09 yanvar 1998-ci il tarixli, 08 saylı qərarı ilə onun, yəni Cavabdeh 6 nəfərlik ailə üzvlərinə Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində 4,50 hektar pay torpaq sahəsi rəsmi sənədlərlə verilmişdir. Bu minvalla torpaq sahəsi rəsmi sənədlərlə onların adlarına verildikdən sonra onlar orada cizgilər daxilində işlər aparmışlar, torpağı münbit hala gətirərək əkib-becərmişlər. Onlar kiminsə torpağını deyil, dövlətin verdiyi qanuni sənədlərə arxalanaraq öz torpaqlarını əkib-becərirlər. İddiaçı iddiasında qeyd etmişdir ki, 2016-cı il tarixdə torpağını əkib-becərməsi üçün 600 manat qarşılığında ona vermişdir. Bəli, iddiaçı öz torpağını əkib-becərə bilmədiyi üçün torpaq sahəsini 600 manat qarşılığında ona vermişdir. Bundan başqa iddiaçının iddia ərizəsində qeyd etdikləri əsassızdır və yalandır. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı özünə məxsus torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsi Aqrar İslahat Komissiyasının 09 yanvar 1998-ci il tarixli, 08 saylı qərarı ilə kənd bələdiyyəsinin nümayəndəsi tərəfində ölçü işləri aparılaraq rəsmi sənədlərlə ona və ailə üzvlərinə verilmiş və özlərinə məxsus torpaq sahəsindən istifadə etdiklərini bildirmişdir. İddiaçının iddiasının əsassız olduğundan təmin edilməməsini xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Şordəhnə kəndində yerləşən 2,1664 ha kənd təsərrüfatı təyinatlı torpaqlar Osmanova Marifə İSrəfil qızı, X4, X2, X5 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 127 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AA № 530886 torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayonu, Şordəhnə kəndində yerləşən 2,1664 ha kənd təsərrüfatı təyinatlı torpaqlar Daşınmaz əmlakın 4Ə-427 saylı, xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən İddiaçı adına rəsmiləşdirilmişdir. İşin materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0049 KOD 90305048 saylı Dövlət Aktının surətindən görünür ki, Cavabdeh və ailə üzvləri X8, X10, X11, X9, X6 mülkiyyətinə Aqrar İslahatı Komissiyasının 09 yanvar 1998-ci il tarixli 08 nömrəli qərarına əsasən Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində 4,50 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli, **********55 saylı rəyindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(014)-1467/2022 nömrəli Qərardadında mütəxəssis qarşınında qoyulmuş sualların cavabları: - Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində yerləşən iddaçı İddiaçı və Cavabdeh naturada göstərdikləri torpaq sahələrinin koordinatları, döngə nöqtələri, ölçüsü, konfiqurasiyası müəyyən edilmişdir. - Torpaq sahələrinin sərhədləri sənəd üzrə üst-üstə düşmür. - İddiaçının torpaq sahəsinin 0,9281 ha hissəsi naturada Cavabdeh Əlibala oğlu tərəfindən istifadə edilir. - İddiaçı və cavabdehə məxsus olan torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur. - Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 4-cü hissəsinə əsasən yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən maliyyələşdirilir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi təsərrüfat hesablı qurum olmaqla, görülən işlərdən, göstərilən xidmətlərdən, habelə təsərrüfat fəaliyyətinin digər növlərindən əldə edilən gəlirlərdən və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər hesabına maliyyələşir. Mülkiyyətçilər torpaq sahələrinə dair hüquqmüəyyənedici və texniki sənədlərin təqdim ediləcəyi təqdirdə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli 02 saylı qərarı ilə təsdiq edilmiş İiqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən göstərilən xidmətlərin tariflərinə uyğun olaraq görüləcək işlərə dair hesablanacaq xidmət haqqı ödənildikdən sonra uyğunsuzluqların aradan qaldırılması mümkün olacaqdır. - Torpaq sahələrinin sərhədlərinin naturada tanıdılması zamanı digər torpaq sahiblərinin hüquqları pozulmur. - Hüquqlar pozulmadığı üçün sual üzrə tədqiqat aparılmadı. - İddiaçı naturada torpaq sahəsindən istifadə etmir. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi 5.36 ha təşkil edir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 fevral 2023-cü il tarixli, 10/653 nömrəli ekpsert rəyinin surətindən görünür ki, - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində yerləşən İddiaçı və Cavabdeh naturada göstərdikləri torpaq sahələrinin koordinatları, döngə nöqtələri, ölçüsü, konfiqurasiyası müəyyən edilmişdir. Həmin torpaq sahələrinin sərhədləri sənəd üzrə üst-üstə düşmür. - Mütəxəssis rəyinə əsasən iddiaçının torpaq sahəsini 0,9281 ha sahəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. - Mütəxəssis rəyinə əsasən iddiaçı və cavabdehlərə məxsus olan torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur. - Mütəxəssislər tərəfindən qərardadın bu sualı cavablandırılmadığından həmin sual üzrə tədqiqat aparılmadı. - Mütəxəssis rəyinə əsasən torpaq sahələrinin sərhədlərini naturada tanıdılması zamanı digər torpaq sahələrinin hüquqları pozulmur. Hüquqlar pozulmadığı üçün qərardadın 7-ci sualı üzrə tədqiqat aparılmadı. - Mütəxəssis rəyinə əsasən iddiaçı naturada torpaq sahəsindən istifadə etmir. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi 5,36 ha təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayonu, Şordəhnə kəndində yerləşən 2,1664 ha kənd təsərrüfatı təyinatlı torpaqlar Daşınmaz əmlakın 4Ə- 427 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına rəsmiləşdirilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,9281 hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Ağdaş rayonu, Şordəhnə kəndində yerləşən Daşınmaz əmlakın 4Ə-427 saylı, xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən İddiaçı adına rəsmiləşdirilmiş 2,1664 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,9281 ha hissəsindən Cavabdeh məcburi qaydada çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş rayonu, Şordəhnə kəndində yerləşən Daşınmaz əmlakın 4Ə-427 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına rəsmiləşdirilmiş 2,1664 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,9281 ha hissəsindən Cavabdeh məcburi qaydada çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar